Məhkəmə qərarları › İş №1(010)-597/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-597/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-597/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Səbail Rayon Məhkəməsinin 1(009)-165/2022 nömrəli iş üzrə 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 28 noyabr 2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, 08 – 09 avqust 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə axşam saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar təşkil edən 01 ədəd qızılı rəngli kağız bükümdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan narkotik vasitə 01 ədəd bütöv metadon həbini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 avqust 2025-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində piyada hərəkət edən zaman saxlanılaraq orada üzərinə baxış keçirilərkən əynində olan xeyli miqdar təşkil edən 01 ədəd qızılı rəngli kağız bükümdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan narkotik vasitə 01 ədəd bütöv metadon həbi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-3 ay olardı ki nəşədən istifadə etməyə başlamışdır. Əməlindən peşman olmağını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəl “mal” eləmiş, “mal”la tutulmuş, sonra tərgitmiş, etməmiş, lakin 2-3 ay olar ki, başlamışdır nəşə çəkməyə. Polis əməkdaşları ona Əmircan qəsəbəsi tərəfdə yaxınlaşmışlar. Polislər ona şübhəli şəxs kimi yaxınaşmış, üstündə nə olduğunu soruşmuşar, üzərinə baxış keçirmişlər və üstündə metadon olmuşdur. Metadonu gölün qırağında tanımadığı şəxsdən 10 manata almışdır. Metadonun necə bir şey olmasını bilmək üçün almışdır. Əvvəllər metadon istifadə etməmiş, ilk dəfə idi ki etmişdir. Aldığı metadonu istifadə edə bilməmişdir. Metadonu tutulduğu gün əldə etmişdir. Üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Polislər tərəfindən ona qarşı fiziki təsir, döymə olmamışdır. Sonuncu dəfə narkotikdən tutulmamışdan bir gün əvvəl istifadə etmişdir. Tutulduqdan sonra istifadə etməmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Fərdi əməklə məşğuldur. Uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, hal-hazırda isə «narkotik vasitə» kimi tanıdığı narkotik vasitə metadonu qəbul edir. O, 07 avqust 2025-ci il tarixdə axşam saatlarında Əmircan gölü ərazisində tanımadığı bir şəxsdən “narkotik vasitə” kimi tanıdığı narkotik vasitə metadonu 10 manat ödəməklə əldə etmişdir. 07 avqust 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində piyada hərəkət edən zaman 03 nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişdir. Ona üzərinə baxış keçirilməsinin zəruri olması bildirilərək Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qızıl rəngli kağıza bükülmüş olan narkotik vasitə 01 ədəd bütöv metadonu təqdim etmişdir. Bundan sonra isə üzərinə baxış aparılsa da başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd qızıl rəngli kağıza bükülmüş “narkotik vasitə” kimi tanıdığı narkotik vasitə 01 ədəd bütöv metadondur. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyulub, qablaşdırılmış və möhürlənmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, yay aylarında daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində bir nəfər şəxsin narkotik vasitələrin daşıması ilə bağlı məlumat daxil olmuşdur. Şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər və üzərinə baxış keçirilərkən özü könüllü şəkildə metadon adlanan dərmanı təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə yaxınlaşanda onlara heç bir müqavimət göstərməmiş, özü könüllü formada təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən dediyinə görə dərman aşkar olunmuşdur. Videoçəkilişlə şəxsin üzərinə baxış keçirilmiş, daha sonra polis bölməsinə aparılmışdır. Təhqiqatçının otağında ikinci dəfə videoçəkiliş aparılmış, üzərindən çıxan əşya zərfləşdirilmişdir. Təqsirləndirilən şəxsə qarşı fizirki təsir, döymə olmamışdır. Metadonu əldə etdiyi mənbə ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı əsasında vətəndaşı S.Bəhlulzadə küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsi saxlayarkən üzərində hər hansısa qanunla qadağan olunmuş maddə və ya predmet varsa var təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs də cibindən çıxarıb təqdim etmişdir. Səvh etmirsə metadon olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, metadonu tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs metadonu öz istifadəsi üçün ağrılarına görə aldığını demişdir. Təqsirləndirilən şəxsə qarşı fizirki təsir olmamışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “07 avqust 2025-ci il tarixdə İlham adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. İlham adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildi. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu. Həmin qərar 31-ci Polis Şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı. Sonra isə tərəfindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Təqsirləndirilən şəxs görüb saat 23:07-də əməliyyat qrupunun üzvü Şahid2 və Şahid3 ilə birlikdə videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar və əgər varsa könüllü surədə təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli kağızda narkotikə bənzər maddəni təqdim etdi. Həmin maddəni 07 avqust 2025-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manat müqabilində aldığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmədi. Aşkar edilmiş 01 (bir) ədəd içərisində narkotik vasitə metadon həbinə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürüldü. Təqsirləndirilən şəxs üzərinə baxış aparılması barədə protokol tərtib olundu və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edildi”. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik maddə olan metadonun aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə saat 23:00 radələrində yolla hərəkət etdiyi zaman 03 nəfər polis əməkdaşı videoçəkilişlə avtomobildən düşüb ona yaxınlaşaraq narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsiqadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağızı təqdim edərək içərisində “narkotik vasitə” kimi tanıdığı narkotik vasitə metadonu 07 avqust 2025ci il tarixdə axşam saatlarında tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 qızılı rəngli kağızda olan maddə zərfə qoyularaq qablaşdırılır. Həmçinin digər videogörüntüyə baxış zamanı Suraxanı Rayon Polis İdarəsinin31-ci polis şöbəsinin baş təhqiqatçısı Rasim Seyidov və digər polis əməkdaşları özlərini təqdim edirlər. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış ağ rəngli zərf açılmadan şübhəli şəxsə təqdim edilərək üzərindən aşkar olunaraq qablaşdırılan narkotik vasitə olub-olmaması dəqiqləşdirilir. Keçirilmiş əməliyyat tədbirlərinin videogörüntüsünə baxış keçirilir. Protokol tərtib olunur və polis əməkdaşları tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2712 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən...” qeydli zərfdəki 01 ədəd bükümdə üzərində “F/M40” yazısı həkk olunmuş 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində 0,04 qram narkotik vasitə-metadon müəyyən edildi. Qeyd: metadon – 01 tablet; tədqiqata sərf edildi – 0,5 tabl.; qalıq – 0,5 tabl. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 12 avqust 2025-ci il tarixli 4903 nömrəli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 09 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 tablet metadon, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,5 tablet narkotik vasitə metadon maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-165/2022 nömrəli iş üzrə 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 28 noyabr 2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 08 – 09 avqust 2025-ci il tarixləri üzrə (saatlar nəzərə alınmaqla) tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,5 tablet təşkil edən, narkotik vasitə metadon məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 – 09 avqust 2025-ci il tarixləri üzrə (saatlar nəzərə alınmaqla) tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,5 tablet təşkil edən, narkotik vasitə metadon məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar