Məhkəmə qərarları › İş №1(010)-617/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-617/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-617/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 06 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, 08 – 10 avqust 2025-ci il tarixləri üzrə tutulmuş, 10 avqust 2025-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin 1(010)-363/2025 nömrəli iş üzrə 22 iyul 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 08 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 20 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 08 avqust 2025-ci il tarixdə saat 15:19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Südçülük Sovxozu, nömrəsiz ünvanda saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir və cəmi 3-4 dəfə istifadə etmişdir. Hadisə günü onu yaşadığı evdən götürərək 30-cu polis şöbəsinə aparmışlar. Orada narkotik vasitəni ona vermişlər, lakin üzərindən çıxan narkotik vasitə ona məxsus deyildi. Barəsində ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, uzun müddətdir ki, narkotik maddələrin kakos və patı kimi tanıdığı növlərindən inyeksiya yolu ilə istifadə edir. 08 avqust 2025-ci il tarixdə saat 10 radələrində Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat ödəməklə öz şəxsi istifadəsi üçün 01 ədəd sellofan bükümdə narkotik maddələrin “Patı” kimi tanıdığı növündən alaraq sonra istifadə etmək üçün üzərində saxlamışdır. 06 avqust 2025-ci il tarixdə saat 15 radələrində dostu ilə görüşmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozuna gəlmişdir. Həmin parkda hərəkətdə olarkən saat 15:19 dəqiqədə üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini tələb etmişlər. Özünü olduğu kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. O, da üzərində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan patı kimi tanıdığı narkotik maddəni, sağ yan cibindən isə 01 ədəd sadə mobil telefonu çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarından biri əlləri ilə paltarlarını yoxlamağa başlamışdır. Üzərindən başqa dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Polis əməkdaşların biri təqdim etdiyi bükümdə nə olması və haradan və nə məqsədlə əldə etməyi barədə soruşmuşdur. O, həmin bükümdə patı kimi tanıdığı narkotik maddə olduğunu həmin narkotik maddəni öz şəxsi istehlakı üçün 08 avqust 2025ci il tarixdə səhər saatlarında Hövsan qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən 20 manata əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi 01 ədəd büküm və 01 ədəd telefon polis əməkdaşlarından biri tərəfindən zərfə qoyularaq götürülmüş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatl daxil olmuş, Binə Südçülük sovxozunda narkotik vasitənin istifadəsi və qanunsuz gəzdirməsi ilə bağlı. Şəxsə yaxınlaşaraq videoçəkilişlə özlərini təqdim etmişlər. Şəxs özü könüllü şəkildə nakotiki göstərmişdir. Şəxsdən satış məqsədi olub-olmamasını soruşduqda, o, ancaq istifadəçi olduğunu demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə 3 nəfər polis əməkdaşı yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə yaxınlaşanda onlara heç bir müqavimət göstərməmiş, könüllü formada narkotiki təqdim etmişdir. Videoçəkilişlə yerində şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən hansı narkotik vasitə çıxdığını xatırlamır, istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Polis Bölməsinə aparılmış, təhqiqatçının otağında vəkillə təmin olunmuşdur. Polis şöbəsində təhqiqatçının kabinetində əşyaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı fizirki təsir, zorakılığ olmamışdır. Təqsirləndirilən şəxsi Binə Südçülük sovxozunda, Suraxanı ərazisinə düşən hissədə saxlamışlar. Təqsirləndirilən şəxs könüllü formada etiraf etmiş və narkotiki 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin dedikləri səhvdir, özü İran vətəndaşı ilə əlaqədə olmuş və narkotiki özü almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs o, Şahid1 və Şahid2la birlikdə saxlamışlar. Yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsin üzərindən narkotik vasitə çıxmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsə Binə qəsəbəsində 3 nəfər yaxınlaşmışlar. Saxlanılarkən şəxs qaçmamışdır. Videoçəkilişlə üzərinə baxış keçirilmiş, könüllü formada özü narkotiki təqdim etmişdir. Daha sonra şəxsi bölməyə aparmışlar. Şəxsin üzərində nə var idisə çəkilişdə oda çıxmışdır. Şəxsə qarşı həqə-qorxu olmamışdır. Təqsirləndirilən şəxsə videoçəkilişlə yaxınlaşıb özümüzü təqdim etmişlər və üzərində nə varsa təqdim etməsini bildirmişlər. O, da üzərində olan narkotiki təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 30-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sahib adlı şəxsin narkotik vasitənin istifadəsində şübhəli olduğu və konumla narkotik vasitə alacağı barədə 08 avqust 2025-ci il tarixində əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı rəhbərliyə məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Tədbir günörta baş vermişdir. Binə Südçülük sovxozunda yaxınlaşmışlar Sahibə, özlərini təqdim etmişlər. Üzərində hər hansına qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs də təqdim etmiş və üzərindən metamfetamin çıxmışdır. Öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi evdən götürməmişlər. Evdən götürsəydilər çəkiliş evdə olardı. Təqsirləndirilən şəxsin dedikləri tamamı ilə yalandır. Təqsirləndirilən şəxsin Binədə evi var, məlumat daxil olmuşdur ki, öz evində narkomanları yığır və narkotik vasitə istifadə elətdirir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 08 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı, Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozuna getmişlər. Həmin vaxtı, yəni saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatların olduğunu bildirib Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərində bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini tanımadığı şəxsdən alıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış və təhqiqatçı Ülvi Abbaszadəyə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən üzərinə baxış keçirildikdə yolda Təqsirləndirilən şəxs götürdükləri psixotrop maddə metamfetamini təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır”. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs də əynidəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü və həmin şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edir. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamini tanımadığı şəxsdən 20 manata alaraq saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs üzərində baxış aparıldıqdan sonra onun Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına aparılması və orada təhqiqatçı Ülvi Abbaszadənin otağında şübhəli şəxs qismində tutulması və digər istintaq hərəkətləri öz əksini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 6/2719 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...Təqsirləndirilən şəxs (imza)” yazısı imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,428 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,428 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,378 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5695 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən RNM-da (F15x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,428 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,378 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-363/2025 nömrəli iş üzrə 22 iyul 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin oğlu X3 “Zəngilanın azad olunmasına görə” 1-2222 nömrəli medalın vəsiqəsi verilmişdir. İş materiallarında olan sosial müavinət və təqaüd haqqında arayışın surətindən görünür ki, təqsirləndirilən şəxsin oğlu X3 vətən müharibəsi iştirakçısı kimi 80 manat müavinət verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğlu X2 vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 08 – 10 avqust 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 13 yanvar 2026-cı il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 1(010)- 363/2025 nömrəli iş üzrə 22 iyul 2025-ci il tarixli qərarı seçilmiş “həbs” növündə qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,378 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 – 10 avqust 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 13 yanvar 2026-cı il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 1(010)-363/2025 nömrəli iş üzrə 22 iyul 2025-ci il tarixli qərarı seçilmiş “həbs” növündə qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,378 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar