Məhkəmə qərarları › İş №1(010)-578/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-578/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-578/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1960-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 13 radələrində “BCD” kateqoriyalı BB328086 nömrəli sürücülük vəsiqəsi ilə "xxxx" MMC-yə məxsus, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo BS90” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən İlham Şükürov abidəsinin qarşısında sərnişinlərin düşməsi üçün avtobusu dayandırdıqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü avtobusdan sərnişinlərin düşməsini gözləməli, sərnişinlərin avtobusdan düşmə prosesi tam başa çatdıqdan sonra hərəkətə başlamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq sərnişinlərin düşməsini gözləmədən avtobusu arxa qapısı açıq vəziyyətdə hərəkətə gətirdiyi üçün avtobusdan düşmək istəyən sərnişin Zərərçəkmiş şəxs avtobusun arxa qapısından çölə yıxılması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bud sümüyü boynunun burmalardan keçən qapalı qəlpəli yerdəyişən sınığı, sol bazunun və sol saidin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 7 ilə yaxındır ki, "xxxx" MMC-də sürücü işləyir və həmin şirkət tərəfindən ona verilmiş “Daewoo BS 90” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusunu idarə edərək ailəsini dolandırır. Həmin marşrut xətti Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kənd qəbirstanlığından başlayaraq Əmircan qəsəbəsi, Bülbülə qəsəbəsi və Bakıxanov qəsəbəsi ilə hərəkət edərək nəhayət Nizami rayonu, Qara Qarayev metrostansiyasının çıxışına kimi davam edir və eyni marşrut xətti üzrə geri qayıdır. O da özünə məxsus “BCD” kateqoriyalı AD seriya 328086 nömrəli sürücülük vəsiqəsi ilə həmin avtobusu idarə edir. 29 mart 2023-cü il tarixdə təxminən saat 05:30 radələrində ona məxsus həmin avtobusu Bakıxanov qəsəbəsində yerləşən dayanacaqdan götürərək işə başlamışdır. Həmin gün təxminən saat 13:00 radələrində Qara Qarayev metrostansiyasından üzü Əmircan qəsəbəsində hərəkətə başlamış və saat 13:40 radələrində Əmircan qəsəbesi, İ.Şükürov küçəsi ilə hərəkətini davam etdirmişdir. Həmin vaxt avtobusu 30 km/saat sürətlə hərəkət etdirmişdir. İ.Şükürov küçəsində yerləşən abidəyə bir az qalmış bir neçə sərnişin avtobusu abidənin qarşısında saxlamağı xahiş etmiş və o da avtobusu Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən İlham Şükürov abidəsinin qarşısında saxlamışdır. Avtobusun ön və arxa qapılarını açmışdır. Bu zaman avtobusun ön və arxa qapısından bir neçə sərnişin düşməyə başlamışdır. Bu zaman avtobusun arxa qapısında səs gəlmiş və o, oturduğu yerdən qalxaraq arxaya boylanmışdır. Həmin vaxt bir nəfər qadının yerə yıxıldığını demişlər. O, avtobusun arxa qapısına tərəf gəlmiş və bu vaxt bir qadının yerə yıxılmış halda olduğunu görmüşdür. Avtobusdan düşən piyadalar həmin qadının sağ ayağını atdığını, lakin sol ayağının avtobusun pilləkənində olan kanta ilişdiyi üçün ayağının qabağa gəlmədiyinə görə yıxıldığını demişlər. O, həmin qadına yaxınlaşmış və orada qadın ayağının ilişdiyini demişdir. Bu zaman bir nəfər şəxs yaxınlaşaraq həmin qadını tanıdığını demiş və onu evinə aparmağı bildirmişdir. O da razılaşmış və avtobusda olan camaatı boşaltdıqdan sonra gələcəyini bildirmişdir. Bundan sonra avtobusa yaxınlaşsa da onu idarə etməmiş və şirkətə zəng edib dispetçerə məlumat vermişdir. Dispetçer gəlib avtobusu idarə edərək çıxıb getmiş və o, orada olan qonşulardan soruşa-soruşa avtobusdan yıxılan qadının yaşadığı evini tapıb onlara getmişdir. Orada avtobusdan yıxılan sonradan tanıdığı Zərərçəkmiş şəxs oğlu Şahid1 ona yaxınlaşaraq narahat olmamağını, anasının pilləkəndən yıxılması barədə həkimə məlumat verəcəklərini demişdir. TTYS-nın əməkdaşları gəldikdən sonra da Elman onlara anasının yıxıldığını demişdir. Daha sonra TTYS-nın əməkdaşları Zərərçəkmiş şəxs X1 aparmışlar. O, da Elmanla birlikdə X1 getmişlər. Orada müayinə olunduqdan sonra Zərərçəkmiş şəxs sol bud sümüyünün sınığı xəsarətinin olmasını demişlər. Elman anasının bu xəstəxanada müayinə olunmasına razı olmadığını demiş və buna görə də, Zərərçəkmiş şəxs sonradan “Stimul Hospital”a aparmışlar. Orada Zərərçəkmiş şəxs sol ayağını əməliyyat etmişlər və orada o, əməliyyat üçün 1300 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya aparılması, orada tibb bacıları və müalicə üçün iynə-dərmanla birlikdə təxminən 300 manat pul xərcləmişdir. Bundan başqa, bir neçə həftə Zərərçəkmiş şəxs oğlu Şahid1 hər həftə 50 manat pul vermişdir ki, digər ehtiyacları ödəsin. O, Zərərçəkmiş şəxs evinə bir neçə dəfə getsə də, qapını açmamışlar və o, Zərərçəkmiş şəxs oğlu Elmanla bir neçə dəfə əlaqə saxlayıb digər xərcləri ödəməyi təklif etsə də, hər dəfə Elman evlə danışıb deyəcəyini və gözləməyi demişdir. Beləliklə də, əvvəlcə Zərərçəkmiş şəxs onunla barışıq əldə etsə də, sonradan ondan şikayət etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin aldığı xəsarətlərin müalicəsi ilə bağlı xərclərin çəkilməsinə əhəmiyyətli dərəcədə maddi yardım etməsi səbəbindən onunla barışmış, zərərçəkmiş şəxsin ona qarşı tələbi və iddiası yoxdur. Bu səbəbdən cinayət məsuliyyətindən azad olunmasını və müvafiq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə axşam saatlarında Nizami rayonunda yerləşən 8-ci km bazarına gedib oradan bazarlıq etdikdən sonra əlində zənbil ilə evə qayıtmaq üçün həmin bazarın qarşısından xatırlamadığı avtobus ilə Qara Qarayev metrostansiyasının çıxışına gəlmiş və oradan 113 nömrəli sərnişin avtobusuna əyləşmişdir ki, yaşadığı evə gəlsin. Həmin vaxt avtobusda bir az boşluq olduğu üçün avtobusun arxa sərnişin oturacaqlarından birinə əyləşmişdir. Təxminən saat 13:45 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən İlham Şükürov küçəsində olan abidənin qarşısına çatmağa bir az qalmış o, avtobusun sürücüsünə abidənin qarşısında saxlamağı bildirmişdir. Həmin vaxt sürücü tanımadığı bir sərnişin ilə sözlə mübahisə etdiyi üçün əsəbi olmuşdur. O, sürücüyə saxlamasını xahiş etdikdən sonra ayağa qalxıb əlindəki zənbil ilə birlikdə avtobusun arxa qapısına yaxınlaşmışdır. Sürücü avtobusun arxa qapısını açdıqdan sonra ondan əvvəl bir neçə sərnişin avtobusdan düşmüşdür. Daha sonra o, arxa qapının pilləkəninə ayağını atmışdır ki, avtobusdan düşsün. Bu anda avtobusun sürücüsü onun avtobusun pilləkənində olmağına və qapının açıq vəziyyətdə olmasına əhəmiyyət vermədən avtobusu hərəkətə gətirmişdir. Həmin anda o, avtobusun ikinci pilləkənində olmuş və qapı açıq olduğunda o, müqavimətini itirib avtobusun açıq vəziyyətdə olan arxa qapısından daş yola yıxılmışdır. Bu vaxt o, sol ayaq nahiyyəsində bərk ağrı hiss etdiyi üçün kömək üçün qışqırmışdır. Bu zaman yaxınlıqda olan qonşusu Nazir onun avtobusdan yıxılmağını görüb qaçaraq ona yaxınlaşmış və onu yoldan kənara çəkmişlər. Avtobusun sürücüsü hadisədən sonra dayanmayıb hərəkətinə davam etdiyi üçün qonşuları avtobusun arxasınca qaçaraq onu saxlamış və bundan sonra sürücü avtobusdan düşüb ona yaxınlaşmışdır. Sürücü qonşularına onu yaşadığı evə aparmalarını, özünün çox işi olduğunu, bir neçə gün sonra gəlib ona baş çəkəcəyini demiş və gedib avtobusa əyləşərək oradan çıxıb getmişdir. Qonşusu Nazirin köməkliyi ilə o, yaşadığı evə gəlmiş və evdə şiddətli ağrıları başladığı üçün TTYS-na zəng edib evə çağırmışlar. TTYS-nın əməkdaşları onun yaşadığı evə gəlmiş və o, hadisə barədə onlara məlumat vermişdir. Sonra isə TTYS-nın əməkdaşları onu X1 aparmışlar. Orada müayinə olunduqdan sonra sol bud sümüyü sınmışdır. Hadisədən sonra sürücü sonradan tanıdığı Təqsirləndirilən şəxs onun yaşadığı evə və ya xəstəxanaya gəlib baş çəkməmişdir. Buna görə də, hadisədən bir müddət sonra oğlu Elman DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, hadisə nəticəsində müalicəsi üçün hal-hazıradək 4000 manat pul xərcləmişdir. Lakin Təqsirləndirilən şəxs yalnız 1300 manat əməliyyat xərcini çəkdikdən sonra qalan heç bir maddi köməklik göstərməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 13 iyun 2023-cü il tarixli 8/1611 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur: “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daewoo markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 03 may 2023-cü il tarixli 40 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarət-sol bud sümüyü boynunun burmalardan keçən qapalı qəlpəli yerdəyişən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu və hərəkətdə olan avtobusdan düşən zaman yıxılması nəticəsində törənə bilərdi, sağlamlığa az ağır zərərvurmaya aid edilir, lakin gələcəkdə baş verə biləcək hər hansı bir fəsadın olub-olmamasından asılı olaraq əlavə müayinədən keçirilməsi məsləhətdir”. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onun tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin aldığı xəsarətlərin müalicəsi ilə bağlı xərclərin çəkilməsinə əhəmiyyətli dərəcədə maddi yardım etməsi səbəbindən onunla barışmış, zərərçəkmiş şəxsin ona qarşı tələbi və iddiası yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə və onunla barışmağını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 2 (iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 12 (on iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar