Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-623/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Muradov Pərviz Namiq oğlu, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X24 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 iştirakları ilə, 12 fevral 1968-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, jurnalistlika fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X24 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X24 tərəfindən Suraxanı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X24 izahatında verdiyi xüsusi ittiham qaydasında şikayətə əsaslanaraq bildirmişdir ki, X25 tərəfindən 18 may 2023-cü il tarixdə MediaTV.az/karusel informasiya saytında onun və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri haqqında şər-böhtan xarakterli məqalə çap olunmuşdur. X25 heç bir əsası olmadan onun haqqında təhqirlə dolu ifadələr işlətmiş, məqalədə onun və ailə üzvlərinin haqqında şər-böhtan, şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar vermişdir. Bu səbəbdən işdən ayrılmaq məcburiyyətində qalmışdır. Tək anadır, himayəsində 2 uşağı var, böyük oğlu Vilayət Məmmədov BDU-nun 1-ci kurs tələbəsidir, kiçik oğlu Murad Məmmədov isə məktəblidir. Cavabdehin qərəzli, məkrli qarayaxması ilə dərc edilmiş əsassız və sübutsuz yazının nəticəsində kariyerası məhv edilmiş, uşaqlarının gələcək perspektivi heç olmuşdur. Son 8 il müddətində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında 2016-2018-ci illərdə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi (kadrlar üzrə işin aparıcısı), 2018- 2023-cü illərdə isə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur, dövlət qulluqçularının kadr ehtiyat fondunda ön sıradadır, 3 il müddətində dövlət qulluqçularının qiymətləndirilməsi cədvəlində 4.8 bal (əla) qiyməti almışdır. Dövləti üçün çalışmış, istər COVİD-19 pandemiyası zamanı, istərsə də 2-ci Vətən müharibəsi zamanı vətəni və dövləti üçün gecə-gündüz işləmişdir. Həmçinin, övladlarını evdə zirzəmidə gizlədib raket düşmüş ərazilərdə işləmiş, bunu bir vətəndaş kimi özünə borc bilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə 08 yanvar 2019-cu ildən təyin olunmuş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini X28 isə 15 fevral 2020-ci ildə vəzifəyə təyin olunmuşdur. Onu vəzifəyə təyin edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov olub. Özü erməni əsilli deyildir, anası və atası əslən azərbaycanlıdır. Elə bu səbəbdən ona və ailə üzvlərinə olan bu haqsız, şərəf-ləyaqəti alçaldan, heç bir reallığa sığmayan böhtan xarakterli məlumatlar onu çox incidir. Belə ki, məqalənin müəllificavabdeh tərəf faktları yoxlamadan, kiminsə diktəsi ilə bildirmişdir ki, Bağırova (Məmmədova) Nigar nigahdan kənar doğulmuş, valideynləri ermənidirlər, ona görə də, soyadını sonradan dəyişdirmişdir. X3 N.Bağırovanı nigahdan kənar arzuolunmaz hamiləlikdən dünyaya gətirdiyini iddia etməklə onu və valideyinlərini təhqir etmişdir. Halbuki, o, ailə qurandan sonra (qanunvericiliklə ailə quran hər bir vətəndaş nikaha daxil olduqda ərinin soyadını götürmək iqtidarındadır) soyadını dəyişdirmişdir. Anası - Bağırova (Ələkbərova) Nailə Ələsgər qızı xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur, əslən yerli gəncəlidir və atası xx.xx.1955-ci ildə Gəncə şəhərində anadan olmuş, əslən Ermənistanın Vedi rayonundan olan (babası X6 rayonunda anadan olub) atası X20 ilə evliliklərini 11 avqust 1979-cu ildə rəsmi nikaha daxil olmaqla rəsmiləşdirmişlər. Bu nikahdan 1980-ci ildə qardaşı, 1982-ci ildə bir bacısı və xx.xx.1983-cü ildə özü anadan olmuşdur (nikah haqqında və doğum haqqında şəhadətnamənin surəti ərizəsinə əlavə edilmişdir). O, 07 avqust 2004-cü il tarixdə Gəncə sakini X10 ilə rəsmi nikaha daxil olmaqla, qeydiyyatdan keçmiş, bu səbəbdən ərinin soyadını götürərək "Məmmədova"ya dəyişmişdir. (nikah haqqında şəhadətnamənin surəti şikayətə əlavə edilmişdir). Cavabdehin qeyd etdiyi kimi onun “Məmmədov Həbib” adlı atası olmamışdır. Onu alçaldan yazı ilə şərəfli peşə olan poçtalyon işlədiyi barədə məlumatlarla bağlı isə bildirir ki, hər bir işçi əmək fəaliyyətinə sıravi vəzifələrdən başlayır. O, isə əmək fəaliyyətini sıravi poçt işçisi olmaqla, poçtalyon deyil də, “əməliyyatçi” kimi başlamışdır. Hətta belə olsa idi də, bu, cəmiyyətdə heç də qəbahət deyildir. Ailəni dolandırmaq üçün heç bir vəzifənin ayıb olmadığını, poçtalyon olmağın isə ən şərəfli peşə olduğunu qeyd etmişdir. O, poçtalyon deyil, əməliyyatçı kimi əmək fəaliyyətinə başlamış, sonralar tədricən ixtisasını artıraraq kadrlar üzrə mütəxəssis, kargüzar, vətəndaşlarla iş və s. ixtisaslara yiyələnmiş və tutduğu vəzifəyə bacarığı, işgüzarlığı və tələbkarlığı sayəsində çatmışdır. Gəncə şəhərində dəbdəbəli evi yoxdur. Şəhərin ucqar qəsəbəsində (avtozavod deyilən yerdə) həyat yoldaşının tikdirdiyi evdə yaşayır, başqa evi yoxdur. Bütün bunlara əsaslanaraq hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs X25 yalan olduğunu bilə-bilə onun barəsində kütləvi informasiya vasitəsində şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, eləcə də ağır cinayətdə ittiham edən məlumatlar yaymaqla Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Sonda isə şikayətinin icraata qəbul edilməsini və X13 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını və 10000 (on min) manat məbləğində təzminatın X11 alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən şikayət vermiş X14 nümayəndəsi (vəkili) Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və X17 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli yalan məlumatlar yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 izahatında bildirmişdir ki, Mediatv.az saytının rəhbəridir. Nigar Bağırovanın şikayəti əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı verdiyi vəsatətlərə əsaslanaraq şikayətçi X14 ilkin olaraq verdiyi ərizəsində harada işləməsi və hansı vəzifə daşıması barədə barədə heç bir məlumatın şikayətdə qeyd olunmamasını bildirmişdir. İkinci növbədə çap olunmuş “Qazilərə qarşı dələduzluq edən şəxsə oranın birinci müavini “Krişalıq” edirdi” sərlövhəli məqalədə adıçəkilənlərdən birinin də Nigar Məmmədova olmasını, şikayətçinin soyadının isə Bağırova olmasını bildirmişdir. Üçüncü növbədə, şikayətçinin ərizəsində cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə başlanmasını tələb etməsini, əslində isə maddələrin 147.1 və 148.1 olaraq göstərilməli olduğunu qeyd etmişdir. Dördüncü növbədə, şikayətçi Nigar Bağırova ərizəsində bildirmişdir ki, yalan olduğunu bilə-bilə onun haqqında məlumatı yaymışdır. Bildirir ki, şikayətçini tanımır və ona qarşı heç bir qərəzi yoxdur. <mailto:foxs.020.azerbaycan@gmail.comElektron ünvan >- elektron poçtundan gəlmiş məktubu dəqiqləşdirmək üçün həmin məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin elektron poçtuna ünvanlamışlar. Azərbaycan Respublikasının "İnformasiya əldə etmək və kütləvi informasiya vasitələri" haqqında qanunun müvafiq bəndinə əsasən elektron sorğu 24 saat müddətində cavablandırılmalı olduğu halda, sorğularına İcra Hakimiyyəti tərəfindən heç bir cavab gəlməmişdir. Bundan sonra məqalə redaktə olunmaqla çap olunmuşdur. (Yazıda bir qazinin problemlərindən söhbət açılır). Beşinci olaraq, şikayətçi ərizəsində 36 AZN dövlət rüsumu ödədiyini, xüsusi ittiham qaydasında verilmiş ərizədə isə dövlət rüsumu olmadığını bildirmişdir. Altıncı olaraq şikayətçi onun Məmmədov Həbib adlı atasının olmadığını bildirmiş, bu isə həmin məqalənin ona heç bir aidiyyatı olmadığına əsasdır. Yeddinci olaraq, şikayətçi hal-hazırda Gəncə şəhərinin ucqar qəsəbəsində həyət evində yaşadığını bildirir, ərizəsinin başqa bir hissəsində isə Bakı şəhəri Nərimanov rayonu 82, mənzil 10-da yaşadığını göstərir. Şikayətçi Konstitusiyanın 30-cu maddəsi (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissəsində qeyd edilən hüquqları (şəxsi ailə sirrini saxlamaq hüququ), 47-ci maddəsini (fikir və söz azadlığı hüququ) və s. sadalayır. Bunların isə ona heç bir aidiyyəti yoxdur. Sonuncu olaraq isə qeyd etmişdir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İİİ hissəsinə əsasən "Notarius və ya Qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər". Məhkəmə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəasını, Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü və 302.1.7-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin sübut kimi təqdim etdiyi məqalə çıxışını mötəbər sübut kimi qəbul edə bilməz. Qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət verən şəxs, ona qarşı ehtimal olunan cinayətin tərədilməsini sübut edən mötəbər sübutları notarial qaydada təsdiq etməklə şikayətinə əlavə etməlidir. Mövcud vəziyyətdə şikayət verən şəxs, şikayət ərizəsinə mötəbər sübutlar əlavə etməmiş, mənbəyi və mənşəyi bilinməyən sübutlar əsasında məhkəmə işi açmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən qanunvericiliyin tələbləri pozulmaqla verilmiş şikayətin, məhkəmə tərəfindən baxılmamaqla ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 əmək kitabçasından görünür ki, xx.xx.2016-ci il tarixli əmrlə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) vəzifəsinə təyin edilib. xx.xx.2017-ci il tarixdə Aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X14 atası Gəncə şəhərində doğulmuş X20, X4dır. 28 iyul 1979-cu il tarixdə onlar rəsmi nikaha daxil olmuşlar. X4 da Gəncə şəhərində doğulmuşdur. X1 Dəyanət Vilayət oğlu ilə rəsmi nikaha daxil olmuş, 10 sentyabr 2004-cü il tarixdə həyat yoldaşının soyadına, yəni Məmmədova soyadına keçmişdir. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X14 atası X20 26 may 2016-cı il tarixdə ağciyərlərin ödemi xəstəliyindən ölmüşdür. X5 isə 06 sentyabr 2010-cu il tarixdə ölmüşdür. Mediatv.az domenə aid reyesterdə daxil edilmiş məlumata əsasən həmin internet portalının hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsidir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatından 01 dekabr 2023-cü il tarixli, 1(010)-623/2023 saylı məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 07 dekabr 2023cü il tarixli məktubla bildirilmişdir ki, X24 xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək Gəncə Şəhər icra Hakimiyyəti başçısı Aparatının sənədlərin və vətəndaşların müraciətləri ilə iş şöbəsində kadrlar üzrə işin aparıcısı, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü tarixinədək Sənədlərin və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixindən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Təqdim etdiyi sənədlərdən görünür ki, X24 hal-hazırda Gəncə şəhərində deyil, Bakı şəhəri, N.Nərimanov rayonunda yaşayır. İş materiallarından görünür ki, X24 verdiyi xüsusi ittiham qaydasında şikayətlə bağlı heç bir dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, X24 tərəfindən xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş MediaTV.az/karusel informasiya saytından edilmiş çıxarış sənədin əsli deyil, surətidir, məlumatın kim tərəfindən paylaşılması həmin sənəddə aydın müəyyən olunmur. Həmçinin hər hansı bir notarial qaydada təsdiq olunmuş surət yoxdur və ya paylaşan şəxs barədə məlumat görünmür. Odur ki, həmin məqalənin həqiqətən də, X25 tərəfindən yazılmasını və paylaşılmasını təsdiq edəcək hər hansı mötəbər sübut qismində dəyərləndiriləcək və şikayətin icraata qəbul edilib məhkəmə baxışı təyin edilməklə, X13 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə əsas ola biləcək sübut təqdim edilməmişdir. X25 tərəfindən vəsatətlə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, <mailto:foxs.020.azerbaycan@gmail.comElektron ünvan >- elektron poçtundan gəlmiş məktubun mətnini dəqiqləşdirmək üçün Gəncə şəhər İcra Hakimiyyətinin elektron ünvanına məktub yazmış və qoşmada həmin məqaləni qoymuş, lakin bununla bağlı İcra Hakimiyyətindən heç bir cavab ala bilməmiş, bundan sonra həmin məqalə redaktə olunmaqla MediaTV.az/karusel informasiya saytında paylaşılmışdır. Həmin paylaşımda isə böhtan və təhqir xarakterli məlumatın olması müəyyən edilmir. Nigar Bağırova tərəfindən xüsusi ittiham qaydasında şikayətinə əlavə edilmiş məqalənin surətində isə böhtan xarakterli məlumatlar öz əksini tapsa da həmin məlumatların kim tərəfindən, hansı xəbər portalında paylaşılması sənədin əsli və ya əslinə bərabər notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmədiyindən sübut kimi qəbul edilməsi yolverilməzdir. X2 tərəfindən vəsatətlə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, <mailto:foxs.020.azerbaycan@gmail.comElektron ünvan >- elektron poçtundan Gəncə şəhər İcra Hakimiyyəti ilə bağlı 54 kütləvi informasiya vasitəsinin elektron ünvanına göndərilmiş Nigar Bağırova ilə bağlı məqalə bir çox xəbər portalında redaktə olunmadan olduğu kimi dərc edilmişdir. İş materiallarına əlavə edilmiş xəbər portallarından çıxarışlardan görünür ki, Siam.az, Turantv.az, Teref Xocalının blogu kimi xəbər portallarında “Gəncə İcra Hakimiyyətində ermənipərəst kadr siyasəti” başlıqlı məqalələr redaktə olunmadan dərc edilmişdir. Göründüyü kimi X25 tərəfindən <mailto:foxs.020.azerbaycan@gmail.comElektron ünvan >- elektron poçtundan MediaTV.az/karusel informasiya saytının elektron ünvanına daxil olmuş məlumat redaktə olunmaqla həmin saytda paylaşılmışdır. <mailto:foxs.020.azerbaycan@gmail.comElektron ünvan >- elektron poçtunun kimə məxsus olması ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-in 135-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Plenum qərarından da göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə edilmişdir. X7 tərəfindən bir neçə məhkəmə hazırlıq iclası keçirilməsinə baxmayaraq qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X24 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-623/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-623/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver