Məhkəmə qərarları › İş №1(010)-590/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-590/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-590/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Quycaq ərazi dairəsi, Nüzgar kəndində daimi qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,72 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kibrit qutusunda xeyli miqdarda çəkisi 6,72 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 70 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPl-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 17:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E. Qasımov küçəsində fəaliyyət göstərən çayxanada saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan tünd yaşıl rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 6,72 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək göturulmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddələrin heç bir növündən istifadə etmir. 13 avqust 2025-ci il tarixdə onlayn yolla narkotik maddələrin "marixuana” kimi tanıdığı növündən 70 manata almışdır. Həmin gün saat 17 radələrində dostu ilə görüşmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən çayxanaya getmiş, həmin çayxananın salonunda əyləşib dostunu gözləməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 17:15 dəqiqədə üç nəfər mülki geyimdə olan şəxs kafeyə daxil olmuş, polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. Özünü olduğu kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O da üzərində olan tünd yaşıl rəngli idman şalvarının qabaq sağ yan cibindən 01 ədəd kibrit qutusunda olan nəşə kimi tanıdığı narkotik maddəni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarından biri əlləri ilə paltarlarını yoxlamağa başlamış, üzərindən başqa dövriyyəsi qanununla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Polis əməkdaşların biri təqdim etdiyi kibrit qutusunda nə olması və haradan və nə məqsədlə əldə etməyi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nəşə kimi tanıdığı narkotik maddə olduğunu həmin narkotik maddəni 13 avqust 2025-ci il tarixdə səhər saatlarında onlayn yolla 70 manata öz şəxsi istifadə məqsədi ilə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi 01 ədəd büküm polis əməkdaşlarından biri tərəfindən zərfə qoyularaq götürülmüş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunan narkotik maddəni 13 avqust 2025-ci il tarixdə onlayn yolla tanımadığı şəxsdən 70 manata alaraq öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamır. Məmməd Məmmıdov üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmiş, lakin istifadə etməyə macal tapmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təziq və zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və təqsirini etiraf edərək ifadəsində göstərmişdir ki, özü qəssab kimi işləyir, 4-5 il bundan qabaq istifadə edirdi, sıxıntıları var idi deyə, alıb. istifadə etdiyini, 1-2 dəfə istifadə etmiş olduğunu, 70 manat məbləğində pul vermiş olduğunu bildirdiriyini, sonda o, etmiş olduğu əməlindən peşman olduğunu və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Suraxanı RPl-nin 30-cu polis şöbəsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 13 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməklə və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 və Suraxanı RPl-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 avqust 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 17:00 radələlərində Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən çayxana istiqamətində yollanmışlar. Avtomobildən enib çayxanaya daxil olmuşlar. Çayxanaya daxil olduqda Təqsirləndirilən şəxs girişlə üzbəüz hissədə masanın arxasında əyləşib çay içirmiş. 13 avqust 2025-ci il tarixdə saat 17:15 Təqsirləndirilən şəxs yaxınlaşmışdırlar. Hər biri xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduğuqlarını bildirib özlərini təqdim etmişlər. Şahid1 ondan özünü təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Şahid1 onun narkotik maddələrin qanunsuz olaraq əldə olunması və istifadəsində şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki tünd yaşıl rəngli idman şalvarının qabaq sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq stolun üstünə qoymuşdur. Şahid1 axtarışın 13 avqust 2025-ci il tarixdə saat 17:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən çayxanada aparıldığını bildirmişdir. Şahid1 kibrit qutusunu açmışdır. İçərisində yaşıl rəngli quru otşəkilli maddə olduğu görünmüşdür, Şahid1 Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı otşəkilli maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə olunduğu barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda nəşə kimi tanıdığı narkotik maddə olduğunu. Həmin maddəni İran vətəndaşından online yolla 70 manat ödəməklə İranlının konum atması yolu ilə Əhmədli metrostansiyasının yaxınlığından götürdüyünü, aldığı narkotik maddəni istifadə etmək məqsədilə aldığını lakin istifadə etməyə macal tapmadığını bildirmişdir. Şahid3 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Götürülmüş 01 ədəd içərisində otşəkilli maddə olan 01 ədəd kibrit qutusu boş zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənmiş və iştikaçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPl-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olunmamışdır. Məhkəmə iclasında ifadələri elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 30-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 da Suraxanı RPl-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanaraq icraata qəbul edilib istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin 15-ci vərəqində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və DVD-yə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut 1 ədəd zərfdə qablaşdırılmış 194 saylı möhürlə möhürlənmiş və tamlığı pozulmamışdır. Sonra 01 ədəd DVD-yə «Lenovo» markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik maddədəyə bənzər kütlə olması bildirməsi öz əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən «Samsung» markalı mobil telefon vasitəsi ilə aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edildi və protokola 1 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 97-98-ci vərəqlərində olan 07 oktyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 13 avqust 2025-ci il tarixli və 07 dəqiqə 22 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən və protokoldan görünür ki, 30-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 avtomobillə hərəkət edirlər. Çəkiliş Şahid2 tərəfindən aparılır. Sağ hissədə hasarına NZS yazılı lenta sarılmış kafenin qarşısında avtomobili saxlayaraq aşağı enirlər. Əvvəlcə kafenin həyətinə sonra isə içərisinə daxil olurlar. Girişlə üzbəüz hissədə masa arxasında Təqsirləndirilən şəxs əyləşdiyi və qarşısında bir stəkan çay olduğu görünür. 30-cu PŞ-nin hər üç əməkdaşı Təqsirləndirilən şəxs yaxınlaşır. Əvvəl Şahid1 sonra isə digərləri xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirirlər. Şahid1 Məmmədovdan özünü təqdim etməsini tələb edir. Təqsirləndirilən şəxs özünü olduğu kimi təqdim edir. Şahid1 onun narkotik maddələrin qanunsuz olaraq əldə olunması və istifadəsində şübhəli olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. O da əynindəki tünd yaşıl rəngli idman şalvarının qabaq sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq stolun üstünə qoyur. Şahid1 Təqsirləndirilən şəxs üzərinə baxışın 13 avqust 2025-ci il tarixdə saat 17:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən çayxanada aparıldığını bildirir. Şahid1 kibrit qutusunu açır, içərisində yaşıl rəngli quru otşəkilli maddə olduğu görünür. Şahid1 Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı otşəkilli maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə olunduğu barədə soruşur. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda nəşə kimi tanıdığı narkotik maddə olduğunu İran vətəndaşından online yolla 70 manat ödəməklə İranlının konum atması yolu ilə Əhmədli metrostansiyasının yaxınlığından götürdüyünü bildirir. Bir ildir ki, istifadə etmədiyini aldığı narkotik maddəni istifadə etmək məqsədilə aldığını lakin istifadə etməyə macal tapmadığını bildirir. Şahid3 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Götürülmüş 01 ədəd içərisində otşəkilli maddə olan 01 ədəd kibrit qutusu boş zərfə qoyularaq qablaşdırılır. Üzəri möhürlənir və iştikaçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 26-27-ci vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 avqust 2025-ci il tarixdə, saat 17:15 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarının 53-54-cü vərəqlərində olan 15 avqust 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 67-69-cu vərəqlərində olan 15 avqust 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİnin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 71-ci vərəqlərində olan 15 avqust 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 40-43-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-7/1081/2025 nömrəli ekspert rəyində göstərilir ki, tədiqata təqdim edilmiş zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,72 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin 99-100-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X2-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 5272 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 102-103-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 2987 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövündə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq vəya sair psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də oğlunda ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 83-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109-cu bəndinə əsasən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəsi hesab edilən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın təmiz çəkisi 6,72 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlin əmimi olaraq etiraf etməsini, törətdiyi əməlindən səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirilən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 avqust 2025-ci il tarixdən – 15 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdən – 15 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk və təhqiqat zamanı çəkilmiş videogörgüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X2-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 5272 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdən – 15 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün müddət ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 6,70 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk və təhqiqat zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar