Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-61/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-190/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-656/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 5-ci hissəsi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış (həmin cəzasının çəkilməmiş hissəsi 03 (üç) ay 19 (on doqquz) gün təşkil edir), hazırkı iş üzrə barəsində 18 oktyabr 2021-ci ildə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və göstərilən qərara əsasən 04 aprel 2022-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.590 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 avqust 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən poçtun qarşısında Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışda olduğundan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərində narkotik vasitə heroin olduğunu bildirdiyinə görə onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən l (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,590 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 15 avqust 2021-ci il tarixdə Əmircan qəsəbəsində bir ədəd siqaretin kağızına bükülmüş vəziyyətdə narkotik vasitə hesab edilən heroin tapmış və həmin narkotiki üzərində saxlamışdır ki, sonra istifadə etsin. 15 avqust 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən poçtun yaxınlığında olarkən ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etdikdə o, onlarla birlikdə 31-ci polis bölməsinə gəldi. Bölmədə otaqların birində onun üzərinə video çəkilişdən istifadə etməklə baxış keçirildi. Axtarış zamanı onun əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, kakos kimi tanıdığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etdi. Həmin narkotik vasitəni o, 15 avqust 2021-ci il tarixdə Əmircan qəsəbəsində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin büküm iştirakçıların yanında zərfə qoyuldu, iştirakçılar tərəfindən imzalandı, möhürləndi və ekspertizaya göndəriləcəyi ona bildirdi. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edildi və həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin CAŞ-də axtarış işi açılaraq həmin axtarış işi Suraxanı RPİ-nin 31-ci polis bölməsinə göndərildi. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən köhnə poçtun qarşısında onlar tərəfindən müəyyən edilərək saxlanıldı və 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs avtomobillə 31-ci polis bölməsinin inzibati binasına gətirdilər və bu barədə raportla bölmə rəhbərliyinə məruzə edildi. Təqsirləndirilən şəxs bölmədə olan zaman üzərində narkotik vasitə heroin olduğunu bildirdiyinə görə onun üzərinə şəxsi axtarış aparılması zərurəti yarandı. Buna görə əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 31-ci polis bölməsinin təhqiqatçı tərəfindən müdafiəçi dəvət edildi. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoydu və bükümdəkinin heroin olduğunu, heroini 15 avqust 2021-ci il tarixdə Əmircan qəsəbəsində yerdən tapdığını və bükümdəkinin heroin olduğunu bildikdən sonra şəxsi istifadəsi üçün şalvarında saxladığını dedi. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı başqa əşya və maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürlə möhürləndi. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edildi, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edildi. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmadı. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmayıb. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 16 avqust 2021-ci il tarixli 6/3532 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,590 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. 14 oktyabr 2021-ci il tarixli 3953 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və özünün 2-ci qrup əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,540 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-190/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli hökmünə və Xəzər Rayon Məhkəməsinin 7(003)-656/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 19 (on doqquz) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 (bir) ay 24 (iyirmi dörd) gün hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 aprel 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,540 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-61/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-61/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver