Məhkəmə qərarları › İş №1(010)-611/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-611/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-611/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Rusiya Federasiyasının Kemerovski vilayətində anadan olmuş, Gürcüstan vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti yaşayan və barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında istintaqa məlum olmayan tarix və saatda ünvan 2 ünvanında fəaliyyət göstərən direktoru olduğu "xxxx" MMC-nin ofisində “X9” Məhdud Məsuliyyətli Cəmiyyətdən 11 mart 2022-ci il tarixli, 471 nömrəli daxili lizinq müqaviləsi əsasında əldə etdiyi “Kia Optima-minik” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair həmin lizinq şirkətinin direktoru Şahid1 tərəfindən ona verilmiş, avtomobil idarə etmək hüququ verən, rəsmi sənəd hesab olunan etibarnamədə nömrə və tarix qeyd edilmiş, eləcə də, hansı müddətə verilməsi göstərilmiş hissələri kompüterdə qrafik proqram təminatından istifadə etməklə dəyişdirib “E10073/23” və “02 aprel 2023-cü il”, hansı müddətə verilməsi hissəsində isə müvafiq olaraq “Etibarnamə xx.xx.2023 müddətinədək qüvvədədir” yazılarını qeyd etməklə özünə məxsus “Canon TS8240” markalı çoxfunksional qurğu (skaner, printer) vasitəsilə çap edib hüquq verən rəsmi sənəd hesab olunan etibarnaməni istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və 20 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda Bakı şəhəri Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan ünvanda idarə etdiyi qeyd edilən avtomobili saxlatmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti əməkdaşına həmin saxtalaşdırmaqla qanunsuz hazırladığı etibarnaməni təqdim etməklə ondan istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Gürcüstan vətəndaşıdır. Uzun müddətdir ki, Azərbaycan Respublikasında ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı vardır. Əvvəllər məhkumluğu olmamışdır. "xxxx" MMCnin direktorudur. Həmin şirkətin fəaliyyəti ölkəyə gələn turistlərin qarşılanıb onlara yaşayış yeri təşkil etməkdən ibarətdir. Ofisləri ünvan 5 ünvanında yerləşir. 2022-ci ildə lizinq müqaviləsi əsasında avtomobil almaq istəmişdir. Buna görə lizinq şirkətinə müraciət etmişdir. Lakin şirkət tərəfindən ona bildirilmişdir ki, xarici vətəndaşlara lizinq müqaviləsi ilə ödənişlər edilmir. O da buna görə dostu və yaxşı münasibətdə olduğu Şahid2 müraciət etmişdir. Tərlan onunla razılaşmış və buna heç bir etiraz etməmişdir. O “Turbo.az” elan saytında bir Kia Optima markalı avtomobil tapmış və onu almaq qərarına gəlmişdir. Buna görə Şahid2 ilə “X8” şirkətinə müraciət etmişlər. Orada Tərlan 2016-cı il buraxılışlı avtomobili almaq istədiyini bildirmişdir. 11 mart 2022-ci il tarixdə xatırlamadığı məbləğdə ilkin ödəniş etmiş və daha sonra Şahid2 ilə şirkət arasında daxili lizinq müqaviləsi bağlanmış və avtomobilin pulu şirkət tərəfindən ödənilmişdir. Həmin pul əsasında ödəniş cədvəli açılmış və həmin cədvəl əsasında aylıq 898.57 manat pul ödəmişdir. Ödənişləri etmişdir. Müqavilə Tərlanın adına bağlansa da, avtomobili o almış və buna görə də ödənişləri də özü etmişdir. O hər ay ödənişlərini etdikcə şirkət tərəfindən ona etibarnamə verilmişdir. Belə ki, Şahid2 onun iş yoldaşı olduğunu demiş və avtomobil üçün etibarnamə verilməsini xahiş etmişdir. Buna görə ona hər ay bir ay müddətinə etibarnamə verilmişdir. Ödənişlərini edib hər ay etibarnamə götürmüşdür. Lizinq müqaviləsi əsasında avtomobil lizinq şirkətinin mülkiyyətinə keçirilmişdir və buna görə də avtomobili idarə etmək üçün etibarnamə almaq zəruri olmuşdur. Sonradan onun ödənişlərlə bağlı çətinliyi olmuşdur. Belə ki, turistlərin gəlişi bir qədər dayanmış və onun maddi çətinlikləri yaranmışdır. 15 fevral 2023-cü il tarixdə sonuncu ödənişini etmişdir. Sonradan isə ödəniş edə bilməmişdir. O isə işlərini qaydaya salana kimi etibarnaməni saxtalaşdırmaq qərarına gəlmişdir. 2023cü ilin mart ayının sonları işlədiyi ofisdə özünə aid kompüterlə həmin etibarnaməni saxtalaşdırmışdır. Həmin zaman ofisi ünvan 2 ünvanında yerləşmişdir. Belə ki, ona əvvəlki ayda verilmiş etibarnaməni skan vasitəsi ilə kompüterə köçürmüş, proqram təminatından istifadə edib orada etibarnamənin verilmə tarixi hissəsini dəyişmiş və avtomobilin 02 aprel 2023-cü il tarixdən 02 may 2023-cü il tarixədək verilməsini qeyd etmişdir. Möhür və imzalar olduğu kimi qalmış və bilinməsin deyə ofisdə olan rəngli printer vasitəsilə çap etmişdir. Bu formada etibarnaməni saxtalaşdırmış və bundan sonra həmin etibarnamə əsasında avtomobili idarə etməyə davam etmişdir. 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsində “Bravo” marketin yaxınlığında YPX əməkdaşı onu saxlatmış və o saxtalaşdırdığı etibarnaməni təqdim edərək orada ondan istifadə etmişdir. Sonradan onun həmin etibarnaməni saxtalaşdırması bilinmiş və avtomobili duracağa aparmışlar, o isə sonradan polis idarəsinə getmişdir. Orada olarkən törətdiyi əməli səmimi etiraf etmişdir. Kompüterini satdığı üçün onu təqdim edə bilməmiş, lakin etibarnaməni çap etdiyi printeri polis idarəsində könüllü təqdim etmişdir. Etibarnaməni tək saxtalaşdırmış, ona köməklik edən şəxs olmamış, etibarnaməni saxtalaşdırmaqda ona Şahid2 köməklik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, tanışı Həzrət adlı şəxsin vasitəsilə Gürcüstan vətəndaşı olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Dimitrinin Bakı şəhəri B. Səfəroğlu küçəsində ofisinin olduğunu bilir. Dimitri turistlərin qarşılanması və onlara kirayə evlərin tapılması, həmçinin rayonlararası turlar təşkili ilə məşğul olur. Dimitri ilə 3-4 ildən çoxdur ki, tanışlığı vardır. Dimitri ilə birlikdə bir-iki dəfə Quba, Xaçmaz, Xızı və digər rayonlara istirahətə getmişlər. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o xarici vətəndaş olduğu üçün lizinq müqaviləsi əsasında avtomobil ala bilmir və buna görə də ondan xahiş etmişdir ki, lizinq müqaviləsi onun adına rəsmləşdirilsin. O da Təqsirləndirilən şəxs normal fəaliyyətlə məşğul olan və ailəli bir şəxs olduğunu bilib etiraz etməmişdir. Ona görə də adına rəsmləşdirilməsi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs 2016-cı il buraxılışlı “Kia Optima” markalı avtomobil almaq istəmişdir. Həmin avtomobilin pulu “X8" şirkəti tərəfindən ödənilmiş və buna görə onunla daxili lizinq müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli tərtib olunmuşdur. Avtomobilə görə aylıq 898,57 manat ödənilməli olmuşdur. Avtomobil şirkətin xüsusi mülkiyyətinə keçmiş və ** PN *** dövlət qeydiyyat nişanı vurulmuşdur. Müqaviləyə görə hər ay ödənişlər edildikcə ona və Təqsirləndirilən şəxs avtomobilə görə etibarnamələr verilmişdir. Etibarnamələr 1 ay müddətinə verilmiş və ödəniş edildikcə hər ay yenilənmişdir. 2023-cü ilin aprel ayının sonları Dimitri onunla əlaqə yaradaraq ona bildirmişdir ki, avtomobili duracağa yerləşdirilib və ondan xahiş etmişdir ki, avtomobili dayanacaqdan gedib götürsün. O maraqlandıqda ödəniş olunmamasını ona qeyd etmişlər. O isə Dimitriyə ödəniş etdikdən sonra xəbər etməsini tapşırmışdır. Sonradan polis idarəsinə izahat verməsi üçün dəvət edildikdə bilmişdir ki, Təqsirləndirilən şəxs ona şirkət tərəfindən verilmiş etibarnaməni saxtalaşdırıb istifadə etmişdir. Lakin bundan onun heç bir xəbəri olmamış, eləcə də bu barədə Dimitri ona heç bir söz deməmişdir. Aylıq ödənişləri Dimitri özü gedib şirkətə etmiş və özü də gedib etibarnamə götürmüşdür. O ona görə şirkətə getməmişdir. Fevral ayından etibarən ödəniş edilməməsindən xəbəri olmamışdır. Bu barədə onunla şirkətdən əlaqə saxlanılmamışdır. Həmçinin Dimitrinin də saxta sənəd əsasında avtomobili idarə etməsini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “X9” MMC 2021 -ci ilin may ayından fəaliyyət göstərir. O həmin MMC-nin direktoru və təsisçilərindən biridir. Şirkət avtomobillərin lizinq müqaviləsi ilə alınması ilə məşğul olur. “X9” MMC 2021-ci ilin may ayından fəaliyyət göstərir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir düşmənçilik, ədavət olmamışdır. Təqsirləndirilən şəxs onun direktoru olduğu lizinq şirkətinə müraciət edərək daxili lizinq müqaviləsi ilə avtomobil əldə etmək istədiyini bildirmişdir. Lakin ona xarici vətəndaş olduğu üçün lizinq müqaviləsi ilə avtomobil verilmədiyi bildirilmişdir. Bundan sonra 11 mart 2022-cü il tarixdə Şahid2 onun direktoru olduğu MMC-yə müraciət edərək lizinq müqaviləsi əsasənda Kia Optima markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Lizinq predmetinin ümumi dəyəri 22.600 manat təşkil etmişdir. Avtomobilə görə ödəniş 36 aya bölünərək aylıq ödənişi 898.57 manat təşkil etmişdir. Bu barədə ödəniş cədvəli müştəriyə təqdim olunmuşdur. Lizinq müqaviləsinə əsasən avtomobil şirkətin adına keçirilir və əldə olunmuş pul aylıq hissələrə bölünür. Hər ay ödəniş edildikdə avtomobili idarə etmək üçün etibarnamə verilir. Bundan sonra Şahid2 şirkətə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır və avtomobili o da idarə edəcəkdir. Buna görə aylıq ödəniş olduqca şirkət tərəfindən hər iki şəxsə, yəni Dimitri Kapanadzaeyə də etibarnamə verilmişdir. Lakin 2023-cü ilin fevral ayının 15-dən etibarən qeyd olunan avtomobilə görə ödənişlər olunmamışdır. Şahid2 ilə əlaqə saxlamaq istəsələr də əlaqə yarada bilməmişlər. Həmin müddətdən sonra qeyd olunan avtomobilə dair heç kəsə etibarnamə verməmişlər. 20 aprel 2023-cü il tarixdə X6 X5 Xidmətinin əməkdaşı şirkətlə əlaqə saxlamış və ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücü Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdən 02 may 2023-cü il tarixədək etibarnamə verilib-verilməməsini maraqlanmışdır. Şirkətdən isə araşdırılıb məlumat veriləcəyi deyilmişdir. Araşdırılaraq həmin avtomobilə dair etibarnamə verilməməsi müəyyənləşmiş və şirkətdən zəng edən əməkdaşa etibarnamə verilmədiyi deyilmişdir. Bundan sonra avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Avtomobil şirkətin mülkiyyətində olduğu üçün avtomobili dayanacaqdan gedib götürmüş və şirkətin dayanacağına gətirmişdir. Həmçinin YPX-nin əməkdaşı tərəfindən ona etibarnamə də verilmişdir. O etibarnaməyə baxmış və görmüşdür ki, etibarnamə çap üsulu ilə çıxarılmışdır. Etibarnamənin üzərində olan imza yəni birbaşa icra edilməmişdir. Şirkət tərəfindən verilən etibarnamələri ancaq o imza edir. Bəzi hallarda isə etibarnamələri onun əvəzinə müavini də imzalayır. Buna özü icazə vermişdir. Həmçinin etibarnamənin alt hissəsində mühasibin də imzası olur. İmzalar hər biri birbaşa imza olunur, yəni çap üsulu ilə olmur. Lakin təqdim edilən etibarnamə də imza və möhür skan vasitəsi ilə kompyuterə köçürülmüş sonradan çap edilmişdir. Etibarnamənin saxta olduğunu görüb bu barədə ərizə ilə polis idarəsinə müraciət etmişdir. Həmçinin araşdırma üçün həmin saxta etibarnaməni də təqdim etmişdir. Ona zəng etmiş YPX-nin əməkdaşını xatırlamır və həmin şəxsin nömrəsi də hazırda onda qalmamışdır. Məhkəmə iclasınadək xx.xx.2023-cü il tarixində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqramla müraciət edərək, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 85-86-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 102-103-cü vərəqlərində olan “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 11-ci vərəqində olan saxtalaşdırılmış etibarnamənin məzmunundan görünür ki, etibarnamə verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o, “X9” MMC-yə məxsus olan Kia Optima, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini Azərbaycan Respublikası ərazisində tərəflər arasında bağlanmış 11 mart 2022-ci il, 471 saylı daxili lizinq müqaviləsi şərtləri çərçivəsində idarə edə bilər. Bu etibarnamə üzrə səlahiyyətlər üçüncü şəxsə verilə bilməz. Etibarnamə xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Cinayət işinin 43-46-cı vərəqlərində olan məhkəmə sənədlərin texniki ekspertizasının 24 may 2023-cü il tarixli 5/724 N-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına 02 aprel 2023-cü il tarixli E10073/23 nömrəli etibarnamə axınlı printerdə çap edilmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına 02 aprel 2023-cü il tarixli E10073/23 nömrəli etibarnamənin üzərindəki möhür əksi birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına 02 aprel 2023-cü il tarixli E10073/23 nömrəli etibarnamənin üzərindəki imzalar birbaşa qələmlə icra edilməyib, axınlı prinetrdə çap edilmişdir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilənlərə əsasən, tədqiq olunan Təqsirləndirilən şəxs adına 02 aprel 2023cü il tarixli E10073/23 nömrəli etibarnamənin təqdim edilmiş “Canon TS 8240” markalı çoxfunksional qurğu (skaner, printer) vasitəsilə çap edilməsi istisna edilmir. Cinayət işinin 67-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar hesab edir.. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və əməlindən peşman olmasını) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili X3 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 5000 (beş min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd etibarnamə və 01 ədəd “Canon TS8240” markalı çoxfunkisonal qurğu (skaner, printer) KMBİ-nin maddi sübutların saxlama yerinə saxlanması nəzərə alınsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar