Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-612/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2025-ci il tarixdə naməlum şəxsdən xeyli miqdarda təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 10 avqust 2025-ci il tarixdə saat 16:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “Qırmızı Körpü” restoranının qarşısında olan zaman saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü əvvəlki məhkəmə iclasında qismən təqsirli bilsə də, sonuncu məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşman olmağını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “özünün psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Qeyd etmişdir ki, metamfetamini çəkmək yolu ilə qəbul edirmiş. 10 avqust 2025-ci il tarixində, günorta saatlarında anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində psixotrop maddə olan metamfetamin almışdır. Həmin maddəni istifadə etmək məqsədilə üzərində daşıyırmış ki, sonradan rahat olduqda istifadə etsin. Həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən “Qırmızı körpü” restoranının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsini istəmişlər. Bundan sonra o, şəxsi istifadəsi üçün əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini onlara təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümün tərkibi ilə maraqlandıqları zaman, onun içərisində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini demişdir. Daha sonra həmin bükümə baxış keçirilmiş, qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Ardınca onu yaxınlıqdakı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmuşdur. Bildirmişdir ki, nə polis bölməsində, nə də Suraxanı RPİ-nin MSY-də saxlanıldığı müddətdə ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilməmişdir”. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 10 avqust 2025-ci il tarixində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində - “Qırmızı körpü” adlanan ərazidə olması barədə əməliyyat məlumatı almışdır. Əldə edilmiş məlumat dərhal bölmə rəhbərliyinə məruzə edilmiş və müvafiq razılaşdırmadan sonra əməliyyat tədbiri həyata keçirilmişdir. Polis leytenantı Şahid2 və onunla birlikdə həmin əraziyə yollanmışdır. Saat 16:15 radələrində qeyd edilən ünvanda Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu müşahidə edilmişdir. Onun hərəkətləri izlənmiş, saat 16:30-da isə ona yaxınlaşılaraq əməkdaşlar tərəfindən özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi ilə bağlı məlumatın olduğu bildirilmiş və üzərinə video çəkilişlə baxış keçiriləcəyi haqqında məlumat verilmişdir.Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Baxışdan əvvəl ona qanunla qadağan olunmuş predmet və ya əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində "patı" adlanan psixotrop maddə - metamfetamin olduğunu bildirmiş və əynindəki qara rəngli şalvarın sağ cibindən bir büküm halında olan maddəni çıxararaq təqdim etmişdir.Baxış zamanı əlavə heç bir sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. Sonradan sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında aldığını etiraf etmişdir.Daha sonra maddi sübutla birlikdə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gətirilmiş və təhqiqatçı Ramiz Süleymanova təhvil verilmişdir. Onun üzərindən götürülmüş psixotrop maddə - metamfetamin təqdim edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Protokol hadisə iştirakçıları tərəfindən imzalanmışdır”. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, 10 avqust 2025-ci il tarixdə saat 16:30-da Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayırlar və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Qırmızı körpü” restoranının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində qanunla gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim edir, təqdim etdiyi bükümün içərisində nə olduğunu maraqlandıqda isə bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 10 manata tanımadığı şəxsdən aldığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirir, bundan sonra aşkar edilmiş bükülü qablaşdırılır və Təqsirləndirilən şəxs üzərinə əlavə baxış zamanı yad cisim aşkar edilmir və Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə polis şöbəsinə gətirilmək üçün çəkiliş dayandırılır. Bundan başqa 10 avqust 2025-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 33cü polis bölməsinin inzibati binasında təhqiqatçı Ramiz Süleymanovun xidməti iş otağında Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə ilkin olaraq çəkilmiş videoya baxılır və təqdim etdikləri zərfə baxış keçirilir, həmin zərfdə 01 ədəd büküm psixotrop maddə olan metamfetamin olması bildirilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-6/2730/2025 saylı 11 avqust 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan “Şübhəli şəxs Ə.Rüstəm (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,449 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq 0,399 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4858 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İV seriyalı 384051 nömrəli doğum haqqında şəhadətnaməsinin və AA eriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019cu il təvəllüdlü X1 adlı uşağı var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,399 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin.. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,399 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-612/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-612/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver