Məhkəmə qərarları › İş №1(010)-6/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-6/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-6/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, 15 noyabr 2021-ci il tarixdə barəsində əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən bir ədəd bükümdə təmiz çəkisi 0,963 qram psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 0,762 qram narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 23 oktyabr 2021-ci il tarixdə saat 11:30 dəqiqdə Bakı şəhəri, Xəzər rayonu, Biə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Ülvi İnşaat” mağazasının yaxınlığında Xəzər RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilib video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,963 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,762 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra, o, 13 noyabr 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qram və 0,280 qram olmaqla, ümumi təmiz çəkisi 0,529 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 13 noyabr 2021-ci il tarixdə saat 21:00 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda saxlanılaraq ünvan 5 Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilib, video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qram və 0,280 qram olmaqla, ümumi təmiz çəkisi 0,529 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası və qardaşının ailəsi ilə birlikdə yaşayır. Himayəsində anası, qardaşının həyat yoldaşı və 2 azyaşh övladı vardır. Təhsilini Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə azərbaycan dilində almış, azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, tərcüməçi və ya mütəxəsissin köməyinə ehtiyacı yoxdur. Təxminən 20 gün olar ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə qəbul etməyini heç kim məcbur etməmiş, narkotik vasitələri könüllü olaraq istifadə edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən «Ülvi İnşaat» mağazasının yaxınlığında olarkən 2 nəfər polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənədi, ad familyasmı, harada yaşamasını soruşmuşlar. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün onlara dolğun cavab verə bilməyib özünü şübhəli apardığı üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməyini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitələri ata bilməmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birinin hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 dəvət olunmuş və təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Üzərinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməyini təklif etmişlər. O da könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan kağız bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin bükümlər açılıb içərisinə baxış keçirilmişdir. Sorğu zamanı həmin bükümdə olan maddələrin heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin heroin və metamfetamini xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu ərazisində üzdən şifahi tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün ümumilikdə 20 manata almışdır. Həmin narkotik vasitə və psixotrop maddəni satmaq, eləcə də kiməsə pay vermək niyyəti olmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitələrdən təxminən 20 gündür ki, istifadə etdiyi üçün onların hansı növdə olmasından anlayışı yoxdur. Sadəcə alarkən onların hansı növ olmasının fərqinə varmamış və istifadə etmək üçün almışdır. Onun narkotik vasitələrdən istifadə etməyi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə bilməmişdir. Onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşman olduğunu qeyd etmişdir. Onun mobil telefonu və nömrəsi yoxdur. Narkotik vasitəni alarkən heç kimlə əlaqə saxlamamışdır. Sadəcə yolda dayanan zaman onu satan adamlar narkotik vasitə istifadə edənlərini bilmiş və yaxınlaşıb narkotik vasitə istəyib-istəməyi barədə soruşduqda o da almaq istədiyini bildirmişdir. Polis işçiləri onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «Ülvi İnşaat» mağazasının yaxınlığında saxlamışlar. Göstərilən tarixdə və yerdə üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. İstintaq zamanı təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 13 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün 02 büküm patı kimi tanıdığı narkotik maddə almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 13 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Suraxanı rayonu, Binə qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O isə əynində olan qara rəngli cins şalvarın sağ cibindən iki ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin iki bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı əldə etməyi barədə soruşulmuşdur. O da təqdim etdiyi iki ədəd bükümün içərisində patı yəni metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, onu 13 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəmək şərti ilə öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin iki ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni yalnız özü istifadə etmək üçün əldə etmişdir. Psixotrop maddəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Həmin psixotrop maddəni vasitəni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığım şəxsdən 20 manat ödəmək şərti ilə öz şəxsi istifadəsi üçün almışdır. Həmin psixotrop maddədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Onun üzərində psixotrop maddə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni aldıqdan sonra cibində qalmış və bir qədər sonra polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin narkotik maddələrdən istifadə etməyə imkanı olmamışdır. Saxlanılarkən və ya üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Lakin, məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi ilə razılaşmayaraq, ikinci epizod üzrə özünü təqsirli bilmədiyini, üzərində həmin zaman narkotik vasitəsinin olmadığını, bu səbəblərə görə həmin epizoda bəraət verilməsini, digər epizodla əlaqədar olaraq səmimi peşmançılıq hissi keçirdiyini bildirərək, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət aparır, polis baş serjantıdır. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində həmin idarənin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə 6352 çağırış avtopatrulda Xəzər rayonu, Binə qəsəbəsi ərazisində xidmətdə olarkən Ə.İsazadə küçəsində yerləşən baxçanın yaxınlığında «Ülvi İnşaat» mağazasının arxasında adlı şöbədə onlara məlum olan X2 və X1 şübhəli şəkildə sağa-sola boylandıqlarını görüb ərazidə baş verən oğurluq hadisələri ilə əlaqədar onların oğurluq etmə ehtimalları olduğundan şübhələnib yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onlara anket məlumatları, harada yaşamaları barədə suallar vermişlər. Həmin şəxslər onlara dolğun və düzgün cavab vermədikləri üçün yoxlanmaları məqsədi ilə onları Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Onlar etiraz etmədən onlarla birlikdə 3-cü PŞ-nə getmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş maddə olubolmaması soruşduqda o, əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan kağız bükümləri çıxarıb masanın üzərinə qoymuş, bükümlər açılmış və baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin, metamfetamin və heroin olduğunu, onu saxlanılmamışdan bir neçə saat əvvəl Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri onlar və X3 tərəfindən imzalanmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 13 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 21:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük Sovxozu, nömrəsiz ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığım deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. Suraxanı RPİnin 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri 13 noyabr 2021- ci il tarixdə saat 21:00 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün cəmi 20 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırıldı. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir-olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 116-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 166-168-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Ülvi Novruzovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması, qərarın sürəti Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirini seçilməsi üçün Xəzər RPİ-nin İŞ-nə göndərilməsi qərara alınışdır. Cinayət işinin 170-ci vərəqində olan 25 oktyabr 2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 124-125-ci vərəqlərində olan 23 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 145-ci vərəqində olan 24 oktyabr 2021-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokola əsasən, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 02 ədəd bükümləri çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin və digər bükümün içərisində isə metamfetamin olduğunu və həmin narkotik maddələri Suraxanı rayonunda tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 130-135-ci vərəqində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4724 saylı 23 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Abdullayev (imza) “ yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,963 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,762 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına) daxildir. Cinayət işinin 210-211-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 557 saylı, 05 fevral 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-79-cu vərəqlərində olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində, əvvəli 13 noyabr 2021-ci ildən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan “şəxsin axtarış və götürmə aparılması barədə” 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 13 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 70-ci vərəqində olan 15 noyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi iki ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümlərin içərisində metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 13 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 20 manata alıb əldə etdiyini və üzərində daşıdığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 145-ci vərəqində olan 24 oktyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən, baxış keçirilən 1 ədəd CD diskə «HP» markalı kompüter monitorunda baxış keçirilərkən müəyyən edildi ki, həqiqətəndə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sağ cibindən iki ədəd kağız bükümü masanın üzərinə qoyması, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli və ağ rəngli kristal şəkilli maddələr aşkar olunması görüntüləri qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərin içərisndə olan madələrin narkotik vasitə olduğunu, onları özü istifadə etmək üçün Suraxanı qəsəbəsindən, tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Daha sonra həmin bükümün polis işçiləri tərəfindən zərfə qoyularaq qablaşdırıldığı, zərfin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandığı görünür. Cinayət işinin 41-46-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/5047 saylı 14 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı—ayrılıqda təmiz çəkiləri 0,249 qram və 0,280 qram, ümumi təmiz çəkisi 0,529 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 94-96-cı vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən, 23 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 0,762 qram olan narkotik vasitə olan heroin və 13 noyabr 2021-ci il tarixdə 02 ədəd bükümdə 0,249 qram və 0,280 qram olmaqla, ümumilikdə 0,529 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən 23 oktyabr 2021-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,762 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən 23 oktyabr 2021-ci il tarixində aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,963 qram, 13 noyabr 2021-ci il tarixində aşkar edilmiş 02 bükümdə olan psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,249 qram və 0,280 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2022ci il tarixli 7(003)-741/2022 saylı qərarı ilə Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən X11 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayət hesab olunur və həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkum edildiyi və həmin hökm ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli 7(003)-741/2022 saylı qərarı ilə, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilmiş və ona təyin edilmiş Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və azadlığın məhdudlaşdırılması növündə cəzaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər məhkum olunmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halın olmasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 23-25 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablanmalı,(CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 23-25 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 195,82 (bir yüz doxsan beş manat, səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,429 qram psixotrop maddə metamfetamin, 0,913 qram psixotrop maddə metamfetamin və 0,712 qram narkotik vasitəheroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar