Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-584/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxoz, nömrəsiz evdə yaşayan, 23 iyul 2025-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə 13 iyun 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 65 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus avtobus qarajının avtobusların təmir yerinə daxil olub orada həmin vaxt heç kimin olmamasından istifadə edərək avtobus ehtiyat hissələrinin saxlanıldığı yerdən avtobus motorunun ehtiyat hissəsi olan 01 (bir) ədəd 700 (yeddi yüz) manat dəyərində porşen halqası (koltso) və 01 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində yatak (vkladiş) götürməklə Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluğu ehtiyacı olduğu üçün etmişdir. Aliment borcunu gecikdirmiş və çatdıra bilməmişdir, ona görə ehtiyacı var idi. 1 gün əvvəl MMC-də işə başlayanda ehtiyyat hissələrini görmüşdür. Gəlib girmişdir qaraja, görmüşdür ki, avtomobil ehtiyyat hissələri var, götürmüşdür. Əməlindən peşman olmağını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən 1 gün əvvəl MMC-yə yaxınlaşmışdır ki, motorist kimi işə düzəlsin. Əvvəl motorist işləmişdir. Görmüşdür ki, avtomobil ehtiyyat hissələri var, götürmüşdür. Ehtiyyat hissələri saxlanılan yer qarajda ayrıca bir otaqda yerləşir. Həmin yerin qapısı var, lakin açarı yoxdur. O, səhər saat 10 radələrində işə gələndə orada heç kim yox idi. Qarajın qapısı açıq idi. Həmin əşyaları 400 manata satmışdır. Ustalara satmışdır. Şəxsiyyət vəsiqəsinin 2030-cu ilədək müddəti var. İbtidai istintaq zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir: “təxminən 10 il müddətdir ki, avtomobil ustası kimi müəyyən yerlərdə fəaliyyət göstərir. Son 6 ildə isə usta kimi avtomobillərin motorunu düzəltməklə məşğul olur. 2025-ci ilin fevral ayından Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən “köhnə avtobusların qarajı” adlanan yerdə motor ustası işləmişdir. İşlədiyi müddət ərzində orada olan işçilər və müdiriyyəti ilə münasibətləri yaxşı olmuşdur. İşlədiyi sex qaraj idi. O, Zığ qəsəbəsi ərazisində qarajda işlədiyi zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs ona “Daewoo” markalı avtobusun motoruna aid ehtiyat hissələri almaq istədiyini bildirmişdir. O da həmin vaxtlarda pula ehtiyacı olduğu üçün və işlədiyi qarajın anbarında ehtiyyat hissələrinin olduğunu bildiyi üçün həmin şəxsə kömək etmək qərarına gəlmişdir. Təxminən 2025-ci ilin may ayının əvvəllərində axşam saat 20 radələrində işdən çıxdığı vaxt qarajın anbarına düşüb oradan motora aid “kolça”, “kladiş” götürmüş və üzdən tanıdığı şəxsə işlədiyi qarajın yanında verərərək əvəzində 400 manat pul almışdır. Bu hadisədən təxminən 3-4 gün keçdikdən sonra xəstələndiyi üçün Neftçala rayonu, Xıllı qəsəbəsinə valideynləri yaşayan ünvana getmiş və bir müddət orada qalmışdır. Təxminən may ayının 13-də işlədiyi yerin müdiri İlkin adlı şəxs ona zəng edərək anbardan oğurluq hadisəsi olduğunu və bu hadisəyə görə ondan şübhələndiyini demiş, o isə ilk öncə işlədiyi yerdən oğurluq etmədiyini demişdir. Bundan bir-neçə gün sonra İlkin ona videogörüntü atmış və oğurluq etdiyi vaxt kameraya düşdüyünü və əməlinin üstünün açıldığını görmüşdür. Lakin xəstə olduğu üçün Bakıya qayıda bilməmişdir. Həmin ərəfədə polis əməkdaşları da onunla əlaqə saxlayıb oğurluqda şübhəli olduğu üçün izahat yazmağa dəvət etmişlər, lakin səhhəti ilə əlaqədar gələ bilmədiyini polis əməkdaşlarına da bildirmişmişdir. Belə ki, o, baş vermiş oğurluq hadisəsinə görə axtarıldığını bildiyi üçün xx.xx.2025-ci il tarixdə axşam saatlarında Suraxanı rayon Pİ-nin 33-cü PB-nə getmiş və səmimi olaraq hadisəni etiraf etmişdir. Hazırda da əməlindən çox peşmandır”. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin direktorudur. İttiham aktında yazıldığı kimi olub, lakin onun təqsirləndirilən şəxsə şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, MMC-nin fəaliyyəti sərnişin daşıma ilə bağlıdır. Hadisədən 1 gün əvvəl təqsirləndirilən şəxs işlə bağlı onlara müraciət etmiş və işə qəbul edilmişdir. Sonra səhər saatlarında işə gəlib və belə bir hadisə olub. Ümumi onlara 1500 manat maddi ziyan dəyib. Şəxs növbə dəyişikliyi olduğu vaxt qaraja girib, ona görə hadisə olub. Qarajın qapısı var, lakin açarla deyil, daimi açıqdır. Ehtiyyat hissələri saxlanılan yer ayrıca bir otaqdır və ora açıq olur. Şəxs rəsmi işə götürülməmiş, amma götürəcəkdir. Şikayət və tələbləri yoxdur. Həmin yerdə videokamera var, amma ona nəzarət edən yoxdur. Əşyaların əksik olmasına görə oğurluq hadisəsi olduğu müəyyən edilib və kameraya baxıb dəqiqləşdirmişlər. Şəxs qarajdan porşen halqası (koltso) və yatak (vkladiş) aparıb. Həmin ehtiyyat hissələri təzə olub. Növbə dəyişən və ara qarışan vaxt olub deyə hadisə baş vermişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində qeyd etmişdir: “o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-nin direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi MMC-nin mülkiyyətində avtobuslar vardır və həmin avtobuslar vasitəsi ilə sərnişandaşıma xidməti göstərirlər. Belə ki, Bakı şəhərinin bir sıra ərazilərində fəaliyyət göstərən 113, 197, 208, 209 nömrəli ümumi istifadədə olan avtobuslar rəhbərlik etdiyi MMC-nin balansındadır və həmin avtobuslar Suraxanı rayonu və Bakı şəhərinin digər rayonlarında sərnişandaşıma xidmətini göstərirlər. 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi MMC-yə gələrək təmir yerində mühərrik ustası kimi işləmək istədiyini bildirmiş, onlar da Valehlə razılaşıb müvafiq sənədləşmə işlərini aparmaları üçün şəxsiyyət vəsiqəsini istədikdə Valeh şəxsiyyət vəsiqəsinin müddətinin bitdiyini bildirmişdir. Onlar da ona bildirmişlər ki, gedib yeni şəxsiyyət vəsiqəsi alsın, ondan sonra gəlsin müqavilə bağlayaq işə başlasın. 13 iyun 2025-ci il tarixdə Valeh yenidən MMC-yə gəlib səhər saatlarında növbədə olan işçilərin təhvil-təslimi vaxtı MMCnin qarajında yerləşən təmir yerinə girmiş, həmin vaxt qarajdan 01 (bir) ədəd dəyəri 700 (yeddi yüz) manat olan “Daewoo” markalı avtobusun mühərrikinin porşen halqasını (koltsa) və 01 (bir) ədəd dəyəri 800 (səkkiz yüz) manat olan yatakı (vkladişi) gizli şəkildə götürüb oradan çıxıb getmişdir. Həmin oğurluq nəticəsində MMC-yə ümumilikdə 1500 manat dəyərində maddi ziyan dəymişdir. Valeh tərəfindən onlara dəymiş ziyan ödənilməsə də şikayət və tələbləri yoxdur. Oğurluq edildikdən sonra qaraja nəzarət gücləndirilib, lakin oğurluq edilən vaxt və bundan əvvəlki dövrdə kənar şəxslərin oraya girməsinə hər hansı bir maneə olmayıb. Valeh onlara işləmək üçün bir gün əvvəldən müraciət etdiyinə görə onu rahat şəkildə qaraja buraxmışlar”. Müdafiə tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də menecer vəzifəsində işləyir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də rəsmi olaraq iki ildən artıq olaraq işləyir. Vahidi tanıyır, bir dəfə qarajda görmüş, motorist kimi işləməyə gəlmişdir. Ehtiyyat hissəsini əslində təsisçi alır, lakin gecə vacib olanda onlar baha qiymətə almalı olurlar. Original və Çin malının qiymətləri fəqrli olur. Oğurlanan original malın 1 ədədinin dəyəri 750 manatdır. Çin malının dəyəri isə təxminən 470 manatdır. Anbarın açarı gündüz vaxtı təssisatçıda olur, lakin qapı daimi açıq olur. Həmişə qarajda olmur. Porşen halqası (koltso) və yatak (vkladiş) oğurlanıb. Vahidin oğurluq etdiyi anbarın yeri 50-60 kv.metr olar. Vahidi 1 dəfə işə düzələndə görmüşdür. Vahidi oğurluqdan 1 gün əvvəl görmüşdür. Anbara kənar adam girə bilməz, ancaq orada işləyənlər sərbəst şəkildə girə bilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 26 avqust 2025-ci il tarixli protokolda qeyd olunur ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 65 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus avtobus qarajının avtobusların təmir yerinə daxil olub orada həmin vaxt heç kimin olmamasından istifadə edərək avtobus ehtiyat hissələrinin saxlanıldığı yerdən avtobus matorunun ehtiyat hissəsi olan 01 ədəd 700 manat dəyərində porşen halqası (koltso) və 01 ədəd 800 manat dəyərində yatak (vkladiş) götürməklə məntəqəni yavaş addımlarla tərk edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 03 senyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2009-cu il təvəllüdlü X2 və 27 iyun 2012-ci il təvəllüdlü X3 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-584/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-584/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver