Məhkəmə qərarları › İş №1(010)-625/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-625/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-625/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü ildə Gürcüstanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, himayəsində dörd azyaşlı uşağı olan, Qobustan rayonu, Hilmilli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 17 oktyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə saat 20 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yaşadıqları evin yaxınlığındakı nömrəsiz küçədə, özünə məxsus «Reno» markalı avtomobillə hərəkətdə olan qonşusu Zərərçəkmiş şəxs əllə işarə edib avtomobili saxlatdırmış, avtomobilin qabaq sağ oturacağına əyləşərək bir neçə gün əvvəl həyat yoldaşları ilə aralarında olan mübahisədə kimin haqlı olub-olmamasına aydınlıq gətirmək məqsədi ilə mübahisə edərək qəflətən Zərərçəkmiş şəxs bir dəfə burun nahiyəsindən, bir dəfə isə sağ bazu nahiyəsindən yumruqla vuraraq ona burun sümüyünün yerdəyişmiş sınığı, burun kökünün əzilmiş yarası və sağ bazunun qançırından ibarət xəsarətlər yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, onunla qonşuluqda yaşayır, əvvəllər aralarında hər hansı bir narazılıq və ədavət olmamışdır. Təxminən 2023-cü ilin iyun ayının ortalarında Səbuhinin həyat yoldaşı ilə onun həyat yoldaşı arasında mübahisə olmuşdur. Bundan bir neçə gün sonra isə Səbuhi arvadı ilə onların həyətinə gəlmiş, onunla danışan zaman Səbuhinin arvadı nalayiq sözlər dediyinə görə, Səbuhiyə demişdir ki, «arvadının başına ağıl qoy və gedin buradan». Bundan bir neçə gün sonra isə özünü Səbuhinin dayısı oğlu kimi təqdim edən Eldəniz adlı şəxs onların qapısına gələrək demişdir ki, Səbuhiyə nə mənada «arvadının başına ağıl qoy» demişdir, o söz başqa məna da verə bilər və bu səbəbdən aralarında sözlə mübahisə olmuşdur. 23 iyun 2023-cü il tarixdə saat təxminən 20 radələrində Səbuhinin avtomobillə Hövsan qəsəbəsinə doğru hərəkət etdiyini görüb işarə edərək avtomobili saxlatdırmış, qabaq sağ oturacağa əyləşmiş və Səbuhinin qohumunun onun qapısına gəlməsinə görə iradını bildirmişdir. Səbuhi isə qohumunun onların qapısına gəlməsinə haqq qazandırdığına görə aralarında mübahisə olmuş və qohumunun kriminal aləmdə tanınmış şəxs olduğunu deyərək hədələyici sözlər işlətdiyinə görə əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs burun nahiyəsindən və sağ qolundan yumruqla bir dəfə zərbə vurmuşdur. Bundan sonra, o, maşından düşüb getmişdir. Səbuhini vurarkən ətrafda heç kim olmamışdır. Eldəniz adlı şəxs onların həyətinə gəldiyi vaxt ona qarşı zor tətbiq etməyib, yalnız Səbuhinin həyat yoldaşına görə öz iradını bildirmişdir. Eldəniz adlı şəxsin Səbuhinin qohumu olduğunu sonradan öyrənmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmasını, 4 azyaşlı övladının olmasını, vurduğu zərəri tamamilə ödəməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxsla barışaraq ona vurulmuş ziyanı tamamilə ödədiyini, buna görə də cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 7 ildir ki ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs da uzun müddətdir ki, onunla qonşuluqda yaşayır, əvvəllər aralarında hər hansı bir narazılıq və ədavət olmamışdır. Ərizəsində göstərdiyi hadisədən təxminən bir həftə əvvəl Ruslanın həyat yoldaşı ilə onun həyat yoldaşı arasında sözlü mübahisə olmuş, sonra isə barışıq olaraq münasibətləri normallaşmışdır. 23 iyun 2023-cü il tarixdə saat təxminən 20 radələrində özünə məxsus idarə etdiyi “Reno” markalı avtomobillə Hövsan qəsəbəsinə doğru hərəkət edən zaman, evinin yaxınlığında qonşusu Ruslan əli ilə işarə edərək avtomobili saxlamağını bildirmişdir. Avtomobili saxlamış və Ruslan əvvəlcə avtomobildə kiminsə olub-olmadığını soruşmuş, avtomobildə tək olduğunu bildirmişdir. Belə olduqda, Ruslan avtomobilə qabaq sağ oturacağa əyləşmiş və bir həftə əvvəl həyat yoldaşları arasında olan mübahisədə onların günahkar olduğunu və guya, o, və ya digər qohumunun onun qapısına gedib onları narahat etdiklərini demişdir. Ruslana bildirmişdir ki, nə özü, nə də hər hansı qohumu onun qapısına getməmişdir. Bu anda Ruslan qəflətən onun burun nahiyəsinə güclü bir zərbə vurmuşdur. O, ani olaraq huşunu itirən kimi olmuş, bu zaman Ruslan qolundan və digər nahiyələrinə də bir neçə yumruq zərbəsi vurmuşdur. Bundan sonra o, maşından düşüb maşını da həmin yerdə qoyaraq evə getmiş və bir qədər sakitləşdikdən sonra, həmin yerə qayıdıb avtomobilini götürmüşdür. Sonra isə TTY-ə müraciət etmiş, onu Respublika kliniki xəstəxanasına aparmışlar. Orada məlum olmuşdur ki, burun sümüyü sınmış və cərrahi əməliyyat aparılmışdır. Ruslan onu vurarkən ətrafda heç kim olmamış, sonradan 2 nəfər şəxs Ruslana tərəf yaxınlaşmış, o, isə evə tərəf getmiş, həmin şəxslərin kim olmasını bilməmişdir. Eldəniz adlı şəxs onun dayısı oğludur. Onunla Ruslanın həyat yoldaşları arasında mübahisə olduğu vaxt özü rayonda olmuş, həmin mübahisədən sonra Eldəniz onlara qonaq gəldiyi vaxt həyat yoldaşı qonşu ilə olan mübahisəni ona demiş, Eldəniz isə Ruslangilin qapısına gedərək onların barışmasını məsləhət görmüşdür. O, ancaq bunu Ruslana izah etmiş, ona qarşı da heç bir təhqiredici söz deməmişdir. Hal-hazırda aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış məhkəmə tibbi ekspertizasının rəyi və digər sübutlarla da kifayət qədər təsdiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 27 iyun 2023-cü il tarixli 562 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir:-“burun sümüyünün yerini dəyişmiş sınığı, burun kökünün əzilmiş yarası, sağ bazunun qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilmiş müddətdə və şəraitdə, yəni 23 iyun 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur.” 26 avqust 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər. 16 oktyabr 2023-cü il tarixli, “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi yeri, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz küçədə yerləşən daş hasarın yanındakı ünvanı göstərərək 23 iyun 2023-cü il tarixdə saat 20 radələrində aralarında yaranmış şəxsi münaqişə zəminində qonşusu Zərərçəkmiş şəxs, sonuncuya məxsus avtomobilin içərisində yumruq ilə burun və sağ qol nahiyələrinə zərbə vuraraq xəsarət yetirdiyini bildirmişdir. 18 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. 17 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin əvvəllər cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na əsasən sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və. s aid edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar