Məhkəmə qərarları › İş №1(010)-58/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-58/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-58/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim, Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 16 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talama niyyətilə 19 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən dirəkdən 445,18 manat (dörd yüz qırx beş manat, on səkkiz qəpik) dəyərində 95 metr uzunluğunda TPP-100X2 markalı rabitə kabelini özü ilə gətirdiyi kəsici alətlə kəsib çıxarmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə, ümumilikdə, 445,18 manat (dörd yüz qırx beş manat, on səkkiz qəpik) məbləğində ziyan vurmaqla əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talama niyyətilə 06 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olmaqla ünvan 3 ünvanında yeləşən dirəkdən 148,83 manat (yüz qırx səkkiz manat, səksən üç qəpik) dəyərində 36 metr uzunluğunda TPP- 50X2 markalı rabitə kabelini özü ilə gətirdiyi kəsici alətlə kəsib çıxarmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə, ümumilikdə, 148,83 manat (yüz qırx səkkiz manat, səksən üç qəpik) məbləğində ziyan vurmaqla əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 19 dekabr 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən ərazidə pul ehtiyacı olduğu üçün telefon şalbanının üzərində olan rabitə kabellərini kəsib oğurlamaq qərarına gəlmişdir. Təxminən 95 metr uzunluğunda olan kabeli kəsib oğurlamış və həmin kabeli yardırıb Yeni Günəşli qəsəbəsində yerləşən metal qəbulunda işləyən “Elnur” adlı şəxsə 30 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdə yenə də gecə saatlarında ünvan 4 ünvanında olan binanın ətrafında oğurluq məqsədi ilə gəzən zaman yuxarıda binanın üzərində olan rabitə kabellərini görmüş və dərhal həmin kabelləri kəsib oğurlamaq qərarına gəlmişdir. Bundan sonra, cibində olan kəlbətinlə təxminən 35-40 metr uzunluğunda olan kabelləri kəsib oğurlamış, həmin kabelləri yandırıb Yeni Günəşli qəsəbəsində yerləşən metal qəbulunda işləyən “Elnur” adlı şəxsə 25 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Onun tərəfindən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, oğurluq hadisəsini tək törətmiş, ona kömək edən olmamış, pula ehtiyacı olduğu üçün törətmiş, etdiyi əməlin cinayət olduğundan xəbərsiz olmuş, sonradan isə işləyərək dəymiş ziyanı tam məbləğdə ödəmişdir. Sonda isə əməlindən peşman olmasını, yeni evli olmasını və zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyib barışmalarını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, 20 dekabr 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsi EATS-477/478 xətt qurğularına nəzarət üzrə mühəndisi Şahid1 tərəfindən işlədiyi Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən dirəkdə 95 metr telefon kabelinin, 06 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanında olan binanın “ünvan 5rğularına məxsus 36 metr kabelin oğurlandığı müəyyən edilmişdir. Beləliklə 20 dekabr 2022-ci il tarixdə 95 metr TPP-100x2 rabitə kabelinin oğurlanması nəticəsində “Bakı Telefon Rabitəsi» MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə 445,18 manat (dörd yüz qırx beş manat, on səkkiz qəpik), 06 yanvar 2023-cü il tarixdə 36 metr TPP-50x2 rabitə kabelinin oğurlanması nəticəsində isə 148,83 manat (yüz qırx səkkiz manat, səksən üç qəpik) zərər dəymişdir. Həmin rabitə xətləri işlək halda olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Bütün bunları nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyi və onlar arasında barışıq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 20 dekabr 2022ci il tarixdə təxminən saat 09 radələrində "xxxx" MMC 3 saylı RXM Xətt qurğularının istismarı şöbəsi EATS-477/478 xətt qurğularına nəzarət üzrə mühəndis işlədiyi Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən dirəkdə 95 metr telefon kabelinin kəsilərək oğurlandığını aşkar etdi. Dərhal bu barədə Suraxanı RPİ-nin 33-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, 06 yanvar 2023-cü il tarixdə təxminən saat 23 radələrində, ünvan 6 ünvanında olan binanın “ünvan 7 kabelin də oğurlandığını aşkar etmişdir. Bu barədə “Bakı Telefon Rabitəsi» MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat vermişdir. Beləliklə, 20 dekabr 2022-ci il tarixdə 95 metr TPP-100x2 rabitə kabelinin oğurlanması nəticəsində “Bakı Telefon Rabitəsi» MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə 445,18 (dörd yüz qırx beş manat on səkkiz qəpik) manat, 06 yanvar 2023-cü il tarixdə 31 metr TPP-50x2 rabitə kabelinin oğurlanması nəticəsində isə 148,83 (yüz qırx səkkiz manat, səksən üç qəpik) manat maddi ziyan dəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq istintaq zamanı verdiyi ifadəsində 200 (iki yüz) manat dəyərində 36 metr uzunluğunda rabitə kabelinin oğurlanmasını təxmini olaraq göstərmişdir. Lakin sonradan həmin 36 metr kabelin dəyərinin 148,83 (yüz qırx səkkiz manat, səksən üç qəpik) manat olması müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s-də yerləşən metal qəbulu məntəqəsində işləyir. 21 dekabr 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s-də yerləşən işlədiyi metal qəbulu məntəqəsində olan zaman əvvəldən tanıdığı, bir neçə dəfə ona metal təhvil verən Nuri-zadə Ədbülxalıq Cəmil oğlu məntəqəyə yaxınlaşmış və əridilmiş halda 3 kiloqram aliminium təhvil vermişdir. O, bunun əvəzində Əbdülxalıqa 30 manat pul vermiş, Əbdülxalıq çıxıb getmişdir. Bundan başqa, 08 yanvar 2023-cü il tarixdə, təxminən saat 10:00 radələrində Təqsirləndirilən şəxs məntəqəyə yaxınlaşmış və ona əridilmiş 2 kiloqram alüminium təhvil vermişdir. O, da Əbdülxalıqa 25 manat pul vermişdir. Almış olduğu alüminium naqillərin oğurluq olmasından xəbərsiz olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 16 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Nurizadə Ədbülxalıq Cəmil oğlunun barəsində başlanmışdır. (iş.v. 1) 20 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi ərazi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsidir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində təxminən 95 metr kabel oğurlanması aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyətli hər-hansı bir əşya götürülməmişdir. (iş.v. 8) 16 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşir. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyətli hər-hansı bir əşya götürülməmişdir. (iş.v. 20) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin 16 fevral 2023-cü il tarixli 3-27-110/27-2-28-2023 saylı məktubundan görünür ki, 95 metr TPP-100x2 rabitə kabeli 445,18 (dörd yüz qırx beş manat, on səkkiz qəpik) manat təşkil etmişdir. (iş.v. 15) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin 16 fevral 2023-cü il tarixli 3-27-110/27-2-29-2023 saylı məktubundan görünür ki, 36 metr TPP-50x2 rabitə kabeli 148,83 (yüz qırx səkkiz manat, səksən üç qəpik) manat təşkil etmişdir. (iş.v. 30) 17 fevral 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində verdiyi xüsusatları hadisə yerində göstərərək bildirmiş ki, 19 dekabr 2022-ci il tarixdə, təxminən saat 23 radələrində Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən ərazidə oğurluq məqsədi ilə gəzən zaman telefon şalbanının üzərində olan rabitə kabellərini kəsib oğurlamaq qərarına gəlmiş və təxminən 95 metr uzunluğunda olan kabeli oğurlamışdır. Həmin kabeli yandırıb Yeni Günəşli qəsəbəsində yerləşən metal qəbulunda işləyən Elnur adlı şəxsə 30 manata satmış, əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs digər hadisə yerinə gələrək bildirmişdir ki, 06 yanvar 2023-cü il tarixdə yenə də gecə saatlarında Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 41 ünvanında olan binanın ətrafında oğurluq məqsədilə gəzən zaman yuxarıda binanın üzərində olan rabitə kabellərini görmüş və dərhal həmin kabelləri kəsib oğurlamaq qərarına gəlmişdir. Bundan sonra, cibində olan kəlbətinlə təxminən 35-40 metr uzunluğunda olan kabelləri kəsib oğurlamışdır. Həmin kabelləri yandırmış və Yeni Günəşli qəsəbəsində yerləşən metal qəbulunda işləyən Elnur adlı şəxsə 25 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. (iş.v. 78) 22 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, bütün istintaq sənədlərində təqsirləndirilən şəxsin adı, soyadı və atasının adı portal sənədinə əsasən Təqsirləndirilən şəxs kimi qəbul edilmişdir. (iş.v.105-110) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmiş və eyni tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, hadisə yerlərinə baxış protokollarını, ifadənin yerində yoxlanılması protokolunu, o cümlədən işdə olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edir. 10 iyun 1997-ci il tarixli Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Konstitusiya və digər sahəvi qanunlar mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit etmişdir. Məhz bu səbəbdən də cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli olaraq talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında və tamah məqsədilə törədilir. Azərbaycan Respublikası CM-nin: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə; 177.2.3-2-ci maddəsinə əsasən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs tamah məqsədilə dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talamaqla təkrar oğurluq etməsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, təkrarlıq Cinayət Məcəlləsinin 17-ci maddəsində təsbit edilmiş cinayətlərin məcmusu ilə bir-birindən mahiyyət etibarı ilə yalnız onunla fərqlənir ki, cinayətlərin məcmusu həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin çoxluğudursa, təkrarlıq Cinayət Məcəlləsinin eyni bir maddəsi və yaxud həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin çoxluğudur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci törətmiş olduğu 19 dekabr 2022-ci il tarixdə törətdiyi oğurluq cinayətinə görə məhkum edilməmiş, cinayət məsuliyyətindən azad edilməmiş, eləcə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş, yenidən təkrarən 06 yanvar 2023-cü il tarixdə oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını, zərərçəkmiş hüquqi şəxsə vurduğu bütün maddi ziyanı ödəməsini və barışmalarını, Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Nuri-zadə Əbdülxaliq Cəmil oğlunun CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və barışmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar