Məhkəmə qərarları › İş №1(010)-60/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-60/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-60/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1984-cü ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)-507/2023 qərarı ilə axtarış elan edilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 16 yanvar 2024cü il tarixdə tutularaq 17 yanvar 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,494 qram narkotik vasitə heroini və 0,297 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 mart 2023-cü il tarixdə saat 11:00-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Limon” kafenin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirələrək orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində bir manatlıq əskinasa bükülmüş təmiz çəkisi 0,494 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və siqaretin gümüşü kağızına bükülmüş 0,297 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir ki, narkotik vasitədən istifadə edib. Həmin narkotik vasitəni isə tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vastə heroini və psixotrop maddə metamfetamini 03 mart 2023-cü il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 30 manat müqabilində öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin tarixdə, saat təxminən 11 radələrində Hövsan qəsəbəsində yerləşən “Limon” kafenin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdilər. Bundan sonra, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etdilər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları videoçəkiliş aparılmaqla, üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmiş, o, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olundu və dövlət hesabına vəkil dəvət edildi. Vəkili ilə görüşdükdən sonra isə, polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirdilər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi. O, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisinidə 1 manatlıq əskinasa bükülü narkotik vasitə heroinə bənzər maddəni və siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb təqdim etdi. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirdilər. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos” və “şüşə” kimi tanıdığı narkotik maddələrdir, onu 03 mart 2023-cü il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 30 manat müqabilində öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Ondan aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir psixi və fiziki zorakılıq tətbiq edilməmiş, o, da həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Sonda isə əməlindən peşman olmasını, 1 azyaşlı övladının olmasını, xəstə və yaşlı anasının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra, ondan və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 06 mart 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Limon” kafesinin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə getmişdir. Şöbədə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşəndən sonra onun üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində bir manatlıq əskinasa bükülü narkotik vasitə heroinə bənzər maddəni və siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Həmin 01 (bir) ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni “Əhmədli” metrostansiyanın yaxınlığından tanımadığı şəxsdən cəmi 30 (otuz) manata öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş həmin 01 (bir) ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Suallara cavab olaraq bildirdi ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 07 mart 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 06 mart 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 5-6) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində bir manatlıq əskinasa bükülü, tozşəkilli, qəhvəyi rəngli maddə və siqaretin gümüşü rəngli kağızına bükülü, içərisində kristalşəkilli ağ rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün 194» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddə aşkar edilməmişdir. (iş.v. 35-36) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə, Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet olduğunu bildirir. Bundan sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içindəki bir manatlıq əskinasa bükülmüş bükümü və siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Təqdim etdiyi bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, bu narkotik vasitə və psixotrop maddə metamfetamini “Əhmədli” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən öz şəxsi istifadəsi məqsədi ilə alıb üzərində saxlayıb gəzdirdiyini bildirdi. Məhkəmə-kimyəvi ekspertizasının 07 mart 2023-cü il tarixli, 6/1362 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194“ möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,297 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,494 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ), metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,297 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,247 qram. Heroinin ümumi təmiz çəkisi – 0,494 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,444 qram (iş.v. 44-46) Suraxanı RPİ-nin İŞ-nin 08 mart 2023-cü il tarixli, 096/100148 nömrəli əməliyyat tapşırığına cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Namiq Məmmədovun 30 mart 2023-cü il tarixli, 096/100961 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (iş.v. 80-81; 92) Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2023-cü il tarixli, 3418 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 112-114) 02 iyun 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,297 qram, tədqiqatdan sonra qalıq qalmış 0,247 qram olan psixotrop maddə-metamfetamin və xalis çəkisi 0,494 qram, tədqiqatdan sonra qalıq qalmış 0,444 qram olan narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 02 iyun 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 115-120) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 02 iyun 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 37; 115-120) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 12:15-də şübhəli şəxs qismində tutulmuş, saat 11:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 18 avqust 2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 08 mart 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2023 və 13 noyabr 2023-cü il tarixli, 1(010)- 507/2023 saylı qərarlarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində məcburi gətirmə qərarları qəbul edilmiş, alınmış cavaba əsasən 06 dekabr 2023-cü il tarixli, 1(010)-507/2023 saylı qərarla axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə tutularaq 17 yanvar 2024cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. (iş.v. 16, 58-59, 74-77, 73-75, 77-79) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 19 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsi tərəfindən 22 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-də olan dəyişiklik tətbiq olunaraq barəsində çıxarılmış hökmdən residiv xaric olunmuş, lakin cəzası dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qərarı ilə cəzası endirilərək 03 (üç) il 04 (dörd) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 06 fevral 2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. 19 iyun 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinə əsasən tamah məqsədilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürüldüyündən və ödənildiyindən hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin və İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,494 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi isə 0,297 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə iclasında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması və himayəsində 07 avqust 2011-ci il təvəllüdlü Zeynəb Qədirova olmaqla, 1 azyaşlı uşağının olması, xəstə və yaşlı anasının olması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 16 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,444 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,444 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar