Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-6/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2282/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(010)-269/2022 saylı hökmü ilə ona təyin edilmiş cəzayla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)- 335/2022 saylı hökmü ilə təyin edilmiş cəza qismən toplanılmaqla və CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 24 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1(010)-125/2023 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 06 fevral 2025-ci il tarixdə tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq etməsi ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 11 iyun 2022-ci il tarixdə, saat 20 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 oğunun icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Asif” dönər evinin çöl tərəfinə quraşdırılmış ona məxsus 450 manat dəyərində olan “LG” markalı, “S126GH” modelli “3280w- 3660w” xüsusiyyətli kondisionerin mühərrik hissəsini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2, ümumilikdə 450 (dörd yüz əlli) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 16 iyun 2022-ci il tarixdə, saat 11 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən evin çöl divarına bərkidilmiş bir ədəd 3000 manat dəyərində “Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin və bir ədəd 2000 manat dəyərində “LG” markalı, “S126GH” modelli “3280w-3660w” xüsusiyyətli kondisionerin mühərrik hissələrini gizli olaraq talamış və nəticədə, Zərərçəkmiş şəxs1, ümumilikdə 5000 (beş min) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı da özünü qeyd olunan ittihamlar üzrə tam ttəqsirli bilmişdir. “Toyota Prius” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük icarəyə götürərək həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolanmışdır. İndiyə kimi iki dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinərək məhkum olmuşdur. Sonuncu dəfə 2019-cu ilin sentyabr ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan 11 iyun 2022-ci il tarixədək heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Maddi sıxıntıları olduğu üçün və taksi fəaliyyəti ilə məşğul olmaqla, həmin ehtiyaclarını ödəyə bilmədiyinə görə, oğurluq etmək qərarına gəlmiş, yaşadığı məhəllənin yaxınlığından, yəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Asif” adlı dönər yerində olan kondisionerin çöl tərəfinə quraşdırılmış arxa hissəsi olan motor hissəsini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də, 11 iyun 2022-ci il tarixdə, təxminən saat 20 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin “Asif” adlı dönər yerinin arxa hissəsinə gəlmiş və əvvəlcə dönər yerinə nəzarət edib bağlı olduğunu görmüş, sonra həmin dönər yerinin arxasına keçib arxada və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra, avtomobildə olan qaz açarını və kəlbətini götürüb həmin dönər yerinin arxasına yaxınlaşmış, həmin “LG” markalı kondisionerin arxa hisəsindən keçən elektrik xəttini kəsmiş və bundan sonra, həmin kondisionerin boltla bağlanmış hissələrini açaraq həmin kondisionerin arxa motor hissəsini yerindən çıxarıb idarə etdiyi avtomobilin arxa yük hissəsinə qoymuşdur. Bundan sonra, avtomobilə əyləşib yaşadığı evə getmiş və oğurladığı əşyanı avtomobilin arxa yük hissəsində saxlamışdır. Növbəti gün isə oğurladığı “LG” markalı kondisionerin motorunu Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” deyilən yerə aparıb orada tanımadığı şəxsə həmin matoru 100 manat pula satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni 16 iyun 2022-ci il tarixdə, yenə də oğurluq edərək öz ehtiyaclarını ödəmək qərarına gəlmiş, bu zaman yenə də yaşadığı məhəllənin yaxınlığında yerləşən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 49 ünvanında yerləşən bağça kimi istifadə olunan evdən oğurluq etmək və həmin evdəki iki kondisioneri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də, 16 iyun 2022-ci il tarixdə, gündüz təxminən saat 11 radələrində həmin evdə heç kimin yaşamadığına tam əmin olduqdan sonra, ətrafına nəzər yetirib heç kimin olmadığını görmüş, bundan sonra, həmin evin hasarına qalxıb həyətə düşmüş və idarə etdiyi avtomobildən götürdüyü alətlərlə həmin həyətdə olan evə yaxınlaşıb əvvəlcə “Samsung” markalı kondisionerin çöl tərəfə quraşdırılmış motor hissəsini söküb götürmüşdür. Sonra isə həmin evin darvaza qapısını arxadan açıb məhəlləyə boylanmış və kimsə olmadığı üçün oğurladığı kondisioner motorunu aparıb həmin evin qarşısında saxladığı “Toyota Prius” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hisəsinə qoymuş, sonra həmin evin darvaza qapısını bağlamışdır. Həmin evə quraşdırılmış ikinci kondisioner yola tərəf olduğu üçün və həyətə daxil olmadan asanlıqda söküb oğurlaya biləcəyini düşündüyü üçün həmin kondisionerə yaxınlaşıb yenə də ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra, qeyd etdiyi alətlərlə “LG” markalı kondisionerin arxa motor hissəsini yerindən söküb həmin motoru da gətirib idarə etdiyi avtomobilin arxa yük hissəsinə qoymuşdur. Sonra isə avtomobilə əyləşib oradan uzaqlaşmış, oradan bir başa Xətai rayonu, Xalqlar metrostansiyası yaxınlığında yerləşən kondisioner təmiri yerinə getmişdir. Orada tanımadığı şəxsə “Samsung” markalı kondisionerin motorunu 150 manata və “LG” markalı kondisionerin motorunu isə 100 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq hadisəsini tək törətmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 mənzilinə daxil olmamış, hasarı keçərək, evin həyətinə daxil olmuşdur. Kondisonerin motorunun birinin çəkisi təxminən 40 kq, digəri isə təxminən 25 kq olmuşdur. Birinci oğurladığı motoru Sabunçuda yerləşən bazarda satmış, ikincisini isə Xalqlar Dostluğu metrostansiyası yaxınlığında satmışdır. Kondisonerlərin motor hissəsi işlək vəziyyətdə olduğu üçün sata bilmişdir. Oğurluq əməllərini törətdiyi zaman mobil telefonu yanında olmuş, lakin mobil nömrəsini dəyişmişdir. Hansı mobil nömrəni istifadə etdiyini isə xatırlamır. Sonda isə zərərçəkmiş şəxslərin hər ikisi ilə barışmasını, onlara vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını və zərərçəkmiş şəxslər tərəfindən bununla bağlı ərizələr təqdim edilməsini nəzərə alaraq barəsində yüngül həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, ünvan 2 ünvanında yerləşən iki otaqdan ibarət olan kiçik ölçülü obyekti icarəyə götürərək orada dönər satışı ilə məşğul olur. Hər gün səhər saat 09 radələrində obyekti açıb fəaliyyətə başlayır və adətən axşam saat 21 radələrində obyekti bağlayır. Bəzən isə hazırladığı dönər tez satıldığı halda, obyekti tez bağlayıb evinə gedir. 11 iyun 2022-ci il tarixdə, həmişə olduğu kimi, səhər tezdən saat 09 radələrində işə gəlmiş və obyekti açıb fəaliyyətə başlamışdır. Həmin gün iş yaxşı olduğu üçün dönər tez qurtarmış və buna görə də, təxminən saat 18 radələrində obyekti bağlayıb evə getmişdir. Həmin vaxt obyektin qapısını özü bağlamış və bağladığına əmin olduqdan sonra, oradan uzaqlaşmışdır. Növbəti gün, yəni 12 iyun 2022-ci il tarixdə səhər işə gəlmiş və günorta saat 12 radələrində kondisioneri yandırmaq istdikdə işləmədiyini görmüş, bundan sonra obyektin çöldən arxa tərəfinə keçib baxdıqda ona məlum olmuşdur ki, 11 iyun 2022-ci il tarixdə, obyekti bağlayıb evə getdikdən sonra naməlum şəxs və ya şəxslər onun işlətdiyi obyektin arxasında çöl tərəfdə olan özünə məxsus bir il əvvəl 1200 manata aldığı "LG" markalı, “S126GH” modelli “3280w-3660w” xüsusiyyətli kondisionerin 450 manat dəyərində olan motor hissəsini yerindən çıxarıb oğurlamışlar. Bundan sonra isə ərazi üzrə Suraxanı RPİ-nın 32-ci polis bölməsinə gedərək hadisə barədə məlumat vermiş və ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən 08 fevral 2023 və 21 aprel 2025-ci il tarixlərdə məhkəməyə ünvanlanmış yazılı ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfiindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi 13-cü döngə 49 ünvanında yerləşən həyət evi onun ata mülküdür. Orada yaşayış yoxdur. Həmin mənzil uşaq bağçası kimi bir neçə il fəaliyyət göstərsə də, məlum pandemiya dövründən bu günə kimi fəaliyyət göstərməmişdir. Bu dövr ərzində özü, anası və atası müxtəlif vaxtlarda nəzarət etmək məqsədi ilə həmin mənzilə mütəmadi baş çəkmişdir. 15 iyun 2022-ci il tarixdə sonuncu dəfə anası ilə mənzildə olmuş, bundan sonra, 17 iyun 2022-ci il tarixdə həmin qeyd olunan mənzilə getmiş, həyətə daxil olduqda, həyətdə olan köməkçi tikilinin qapısının bağlı, qıfılının isə qırıq olmasını görmüş, bu zaman həyətə qanunsuz kiminsə daxil olmasını hiss etmiş, ətrafa göz gəzdirdikdə naməlum şəxs və ya şəxslər mənzilin divarına yerləşdirilmiş bir ədəd 80 kv.metr həcmli “Samsung” markalı və bir ədəd 60 kv.metr həcmli “LG” markalı kondinsionerlərin mühərriklərini yerindən çıxararaq oğurlamasını müəyyən etmiş, bundan sonra anasına məxsus mobil telefonla 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları gəlmiş, onu bölməyə dəvət etmişlər. 32-ci polis bölməsinə gedərək hadisə barədə məlumat verib ərizə yazmışdır. Oğurlanmış mühərriklər ona sonradan geri qaytarılmışdır. Hadisədən bir gün qabaq evə gəldikdə, kondisioner oğurlanmamış idi. Əvvəlki məhkəmə iclaslarında ona dəymiş maddi ziyan tam ödənilmədiyi üçün şikayətçi olsa da, 02 aprel 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən 11 aprel 2023 və 02 aprel 2025-ci il tarixlərdə məhkəməyə ünvanlanmış yazılı ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyanın tamamilə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə aılınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən bazarda bir mağazanı icarəyə götürmüş və həmin mağazada paltaryuyan, soyuducu, kondisioner təmiri və satışı ilə məşğul olur. 17 iyun 2022-ci il tarixdə günorta saatlarında işdə tək olan zaman kondisioner ustası kimi tanıdığı Vüqar ona yaxınlaşaraq əlində bir ədəd “LG” markalı və bir ədəd “Samsung” markalı kondisioner motoru olduğunu və onları satmaq istədiyini bildirmiş, onu əvvəlcədən kondisioner ustası kimi tanıdığı üçün özü ilə gətirdiyi iki ədəd kondisionerin motoruna baxmış və 50 kv “Samsung” markalı və 40 kv “LG” markalı kondisionerlərin motorları olduğunu görmüş, hər ikisini yoxlayıb işlək vəziyyətdə olduğunu müəyyən etmiş və “Samsung" markalı motora 200 manat, “LG” markalı motora isə 120 manat olmaqla, cəmi hər ikisini birlikdə, 320 manata ala biləcəyini demişdir. Vüqar da razılaşmış, Vüqara özünə məxsus sənədini verməsini demiş, Vüqar isə üstündə sənədi olmadığını, 250 manat ona pul verməyini, qalan 70 manat pulu isə sənədləri gətirəndə verməyini bildirmiş, onunla razılaşmış, həmin vaxt 250 manat pulu sayıb Vüqara vermiş, Vüqar isə həmin gündən indiyə kimi özünə məxsus sənədləri gətirib ona verməmişdir. Sonradan polis əməkdaşları gəlib həmin kondisioner motorlarını Vüqarın oğurlayıb ona satmasını bildirmiş, öz növbəsində həmin iki ədəd “LG" və “Samsung” markalı kondisionerlərin motorlarını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin mobil telefon nömrəsini bilməmişdir. Bazara gəldiyi üçün usta kimi tanıyırdı. Təqsirləndirilən şəxsdən ilk dəfə idi ki, əşya almışdır. Həmin əşyaları ehtiyat hissə kimi almışdır, işlətmək üçün yox. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 24 iyun 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən HK-1/566 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 17 iyun 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 20:56-da DİN-in 102 xidmətindən daxil olmuş ********* saylı məlumata əsasən, Qaraçuxur qəsəbəsi, Şərq y/sahəsi, döngə 13-də yaşayan X5 naməlum şəxs(lər) tərəfindən kondisioner oğurlanması barədə məlumat vermişdir. (iş.v.7) Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 17 iyun 2022-ci il tarixli ərizədən görünür ki, atasına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 13, döngə 49 nömrəli evdə olan 02 ədəd kondisionerin motorlarının oğlurlanmasını aşkar etmişdir. Həmin motorları oğurlayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 8) 17 iyun 2022-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 13, döngə 49-dakı mənzil Qaraçuxur qəsəbəsində yerləşən 9 mərtəbəli evlərlə üzbəüz yerləşən fərdi həyət evləridir. Qeyd olunan 4-cü mənzilin girişi dəmir qapıdan və ev isə 2 mərtəbədən ibarətdir. Baxış zamanı evin giriş qapısının sağ tərəfində və evin içərisində həyətyanı sahədəki ərazidə olan kondisionerlərin hər ikisinin çöldə olan motorlarının oğurlanması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 9-11) 24 iyun 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 13, döngə 49-dakı evdə olan “Samsung” və “LG” markalı kondisionerlərin oğurlanması ilə bağlı həmin ərazidən oğurluq edən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius markalı **-PY-*** d.q.n-lı avtomobillə oğurluq etməsi və kondisionerləri oğurlaması videogörüntüləri diskdə öz əksini tapmışdır. (iş.v. 18-19) 21 iyun 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, araşadırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 13 ev 49-dan iki ədəd kondisionerin mühərrik hissəsini oğurlayaraq ünvan 7 ünvanda yerləşən bazarda məişət təmiri texnikası mağazasına satdığını bildirmişdir. Ona görə də, Şahid təqdim etdiyi “Samsung” markalı və “LG” narkalı kondisionerlərin mühərrik hissələrinin sübut əhəmiyyəti kəsb etdiyini nəzərə alaraq maddi sübut kimi baxış keçirilərək götürülmüş və qablaşdırılmışdır. (iş.v.21-22) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 20 iyun 2022-ci il tarixli ərizədən görünür ki, 17 iyun 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Asif” dönər evindən “LG” markalı kondisionerin mühərrik hissəsinin oğurlanması nəticəsində ona 450 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 28) 20 iyun 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Asif” dönər yerinin giriş qapısından içəri daxil olduqda, soyuducu, stolstul, dönər aparatı vardır. “Asif” dönər yerində olan “LG” markalı kondisionerin mühərrik hissəsi dönər yerinin arxa hissəsində çöldə yerləşmişdir. Baxış zamanı “LG” markalı kondisionerin mühərrik hissəsinin olmadığı aşkar edilmişdir. Fotoşəkillər çəkilmişdir. (iş.v. 31- 33) 24 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək bildirmişdir ki, “Toyota Prius” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük icarəyə götürərək həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolanmışdır. İndiyə kimi iki dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinərək məhkum olmuşdur. Sonuncu dəfə 2019-cu ilin sentyabr ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan 11 iyun 2022-ci il tarixədək heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Maddi sıxıntıları olduğu üçün və taksi fəaliyyəti ilə məşğul olmaqla, həmin ehtiyaclarını ödəyə bilmədiyinə görə, oğurluq etmək qərarına gəlmiş, yaşadığı məhəllənin yaxınlığından, yəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Asif” adlı dönər yerində olan kondisionerin çöl tərəfinə quraşdırılmış arxa hissəsi olan motor hissəsini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də, 11 iyun 2022-ci il tarixdə, təxminən saat 20 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin “Asif” adlı dönər yerinin arxa hissəsinə gəlmiş və əvvəlcə dönər yerinə nəzarət edib obyektin bağlı olduğunu görmüş, sonra həmin dönər yerinin arxasına keçib arxada və ərafda heç kimin olmadığına tam əmin olduqdan sonra, avtomobildə olan qaz açarını və kəlbətini götürüb həmin dönər yerinin arxasına yaxınlaşmış, “LG” markalı kondisionerin arxa hisəsindən keçən elektrik xəttini kəsmiş və bundan sonra, həmin kondisionerin boltla bağlanmış hissələrini açaraq həmin kondisionerin arxa motor hissəsini yerindən çıxarıb idarə etdiyi avtomobilin arxa yük hissəsinə qoymuşdur. Bundan sonra, avtomobilə əyləşib yaşadığı evə getmiş və oğurladığı əşyanı avtomobilin arxa yük hissəsində saxlamışdır. Növbəti gün isə oğurladığı “LG” markalı kondisionerin motorunu Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” deyilən yerə aparıb orada tanımadığı şəxsə həmin motoru 100 manat pula satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni 16 iyun 2022-ci il tarixdə, yenə də oğurluq edərək öz ehtiyaclarını ödəmək qərarına gəlmiş, bu zaman yaşadığı məhəllənin yaxınlığında yerləşən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 49 ünvanında yerləşən bağça kimi istifadə olunan evdən oğurluq etmək və həmin evdəki iki kondisioneri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də, 16 iyun 2022-ci il tarixdə, gündüz təxminən saat 11 radələrində həmin evdə heç kimin yaşamadığına tam əmin olduqdan sonra, ətrafına nəzər yetirib heç kimin olmadığını görmüş, bundan sonra, həmin evin hasarına qalxıb həyətə düşmüş və idarə etdiyi avtomobildən götürdüyü alətlərlə həmin həyətdə olan evə yaxınlaşıb əvvəlcə “Samsung” markalı kondisionerin çöl tərəfə quraşdırılmış motor hissəsini söküb götürmüşdür. Sonra isə həmin evin darvaza qapısını arxadan açıb məhəlləyə boylanmış və kimsə olmadığı üçün oğurladığı kondisioner motorunu aparıb həmin evin qarşısında saxladığı “Toyota Prius” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hisəsinə qoymuş, sonra həmin evin darvaza qapısını bağlamışdır. Həmin evə quraşdırılmış ikinci kondisioner yola tərəf olduğu üçün və həyətə daxil olmadan asanlıqda söküb oğurlaya biləcəyini düşündüyü üçün həmin kondisionerə yaxınlaşıb yenə də ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra, qeyd etdiyi alətlərlə “LG” markalı kondisionerin arxa motor hissəsini yerindən söküb həmin motoru da gətirib idarə etdiyi avtomobilin arxa yük hissəsinə qoymuşdur. Sonra isə avtomobilə əyləşib oradan uzaqlaşmış, oradan birbaşa Xətai rayonu, Xalqlar metrostansiyası yaxınlığında yerləşən kondisioner təmiri yerinə gəlmişdir. Orada tanımadığı şəxsə “Samsung” markalı kondisionerin motorunu 150 manata və “LG” markalı kondisionerin motorunu isə 100 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. (iş.v. 46-50) 25 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, 11 iyun 2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Odur ki, həmin faktla bağlı istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 72) 25 iyun 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 73) 30 iyun 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin bir ədəd diskdə 4 ədəd fayl vardır, faylda olan videogörüntünün 16 iyun 2022-ci il tarixdə qeydə alınması müşahidə edilir, çəkilmiş videogörüntünün 1-ci fayılından görünür ki, ünvan 9 ünvanın giriş qapısından bir nəfər əynində ağ şalvar, qırmızı köynək, başında ağ rəngli papaq olan şəxs əlində nərdivan çölə çıxaraq nərdivanı giriş qapısının yanına qoyur və qarşıya tərəf gedərək yenidən qayıdıb giriş qapısından içəri girir və əlində kondisionerin mühərrik hissəsi ilə çölə çıxıb qarşıya doğru gedir. 2-ci faylda olan görüntüdən görünür ki, qara rəngli “Toyota Prius” markalı avtomobil Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində küçədə hərəkət edir. 3-cü faylda bir nəfər əynində ağ şalvar, qırmızı köynək, başında ağ rəngli papaq olan şəxs ünvan 10 ünvanın hasar hissəsinə yaxınlaşır. 4-cü faylda ola görüntüdən görünür ki, bir nəfər əynində ağ şalvar, qırmızı köynək, başında ağ rəngli papaq olan şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 49 ünvanın giriş qapısının qarşında dayanaraq ətrafı müşahidə edir. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd edir ki, görüntüdə əynində ağ şalvar, qırmızı köynək, başında ağ rəngli papaq olan şəxs özüdür, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində küçədə hərəkət edən qara rəngli “Toyota Prius” markalı avtomobil ona məxsusdur. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 49 ünvanın giriş qapısından əlində nərdivan çölə çıxaraq nərdivanı giriş qapısının yanına qoyan və qarşıya tərəf gedərək yenidən qayıdıb giriş qapısından içəri girən və əlində kondisionerin mühərrik hissəsi ilə birlikdə çölə çıxan şəxs də özüdür. DVD diskdə olan görüntüyə baxıldıqdan sonra iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işi materiallarına əlavə olunmuşdur. (iş.v. 104-105) 05 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, baş vermiş oğurluq hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Odur ki, həmin faktla bağlı istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 106) 05 iyul 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 107) 28 iyul 2022-ci il tarixli, “əşyanın tanınması haqqında” protokoldan görünür ki, tanınmaya təqdim edilmişdir: "Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin və bir ədəd 2000 manat dəyərində “LG” markalı, “S126GH” modelli “3280w-3660w" xüsusiyyətli kondisionerin mühərrik hissələri. Tanıyan şəxs Zərərçəkmiş şəxs1 yuxarıda adı qeyd olunan əşyalar tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 həmin əşyaları tanımaq təklif olunmuş, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin “Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin və bir ədəd 2000 manat dəyərində “LG” markalı, “S126GH” modelli “3280w-3660w” xüsusiyyətli kondisionerin mühərrik hissələrini ona məxsus evdən oğurlanmışdır. (iş.v. 119-121) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 9/6358 saylı rəyinin tədqiqi hissəsindən görünür ki, malların adı, markalanma göstəriciləri və ümumi qiyməti bunlardır: 1) "Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin mühərrik hissəsi 01 ədədi 500 manat; 2) “LG” markalı, “S126GH” modelli “3280w-3660w" xüsusiyyətli kondisionerin mühərrik hissə 01 ədədi ümumi qiyməti 350 manat olmaqla, cəmi 850 manat. Həmin rəyin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 850 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (iş.v. 145- 146) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, baş vermiş oğurluq zamanı oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “LG” markalı və 01 ədəd "Samsung” markalı kondisionerlər istintaq şöbəsində ona geri qaytarılmışdır. (iş.v. 150) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, dəymiş maddi ziyandan, yəni 01 ədəd “LG” markalı markalı kondisionerin əvəzinə 450 manat pulu X9 almışdır. (iş.v. 151) 27 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 26 iyun 2022-ci il tarixdə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı X4 məxsus olan aşkar edilərək götürülmüş “Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin və “LG” markalı, “S126GH” modelli “3280w-3660w” xüsusiyyətli kondisionerin mühərrik hissələri və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi 13-cü döngə 49 ünvanında Təqsirləndirilən şəxs oğurluq hadisəsini törədərkən qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs1 mülkiyyətçi olaraq zərərçəkmiş şəxs qismində tanınması nəzərə alınmış, ona dəymiş maddi ziyanın miqdarı ifadəsinə əsasən götürülmüşdür. (iş.v. 158-164) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 09 ay hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 13 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)- 269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan əlavə Xətai Rayon Məhkəməsinin 1(011)-335/2022 saylı, 10 avqust 2022-ci il tarixli hökmünə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 1(011)-335/2022 saylı, 10 avqust 2022-ci il tarixli hökmü çıxarılarkən Suraxanı Rayon Məhkəməsinin 1(010)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 2282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilərək Suraxanı Rayon Məhkəməsinin 1(010)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi nəzərə alınmış və Xətai Rayon Məhkəməsinin 1(011)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin qeyd olunan qərar icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır. Məhkum Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü və Xətai Rayon Məhkəməsinin 1(011)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Sabunçu Rayon Məhkəməsi tərəfindən göndərilmiş 25 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 23 noyabr 2016-cı ildə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuş və həmin işin istintaq nömrəsi ********* olmuşdur. Məhkəmənin elektron qeydiyyat sistemində Təqsirləndirilən şəxs barəsində başqa cinayət işinin məhkəməyə daxil olması haqqında məlumat aşkar edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2022-ci il tarixli “cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs, həmin tarixdə, saat 10:00-da Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 26 iyun 2022-ci il tarixli qərarla müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə 20 avqust 2022-ci il tarixli qərarla müstəntiq tərəfindən barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, 01 sentyabr 2022-ci il tarixli qərarla isə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Sabunçu RPİ-də istintaq şöbəsində aparılan cinayət işi üzrə 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sabunçu RPİnin MSY-ə yerləşdirilmiş, həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(010)-125/2023 saylı qərarı ilə məhkəmə iclaslarında iştirak etmədiyindən barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, onun gətirilməsi təmin edilmədiyindən həmin məhkəmənin 05 iyul 2023-cü il tarixli, 1(010)-125/2023 saylı qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı istintaq təcridxanası və Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış məktublarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 07 fevral 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 52, 81-82, 84-85, 96-99, 101-102, 129-136, 140-141, 152- 153,). Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəyini, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X10 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Plenum Qərarına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən -Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur; -Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir; oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq təkrar talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə edilmiş, onlara dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Odur ki, zərərçəkmiş şəxslər bununla bağlı ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəməyə bildirmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş, sonuncu dəfə isə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar həmin hökmdən CM-in 177.2.4cü maddəsi xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə cəzası ilə 03 ilə endirilmişdir. 09 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ilə az ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 09 sentyabr 2019-cu il tarixdən 02 il müddət keçdikdən sonra, 2022-ci ilin iyun ayında yenidən cinayət törətmişdir. Buna görə də, o, məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. Bundan əlavə, hazırki cinayət işi üzrə əməlləri törətdikdən sonra, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan əlavə, Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2282/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarına əsasən apellyasiya protesti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)-335/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(010)- 269/2022 saylı hökmü ilə ona təyin edilmiş cəzayla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)-335/2022 saylı hökmü ilə təyin edilmiş cəza qismən toplanılmaqla və CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lakin qeyd olunan qərar icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər ikisi ilə barışması, onlara vurduğu ziyanı tamamilə ödəməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması və zərərçəkmiş şəxslər tərəfindən bununla bağlı ərizələr təqdim edilməsi, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir.Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə 68.1.1-1-ci maddəyə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X10 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə hesab edir ki, şəxsin birinci hökm üzrə təyin edilmiş cəza növü azadlığın məhdudlaşdırılması cəzası olsa da hazırki hökm üzrə ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olduğu nəzərə alınaraq sonuncu cəza birinciyə nisbətdə daha ciddi cəza növüdür. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən bir neçə halı, ağırlaşdıran halın olmamasını, üzərində çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 2282/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmalı, alınan müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)-335/2022 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin və “LG” markalı, “S126GH” modelli “3280w- 3660w” xüsusiyyətli kondisionerin mühərrik hissələrinin saxlanması üçün Zərərçəkmiş şəxs1 qaytarılması, sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 28 iş saatı üçün 308 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2282/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 il 06 ay müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)- 335/2022 saylı hökmü üzrə 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırki iş üzrə 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, cəmi 04 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində saxlanılmış 03 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və ona qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, 18000/19500 btu xüsusiyyətli kondisionerin və “LG” markalı, “S126GH” modelli “3280w-3660w” xüsusiyyətli kondisionerin mühərrik hissələrinin saxlanması üçün Zərərçəkmiş şəxs1 qaytarılması, sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 28 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 308 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ**********0000002944, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-6/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-6/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver