Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-58/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X19 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 14:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1990-cı ildə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 ünvanında inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 16 nömrəli evin 36 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, etibarnamə olmadan X9 məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətə olan “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Beton yolu ilə Elman Qasımov küçəsini birləşdirən Hövsan yolunda Elman Qasımov küçəsi istiqamətində sağ zolaqla 40-50 km/saat sürətlə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamaqla hərəkət etməli, hər hansı səbəbdən avtomobilin idarə olunmasında çətinliklər olduğu vəziyyətdə avtomobili idarə etməməli olduğu halda bu qaydalara əməl etməmiş, yuxuladığından idarəetməni itirərərək əks istiqamətli hərəkət zolağına çıxmış, yolun sol kənarı ilə onun getdiyi istiqamətdə hərəkət edən piyadalar 1984-cü il təvəllüdlü X3 və 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol almacıq nahiyəsinin, burun kökünün, hər iki baldırın sıyrıqları ilə müşayiət olunan, dərəcəsi təyin olunmayan sağlamlığa zərərvurmayan, X4 isə baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki baldır sümüklərinin çoxqəlpəli qapalı sınıqları, qabırğaların sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və əzilmiş yaraları ilə ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. X.Z.Hümmətov ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızmadan xx xxxxxx 2019-cu il tarixdə, saat 09:35-də 3 saylı X12 ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində dostu X7 dayanıb müştəri gözləyərkən Ramal ayıq sürücü kimi çağırıldığından getmişdir. Həmin vaxtı Ramalın etibarnamə ilə idarə etdiyi “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil orada qalmış, sonuncu geri qayıtmamaq üçün avtomobilini gətirməsini ondan xahiş etmişdir. Səhər saat 07 radələrində Binə qəsəbəsinə getmək istəyən müştəri olduğuna görə o, sonuncunu sözügedən avtomobillə Binə qəsəbəsinə aparmışdır. Müştərini Binə qəsəbəsində düşürtdükdən sonra yorğun olduğu üçün evə getmək qərarına gəlmişdir. Zığ-Beton yolunda hərəkətdə olarkən yuxulamağa başlamış, lakin yaşadığı evə az qaldığından özünü bir təhər ələ almışdır. Zığ-beton yolundan Hövsan istiqamətinə dönüb iki istiqamətli yolla təxminən 300-400 metr hərəkət etdikdən sonra təxminən saat 08:30 radələrində yuxuya getmişdir. Bu vəziyyətdə, təxminən 400-500 metr hərəkət etmiş, qəfil gözünü açdıqda, idarə etdiyi avtomobilin yolun əks istiqamət yoluna çıxdığını, qarşısında təxminən bir metr məsafədə isə iki nəfər orta yaşlı kişi piyadanın olduğunu, sonuncuların onun hərəkəti istiqamətində yolun sol kənarındakı torpaq hissə ilə getdiklərini görmüşdür. Həmin şəxsləri gördükdən dərhal sonra əyləci sıxıb sükanı sağa çevirmiş, lakin buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin piyadaları vurmuşdur. Zərbənin təsirindən sağda olan piyada yolun hərəkət hissəsinə, solda olan piyada isə sol tərəfdə torpaq hissəyə düşmüşdür. Həmin şəxslərə yardım etmək üçün avtomobildən enib onların yanına gəlmişdir. Həmin vaxtı sağ tərəfə düşən, adını sonradan bildiyi Zərərçəkmiş şəxs ayağa qalxıb, torpaq hissəyə düşmüş adını sonradan bildiyi X1 yanına gəlmiş, eyni zamanda hadisə yerinə tanımadığı digər şəxslər də toplaşmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan X3 xəstəxanaya aparmaq üçün avtomobilinə əyləşdirmək istəyərkən, ətrafa toplaşmış şəxslər X.Z.Hümmətovun sınıqlarının ola biləcəyini deyib sonuncunu yerindən tərpətməməyi, təcili tibbi yardımın gəlməsini gözləməyi məsləhət görmüşlər. Bun görə də o, təcili tibbi yardıma zəng etmək istəmiş, lakin orada olan şəxslər artıq təcili tibbi yardım çağırdıqlarını demişlər. Təxminən 7-8 dəqiqədən sonra təcili tibbi yardım avtomobili gəlib Zərərçəkmiş şəxs və X.Z.Hümmətovu 3 saylı X13 aparmışdır. Özü isə, hadisə yerinə gəlmiş dostu Kamalla tibbi yardım avtomobilinin arxasınca qeyd etdiyi xəstəxanaya getmişdir. Orada ağır vəziyyətdə olan piyada X.Z.Hümmətov əməliyyat otağına aparılmış, digər piyada Zərərçəkmiş şəxs isə vəziyyəti yaxşı olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılmışdır. Bundan sonra o, xəstəxanada qalıb polislərin gəlməsini gözləmiş, sonuncular gəldikdən sonra isə yol nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. Sonradan isə X.Z.Hümmətovun yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 3 saylı X11 vəfat etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldırdığını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində işləmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan qohumları Xəyyam və Rüsalın yanına gəlib onlarla bir yerdə yaşamış, habelə sonuncularla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilən sosial evlərdə işləmişdir. Onlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 08:30-dan axşam saat 07 radələrinə kimi qeyd etdiyi sosial evlərdə işləmişlər. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08:10-da o, qohumları Xəyyam və Rüsalla, habelə tanışları Əhməd və Muradla birlikdə işə getmişlər. Həmin vaxt Rüsal, Əhməd və Murad yolun sağ tərəfi ilə, yəni, dəmiryol xəttinin yanı ilə, Xəyyamla o isə marketə girməli olduqlarından yolun sol tərəfi ilə piyada hərəkət etmişlər. Qəfildən arxadan ayaqlarından güclü zərbə hiss etmiş, zərbənin təsirindən o, sağ tərəfə asfalt yolun ortasına düşmüşdür. Yerə zərbə ilə dəyməsinə baxmayaraq özünü itirməmiş, sonradan Rüsal, Əhməd və Murad gəlib yerdən qalxmağa ona köməklik etmişlər. Ayağa qalxdıqdan sonra məlum olmuşdur ki, onu və Xəyyamı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil vurmuşdur. O, dərhal Xəyyamın yanına getmiş və sonuncunun başının qanadığını görmüşdür. Bundan sonra o, özündən getmiş və təxminən bir saat sonra gözünü 3 saylı X12 açmışdır. Orada ona məlum olmuşdur ki, özündən getdikdən sonra təcili tibbi yardım maşını ilə Xəyyamla birlikdə xəstəxanaya gətirilmişdir. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həkimlər hər hansı bir ciddi xəsarət almadığını bildirib onu ambulator müalicəyə buraxmışlar, ağır vəziyyətdə olan Xəyyam isə əməliyyat otağına aparılmışdır. Sonradan isə Xəyyam yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 3 saylı X11 dünyasını dəyişmişdir. Sonda Zərərçəkmiş şəxs, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi X14 xx xxxxxxx 2020-ci il tarixdə notarial təsdiq olunmuş ərizəsində, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2016-cı ildə X10 ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Xəyyam oktyabr ayının 24-də işləmək üçün Bakı şəhərinə getmiş, xx xxxxxx 2019-cu il tarixdə sonuncunun Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, uşaqlıqdan 2019-cu il noyabr ayının əvvəllərindən dostu Muradla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilən sosial evlərdə fəhlə kimi işləməyə başlamışlar. Buna görə də onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, işlədikləri yerin yaxınlığında kirayə ev tutmuşlar, orada onlarla birlikdə Xəyyam, Sahil və Rüsal da yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində o, dostu Murad, habelə Xəyyam, Sahil və Rüsal birlikdə evdən çıxıb işə gedərkən Xəyyam onlara yolun digər tərəfinə keçmələrini, özü isə Sahillə siqaret alıb gələcəklərini demişdir. Buna görə də o, Murad və Rüsal yolu sağ tərəfə keçmişlər, Xəyyamla Sahil isə yolun sol tərəfi ilə hərəkətlərinə davam etmişlər. Yolla getdikləri zaman qəfildən səs eşitmişlər və sol tərəfə çevriləndə onların hərəkəti istiqamətdə hərəkətdə olan qara rəngli “Daewoo Gentra” markalı avtomobilin yolun əks istiqamətli hərəkət zolağına çıxaraq, yolun sol tərəfi ilə gedən Xəyyamla Sahili vurduğunu görmüşlər. Zərbənin təsirindən Xəyyam üz-gözü qan içində yolun kənarına torpaq hissəyə, Sahil isə asfalt yolun ortasına düşmüşdür. Sahil ayağa qaldırdıqdan sonra Xəyyamın yanına gəldikdə, onun başından qan axdığını görmüşlər. Həmin vaxt hadisənin baş verdiyi yerə tanımadığı şəxslər toplaşmışdır. Sürücü avtomobili qarşıda saxlayandan sonra onların yanına gəlib əli ilə başından vuraraq ağlamağa başlamış, həmçinin bildirmişdir ki, bir gündən sonra uşağı olacaq və yatdığı üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Sonradan təcili tibbi yardım stansiyasının həkimləri gəlib Xəyyamla Sahili xəstəxanaya aparmışdır. Sonradan isə Xəyyam yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 3 saylı X11 vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 10 ildir taksi fəaliyyəti göstərməklə fərdi əməklə məşğul olur. Təxminən 04 il bundan qabaq X5 aldığı və etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə də hazırda taksi fəaliyyəti ilə məşğul olur. Uzun müddətdir tanıdığı Orxanla gecələri Fəvvarələr Meydanında dayanıb müştəri gözləyir, bəzən isə zərurət yarandığı təqdirdə ayıq sürücü qismində də xidmət göstərir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında X8 müştəri gözləmiş, saat 03 radələrində ayıq sürücü kimi sifarişə getməli olduğundan o, avtomobilinin açarını Orxana verib gec qayıdacağı təqdirdə avtomobilini evlərinə aparmağı xahiş etmişdir. Belə ki, Orxan özü də taksi fəaliyyəti ilə məşğul olsa da, həmin vaxtı sonuncunun avtomobili təmirdə olmuşdur. Bundan sonra o, ayıq sürücü kimi əvvəlcə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə, oradan da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinə, oradan da gec olduğu üçün yaşadığı evə getmiş, Orxandan isə xəbəri olmamışdır. Saat təxminən 09 radələrində Orxan ona zəng edib Bakı şəhəri, Surxanı rayonu, Hövsan qəsəbəsində inşa edilən sosial evlərin yaxınlığında ikin nəfər piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bundan dərhal sonra yol nəqliyyat hadisəsinin baş verdiyi yerə getmiş və orada iki nəfər yaralı piyadanın təcili tibbi yardım avtomobili ilə 3 saylı X13 aparıldığını görmüşdür. O, qardaşı Kamalla Orxanı götürüb təcili tibbi yardım avtomobilinin arxasınca 3 saylı X13 getmişdir. Orada olan zaman onlara bildirmişlər ki, yaralılardan birinin vəziyyəti yaxşı, digərinin isə vəziyyəti ağırdır. Sonradan isə vəziyyəti ağır olan piyada 3 saylı X11 dünyasını dəyişmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ilin noyabr ayının əvvəllərində işləmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan yeznəsi Xəyyamın yanına gəlib onunla bir yerdə yaşamışdır. Bir müddət sonra əmisioğlu Sahil, bundan sonra Əhməd və Murad da gələrək onların yaşadığı evdə yaşamağa başlamışlar. Nəticədə həmin evdə beş nəfər yaşamış və beşi də sosial evlərdə fəhləlik edib pul qazanmışlar. Onlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 08:30-dan axşam saat 07 radələrinə kimi qeyd etdiyi sosial evlərdə işləmişlər. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08:10-da o, qohumları Xəyyam və Sahil, habelə tanışları Əhməd və Muradla birlikdə işə getmişlər. Həmin vaxt o, Əhməd və Murad yolun sağ tərəfi ilə, yəni, dəmiryol xəttinin yanı ilə, Xəyyamla Sahil isə marketə girməli olduqlarından yolun sol tərəfi ilə piyada hərəkət etmişlər. Yolla getdikləri zaman qəfildən səs eşitmişlər və çönüb baxdıqda onların hərəkəti istiqamətdə hərəkətdə olan qara rəngli “Daewoo Gentra” markalı avtomobilin yolun əks istiqamətli hərəkət zolağına çıxaraq, yolun sol tərəfi ilə gedən Xəyyamla Sahili vurduğunu görmüşlər. Zərbənin təsirindən Xəyyam üz-gözü qan içində yolun kənarına torpaq hissəyə, Sahil isə asfalt yolun ortasına düşmüşdür. Sahil ayağa qaldırdıqdan sonra Xəyyamın yanına gəldikdə, Xəyyamın başının avtomobilin təkərinin altında qaldığından, avtomobilin sol təkərinin Xəyyamın başını yol ilə sürüdüyündən sonuncunun başından qan axdığını görmüşlər. Həmin vaxt hadisənin baş verdiyi yerə tanımadığı şəxslər toplaşmışdır. Sürücü də avtomobili qarşıda saxlayıb onların yanına gəlmişdir. Orada olanlardan kimsə zəng edib təcili tibbi yardım çağırmış, təxminən 15 dəqiqədən sonra təcili tibbi yardım maşını gəlib Xəyyamla Sahili 3 saylı X13 aparmışlar. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsiı haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yolu ilə E.Qasımov küçəsini birləşdirən Hövsan yolunda baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 6.65 metr, yol örtüyünün eni isə 13.53 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, qeyd edilən yolun sol çiyni ilə yan-yana, paralel şəkildə E.Qasımov küçəsi istiqamətində hərkət edən 02 piyada, Zığ-Beton yolundan eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış zamanı yolun sol çiynində, asfaltdan 25 sm sol tərəfdə topa şəkildə, qırmızı rəngli, laxtalanmış qanabənzər maye aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1/3716 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yolu ilə E.Qasımov küçəsini birləşdirən Hövsan yolunda, 172 nömrəli fərdi yaşayış evinin yaxınlığını göstərərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 08:30 radələrində, adlarını sonradan bildiyi piyada X3 və Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerdə vurduğunu bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, həmin avtomobilin ön kapotunda çoxsaylı zədələr, ön alın şüşəsinin sağ tərəfində böyük həcmli, dairəvi şəkildə sınıq, həmçinin damının ön sağ küncündə zədə aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomobildə aşkar edilmiş zədələrin yol-nəqliyyat hadisəsi zamanı yarandığını bildirmişdir. İş materialalrında olan baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, mərhum zərərçəkmiş şəxs X4 məxsus 01 ədəd idman gödəkçəsi və 01 ədəd şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29045 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan materialların məhkəmə ekspertizası, nəqliyyat-trassoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28779/28780 saylı rəyindən görünür ki, təqdim edilmiş idman gödəkcəsinin, şalvarın üzərində olan zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontaktda olması, sürtünməsi o, cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Daewoo Gentra” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq-arxa sağ qapı haşiyəsində, alın şüşəsində) olan zədələr, izlər öz formasına marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranmağa xarakterikdir. Tədqiqata təqdim edilmiş X4 məxsus olması qeyd edilən paltarlar üzərində avtonəqliyyata aid hər-hansı lakboya sürtünməsi lay-qatı və ya mikrohissəciklər yoxdur. İş materiallarında olan meyitin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 109 saylı rəyindən görünür ki, X2 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki baldır sümüklərinin çoxqəlpəli qapalı sınıqları, qabırğaların sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və əzilmiş yaraları xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya düşməsindən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərlər, alınma müddətləri xx xxxxxx 2019-cu il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəlidirlər. X.Z.Hümbətovun ölümünə ağır açıq kəlləbeyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı X12 xx xxxxxx 2019-cu il tarixdə, saat 09:35-də baş vermişdir, hansı ki, meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. X2 meyitinin üzərində şin izləri aşkar edilməmişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol almacıq nahiyəsinin, burun kökünün, hər iki baldırın sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş mərhum zərərçəkmiş şəxs X4 məxsus 01 ədəd idman gödəkçəsi və 01 ədəd şalvar Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və materialların məhkəmə, nəqliyyat-trassoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 286 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş mərhum zərərçəkmiş şəxs X4 məxsus 01 ədəd idman gödəkçəsi və 01 ədəd şalvar dəyəri olmadığına görə məhv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və materialların məhkəmə, nəqliyyattrassoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 286 (iki yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-58/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-58/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver