Məhkəmə qərarları › İş №1(010)-59/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-59/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-59/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsi, 5 №-li evdə bacısı Zərərçəkmiş şəxs işdən gəldikdən sonra xoşuna gəlməyən ev paltarı geyinməsinə irad bildirməsi, sonuncunun isə əynini dəyişməyərək cavab qaytarması səbəbindən aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və qol nahiyələrinə bir neçə dəfə qəsdən vurub, ona hər iki bazunun, hər iki saidin qançırları, sağ göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), həmin gözün alt qapağı nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol almacıq nahiyyəsinin sol alt göz qapağının, alının qançırları, üst dodağın şişkinliyi, selikli qişasının qansızması və səthi əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, X15 oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, valideynləri və bacısı – hazırki iş üzrə Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2 ünvanda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində bacısı Zərərçəkmiş şəxs işdən evə gəlmişdir. Həmin vaxt o, evdə olmuş, Aygünlə küsülü olduğu üçün evdən çölə çıxmış və bir neçə dəqiqə keçdikdən sonra evə daxil olmuşdur. Həmin vaxt görəndə ki, bacısı Aygün xoşa gələsi paltar geyinməyibdir, sonuncuya iradını bildirərək tələb etmişdir ki, əynində olan geyimi dəyişsin. Lakin Aygün onun sözlərinə qulaq asmayaraq, onu təhqir etməyə başlamışdır. O, əsəbləşərək Aygünə ikinci dəfə demişdir ki, getsin əynini dəyişsin. Aygün isə yenidən onun tələbinə məhəl qoymadığına görə, aralarında mübahisə yaranmış və bu zaman o, Aygünün saçından tutaraq, onu öz yataq otağına aparıb orada yumruq zərbələri ilə başından və sifətindən vuraraq döymüşdür. Aygün çarpayının üstünə yıxıldıqda isə qollarına və ayaqlarına yenə də yumruq zərbələri vurmağı davam etdirmişdir. Həmin vaxt atası Salman otağa daxil olaraq, Aygünü onun əlindən almışdır. Bundan sonra o, evdən həyətə çıxaraq həyətdə oturmuşdur. Bacısı Aygün və atası Salman isə Təcili Yardım stansiyasına getmişlər. Arasından təxminən bir saat keçdikdən sonra polis əməkdaşları gəlib onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PBnə aparmışlar və orada ondan izahat alınmışdır. Hadisə vaxtı atası Şahid qarşı heç bir zor tətbiq etməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, valideynləri və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Qardaşı Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında birgə yaşayış qaydaları üstündə, yəni televizorun hansısa kanalına baxmaq, çay istəyəndə verməmək və sairə görə xırda mübahisələr olsa da, ciddi bir ədavətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində o, işdən evə gəlmişdir. Həmin vaxtı atası Salman evdə, qardaşı Şamil isə küçədə olmuş və onun gəlməyini görmüşdür. Anası isə işdə olmuşdur. Əynini dəyişib ev paltarı «sarafan» don geyinmişdir. Bir neçə dəqiqə sonra Şamil evə gəlmiş və «sarafan» don geyinməyinə görə deyinərək əynini dəyişməyini tələb etmişdir. Evin içində ürəyi necə istəyir, elə də geyindiyini deyəndə, Şamil daha da əsəbiləşib onunla mübahisə etməyə başlamışdır. Bu məsələ üstündə aralarında yaranmış şəxsi münaqişə zamanı Şamil onun saçından tutub, onu yataq otağına aparmış və orada yumruq zərbələri ilə başından, sifətindən vurub onu döymüş, çarpayının üstünə yıxılanda isə qollarına və ayaqlarına yumruq zərbələri ilə vurub döymüşdür. Həmin vaxtı atası Salman yataq otağına keçib Şamili ondan ayırmışdır. Bundan sonra Şamil deyinə-deyinə çıxıb getmişdir. Qardaşı Şamil tərəfindən döyülüb xəsarətləndiyi üçün təcili yardıma zəng vurub çağırmış və təcili yardım gələrək onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Orada həkim tibbi yardım göstərdikdən sonra isə evə qayıtmışdır. Şamilin onu döyməsinə görə sifəti, qolları qançır olmuşdur. Həmin günü Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək qardaşı Şamilin onu döyməsi barədə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, arvadı Minayə, qızı Aygün və oğlu Şamil ilə birlikdə ünvan 2 ünvanda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində qızı Aygün işdən evə gəlmişdir. Həmin vaxtı o, özü evdə, oğlu Şamil isə küçədə olmuşdur. Arvadı Minayə isə işdə olmuşdur. Aygün evə girib əynini dəyişib ev paltarı «sarafan» don geyinmişdir. Bir neçə dəqiqə keçmiş Şamil evə gəlmiş və «sarafan» don geyinməyinə görə Aygünə deyinmiş, ondan əynini dəyişməyini tələb etmişdir. Aygün isə əynini dəyişməyəcəyini deyəndə, Şamil bacısının ona cavab qaytarmasını qəbul edə bilməmiş, elə bu səbəbdən də onların arasında mübahisə yaranmışdır. Bu zaman Şamil Aygünü yataq otağına aparıb, orada sillə və yumruqla vurub döymüşdür. O, yataq otağına keçib Şamili Aygündən ayırmışdır. Bundan sonra Şamil deyinə-deyinə çıxıb getmişdir. Saat 20 radələrində Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək baş vermiş mübahisə barədə məlumat vermişdir. Aygün çağırdığı təcili yardım vasitəsiylə 3 saylı Şəhər kliniki xəstəxanasına aparılmışdır. Bundan sonra Aygün həmin günü Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək Şamilin barəsində şikayət ərizəsi vermişdir. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X8» X16 22№-li şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi xx xxxxxx 2020-ci il tarixli 701 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hər iki bazunun, hər iki saidin qançırları, sağ göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), həmin gözün alt qapağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol almacıq nahiyəsinin sol alğ göz qapağının, almın qançırları, üst dodağın şişkinliyi, selikli qişasının qansızması və səthi əzilmiş yarası xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Əmircan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, X11 yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs X6 döyüb, onun sağlamlığına yüngül xəsarət yetirərək, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi sübuta yetirilmişdir. xx.xx.2018-ci il tarixdə X1 RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan üzr istəyərək, ona dəymiş maddi və mənəvi ziyanı ödədiyi üçün onunla barışmışdır,bununla bağlı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs X12 ilə, həmçinin X2 Şamil Salman oğlu ilə barışmışlar və bir birilərindən heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilənlərin yekunu olaraq cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeydinə əsasən (xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir) şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən əvvəllər də AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi faktı müəyyən edilmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər də CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığı səbəbindən cinayət məsuliyyətindən artıq bir dəfə azad edildiyindən, CM-nin 72ci maddəsinin Qeydinə əsasən onun yenidən cinayət məsuliyyətindən azad edilməsi istisna olunur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Bu zaman məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 % faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar