Məhkəmə qərarları › İş №1(010)-60/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-60/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-60/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1990-cı ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-181/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 24 aprel 2021ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılıb) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq Dayanacağı, keçid 1349, 1 nömrəli yataqxanada qeydiyyatda olan və həmin ünvanda yaşayan Suraxanı Rayon Məhkəməsinin 4(010)-224/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 16 may 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılıb) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus, yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 6 saylı evin 23 saylı mənzilinə Şahid1 əvvəlcədən Zərərçəkmiş şəxs əri X1 məxsus «NİSSAN X TRAİL» markalı avtomaşının salonundan götürdüyü açarla qapısını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, içərisində bir ədəd 5.000 manat dəyərində ağ qızıl üzük; 1 ədəd 7.000 manat dəyərində antikvar qızıldan olan - üzərində ay ulduz işləmələri olan silsiləni; 5.000 manat dəyərində 6 ədəd zümrüd üzüklər; 3.000 manat dəyərində brilyant olmayan 2 antik qızıl dəsti və 1 ədəd 5.000 manat dəyərində brilyant qaşdan ibarət paxlava dəst-üzük, bir cüt sırğa, kulon və sep dəsti olan «ürək» formalı dəyərsiz qutunu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 25.000 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgəsinin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 6 saylı evin 23 saylı mənzilinə Şahid1 əvvəlcədən Zərərçəkmiş şəxs əri X1 məxsus «NİSSAN X TRAİL» markalı avtomaşının salonundan götürdüyü açarla qapısını açaraq olaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq, içərisində bir ədəd 5.000 manat dəyərində ağ qızıl üzük, 1 ədəd 7.000 manat dəyərində antikvar qızıldan olan - üzərində ay ulduz işləmələri olan silsiləni; 5.000 manat dəyərində 6 ədəd zümrüd üzüklər; 3.000 manat dəyərində brilyant olmayan 2 antik qızıl dəsti və 1 ədəd 5.000 manat dəyərində brilyant qaşdan ibarət paxlava dəst-üzük, bir cüt sırğa, kulon və sep dəsti olan «ürək» formalı dəyərsiz qutunu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 25.000 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 hadisədən təxminən 02-03 il əvvəl tanımışdır. Adillə normal münasibəti olub. Elvini də qəsəbə sakini kimi tanıyıb. Albalılıq qəsəbəsində Şəhriyar adlı oğlanın gözətçi işlədiyi bağ evində hərdən bir Adil və Elvinlə yığışıb vaxtlarını keçirirdilər. Oğurluq barədə planı Elvin təklif etmiş və Şəhriyarın bağ evində onlara bildirmişdir. 2020ci ilin mart ayının axırlarında yenə də həmin bağ evində olduqları vaxt gecə saatlarında Elvinin təklifi ilə bağ qonşusu olan İradə adlı qadının Yeni Günəşli qəsəbəsində olan evindən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, Elvin, Adil və Şəhriyarı da götürüb «Tofaş» markalı avtomobili ilə Elvinin bağ evi qonşusu İradə adlı qadının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bina evindəki mənzilindən oğurluq etmək üçün getdilər. Elvinin yolu göstərməsi ilə avtomobili Yeni Günəşli qəsəbəsinə sürdülər. Həmin əraziyə çatanda polis əməkdaşları onları saxladılar və pandemiya vaxtı hərəkətdə olduqları üçün sorğu-sual etdilər. Lakin polis əməkdaşları onları buraxdılar və əvvəllər olmadığı hündür mərtəbəli binalar olan məhəlləyə girəndən sonra Elvin avtomobili saxlatmışdır. Adillə o, maşından düşmədilər. Elvinlə Şəhriyar isə binaya girdilər, lakin hansı bloka girdiklərini görməmişdir. Yarım saat sonra Elvinlə Şəhriyar gəldilər və evə girməyə risk etmədiklərini dedilər. Onlarda inandılar və geri, yəni Buzovna qəsəbəsinə Şəhriyarın gözətçi olduğu bağ evinə qayıtdılar. Bundan sonra Adil, o, və Elvin həmin ünvana geri qayıtmaq qərarına gəldilər. Bu dəfə o, avtomobilin sənədlərində problem olduğundan «Tofaş» markalı avtomobili aparıb atasının ağ rəngdə «Vaz-2107» markalı avtomobilini götürüb gəldi. Elvin, o, və Adil onun avtomobili ilə Yeni Günəşli qəsəbəsinə getdilər. Şəhriyar isə onlarla getməmişdir. Artıq gecə saat 04 radələri olardı. Bu dəfə Elvin mənzili onlara göstərmiş, lakin özü girmədi. Onlar bloka girib yuxarı mərtəbəyə qalxdılar, lakin neçənci mərtəbə olmasını bilmədilər. O, Elvindən götürdüyü açarla sağdakı qapını açandan sonra içəri girmişdir. Onlar işıqları yandırmadılar. O, izləri silmək üçün özü ilə götürdüyü pambıq və spirt ilə qapın tutacağını silmişdir. Adil isə soldakı otağa girmiş və əlində qara rəngli qutu həmin otaqdan çıxmışdır. Oğurluq edəndən sonra aşağı düşüb qəsəbəyə qayıtdılar. Şəhriyarın gözətçi olduğu bağ evində dəmir qutunu açanda içərisində qızıl sırğa və üzüklər, 2-3 ədəd nazik qızıl seplər və 2-3 ədəd qızılın qiymət kağızlarını gördülər. 1-2 gün qızılları özlərində saxlayıb satmağa yer axtardılar. Sonra Adil ilə qızılları götürüb satmaq üçün «MUM» deyilən univermağa aparmaq istədilər. Lakin Binəqədi rayonunda işləri olduğu üçün oradan keçməli oldular. Binəqədi rayonunda «Sentr» deyilən yerdə lombardları görüb avtomobildən düşdülər. Lakin lombardlar bağlı olmuşdur. Adil qızılları tanımadığı şəxsə cəmi 4.600 manata satmışdır. Həmin pulu aralarında bərabər böldülər. O, öz payına düşən pulu ehtiyaclarına xərcləmişdir. Özünə saxlanası bir əşya almamışdır. Bildirir ki, zərərçəkmiş şəxsə ümumilikdə 25.000 manat deyil, 4.600 manat zərər vurublar. Buna görə də özünü qismən təqsirli bilir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs1 bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Bildirir ki, zərərçəkmiş şəxsə ümumilikdə 25.000 manat deyil, 4.600 manat zərər vurublar. Buna görə də özünü qismən təqsirli bilir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, əri X2 ilə birlikdə ünvan 2 ünvanında daimi olaraq yaşayır. Həmin mənzil 3-cü mərtəbənin sol hissəsində yerləşir. Həmin mənzilin açarlarının biri özündə, biri isə həyat yoldaşı Elmurad Məmmədovda olub. Lakin ölkədə pandemiya ilə bağlı xüsusi karantin rejimi elan olunduqdan sonra, əri X2 ilə birlikdə 2020-ci ilin aprel ayından etibarən ünvan 3 ünvanında yaşamağa başladılar. Bağ evinin sahəsi geniş olduğuna görə, eyni zamanda mühafizə sistemi olmadığına görə, bağın etibarlı olmamasını fikirləşib 2020-ci ilin aprel ayının əvvəlində əri Elmuradla birlikdə içərisində dəyərli qızıl-brilyant zinət əşyaları olan bir ədəd qara rəngli üzərində 3 ədəd ürək fiquru olan şokolad qutusunu girişdən soldakı yataq otağında çarpayının altına qoymuşlar. Həmin qara rəngli şokolad qutusunun içərisində bir ədəd 5.000 manat dəyərində ağ qızıl üzük, 1 ədəd 7.000 manat dəyərində antikvar qızıldan olan - üzərində ay ulduz işləmələri olan silsilə, 5.000 manat dəyərində 6 ədəd zümrüd üzüklər, 3.000 manat dəyərində brilyant olmayan 2 ədəd antik qızıl dəsti və 1 ədəd 5.000 manat dəyərində brilyant qaşdan ibarət paxlava dəst-üzük, bir cüt sırğa, kulon və sep dəsti olan «ürək» formalı qızıl zinət əşyaları olub. Qara qutunun içərisində olan qızılzinət əşyalarının qiyməti 25.000 manat dəyərində olmuşdur. Bundan başqa içərisində 6.000 manat dəyərində «Badam» formalı sibir brilyantı-lom sep, bir cüt sırğa dəsti, 8.000 manat dəyərində «Beş süzmə» adlanan sibir brilyantı-badamvari kulon, 18.000 manat dəyərində «Quran qabı» kulon və sepdən ibarət sarı qızıldan olan, təxminən 120 qram çəkidə dəst, qızıl və brilyantdan ibarət 7 karat kulon, boyunbağısı və bir cüt 23 qram sırğadan ibarət 60.000 manat dəyərində «Samovar» dəsti, kulon, bir cüt sırğa və üzükdən ibarət 22.000 manat dəyərində «Zümrüd» dəsti, 30.000 manat dəyərində «Aris» firmasından olan qızıl brilyant qaşlı üzük-sırğa dəsti, 1 ədəd 3.000 manat dəyərində antikvar-qızıldan, qırmızı kəhrəba qaşlardan ibarət, ucunda 5-lik qızıl qəpik olan silsilə, ümumilikdə 18.000 manat dəyərində 2-si «Luç» markalı- hər bir ayrı ayrılıqda sepləri ilə birlikdə 50 qram qızıldan, bir kişi saatı isə «Rolex» markalı, brilyant daşlardan ibarət, 3 ədəd kişi saatları, 4.000 manat dəyərində tək qaş üzük, bir cüt sırğadan ibarət qadın brilyant dəsti, 1.000 manat dəyərində 1 ədəd almaz qaşlı qadın üzüyü, 8.000 manat dəyərində 7 ədəd müxtəlif növ qadın qızıl qolbaqları, 1 ədəd 4.000 manat dəyərində antik qızıl qapaqlı saat-üzük dəsti, 1 ədəd manat dəyərində Leninqrad istehsalı olan sibir brilyantından ibarət saat, 2.0 manat dəyərində hər biri 19 qram çəkidə, 2 ədəd antik qızıl sep, 1 ədəd 6.000 manat dəyərində 40 qram çəkidə kişi qızıl qolbaq, 1 ədəd 1.500 manat dəyərində brilyant qaşlı kişi üzüyü, 4.000 manat dəyərində 2 ədəd qızıl kişi üzüyü, 3.000 manat dəyərində brilyant qaşlı bir cüt sırğa və üzük dəsti, 1.200 manat dəyərində 3 ədəd nazik qızıl sep, üzərində balıq, qırmızı qaşları olan kulonları ilə birlikdə, 1 ədəd 500 manat dəyərində Türk ağ qızılından olan 05 ədəd adi qaşlı, içərisində 333 yazısı olan qadın üzüyü, 1 ədəd 1500 manat dəyərində yaşıl qaşlı qızıl sırğa və üzük dəsti və 1 düzüm 200 manat dəyərində sarı kəhrəba kəməri və ümumilikdə 4.900 manat dəyərində müxtəlif çeşidli gümüş məmulatları olan ayaqqabı qutusunu isə sellofana büküb qab-qaşıq yığdığı servantın şüşəli gözlüyünə qoymuşdur. Əslində fikri var idi ki, həmin qızıl-zinət əşyaları olan qutunu da əməlli-başlı bir yerdə gizlətsin. Ancaq fikrindən çıxdığı üçün servantda qalmışdır. Fikirləşmişdir ki, həmin zinət əşyaları orada güvənli yerdə olar. Həmin binanı birinci mərtəbəsində polis sahə məntəqəsi yerləşdiyinə görə kənar şəxslərin onun mənzilinə girməyə cürət etməyəcəklərini zənn etmişdir. Təxminən 3 gün sonra həyat yoldaşı Elmurad və qızı Aysellə birlikdə şəhərə çıxıb bazarlıq etmiş və günorta 12 radələrində yaşadığı Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 6 mənzil 23 ünvanına gəlmişdir. Qulağında olan brilyant dəstin qulağına ağırlıq etdiyini görüb, əri Elmuraddan və qızı Ayseldən xahiş etmişdir ki, ona məxsus olan ünvan 4 ünvanından ona başqa zinət dəsti gətirsinlər. Aşağıda avtomobildə gözləmiş, əri Elmurad və qızı Aysel mənzilə qalxdılar. Sonuncular ona yuxarıdan zəng edib bildirdilər ki, içərisində qızıl və brilyantlar olan şokolad qutusu çarpayının altında yoxdur. Dərhal yuxarı qalxmış və yataq otağında çarpayının altına öz əlləri ilə qoyduğu içərisində qızıl-zinət əşyaları olan şokolad qutusunun yerində olmadığını görmüşdür. Lakin içərisində qızıl-zinət əşyaları və gümüşlər olan ayaqqabı qutusu isə servantın gözündə olmuşdur. Həmin qızıl-zinət əşyaları olan qutu sellofan torbaya bükülü vəziyyətdə olduğundan diqqəti çəkməmiş və bəlkə də ona görə oğurlanmamışdır. O, Elmurada içərisində qızıllar olan qutunu öz əlləri ilə çarpayının altına qoyduğunu söyləmiş və sonuncudan həmin qutunu götürüb-götürməməsini soruşmuşdur. Elmurad isə həmin qutunu götürmədiyini və onun içərisində qızıllar olan qutunu ayrı yerə qoyduğunu və yerini səhv sala biləcəyini söyləmişdir. Həmin vaxt o, qapıya və pəncərəyə baxdıqda, sınmış və açıq vəziyyətdə olmadığını görmüş və ev səliqəli şəkildə olmuşdur. Polisə müraciət etmək istədikdə, əri Elmurad bildirdi ki, «o, qutunu harasa qoyduğu üçün, yerini səhv salıb». Lakin ərinı inandıra bilməmişdir ki, içərisində qızıl-brilyant olan zinət əşyaları həmin mənzilin yataq otağında olan çarpayının altına qoymuşdur. Bundan sonra fikirli halda bağ evinə qayıtmış və qızıl-zinət əşyalarının oğurlanması və ya yerini yaddan çıxartması barədə düşünməyə başlamışdır. Həmin hadisədən təxminən 10 gün sona bağ evində qulağından və barmağından çıxartdığım «Aris» firmasından olan qiyməti 30.000 manat olan brilyant qızıl üzük və bir cüt sırğanın bağ evində olmadığını aşkar etmişdir. Həmin vaxt evdə əri və qonşuluqda yaşayan Elvin adlı şəxs olmuşdur. Onlardan həmin dəstin hansının götürdüyünü soruşduqda, sonuncular ikisi də qurana and içib həmin dəstdən xəbərlərinin olmadığını söylədilər. Elmurad ona həmin brilyant dəsti şəhərdəki evində qoyduğunu iddia etmişdir. Sonradan xatırlamışdır ki, həmin dəsti bundan əvvəlki dəfə mənzilə gedərkən digər qızılların və gümüşlərlə bijüteriyaların yanına qoymuşdur. Ertəsi gün səhər radələrində Elmuradla birlikdə ünvan 4 ünvanına getmək istədikdə, əri Elmuradın “Nissan X Trail” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobilinin ötürücüsünün yanındakı saxlanc yerindən həmin evin açarlarının olmadığını görmüşdür. İstəmişdir ki, polisə müraciət etsin, Elmurad polisə müraciət etməyə qoymamış və demişdir ki, mənzilin açarını avtomobildən götürməkdə və oğurluğu etməkdə Elvindən şübhələnir. Özü də Elvindən şübhələndiyini Elmurada bildirmişdir. Qərara gəldilər ki, Elvini bağ evlərinə dəvət etsinlər və sonuncunun hərəkətlərini izləsinlər. Həmin gün bağ evinə qayıtdıqda axşam tərəfi Elvini evə dəvət etdilər və Elvin onlara gəlmişdir. Elvin onlarda xeyli oturduqdan sonra, onunla birlikdə çölə çıxmış və bağdakı itlərə yem hazırlayarkən həmin vaxt Elvin fikrini yayındıraraq onu kiminsə çağırdığını söyləmişdir. Elvinin sözünə inanıb onunla birlikdə bağın içərisinə doğru gedərkən, birdən arxaya dönüb baxdıqda Elvinin olmadığını görmüşdür. Dərhal əks tərəfə qaçdıqda Elvinin Elmuradın bağ evinin həyətində saxladığı avtomobilinin qapısını örtüb tez bir vaxtda bağ evinə girdiyini görmüşdür. Avtomobilə yaxınlaşıb qapısını açdıqda, ünvan 4 ünvanının açarlarının yerində olduğunu görmüşdür. Lakin həmin vaxt Elvin evdə olduğuna görə heç nə deməmiş və sonuncunun çıxıb getməsini gözləmişdir. Təxminən gecə saat 12 radələrində Elvin çıxıb getdikdən sonra Elmurada bildirmişdir ki, evin açarları da, ona məxsus qızılları da Elvin götürüb. Çünki, Elvinin avtomobilin qapısını örtdüyünü və bundan sonra evin açarlarının yerində olduğunu gördüyünü demişdir. Onlar qərara gəldilər ki, Elvini bağ evinə çağırıb sonuncu ilə danışsınlar. Həmin gecə Elvini bağ evinə çağırmış və Elvinə bildirmişdir ki, oğurladığı bütün əşyaları geri qaytarsın. Artıq onlar əmin oldular ki, ünvan 4 ünvanında olan qızıl zinət əşyalarını Elvin oğurlayıb. Elvin oğurluq etmədiyini bildirmişdir. Daha sonra isə Elvin bildirmişdir ki, tamah ona güc gəldiyinə görə Elmuradın avtomobilindən açarları götürüb ki, oğurluq etsin. Lakin fikrindən yayındığına görə oğurluq etməyib. O, və Elmurad Elvinə inanmadılar və sonuncunun ata və anasını evə çağırdılar. Onlar Elvinin valideynlərinə Elvinin etdiyi əməli bildirdilər və Elvinin oğurladığı əşyaları qaytarmasını tələb etdilər. Elvinin atası Azər səhər saat 08:00-da Elvin tərəfindən oğurlanan bütün əşyaları qaytaracığına söz verdilər. Artıq Elvinin valideynləri də əmin oldu ki, ona məxsus qızıl-brilyantın zinət əşyaları Elvin tərəfindən oğurlanmışdır. Ertəsi gün Elvinin gəlmədiyini gördülər və özü saat 11 radələrində sonuncuların qonşuluqda olan evlərinə getmişdir. Elvinin valideynləri onu təhqir edərək, Elvinin heç nə oğurlamadığını, övladlarına şər atdığını bildirib onu evdən qovdular. Həmin vaxt evlərinə yaxınlaşarkən, Elvin arxadan ona yaxınlaşıb bildirdi ki, şikayət etməklə onu tutdura bilməz, uzağı bir neçə ilə yatıb çıxacaqdır. Elmuradla birlikdə fikirləşdilər ki, ola bilsin Elvin onların sonuncuya olan mərhəmətlərinə görə oğurladığı əşyaları aparıb yerinə qoyar. 03 may 2020-ci il tarixdə səhər saatlarında Elmuradla birlikdə sonuncunun idarə etdiyi avtomobilə yaşadığı ünvana gəldilər. Mənzilin giriş qapısını öz açarı ilə açmışdır. İçəri daxil olduqda, mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Qablar olan servanta baxdıqda qırmızı rəngli sellofana bükülmüş vəziyyətdə olan çoxlu brilyant qaşlı qızıl-zinət əşyaların olduğu ayaqqabı qutusunun içərisindən qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Həmin ayaqqabı qutusunun içərisində olan qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona 209.800 manat maddi ziyan dəymişdir. Ümumilikdə isə ona 234.800 manat ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə Elmuradla birlikdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gələrək baş vermiş hadisə barədə məlumat vermişlər. Ondan ərizə alınmış və polis əməkdaşlarının dediyi kimi, ərizəsində yazmışdır ki, bağ evində qonşuluqda yaşayan Elvin adlı şəxs qızıl-zinət əşyalarını aparıb və ona qaytarmır. 09 may 2020-ci il tarixdə polis əməkdaşları mənzilə baxış keçirdilər, protokol tərtib etdilər və fotoşəkillər çəkdilər. Mənzil dağınıq şəkildə olmuşdur. Evdə kənar şəxslərin olduğunu, evdə siqaret kötüklərinin, küllərinin, yerdə palçıqlı ayaqqabı izlərinin olduğunu və evdə şokolad kağızlarının olduğunu, hətta sanitar qovşağının çirkli olduğunu gördülər. Evdən digər əşyalar oğurlanmamışdır. Polis bölməsində olarkən bildirmişdir ki, Elvin digər şəxslərlə birlikdə əlbir olub oğurluq etmək məqsədilə ona məxsus evin açarlarını götürüb və digər şəxslərlə birlikdə ünvan 4 ünvanına daxil olaraq oradan qızıl-brilyant, gümüş zinət əşyalarını oğurlamışdır. Dəfələrlə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə getsə də, heç bir nəticə olmadığını söylədilər. Oğurluq nəticəsində ona 234.800 manat maddi ziyan dəymiş və həmin əşyalar özünə məxsusdur. Təqsirləndirilən şəxslərin yaxınları ilə razılığa gəldiyinə görə onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində qonşusudur və sonuncuların evinə gedişgəlişi olmuşdur. İradənin həyət-bacada işlərinə köməklik göstərmişdir. 2020-ci ilin mart ayının axırlarında Albalılıq qəsəbəsində, onlardan bir qədər aralıda yaşayan Şəhriyar adlı oğlanla tanış olmuş və Şəhriyar onu tikintidə işə də düzəltmişdir. Şəhriyar da Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanıyırmış. Ancaq Zərərçəkmiş şəxs Şəhriyarı tanımamışdır. Həmin ərəfələrdə Şəhriyar onu qəsəbədə yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə tanış etmişdir. Adil bir işlə məşğul olmurdu, ancaq Etibar «Tofaş» və «Vaz-2107» markalı avtomobilləri ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Onlar tez-tez Şəhriyarın Albalılıq qəsəbəsində gözətçilik etdiyi bağ evində gecələr yığışıb dördü bir yerdə kart oynayırdılar, çay içib istirahət edirdilər. 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 5 ünvanın açarını oğurlamaq və yoldaşları ilə bir yerdə həmin evə girib oğurluq etmək qərarına gəldilər. O, həmin evə 2019-cu ilin payız aylarında İradənin oğlu ilə 1-2 dəfə əncir satandan sonra getmiş və İradənin oğlu əsgər gedəndən sonra sonuncunun evinə getməmiş, getməyə icazəsi də olmamışdır. Bilirdi ki, İradə imkanlı adamdır və sonuncunun Yeni Günəşli qəsəbəsində olan evində qızıl olmasını ehtimal edirdi. Bundan sonra Şəhriyarın gözətçilik etdiyi bağ evində olanda Şəhriyar, Adil və Etibara da oğurluq planı barədə demiş və sonuncular da oğurluqla əlbir olmağa razılaşdılar. Bundan sonra aprel ayının əvvəllərində İradənin bağ evinə gedərkən sonuncunun əri Elmuradın «NİSSAN X TRAİL» markalı ** GV *** dövlət nömrə nişanlı avtomobilin sürət qutusunun yanında olan saxlanc yerindən ünvan 5 ünvanın açarını oğurlamışdır. Sonunculara gedib-gəldiyi üçün evin açarının avtomobildə olmasını bilirdi. Açarı oğurlayandan sonra həmin axşam saat 22 radələrində Şəhriyarın gözətçi olduğu bağ evində Şəhriyar, Adil və Etibarla görüşmüş və Zərərçəkmiş şəxs ünvan 5 ünvandan oğurluq etmək üçün Etibarın “Tofaş» markalı avtomobili ilə yola düşdülər. Lakin yolda post patrul əməkdaşları avtomobili saxladıqlarından və deyəsən avtomobilin sənədləri qaydasında olmadığından geri qayıtdılar. Bu dəfə Etibar «Vaz-2107» markalı avtomobili idarə edərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» y/s, ev 6 ünvana getdilər. Oraya gedərkən Adil ilə Etibar mobil telefonlarını götürmədilər və Şəhriyarla ona da mobil telefon götürməyə icazə vermədilər. Buna baxmayaraq özünə məxsus olan ***-***-**-** nömrədə işlətdiyi çin istehsalı olan markasını bilmədiyi mobil telefonunu götürmüşdür. Aralarında olan razılığa əsasən Etibar ilə Adil avtomobildə gözlədilər, Şəhriyarla o, isə bloka girib 3-cü mərtəbəyə qalxdılar və o, açarla İradəyə məxsus 23 nömrəli mənzilin qapısını açdılar. Şəhriyarla o, içəri girəndən sonra hərəsi bir otağa girib qızıl və ya pul axtarmağa başladılar. Lakin həmin vaxtı Şəhriyar qorxmuş və onu da qorxuya saldığından heç bir qızıl və ya pul ələ keçirə bilməyib mənzildən çıxdılar. Avtomobilə oturanda Adil onları tənbeh edib özü açarı ondan almışdır. Bundan sonra onlar Şəhriyarın iş yerinə qayıtdılar. X4 təkid etdiklərindən o, Etibar və Adil ilə birlikdə yenidən geriyə qayıtmışdır. Özü avtomaşında qalmış, Etibarla Adil birlikdə binaya girib yuxarı qalxdılar. Mənzilin yerini sonunculara göstərmişdir. Sonra isə həyətdə avtomobilin yanında dayanıb ətrafa gözqulaq olmuşdur. Bir qədər sonra Adil ilə Etibar gəldilər. Adilin əlində qara rəngli sellofan torba və torbanın da içərisində şokolad qutusu kimi qutu var idi. Həmin qutunun da üstündə ürək şəkili olmuşdur. Adil ilə Etibar bildirdilər ki, Zərərçəkmiş şəxs evindən qızılları tapıb oğurlayıblar. Onlar Şəhriyarın gözətçi olduğu bağ evinə getdilər. Orada Adil qutunu açıb qızılları stolun üstünə tökmüşdür. Orada əksəriyyəti sarı qızıldan olan qızıllar idi. Bundan sonra Adil qızılları həmin qutuya yığıb demişdir ki, qızılları aparıb bağ evlərində torpağa basdırıb gizlədəcək və səhər satmaq üçün yer axtaracaqdır. Onlarda razılaşdılar. Adil dedi ki, pandemiya olduğu üçün qızılları satmaq vaxt aparacaqdır. Ancaq 2-3 gün keçməsinə baxmayaraq Adildən qızılların satılması ilə bağlı bir xəbər çıxmamışdır. Şəhriyar da onu tez-tez tələsdirdi ki, Adili tapıb qızılların taleyini soruşsun. Şəhriyar onun ***-***-**-** nömrəsi ilə Etibarın yadında qalmayan, ancaq deyəsən hazırda işlətdiyi nömrəsinə zəng vurmuş və görüşmək istədiyini demişdir. Aprel ayının axırlarında Adil ilə Etibar Şəhriyarın bağ evində Şəhriyar və onunla görüşdülər. Adil dedi ki, qızılları bir nəfər şəxsə cəmi 4.400 manata sata bilib və pulun yarısını alsa da yarısını axşam alacaqdır. Satılmış qızıllardan hərəsinə 1.050 manat pul ayrılmışdır. Etibar ona 500 manat pul vermiş və qalanı da axşam gətirəcəklərini dedilər. Axşam saat 22 radələrində yenə də Şəhriyarın gözətçi işlədiyi bağ evinə getmiş və Adil qızılların yerdə qalan pulunu da almasını bildirərək ona 500 manat da pul vermişdir. Həmin vaxtı Adilin nə isə problemi var idi. Buna görə də Etibar, Şəhriyar və ona özlərinə düşən puldan 50 manatı Adilə kömək üçün verdilər. Etibar ona dedi ki, Adil qızılları satmağa gedəndə sonuncunu Binəqədi rayonunda bir yerdə saxlatmış və özü 3-4 saatdan sonra qızılları kiməsə sataraq gəlmişdir. Adil qızılları kimə satmasını Etibara da deməmişdir. Bundan sonra Adili və Etibarı görməmiş, onlardan aralı gəzmişdir. Oğurladığı qızıllardan ona qalan 1.000 manat pulu özü üçün xərcləyib qurtarmışdır. Oğurluq edəndən sonra ünvan 5 ünvanın açarını İradəgilin «NİSSAN X TRAİL» markalı avtomobilinə qoymuşdur. 2020-ci il aprel ayının axırlarında Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən evinə getmiş və qızılların yerində olmadığını görüb oğurluq olmasını başa düşmüşdür. İradə ondan şübhələndiyini büruzə vermək istəmirdi. İradə ona təklif etmişdir ki, əgər qızılları tapmaqda köməklik göstərsə ona sürücülük vəsiqəsi alacaq. Lakin o, buna aldanmadı və özünü heç nədən xəbəri olmayan kimi apardı. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Şahid1 uşaqlıqdın tanıyır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Albalılıq qəsəbəsində yaşayan yerli sakinlər kimi uzun müddətdir ki, tanıyır və onlarla birlikdə yoldaşlığı olmuşdur. 2020-ci ilin əvvəllərində Albalılıq qəsəbəsində bir nəfər şəxsin bağ evinə nəzarət edirdi, qış aylarında bağ evində yaşayış olmadığından özü orada qalırdı. Həmin ərəfələrdə Elvin, Adil və Etibar tez-tez nəzarət etdiyi bağ evinə gəlirdilər və birlikdə çay içib, kart, domino oynayıb günlərini keçirirdilər. 2020-ci ilin mart ayının axırları, aprel ayının əvvəlləri olardı ki, bağ evində yenə də Elvin, Etibar və Adil ilə birlikdə olarkən Şahid1 təklif etmişdir ki, bağ qonşusu olan İradə adlı qadının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində olan bina evindəki mənzilindən qızıl-zinət əşyalarını oğurlasınlar. Elvin bildirdi ki, mənzilin açarı İradənin ərinin maşınında olur və oğurluq etmək üçün açarı maşından götürə bilər. İradə xanımı qəsəbə sakini kimi tanımış, ancaq sonuncunun Yeni Günəşli qəsəbəsində mənzilinin olmasını bilməmişdir. Şahid1 isə İradə ilə qonşu olduğundan və sonuncu gilə gedib gəldiyindən İradənin evinin içini yaxşı bilirdi. Elvinin oğurluq təklifi ilə razılaşdılar. Bundan 1-2 gün sonra oğurluğu həyata keçirmək üçün qaldığı bağ evində yığışdılar, gecə saat 12-01 radələrində Etibarın idarə etdiyi “Tofaş” markalı avtomobili ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getdilər. Adil qarşıda, Elvin ilə o, isə arxada oturdular. Onlar «Şir Heykəlin»ə doğru qalxandan sonra yolda polislər avtomobili saxlamış və pandemiya vaxtı hərəkətdə olduğu üçün sorğu-sual etdilər. Ancaq Etibarın avtomobilə dair sənədləri qaydasında olduğundan polislər onları buraxdılar. Bundan sonra Elvinin deməsi ilə Etibar avtomaşını idarə edib hündür mərtəbəli binaların arasında saxlamışdır. Elvin qarşıda olmaqla onlarda sonuncunun arxasında bloka daxil olmağa başladılar ki, həyəcan onu boğdu və oğurluq etməkdən qorxduğu üçün təkid etmişdir ki, onu geri qaytarsınlar. Buna görə də sonuncular oğurluğu həyata keçirə bilmədi və sonunculara mane olduğu üçün məcbur oldular ki, onu gətirib Albalılıq qəsəbəsində nəzarət etdiyi bağ evinə qaytarsınlar. Bundan sonra Elvin, Adil və Etibar oğurluğu onsuz həyata keçirmək qərarına gəldilər və onu bağ evinə qoyaraq oğurluq etmək üçün getdilər. Ancaq bu dəfə Etibar «Tofaş» markalı avtomobili evlərində qoyub «VAZ-21074» markalı avtomobili götürmüşdür. Səhərə yaxın 5- 6 radələrində Etibar, Adil və Elvin bağ evinə gəldilər. O, qapını açmış və sonuncular otağa girib masanın arxasında yığışdılar. Sonuncular oğurluğu başa çatdıra bilmişlər. Adil əlində olan qara rəngli şokolad qutusuna oxşayan qutunu açmış və içərisində olan qızıl-zinət əşyalarını masanın üzərinə tökmüşdür. Qızıl-zinət əşyaları təxminən 1 ovuc olardı. Adil qızılların hamısını götürmüş və qızılları sataraq pulunu onlarla bölüşəcəyini bildirmişdir. Bundan sonra səhəri günü saat 11-12 radələrində Etibarın «Tofaş» markalı avtomobili ilə hərəkətdə olan zaman Etibar avtomobil Albalılıq qəsəbəsində «Turan» marketin yanında saxlayaraq Adilin gələcəyini bildirdi. Bir qədər sonra Adil bir nəfər oğlan ilə birlikdə gəlmiş, onlar salamlaşdıqdan sonra Etibar onu özlərindən kənarlaşdırmış və sonuncular öz aralarında nə isə söhbət etdilər. Sonra Elçin də gəlmiş və sonuncuların söhbətlərinə qoşulmuş, söhbət edib qurtardıqdan sonra Adil həmin şəxs ilə çıxıb getmişdir. Etibar ona bildirmişdir ki, həmin şəxs məhəllə uşağıdır və həmin şəxsin köməkliyi ilə qızılları satmaq istəyirlər. Səhərisi gün Etibar yenə də onuda, Elvini də həmin yerə aparmış, bu dəfə Adil ilə həmin oğlan onları gözləmiş, sonuncular yenə də onu özlərindən aralı tutub söhbət etdi. Etibar sonunculardan ayrılıb gələrkən Adilin həmin oğlanın qızıllarını əridilib satılmasında köməklik göstərəcəyini bildirmişdir. Səhərisi gün saat 01 radələrində Etibar qəsəbəyə gəlib onunla görüşən zaman bildirmişdir ki, qızılları satıblar, əldə olunan puldan 1.000 manat ona vermişdir. Təqsirləndirilən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin müvafiq cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxslərin qismən də olsa etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. 18 may 2021-ci il tarixli 6/1801-9/2901 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş: 5,13 qran kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində “KALYON 333№” yazısı olan, bəzi hissələrinin rəngi aşınmış gümüşü rəngli 1 ədəd üzük mis, sink, qızıl ərintisindən hazırlanmışdır. Ərintidə qızılın miqdarı az olduğundan üzüyün əyarını müəyyən etmək mümkün olmadı. Üzüyün üzərindəki qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş üzüyün sertifikatı, harada istehsal olunması ilə bağlı damğa və göstəriciləri olmadığından həmin üzüyün harada istehsal olunduğunu müəyyən etmək mümkün olmadı. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda göstərilən maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayət əməlini faktik etiraf etdiyini (o, yalnız cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləği ilə razılaşmır) və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini faktik etiraf etdiyini (o, yalnız cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləği ilə razılaşmır) və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 5,13 qram kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində “Kalyon 333” yazısı olan üzük Zərərçəkmiş şəxs sərəncamına qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 24 aprel 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 may 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 5,13 qram kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində “Kalyon 333” yazısı olan üzük Zərərçəkmiş şəxs sərəncamına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar