Məhkəmə qərarları › İş №1(010)-625/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-625/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-625/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin əməkdaşları tərəfindən 08 avqust 2025-ci il tarixdə saat 21:51 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsində, “Veteranlar parkının” arxasında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisindən bir ədəd sarı rəngli kağız bükümdə 0,822 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, bununla da satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Narkotikin istifadəçisi deyil. İlk dəfə idi ki isitfadə etmişdir. Hadisə günü polis əməkdaşları onu parkda yaxınlaşıb tutmuşlar. Əməlindən peşman olmağını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 nəfər polis əməkdaşı yaxınlaşmışlar. Üzərində mentamfetamin var idi. Menamfetamini həmin gün əldə etmişdir. Metamfetamini iranlıdan onlayn şəkildə konumla almışdır. Həmin gün metamfetamini istifadə etməmişdir. Polislər ona saat 9-10 radələrində yaxınlaşmışlar. Polislər yaxınlaşıb üzərinə videogörüntü ilə baxış keçirmişlər və üzərindən metamfetamin çıxmışdır. Polislər tərəfindən ona qarşı fiziki təsir, hədə-qorxu, döymə halı olmamışdır. 5 və 6 yaşlarında iki azyaşlı övladı var. Narkotiki onlayn almış, gedib konumla götürmüşdür. Polislər ona təzyiq göstərməmişlər. Narkotikin metamfetamin növündən istifadə etmişdir. Narkotik öz istifadəsi üçün idi, kiməsə verməyəcəkdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sürücülük edərək dolanışığını təmin edir. Əvvəllər məhkum olunmamışdır. Evlidir, iki azyaşlı övladı vardır. Əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Ancaq son zamanlar psixotrop maddə olan metamfetamindən istifadə etmək marağına düşmüşdür. Buna görə də “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə əlaqə qurub onunla bir neçə gün orada danışdıqdan sonra ona metamfetamin göndərməsini istəmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında tanımadığı həmin İran İslam Respublikası vətəndaşından 20 manata şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almış və həmin metamfetamini üzərində olan “Kent” markalı siqaret qutusunun içərisinə qoyub həmin siqaret qutusunu da əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsində, “Veteranlar parkının” arxasında piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb Suraxanı RPl-nin 32-ci PB-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə məlumat daxil olduğunu bildirib üzərində narkotik vasitə vardırsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki içərisində metamfetamin olan siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri həmin vaxt mobil telefonla videoçəkiliş aparmışdır. Polis əməkdaşları siqaret qutusunun içərisindən sarı rəngli kağız bükümdə olan metamfetamini tapmışlar və daha sonra həmin metamfetamini siqaret qutusunun içərisinə qoyub bir ədəd zərfdə qablaşdırmışlar, həmin zərfi möhürləmişlər, üzərinə adları yazılmış və adlarının qarşısından imzalarını çəkmişlər. Bundan sonra yoxlama zamanı üzərindən istifadə etdiyi “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Həmin mobil telefon da bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Suraxanı RPl-nin 32-ci PBnə gətirmişlər. O, hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır, üzərindən aşkar olunmuş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamış və daşımışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Veteranlar parkı”nın arxasında saxlamışlar. 2025-ci ilin avqust ayında Rauf adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində və gəzdirməsində məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı bölmə rəhbərliyinə məlumat vermişlər. Əməliyyat qrupu yaradılmış və hadisə yerinə, yəni “Veteranlar parkı”nın arxasına getmişlər. Təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində metamfetamin olmasını demişdir. Siqaret paçkasının içində matamfetamin var idi. Hava qaranlıq olduğu üçün işıqla baxandan sonra sarı sellofana bükülmüş 1 büküm metamfetamini təqsirləndirilən şəxs onlara təqdim etmişdir. Həmin metamfetamini qablaşdırıb, zərfə qoyub təhqiqata təhvil vermişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən tək idi. Təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Hadisə yerində videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsin üzərindən metamfetamın aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki təsir, döymə olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Digər şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “o, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və daşıması barədə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. 08 avqust 2025-ci il tarixdə o, bu barədə polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş, daha sonra polis bölməsinin rəhbərliyinin icazəsi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, daha sonra polis bölməsinin rəisinin əmri ilə Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Suraxanı RPl-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 08 avqust 2025-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində, “Veteranlar” parkının arxa tərəfində olduğunu müəyyən etmişlər. Onlar 08 avqust 2025-ci il tarixdə saat 21:51 radələrində qeyd olunan küçədə Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb saxlamışlar və özlərini təqdim etmişlər, daha sonra isə barəsində Suraxanı RPİnin 32-ci PB-nə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində narkotik vasitə vardırsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarıb təqdim etmiş və həmin siqaret qutusunun içərisində metamfetamin olmasını bildirmişdir. O həmin siqaret qutusunu Təqsirləndirilən şəxs götürmüş və görünməsi üçün küçənin işıqlandırılan hissəsinə keçmiş, orada o, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxmış və qutunun içərisindən bir ədəd sarı rəngli büküm tapmışdır. Həmin bükümü açıb içərisinə baxanda bükümdə metamfetamin olmasını görmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs orada bildirmişdir ki, həmin maddə metamfetamindir, şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn yolla Xətai rayonu ərazisində almışdır. Bundan sonra həmin maddə onlar tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənib götürülmüşdür. Bundan sonra üstünə yoxlama keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən istifadəsində olan “Samsung A33” markalı mobil telefon aşkar olunmuş, onlar həmin mobil telefonu da bir ədəd zərfdə qablaşdırıb möhürləyərək götürmüşlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər. Əməliyyat-axtarış tədbiri keçirilən zaman əvvəldən axıradək Suraxanı RPl-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır”. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Suraxanı RPİ-nin 32-ci polis bölməsinin kiçik əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir. Kiçik əməliyyat müvəkkili Şahid3 tərəfindən mobil telefonla əməliyyat-axtarış tədbirlərinin videoçəkilişi aparılır, 08 avqust 2025-ci il tarixdə saat 21:51-də əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 küçədə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayırlar və özlərini təqdim edibSuraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs saxlanıldığı ünvanın ünvan 5duğunu bildirirlər. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şabhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə əməliyyat məlumatı daxil olduğunu bildirir və üzərində dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə vardırsa onu təqdim etməsini təklif edirlər, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirir və əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən “Kent” markalı siqaret qutusu çıxarıb polis əməkdaşlarına təqdim edir. Əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu götürüb küçənin işıq düşən yerinə gedirlər və orada Təqsirləndirilən şəxs təqdim etdiyi “Kent” markalı siqaret qutusunu açmağa başlayır. Skoçlanmış siqaret qutusu əməliyyat müvəkkili Şahid1 tərəfindən açılır və baxış zamanı qutunun içərisindən sarı rəngli bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Xətai rayonu ərazisində tanımadığı şəxsə onlayn yolla 20 manat pul ödəyib aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində metamfetamin olan büküm polis əməkdaşları tərəfindən yenidən siqaret qutusunun içərisinə qoyulur, daha sonra isə həmin siqaret qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənib götürülür. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılır, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən Samsung A33 markalı mobil telefon aşkar olunaraq götürülür, həmin mobil telefon da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Bundan başqa Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 özlərini təqdim edirlə və əməliyyat müvəkkili Şahid1 bildirir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə Rauf adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində daşıması və saxlaması barədə məlumat daxil olmuşdur, həmin məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılıb üzəri yoxlanılan zaman sonuncunun üzərindən bir ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuş, həmçinin üzərinə keçirilən yoxlama zamanı sonuncunun üzərindən istifadəsində olan Samsung A33 markalı mobil telefon aşkar olunaraq götürülüb qablaşdırılmış, qeyd olunan hərəkətlər keçirilən zaman videoçəkiliş aparılaraq qeydə alınmışdır, hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə bənzər maddə qablaşdırılmış bir ədəd zərf, mobil telefonun qablaşdırıldığı bir ədəd zərf və əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınmış video görüntünün köçürüldüyü bir ədəd disk təhqiqata təqdim edilir. 32-ci polis bölməsinin təhqiqatçısı Amil Cəfərov tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilən zaman qeydə alınmış video görüntünün köçürüldüyü bir ədəd disk kompüterə qoyularaq baxılır və diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə metamfetamin və bir ədəd mobil telefon aşkar olunaraq götürülüb qablaşdırılmasının görüntülərinin olması, habelə əməliyyat-axtarış tədbirlərinin əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınması öz təsdiqini tapır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-6/2723/2025 saylı 09 avqust 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı imzalar olan zərfdəki üzərində “Kent” yazısı olan siqaret qutuda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,822 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq 0,772 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5482 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 09 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 01 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “axtarışda olan şəxsin tutulması” haqqında 06 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2025-ci il tarixdə saat 15:30 radələrində Səbail rayonu ərazisində saxlanılaraq 32-ci polis bölməsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 07 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,772 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,772 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar