Məhkəmə qərarları › İş №1(010)-603/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-603/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-603/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 25 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı Apellyasiya Məhkəməsinin 7(103)-34/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində qəti olaraq 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, 25 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə 18 yanvar 2023-cü il tarixdə oğurluq, yəni özgənin əmlakını qanunsuz olaraq talama barədə qabaqcadan əlbir olub razılığa gələrək 19 yanvar 2023-cü il tarixə keçən gecə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə-yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq həyətdə olan yaşayış evinin divarına bərkidilmiş qiyməti 400 manat olan 01 ədəd Türkiyə istehsalı “Maktek” markalı, JLG27-B218S,RUBY modelli, ********* seriyalı, 22 kilovatlıq kombini, qiyməti 75 manat olan 01 ədəd Türkiyə istehsalı "Beretta” markalı elektrik nizamlayıcı aparatını, qiyməti 80 manat olan 40 metr elektrik naqillərini söküb götürərək, ümumilikdə, 555 manat qiyməti olan əşyaları gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.1ci və 177.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 uzun zamandır ki, tanıyır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Şahid4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Pekarni“ deyilən yerin yaxınlığında olan dayanacaqda görmüş, bir-biri ilə hal- əhval tutduqdan sonra Şahid4 ona ünvan 3 ünvanında heç kimin yaşamadığını, orada kombi olmasını və həmin kombini oğurlamaq istədiyini demişdir. O da Anara oğurluqda kömək edəcəyini bildirmiş və gecə görüşüb oğurluğa getmək barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 03:00-da Şahid4la Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Pekarni“ deyilən dayanacaqda görüşmüş və birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 10/7 ünvanına getmişlər. Şahid4 hasardan aşaraq evin həyətinə daxil olmuş, o da Şahid4 arxasınca hasardan aşaraq həyətə daxil olmuşdur. Onlar həyətdə olan divara bərkidilmiş 1 ədəd kombini və divardan elektrik artıran aparatı və 30 metrə yaxın naqili sökmüş, sonra isə hasardan çıxardaraq oradan uzaqlaşmışlar, oğurladıqlarını yaxınlıqda olan işləməyən su anbarının ərazisinə gətirmişlər. Anar naqilləri büküb özü ilə aparmağa götürmüş, kombini və elektrik artıranı isə orada qarağat kolunun altında gizlətmişlər. Danışmışlar ki, səhəri gün özü onları satar, sonra pulu bölərlər. Səhər açılandan sonra o, əl arabasını qonşudan götürmüşdür ki, guya zibil atmaq istəyir, sonra kombini və elektrik aparatını bir kisəyə yerləşdirib qonşusu və Anarın keçmiş qaynı olmuş Şahid3 həyətinə aparmışdır. Anar qonşusu Cəlalın bacısı ilə evli olmuş, 5-6 il əvvəl boşanıblar. Həyətə girib kisəni divarın dibində qoymuş və Cəlalı çağırıb demişdir ki, kombi almış, amma gedəsi yeri var, evdə olmayacaq, qalsın həyətdə qayıdanda götürəcəkdir. Cəlal bir söz deməmiş, ona etiraz etməmişdir. O, Cəlala oğurluq barədə heç nə deməmişdir. Sonra bir az gözləmək istəmişdir ki, oğurluqla bağlı məhəllədə söz-söhbət azalsın ki, götürüb satsın. 24 yanvar 2023-cü il tarixdə polis əməkdaşları Anarın cinayət etdiyini bilin onu tutandan sonra onun ardınca gəlmişlər. O, polis əməkdaşlarına necə oğurluq etmələrini danışanda görmüşdür ki, artıq hər şeyi bilirlər. Sonra polis əməkdaşları ilə gedib Cəlalın həyətində qoyduğu kombi və elektrik aparatını polis əməkdaşlarına təhvil vermişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 3 ünvandakı evi 2017-ci ildə almış, amma həmin ünvanda daimi yaşamamış, ancaq ay ərzində bir neçə dəfə gedib evə baxmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:00-da ünvan 4 ünvanına gəlmiş və saat 19:00-da isə oradan çıxmışdır. Həmin vaxt heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00-da növbəti dəfə ünvan 4 ünvanına gəlmiş, evin həyətinə daxil olduqda çöldən divara bərkidilmiş 2 ədəd 800 manat dəyərində “E.C.A” və 400 manat dəyərində “Maktek” markalı kombilərin, həyətdə olan saxlanc yerinin qapısını açdıqda içəridən 1 ədəd 75 manat dəyərində işıqgücləndirici, 6 metr uzunluğunda 6mm-lik 24 manat dəyərində elektrik naqili, 1 ədəd 5 metr uzunluğunda 20 manat dəyərində traynik, 1 ədəd 11 manat dəyərində qaz açarı, 1 ədəd 9 manat dəyərində qaz açarı, 1 ədəd 10 manat dəyərində qaz açarı, 5 ədəd ümumilikdə 15 manat dəyərində vintaçan, 2 ədəd hər biri 10 manat olan 20 manat dəyərində çəkic, 1 ədəd 24 manat dəyərində qaz reduktoru, 1 ədəd 35 manat dəyərində qaz nasosu, 1 ədəd 10 manat dəyərində kəlbətin, 1 ədəd 10 manat dəyərində böyük çəkic, 1 ədəd 10 manat dəyərində naqil kəsən kəlbətin, 1 ədəd 10 manat dəyərində pena, 1 ədəd 35 manat dəyərində su kranı, 3 ədəd hər biri 5 manat ümumilikdə 15 manat dəyərində qaz şlanqının, 3 ədəd hər biri 5 manat ümumilikdə 15 manat olan kombi üçün dəmir su borusunun, saxlanc yerinin üstündə olan 5 ədəd 4 metr uzunluğunda 120 manat dəyərində 60 mm-lik dəmir boru, 1 ədəd 55 manat dəyərində moyka, divara bərkidilmiş 40 metr uzunluğunda 80 manat dəyərində elektrik naqilinin, evin həyətində olan 1 ədəd 15 manat dəyərində lingin oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1.818 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, 20 yanvar 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 10/7 ünvanda yerləşən, faktiki olaraq içində yaşayış olmayan evindən müxtəlif alət və avadanlıqların, eləcə də iki ədəd kombi tipli qızdırıcı qurğularının oğurlanması barədə məlumat vermişdir. Ərizə üzrə ilkin araşdırma 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Zaur Eyvazova tapşırılmışdır. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətin açılması istiqamətində tədbirlər keçirilməsinə dair 21 yanvar 2023-cü il tarixdə təhqiqatçi tərəfindən tapşırıq verilmiş, tapşırığın icrası ilə əlaqədar əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Tədbirlər zamanı əməliyyat məlumatları daxil olmuşdur ki, cinayətin törədilməsində Hövsan qəsəbəsində O.Şabanov küçəsində yaşayan Şahid4 iştirak etmişdir. 24 yanvar 2023-cü il tarixdə Şahid4 yerini müəyyən edib saxlayaraq polis şöbəsinə gətirmiş, gətirilməsi barədə raportla məruzə olunmuşdur. Polis şöbəsinə gətirilərkən suallara cavabında Şahid4 yaşadığı O.Şabanov küçəsində oğurluq etməsini, evin işıqlarının yanmaması və gediş-gəlişin olmamasından orada sakinlərin olmadığına əmin olaraq oğurluq etmək qərarına gəldiyini, əvvəl tək, sonra isə Hövsan qəsəbəsində yaşayan Bədrəddin adlı tanışı ilə birlikdə evə girib oğurluq etdiyini bildirmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Şahid4 birlikdə cinayət törətdiyi şəxs Hövsan qəsəbəsi, Çöllük küçəsi, 11 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yerini müəyyən edib polis şöbəsinə çağırmışlar, sonuncu da Şahid4 təklifi ilə birlikdə bir neçə gün əvvəl Hövsan qəsəbəsindəki yaşayış olmayan evdən bir kombi aparatı oğurladıqlarını danışmış, aparatı Hövsan qəsəbəsində qonşusu olan Cəlal adlı şəxsin həyətinə müvəqqəti saxlanca qoyduğunu demişdir. Onlar Təqsirləndirilən şəxsla birlikdə sonuncunun qonşusu olan, eyni zamanda Şahid4 keçmişdə qaynı olmuş Şahid3 yaşadığı Hövsan qəsəbəsi Çöllük küçəsi, ev 3 ünvana gəlmişlər. Orada Bədrəddin həyətin bir kənarında qoyduğu kisənin içində olan kombi aparatını özü onlara təqdim etmişdir. Orada kisədə olan “Maktek” markalı kombi aparatı və yanındakı “Beretta” markalı elektrik tənzimləyicisini Təqsirləndirilən şəxs götürmüşlər. Həmin vaxt evdə olan Şahid3 bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs iki-üç gün əvvəl həmin kisəni həyətə qoyub demişdir ki, qoy qalsın, kombidir, özü evdə olmayacağına görə həyətində qoymaq istəmir, qayıdanda götürəcəkdir. Şahid3 deməsinə görə özü kisənin içinə baxmamış və toxunmamışdır. Təqsirləndirilən şəxs da kombini kisədə gətirib həyətə qoyması barədə Cəlalın dediklərini təsdiq etmiş və bildirmişdir ki, Cəlalın onların işlərindən xəbəri olmamışdır. Sonradan isitntaqın tapşırığı ilə yerdə qalan malların da aşkar edilməsi üçün əlavə tədbirlər həyata keçirilsə də müsbət nəticə olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydiyyatda olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, münasibətləri normaldır, amma yaxın dostluğu, hər hansı işbirliyi olmamışdır. Şahid4 da tanıyır, çünki onun kürəkəni olmuş, 2017-ci ilədək bacısı Şahnazla nikahda yaşamış, bacısının nikahdan bir uşağı vardır, amma sonradan ayrılmışlar. Anar ilə əlaqələri yoxdur. Ümumilikdə Bədrəddinlə və Anarla oturub-duran olmamış, onlarla qərəzliliyi və ədavəti də yoxdur. 2023- cü ilin yanvar ayının ortalarında, dəqiq tarix yadında deyil, evdə olduğu zaman həyətə gəlmiş Bədrəddinin onu çağırdığını eşitmiş, səsə çıxanda görmüşdür ki, əlində bir kisəni həyətə gətirmişdir. Onlar salamlaşandan sonra Bədrəddindən soruşmuşdur ki, nə istəyir, əlindəki nədir. Bədrəddin demişdir ki, “kombidir, evdə olmayacağam, istəyirəm qoyum burada sizdə, qayıdanda götürəcəyəm“. O, etiraz etməmiş, Bədrəddin kisəni həyətdə bir kənara qoyub getmişdir. Özü kisədə nə olduğunu yoxlamamış, Bədrəddinin deməsinə görə kombi aparatı olmuş, fikirləşmişdir ki, yəqin haradasa özü üçün əldə etmişdir. Bədrəddin onlara gəlib kisəni qoyaraq getməsindən bir neçə gün sonra növbəti dəfə 24 yanvar 2023-cü il tarixdə artıq polis əməkdaşlarının müşayiəti ilə gəlmiş və həyətə girən kimi kisəni saxladığı yerdə olduğu kimi qaldığını görmüş və kisəni götürüb içindəkilərlə birlikdə polis əməkdaşlarına təhvil vermişdir. Onda Bədrəddinin və polis əməkdaşlarının danışıqlarından başa düşmüşdür ki, Bədrəddinin həmin əşyaları haradansa oğurlamasından söhbət gedir. Bədrəddin polis əməkdaşlarına demişdir ki, oğurluğu onun kürəkəni olmuş Anarla törətmişdir, eyni zamanda bildimişdir ki, kisəni həyətinə qoyanda ona cinayət haqqında heç bir məlumat verməmişdir. Polis əməkdaşları oğurlanmış kombinin həyətində saxlanılması barədə ondan soruşanda vəziyyəti olduğu kimi danışmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-488/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirlədirilməsinə dair cinayət işi ayrı icraatda istintaq olunan cinayətin digər iştirakçısı Şahid4 özünü təqsirli bilmiş və göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15-16 radələrində tanışı Təqsirləndirilən şəxs ilə Hövsan qəsəbəsində “Pekarni“ deyilən yerin yaxınlığında dayanacaqda təsadüfən rastlaşmış, hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, O.Şabanov küçəsində heç kimin yaşamadığı evdə kombi olmasını demiş və həmin kombini oğurlamaq istədiyimi bildirmişdir. Təqsirləndirilən şəxs da ona oğurluqda kömək edəcəyini bildirmiş və gecə görüşüb oğurluğa getmək barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə saat 03:00-da Təqsirləndirilən şəxsla yenidən Hövsan qəsəbəsində yerləşən “Pekarni“ deyilən dayanacaqda görüşmüş və birlikdə O.Şabanov küçəsi, ev 10/7 ünvanına getmişlər. Orada əvvəl hasardan aşaraq evin həyətinə daxil olmuş, ardınca Təqsirləndirilən şəxs da eyni qaydada həyətdə girmişdir. Həyətdə divara bərkidilmiş 1 ədəd kombini, 1 ədəd elektrik gücləndiricisini və divardan elektrik naqillərini sökmüş, sonra isə hasardan çıxardaraq oradan uzaqlaşmışlar. Onlar oğurladıqlarını yaxınlıqda olan işləməyən su anbarının ərazisinə aparıb orada qarağat kolunun altında gizlətmişlər. Danışmışlar ki, səhər açılanda Bədrəddin araba taparaq kombini və elektrik gücləndiricisini aparıb satacaq və pulu böləcəklər. Özü isə naqilləri büküb götürmüş və gündüz yolda rastlaşdığı dəmir yığanlara satmışdır. Təqsirləndirilən şəxs oğurladıqları əşyaları satıb satmadığını bilməmişdir. Onları polis şöbəsinə gətirəndən sonra ona məlum olmuşdur ki, Bədrəddin kombini və elektrik gücləndiricisini oğurluqdan dərhal sonra satmağa qorxmuş və aparıb onun keçmiş qaynı olmuş qonşusu Şahid3 həyətində müvəqqəti saxlamağa qoymuşdur, tutulandan sonra isə həmin əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Cəlalın onların cinayətindən məlumatı olmamışdır. İş materiallarında olan “Götürmə aparılması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd “Maktek” markalı Türkiyə isyehsalı olan kombi aparatı, 1 ədəd “Beretta” markalı elektrik tənzimləyici aparatı götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair 17 aprel 2023-cü il tarixli 9/1674 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 01 ədəd “Maktek“markalı, JLG27-B218S,RUBY modelli, ********* seriyalı, 22 kilovatlıq kombi - 350,00 manat; 2. 01 ədəd Türkiyə istehsalı “Beretta” markalı elektrik nizamlayıcı aparat - 20,00 manat. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Maktek” markalı kombi və “Beretta” markal elektrik nizamlayıcı aparat maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs25 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-111/2022 saylı, 12 aprel 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 7(103)-34/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 (010)-111/2022 saylı, 12 aprel 2022-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-111/2022 saylı, 12 aprel 2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 iyul 2022-ci il tarixdən çəkilmiş 7 (yeddi) ay 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 3 (üç) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası və 2 (iki) gün istintaq zamanı həbsdə saxlanıldığı müddət, yəni 3 (üç) ay 18 (on səkkiz) gün ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq məhkum ırahimov Bədrəddin Səftər oğlunun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2007-ci il təvəllüdlü X3, 03 oktyabr 2008-ci il təvəllüdlü X2 və 21 oktyabr 2010-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 7(103)-34/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hökm elan olunduğu günədək çəkilməmiş qalan 05 (beş) ay hissəsi hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməli və ona 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixdək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 noyabr 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-34/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hökm elan olunduğu günədək çəkilməmiş qalan 05 (beş) ay hissəsi hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixdək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 noyabr 2023cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar