Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-609/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 10 avqust 1978-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşayan, 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tuutlmuş, 21 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,858 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib üzərində saxlamaqla daşımış və 19 iyun 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində saxlanılıb Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,858 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni Suraxanı rayon ərazisində adını, ünvanını tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 19 iyun 2023-cü il tarixdə, səhər saat 10:00 radələrində Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsdən şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə heroin alaraq daha sonra istifadə etmək üçün əynində olan cins şalvarımın sol cibinə qoymuşdur. Həmin gün saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış, sonuncular özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan da özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdə sonra ona narkotik vasitələrin qanunsuz əldə edilməsində, daşınmasında və istifadəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nə gətirmişlər. Polis İdarəsinə gəldikdən sonra otaqların birində şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ona izah edildikdən sonra, özünün vəkil tutmağa maddi imkanı olmadığından hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkillə təklikdə görüşdükdən və vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılması barədə ərizə verdikdən sonra onu polis idarəsinə gətirmiş polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişdir. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz olaraq əldə edib, saxladığı əşya-maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə-heroin olan bir ədəd sellofan bükümünü və sağ cibindən bir ədəd mobil telefonu çıxarış masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümə baxış keçirilərək ondan bükümün içərisində nə olması barədə soruşulduqda, o, bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də başqa hər hansı bir əşya-maddə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə- heroini özünün istifadəsi üşün əldə etmiş, üzərində saxlamaqla daşımışdır. Kimsəyə əvəzli, əvəzsiz verməmiş, satmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 19 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətini yarandığını bildirib onlarla birlikdə Suraxanı RPİ-nə getməli olduğunu demişlər. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçı, polis kapitanı Ayaz Meydanov tərəfindən xidməti otaqda şübhə li şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən hüquqlarının miidafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçisi ilə təklikdə görüşdükdən və üzərinə şəxsi axtarış aparılarkən müdafiəçisinin iştirak etməməsinə etirazının olmadığını bildirdikdən sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təkif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibindən bir ədəd mobil telefonu və sol cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya-maddə aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümdəki kütlənin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, özünün istifadəsi üçün Əmircan qəsəbəsində adını, ünvanını bilməciyi şəxsdən 10 manata əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərincən aşkar edilmiş bir ədəd büküm təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində qanunsuz olaraq saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı maddə-vəsitə, əşya varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, sol yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotiki Əmircan qəsəbəsində adını, ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və üzərindən hər hansı bir qanurla saxlanılması qadağan olunmuş əşyanın aşkar edilməməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi müəyyən olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3411 saylı, 20 iyun 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 45” dairəvi möhür əkslər olan, “Şübhəli şəxs: 1 “imza” Təqsirləndirilən şəxs” ad,soyad və imzalarqeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,858 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,858 qram olmaqla 0,05 qram tədqiqata sərf edilmiş, qalıq 0,808 qram təşkil etmişdir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 5812 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tuutlmuş, 21 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,858 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,808 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzaısna məhkum eidlmiş, 09 yanvar 2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,808 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,808 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-609/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-609/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver