Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-608/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 25 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,518 qram tərkibində psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 04 sentyabr 2025-ci il tarixdə, saat 14:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən kafedə keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin psixotrop maddə əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotikin metamfetamin növündən 4-5 aydır ki istifadə edir. Hadisə günü polis əməkdaşları ona Hövsan qəsəbəsində yaxınlaşmışlar. Əməlindən peşman olmağını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Həmin vaxt kafedəydi və yanında bir nəfər var idi. Yanında qonşusu Namiq var idi. Kafedə üzərinə videoçəkilişə baxış keçirilmişdir. Üzərindən metamfetamin çıxmışdır. Qonaq getmişlər narkotikin haradan alındığından xəbəri yox idi. Həmin gün narkotikdən istifadə etməmişdir. Yanında olan şəxsdən də narkotik aşkar olundu. Polislər tərəfindən ona qarşı təzyiq olmayıb. Sonuncu dəfə narkotikdən 2 ay əvvəl istifadə etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “xx.xx.2025-ci il tarixdə təxminən saat 14:30 radələrində ünvan 3 ünvanında yerləşən kafedə olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və psixotrop maddələrin dövriyəsində şübhəli olduğunu üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını soruşmuşlar, qadağan edilmiş əşya varsa könüllü şəkildə təqdim etməyini bildirmişlər. Həmin vaxtı o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki maddənin psixotrop maddə olduğunu həmin maddəni xx.xx.2025-ci il tarixdə metronun Əhmədli stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manat ödəməklə alaraq əldə etdiyini gələcəkdə istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş həmin maddə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək götürülmüşdür”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, sentyabr ayında Şahsuvarov küçəsində yerləşən kafedə Təqsirləndirilən şəxs Ağaırza oğlunun və digər şəxsin üzərində narkotik olması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən əməliyyat qrupu yaradılmış, tədbiri keçirmişlər, içəriyə daxil olmuşlar. Şəxslərin üzərində olan qanunsuz əşyaları təqdim etməsini bildirmişlər. Şəxslər üzərində olan metemfetamini təqdim etmişlər, videoçəkilişlə sənədləşdirmişlər. Təqsirləndirilən şəxs Ağaırza oğlu şalvarın yan cibindən metamfetamini çıxarıb təqdim etmiş və öz istifadə üçün olduğunu, Əhmədlidən səhv etmirsə 10 və ya 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, şəxslər saxlanılarkən iki nəfər olmuşlar. Digər şəxsin adı səhv etmirsə Namiq idi. Hər iki şəxsin üzərindən metamfetamin çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, sentyabr ayında Şahsuvarov küçəsində yerləşən kafeyə daxil olmuşlar, yaxınlaşmışlar şəxslərə, kabinetdə iki nəfər oturmuşdur. Təqsirləndirilən şəxs Ağaırza oğlunun yanında başqa şəxs də var idi. Şəxslərin üzərində olan qanunsuz əşyaları təqdim etməsini bildirmişlər. Şəxslər səmimi etiraf edərək, ciblərindən narkotik vasitəni çıxartmışlar. Təqsirləndirilən şəxs Ağaırza oğlu qara şalvarının yan cibindən metamfetamini çıxarıb masanın üstünə qoymuşdur. Videoçəkilişlə sənədləşdirib şəxsləri Suraxanı Rayon Polis İdarəsinə gətirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, şəxs narkotiki Əhmədli metrosunun yaxınlığından üzdən tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamış, özü könüllü formada narkotiki təqdim etmişdir. Digər şahidlər Şahid1, Şahid2 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 04 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 4 ünvanında yerləşən kafedə olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2, əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Pərviz Qubanov ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ünvan 4 ünvanında yerləşən kafeyə getmişlər. Həmin vaxtı, yəni saat 14 radələrində ünvan 4 ünvanında yerləşən kafedə olan Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs yanında olan Şahid5 yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxslər özlərini təqdim etmişlər. Özünü təqdim etdikdən sonra üzərlərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yanında olan Şahid5 da üzərinə də baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən də bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış və təhqiqatçı Sənan Süleymanlıya təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs götürdükləri psixotrop maddə metamfetamini təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır”. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid5 Təqsirləndirilən şəxs ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2, əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis mayoru Şahid4 ünvan 5 ünvanında yerləşən kafedə Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs da əynidəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamini tanımadığı şəxsdən alaraq saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs üzərində baxış aparıldıqdan sonra onun Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasına aparılması və orada təhqiqatçı, polis kapitanı Sənan Süleymanlının otağında şübhəli şəxs qismində tutulması və digər istintaq hərəkətləri öz əksini tapır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-6/2968/2025 saylı 05 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Saxlanılan şəxsin üzərindən aşkar edilmiş maddə Təqsirləndirilən şəxs (imza)” yazısı imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,518 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotropmaddə metamfetamindir. Qalıq 0,468 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5749 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 06 sentyabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşağı var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,468 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,468 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-608/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-608/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver