Məhkəmə qərarları › İş №1(010)-577/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-577/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-577/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 30 aprel – 02 may 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,181 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs, həmin tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X9 küçəsi, yeni tikilinin yaxınlığında saxlanılaraq videoçəkilişlə üstünün yoxlanması aparılarkən onun əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə içərisində təmiz çəkisi 0,181 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ay olardı ki, narkotikin metamfetamin növündən istifadə etmiş, elə o vaxtdan da tutulmuşdur. İşdən çıxmış, biraz problemləri olmuşdur. Hadisə günü polis əməkdaşları Köhnə Suraxanı qəsəbəsində yaxınlaşmışlar. Üzərinə baxış keçirilərkən narkotik çıxmışdır. Əməlindən peşmandır. Ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Yaxınlaşıb üzərinə baxış keçirmək istədiklərini demişlər. Narkotiki könüllü formada təqdim etmişdir. Tanımadığı şəxsdən almış, sadəcə üzdən tanıyırdı. Ona qarşı fiziki təsir, döymə olmamışdır. Tutulandan bu günə narkotikdən istifadə etməmişdir. İstintaq müddəti boyunca ona qarşı hədə-qorxu, təzyiq olunmamışdır. Narkotikin metamfetamin növündən istifadə edirdi. Aşbaz işləmişdir. Hal-hazırda işləmir, lakin restorandan aşbaz işi ilə bağlı təklif almışdır. Sonuncu dəfə narkotikdən aprel ayının sonu istifadə etmişdir. Çəkmə üsulü ilə heroindən də istifadə etmişdir. İynədən istifadə etməmişdir. Narkotiksiz qala bilir, ağrıları olmur. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “xx.xx.2025-ci il tarixdə təxminən saat 12:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, X9 küçəsində yerləşən yeni tikilinin yaxınlığında olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu, üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını soruşmuşlar, qadağan edilmiş əşya varsa könüllü şəkildə təqdim etməyini bildirmişlər. Həmin vaxt o əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən siqaret qutusunun içərisində 02 ədəd bükümə bükülmüş narkotik vasitələri təqdim etmiş və həmin bükümlərin içərisindəki maddənin narkotik vasitə və psixotrop maddə olduğunu, həmin maddələri xx.xx.2025-ci il tarxdə saat 09:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədyi şəxsdən özü istifadə etmək üçün 20 manat ödəməklə alaraq əldə etdiyini gələcəkdə istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş həmin maddələr onun iştirakı ilə bir ədəd kağız zərfdə qadlaşdırılmış, möhürlənərək götrülmüşdür. O psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni xx.xx.2025-ci il tarxdə saat 09:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədyi şəxsdən özü istifadə etmək üçün 20 manat ödəməklə öz istifadəsi üçün almışdır və üzərində saxlamışdır. O heç vaxt psixotrop maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O saxlanılan zaman və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq Əmircan qəsəbəsinə gedərək şəxsə yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə olub-olmadığnı soruşmuşlar. Videoçəkilişə üzərinə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs çıxarıb iki büküm təqdim etmişdir. Bir büküm heroin və bir büküm metamfetamin. Öz istifadəsi üçün tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, şəxsə üç nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Videoçəkilişlə şəxsin üzərinə baxış keçirmişlər. Maddələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hədə-qorxu, döymə halı olmamışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundov küçəsi, ev 19, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən RPİ-nin rəhbərliyinə raportla müraciət olunmuş, o və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Elzamin oğlu və həmin bölmənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində o, bölmənin digər əməkdaşları əməliyyat müvəkkili Şahid2 və Şahid3 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X9 küçəsində yerləşən yeni tikilinin yaxınlığında saxlanılmış və orada ona təklif olunmuşdur ki, üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəkdir. Üzərində hər hansı bir qanunsuz əşya varsa könullu təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngi gödəkçəsinin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş, 02 ədəd bükümü çaxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümün birinin içərisində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitəni və psixotrop maddəni 20 manat müqabilində tanımadığı və adını bilmədiyi şəxsdən öz istifadəsi üçün Suraxanı rayonu ərazisində almışdır. Bundan sonra psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik vasitə heroinə bənzər kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə dəvət olunmuş və orada təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə heroini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin istifadə etməsi barədə məlumat olmuşdur, lakin qeyd edilən xüsusatın müəyyən edilməsi məqsədi ilə tərəflərindən tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs başqa bir cinayəti törətməsi barədə hər hansı bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir”. Digər şahidlər X2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahidlər X2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında dindirilmiş fizikikimyəvi ekspertizalar şöbəsinin eksperti X3 ifadəsində bildirmişdir ki, cinayət işini icratına 30 aprel 2025-ci il tarixdə saat 17.40 radələrində qəbul etmişdir. Maddi sübutu Suraxan Rayon Polis İdarəsinin əməkdaşı Xamedov Muhammed ona təqdim etmişdir. Maddi sübutu Məhkəmə Ekspertizasının Mərkəzində maddi sübutların qəbulu üçün olan otaqda qəbul etmişdir. Həmin otaq kamera müşahidəsi ilə nəzarətdədir. Otaqda zərfdən aşkar etdiyi iki ədəd bükümün çəkisini tərəzidə təyin etmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. Aktda zərfdən iki ədəd büküm təyin etdiyini qeyd etmişdir. Həmçinin rəydə iki bükümün həm rənglərini, həmdə içərisində hansı miqdarda maddələrini aşkar edildiyini təsvir etmişdir. Sadəcə texniki səhvə yol vermişdir. Gün ərzində işləri çox olduğu üçün və köhnə rəylərin üzərində sənədləri yazdığı üçün belə bir texniki səhvə yol vermişdir. Köhnə reydə qeyd olunan 0,187 və 0,201 qram hissələr qalmışdır. Həmin hissəni silməli idi, lakin texniki səhvə yol verib silməmişdir. Əslində təyin etdiyi maddənin təmiz çəksi 0,181 qram olan psixotrop maddə metanfetamin olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq fiziki-kimyəvi ekspertizalar şöbəsinin eksperti X3 bildirmişdir ki, ümumi olaraq maddənin çəkisi 0,288 qram olmalı deyildi, həmin rəqəmlər əvvəlki rəydən texniki səhv olara qalmışdır. Təyin etdiyi maddənin təmiz çəksi maddənin çəkisi 0,181 qramdır. Zərfdən iki ədəd maddə aşkar edilib. Bir büküm 0,181 qram təmiz çəkisi olan ağ rəngli kristalik maddə metamfetamin, digər büküm isə üzəri gümüşü rəngli təmiz çəkisi 0,014 qram olan qəhvəyi rəngi maddə heroin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs saxlanılarkən təqdim etdiyi və qablaşdırılmış 01 ədəd zərf açıldıqda içərisindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli selofana bükülmüş büküm vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəs üçün üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 aprel 2025-ci il tarixdə saat təxminən 09:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Eyni zamanda polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün üzərinə baxış keçirilməsini bildirmələri, üzərində qanunla qadağan olunmuş əşya və sənədlərin olub-olmadığını soruşmalı, olduğu təqdirdəkönüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd və şəffaf rəngli selofana bükülmüş 01 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etməsi və həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirməsi müəyyən olunur. Bundan sonra polis əməkdaşı tərəfindən həmin bükümlər açılaraq içərisinə baxılır, bükümlər bağlanır və 01 ədəd zərfə qoyularaq qablaşdırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-6/1604/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksləri olan, “İştirak etdi: (ad, soyad oxunmur) “imza”; Şahid1 “imza”; Təqsirləndirilən şəxs “imza” yazıları qeyd edilmiş zərfdəki: 01 9bir) ədəd bükümdə içərisində təmiz çəkisi – 0,087 qram və 0,201 qram, ümumi təmiz çəkisi 0,181 qram olan maddə kustar üsulla hazırlanmış psixotro maddə- metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,014 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi – 0,014 qr., tədqiqata sərf edildi – 0,010 qr., qalıq – 0,004 qr. metamfetaminin təmiz çəkisi – 0,181 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,131 qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 01 may 2025-ci il tarixli 2491 nömrəli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 02 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,181 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,131 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 aprel – 02 may 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 il 11 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,131 qr psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 aprel – 02 may 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 11 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,131 qr psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar