Məhkəmə qərarları › İş №1(010)-61/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-61/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-61/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz evdə yaşayan, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-646/2024 nömrəli iş üzrə 06 mart 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırkı iş üzrə 19 – 21 fevral 2024-cü il tarixləri və 22 – 24 aprel 2024-cü il tarixləri üzrə üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,829 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 19 fevral 2024-cü il tarixdə saat 10:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,829 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 20 aprel 2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,435 qram olan narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 22 aprel 2024-cü tarixdə saat 17:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının girişinin qarşısında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 fevral 2024-ci il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi yenidən görmüşdür. Həmin şəxsə 35 manat verərək narkotik vasitə heroin almasını istədiyini bildirmişdir. Həmin şəxs pulu ondan götürərək narkotik vasitə heroini alıb gəlmişdir. O, həmin narkotiki götürüb üzərindən bir qədər istifadə etdikdən sonra qalan hissəsini yenidən istifadə etmək üçün üzərində saxlamışdır. 19 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər və o, da razılaşıb Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan tünd yaşıl rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin bir ədəd bükümün içərisində heroin olduğunu, onu Suraxanı ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 35 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan başqa o, 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd bükümdə narkotik vasitə heroini 20 manat ödəməklə almışdır. 22 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 157 nömrəli evin girişinin qarşısında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları olduğunu bilmişdir. Onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin baş təhqiqatçısı polis mayoru Zaur Eyvazov tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X7 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 3 ünvanının yaxınlığında olması, üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə getmişlər. Həmin gün saat 17:00 radələrində ünvan 3 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gəlmişdir. Bundan sonra onlar Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AВ y/s, ev 157 mənzil 313-də qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 157-nin qarşısında olması, üstündə narkotik vasitə olması barədə məlumat alıb dərhal həmin məlumatı PŞ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra iş yoldaşı Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 157-nin yaxınlığına getmişlər. Həmin günü saat 10:15-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AВ y/s, ev 157-nin qarşısı ilə hərəkətdə olan X2 yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis şöbəsinə dəvət etmişlər. X3 da heç bir müqavimət göstərmədən onlarla Suraxanı Rayon Polis İdarəsinin 33-ci polis bölməsinə gəlmişdir. Onlar Suraxanı Rayon Polis İdarəsinin 33-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyi bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş və əynində olan tünd yaşıl rəngli idman şalvarın sağ yan cibindən bir ədəd büküm təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir yad cisim aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 18 fevral 2024cü il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 35 manat verərək alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Şahidlər Şahid5 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlər Şahid5 və X4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin bükümün açılaraq içərisinə baxıldıqdan sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik maddəni 18 fevral 2024-cü il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən alıb öz istifadəsi məqsədilə alıb üzərində saxladığını bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi heç bir sübuta malik əşya aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunması müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxsüzərinə şəcxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan heroindir. Həmin narkotik vasitəni 20 aprel tarixində Günəşli qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə aldığını bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100115 nömrəli cinayət işi üzrə: tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 10:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə və Suraxanı Rayon Polis İdarəsinin MSY-nə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 19 fevral 2024-cü il tarixli 3-16-16/2-6/991 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №171” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut; Saxlanılan şəxs: Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,829 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,829 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,779 qram. 240100246 nömrəli cinayət işi üzrə: tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tural Səfiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 23 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2207 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,435 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,385 qram. İş materiallarında olan “cinayət işlərinin birləşdirilməsi” haqqında 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 fevral 2024-cü il tarixli 1324 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 08 aprel 2024-cü il tarixli 1418 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür». Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,829 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,779 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,435 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Medistyle Hospital tərəfindən verilmiş epikrizin surətindən görünür ki, aparılan kliniki, laborator və instrumental müayinələrdən sonra Təqsirləndirilən şəxs “sol tərəfli hidrosele” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs 07 oktyabr 2024cü il tarixində “sol tərəfli hidroselektomiya” cərrahi əməliyyatı icra olundu. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəstənin ümumi vəziyyətini nəzərə alaraq 08 oktyabr 2024-cü il tarixində kafi vəziyyətdə evə ambulator müalicəyə yazıldı. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-646/24 saylı, 06 mart 2024cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, 11 dekabr 2024-cü il tarixdə cəzasının 7 ay 23 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 1 il 10 ay 7 gün təşkil edir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 08 may 2019-cu il tarixdə xəstəxanaya qəbul olunub və həmin tarixdə müayinə və müalicədən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən və Bakı Apelyasiya Məhkəməsinin 1(103)-646/2024 nömrəli iş üzrə 06 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 19 fevral 2024-cü il və 22 aprel 2024-cü il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-646/2024 nömrəli iş üzrə 06 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmalı, alınan 10 (on) ay 19 (on doqquz) gün hazırkı hökmlə təyin olunan 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 19 – 21 fevral 2024-cü il tarixləri və 22 – 24 aprel 2024-cü il üzrə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 yanvar 2025-ci ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,385 qram və 0,779 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından görünür ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-646/2024 nömrəli iş üzrə 06 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 10 (on) ay 19 (on doqquz) gün hazırkı hökmlə təyin olunan 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 – 21 fevral 2024-cü il tarixləri və 22 – 24 aprel 2024-cü il üzrə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 yanvar 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,385 qram və 0,779 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar