Məhkəmə qərarları › İş №1(010)-619/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-619/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-619/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5-ci sahil döngəsi, ev 1, mənzil 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,139 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat pul verməklə əldə edib üstündə saxlayaraq daşımış, 31 iyul 2023-cü il,tarixdə saat 14:40 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.139 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ay müddət olar ki, narkotik vasitə psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən alır. 31 iyul 2023-cü il tarixdə saat təxminən 14:40 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşıdığı bir büküm kütləni cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim eidiyi kütlənin nə olduğunu ondan soruşduqda o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Sonra isə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq protokol onun və digər iştirakçılar tərəfındər imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini 30 iyul 2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata almışdır. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmur. Sonda o, himayəsində azyaşlı uşağının olduğunu, ailənin yeganə qazanc mənbəyi olduğunu, əməlini səmimi etiraf etməsini və ondan peşman olduğunu nəzərə alınmasını və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-ci polis şöbəsinin baş əməliyyat-müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 31 iyul 2023-cü ildə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əmədliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat qrupunun üzvü, şöbənin CA üzrə kiçik əməliyyat inspektoru, polis baş serjantı Şahid2la birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 14:40 radələrində Hövsan qəsəbəsi O.Şabanov küçəsində nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxsu görüb ona yaxınlaşaraq özlərinü təqdim edib onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi Sahil küçəsi döngə 5 ev 2-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış və bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişdir. Şöbə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Sənan Süleymanlıya həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, başqa çıxış yolu olmadığından özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, o həmin bükümdə olan maddənin metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni 1 gün əvvəl Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənərək zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Murad özü imza etmiş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də Murad özü imza etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik maddəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 31 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə, saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 71-72-ci vərəqlərində olan 02 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Nuriyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 73-74-cü vərəqlərində olan 02 avqust 2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Suraxanı RPİ-nin 30-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Sənan Süleymanlı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman sonuncu əlindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin metamfetamin kimi tanıdığı maddə olduğunu, xx.xx.2023-cü ildə Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişir. Bükümlərdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 39-43-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 01 avqust 2023-cü il tarixli 3-16- 16/1-6/4100 №-lı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza) ...» sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,139 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psxotrop maddə metamfetamindir. Cinayət işinin 107-108-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5049 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 62-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 31 iyul 2023-cü tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin metamfetamin olduğunu, xx.xx.2023-cü ildə Suraxanı rayonu Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirir. Cinayət işinin 88-89-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxi olmuş tələbnaməyə əsasən Əliyev X2 hərbi məhkəməsinin xx.xx.2010-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə 6 ay intizam xarakteri H/H-də cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.139 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin təmiz çəkisi 1,139 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını və himayəsində 1 azyaşlı övladının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyənləşdirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, törətdiyi əməlini etiraf etməsinə, törətdiyi əməldən səmimi olaraq peşman olmasına və himayəsində 1 azyaşlı övladının olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində 31 iyul 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 31 iyul 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,089 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar