Məhkəmə qərarları › İş №1(010)-60/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-60/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-60/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1998-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Günəşli qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, müstəntiqin 06 noyabr 2020ci il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 30 mart 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «…Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tərlan” marketinin qarşısında tanışı Zərərçəkmiş şəxs ona nə üçün onu gördükdə qaçıb gizlənməsini soruşması kimi əsassız səbəbdən özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, buna heç bir hüquqi və faktik əsas olmadan xuliqanlıq niyyəti ilə qəsdən başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən bir dəfə vuraraq, ona burun vasitəsilə tənəffüsün pozulması və burun nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az-ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir». İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci ildə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tərlan” marketinin qarşısında olduğu vaxt orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan tanışı – Zərərçəkmiş şəxs ondan «nə üçün onu gördükdə qaçıb gizləndiyini» təkidlə bir neçə dəfə soruşması səbəbindən aralarında yaranmış münaqişə zamanı sonuncunu başı ilə burun nahiyəsindən qəsdən bir dəfə vuraraq zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarət yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olmaqla özünün və anasının maddi cəhətdən dolanacaqlarını təmin edir. Zərərçəkmiş şəxs ilə yaxın tanışlıq və dostluq münasibətləri olmadığına baxmayaraq, onunla ara-sıra Suraxanı rayonu ərazisində dəmir yolunun yaxınlığında yerləşən “Titanik” kafesində görüşüb salamlaşırlar. Aralarında heç vaxt ədavət olmayıb. 15 sentyabr 2020-ci ildə dostları Şahid1 və Şahid2ilə birlikdə «Titanik» kafesində oturub çay içmiş, saat 23:30 radələrində hər üçü kafedən çıxıb Bakı şəhəri, Suraxanı rayon, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tərlan” marketə tərəf getmişlər. Çatdıqda Vaqif marketə daxil olmuş, o, isə Ağami ilə birlikdə küçədə dayanıb Vaqifin qayıtmasını gözləmişlər. Elə bu vaxt Zərərçəkmiş şəxs onlara yaxınlaşdığını görmüşdür. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq «nə üçün məni görəndə qaçıb gizlənirsən» deyə soruşmuşdur. Zərərçəkmiş şəxs çox sərxoş vəziyyətdə olduğunu görüb ona «baş qoşmaq» istəməmiş və cavabında sadəcə olaraq bildirmişdir ki, ondan heç yerə qaçmır. Lakin zərərçəkmiş şəxs bu cavaba qane olmamış və «əl çəkməyərək» yenə də ona eyni sualı vermişdir. Ondan qaçmadığını zərərçəkmiş şəxsə bir daha bildirmiş, lakin sonuncu faktik olaraq ona sataşaraq yenə də ondan nə səbəbdən qaçdığını soruşmuşdur. Zərərçəkmiş şəxsin bu davranışından əsəbiləşib onu burun nahiyəsində başı ilə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs burnundan zərbənin təsirindən qan açıldığını görüb ona yardım etmək məqsədilə marketə daxil olaraq oradan salfet və su almış, sonra Vaqif və Ağami ilə birlikdə zərərçəkmiş şəxsə yardım göstərərək üzünü yumuşlar. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, münaqişə qısa müddət kəsiyində baş vermiş və ətrafdakıların diqqətini cəlb etməmişdir. Münaqişə vaxtı istər zərərçəkmiş şəxs ona, istərsə də o, zərərçəkmiş şəxsə söyüş söyməmiş, ətrafdakılara hörmətsizlik ifadə edən heç bir hərəkətə yol verməmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıb və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 sentyabr 2020-ci ildə saat 19 radələrində yaşadığı evdə xalası qızının uşağının ad gününü qeyd etmişlər. Həmin məclisdə xeyli spirtli içki qəbul edib. Saat 23:30 radələrində evdən çıxıb Səttar Bəhlulzadə küçəsində yerləşən “Tərlan” marketə tərəf getmişdir. Bu zaman tanışı Röyalı görüb ona yaxınlaşmış və sərxoşluğu ilə əlaqədar özünü normali idarə edə bilmədiyindən sonuncudan nə üçün onu görəndə qaçıb gizləndiyini bir neçə dəfə soruşmuşdur. Bu zəmində Röyal başı ilə onun burun nahiyəsinə bir dəfə vurmuşdur. Röyalın bu hərəkətindən acıqlandığına görə «102» xidmətinə zəng edərək Röyal tərəfindən döyüldüyünü, həmçinin sonuncunun onun 270 manat məbləğində pulunu və «Samsung» markalı telefonunu götürdüyü bildirmişdir. Əslində isə hadisə zamanı Röyal onun heç nəyini götürməyib, yalnız bir dəfə başı ilə onun burun nahiyəsindən vurubdur. Həmçinin hadisədən sonra Röyal və dostları marketdən su və salfet alaraq onun üzünü yumuşlar ki, özünə gəlsin. Hazırda təqsirləndirilən şəxslə barışıb və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zaman şahid qismində dindirilmiş Şahid1 və Şahid2 təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin başı ilə zərərçəkmiş şəxsi burun nahiyəsindən vurması faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Məsələ ilə əlaqədar canlı şəxsin ekspertizası ilə bağlı 18 sentyabr 2020-ci il tarixli 1454 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədə əsaslanaraq, hadisə barədə qərarda göstərilənləri nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət. Zərərçəkmiş şəxs burun vasitəsilə tənəffüsün pozulması və burun nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 15.09.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin obyektiv cəhətdən tərkibi həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulan əməlin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsində ifadə olunur. İşin faktik hallarından görünür ki, cinayət ümumi təhlükəli üsulla törədilməyib. Təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmaması məsələsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 2-ci bəndində aşağıdakılar qeyd olunur: “İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür”. Eyni qərarın 3-cü bəndində qeyd olunur ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidlərin məhkəməyə bildirdikləri, həmçinin cinayət işinin materialları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs 15 sentyabr 2020-ci ildə saat 23:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində (zərərçəkmiş şəxsin hadisə vaxtı sərxoş olması halı yuxarıda göstərilən ifadələrlə yanaşı, «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin» 16 sentyabr 2020-ci il tarixli 1/4684 nömrəli protokolu ilə təsdiq olunur) Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tərlan” marketinin qarşısına gəlib orada Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun ondan «nə üçün onu gördükdə qaçıb gizləndiyini» təkidlə bir neçə dəfə soruşmuşdur. Bu zəmində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişə yaranmış, təqsirləndirilən şəxs həmin münaqişə zamanı başı ilə zərərçəkmiş şəxsin burun nahiyəsindən qəsdən bir dəfə vurmuş, sonra zərərçəkmiş şəxsin xəsarət aldığını görüb ona yardım göstərmək məqsədilə marketdən salfet və su alaraq sonuncunun üzünü yumağa kömək etmişdir. Müvafiq münaqişə iki nəfər arasında baş vermiş, bu zaman ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Yuxarıda qeyd olunanları məcmu şəkildə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qanunazidd davranışı hadisə vaxtı konkret olaraq zərərçəkmiş şəxsə qarşı yönəlmiş, onun hərəkətləri cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sisteminin pozulmasına yönəlməmişdir. Həmçinin o, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, onun CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar