Məhkəmə qərarları › İş №1(010)-634/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-634/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-634/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1(010)-349/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 7(010)-752/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş həmin hissəsi 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 30 oktyabr 2023-cü il tarixdə barəsində hazırki iş üzrə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi ev 18-də yaşadıqları evdə atası Zərərçəkmiş şəxs ona tüfeyli həyat tərzi keçirdiyinə görə iradını bildirdikdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən 1 dəfə yumruqla vurub sonuncunun döş qəfəsinin yumşaq toxumasının hematoması və hidrotoraksla (döş boşluğuna mayenin yığılması) müşayiət olunan sol İX qabırğanın yerdəyişən qapalı sınığı xəsarəti yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında atası və anası ilə birlikdə yaşayırdı. Zərərçəkmiş şəxs onun atasıdır. Hadisə olan vaxtlar neçə müddət idi ki, işləmirdi və bu səbəbdən atası mütəmadi olaraq ona iradlarını bildirirdi. Sonuncu dəfə 14 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində evlərində olarkən yenə də atası işləmədiyi üçün ona öz iradını bildirmiş, atasına cavab qaytardığına görə, ona söyüş söymüşdür. Bu zaman əsəbləşərək yumruqla bir dəfə atasının bel nahiyəsindən güclü zərbə vurub yerə yıxmışdır. Bundan sonra isə evdən çıxıb getmişdir. Bir qədər sonra isə evə qayıdıb atasından üzr istəsə də, atası onu bağışlamayacağını və polisə şikayət edəcəyini bildirmişdir. Bir neçə gün sonra isə o, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə çağırılmış və məlum olmuşdur ki, atası onun barəsində şikayət ərizəsi vermişdir. Həmçinin ona məlum olmuşdur ki, yumruqla atasının döş qəfəsi nahiyəsindən vurması nəticəsində sonuncunun qabırğası sınmışdır. Atası Zərərçəkmiş şəxs öz evlərinin qonaq otağında vurarkən evdə heç kim olmamışdır. Atasını xuliqanlıq niyyəti ilə vurmamışdır. Atasını vurub xəsarət yetirdiyinə görə əməlindən səmimi peşmançılıq çəkir. Hazırda zərərçəkmiş şəxslə barışmasını, vurduğu zərəri tamamilə ödəməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirmək niyyətində olmamış, hadisə təsadüf nəticəsində məişət zəminində baş vermişdir. Hazırda atası onu bağışlamış və barışmışlar. Əməlindən səmimi peşmandır. Barəsində olan cinayət işi üzrə əməlinin daha yüngül maddəyə tövsif olunmasını və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla bir ünvanda yaşamışlar. Nurlan son bir neçə müddət tüfeyli həyat tərzi keçirərək, işləyib ailəyə maddi dəstək olmaması səbəbindən aralarında narazılıq olmuşdur. Sonuncu dəfə 14 iyul 2023-cü il tarixdə, saat təxminən 14 radələrində evdə olarkən yenə də Nurlana işləmədiyi üçün öz iradını bildirmiş, bu zaman oğlu ona kobud cavab qaytardığından oğlunun ünvanına söyüş söymüşdür. Bu zaman Nurlan onunla mübahisə edərək söyüşlər söyüb üzərinə gələrək yumruqla 1 dəfə bel nahiyəsindən zərbə endirmişdir. O, bel nahiyəsində kəskin ağrı hiss edib yıxılmışdır. Nurlan isə qaçıb evdən getmişdir. Sonrakı günlər belində ağrılar artdığından 18 iyun 2023-cü il tarixdə X5 müraciət etmiş və məlum olmuşdur ki, sol 9-cu qabırğası sınmışdır. Nurlan onu öz evlərinin qonaq otağında vurarkən evdə heç kim olmamışdır. Hal-hazırda aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən övladı Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi 04 avqust 2023-cü il tarixdə Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmış və istintaqın aparılması üçün Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 18 iyul 2023-cü il tarixli 627 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin yumşaq toxumasının hematoması və hidrotoraksla (döş boşluğuna mayenin yığılması) müşayiət olunan sol İX qabırğanın yerinin dəyişən qapalı sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 14 iyul 2023-cü il tarixdə və özünün dediyi şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur.” 30 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. 30 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnaməyə əsasən, Əsədov X2 Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(010)-349/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 7(010)-752/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş həmin hissəsi 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət əməlinə görə cəzasını çəkib qurtarmamış, məhkumluğu götürülməmiş və ödənilməmiş, əvvəlki törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmədiyindən və götürülmədiyindən məhkumluğu olan şəxs hesab olunur. Həmçinin CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunmur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli Cinayət Məcəlləsinin maddəsinə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 14 iyul 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla hüquqi qiymətin verilməsini, hadisə yerini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, qohumluq əlaqələrini, baş vermiş hadisənin səbəblərini, motivini, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuş, yəni Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na əsasən sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və. s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İmamverdi oğlunun övladıdır, yəni yaxın qohumdurlar. Hadisə 14 iyul 2023-cü il tarixdə saat günorta 14 radələrində birlikdə yaşadıqları ünvan 3 ünvanında fərdi yaşayış evinin içərisində baş vermiş, hadisə zamanı evdə həmin iki şəxsdən başqa evdə heç kim olmamışdır. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirməməsi, hər hansı bir işlə məşğul olması və ailəsinə yardım göstərməsi kimi haqlı iradlarını bildirərkən Təqsirləndirilən şəxs atasının sözlərindən qəzəblənərək ona yumruqla bir dəfə zərbə vuraraq xəsarət yetirməsi olmuşdur. Həmin hadisə evin içərisində təxminən 2-3 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduqdan sonra mübahisə davam etməmiş və Təqsirləndirilən şəxs evdən çıxıb getmişdir. Hadisə evdən kənara küçəyə, ictimai yerə çıxmamış, ictimai qayda pozulmamışdır. Təqsirləndirilən şəxs tərəfindən atasına qarşı xuliqanlıq niyyətinin yaranması halını təsdiq edəcək sübutlar ibtidai istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair 12 oktyabr 2022-ci il tarixli Qərardadında qeyd olunanlara görə subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarına görə xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. (məsələn heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Məhkəmə işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 14 iyul 2023-cü il tarixdə baş vermiş hadisə məhz ailə-məişət zəminində baş vermiş, mübahisə Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs haqlı iradlar bildirməsi səbəbindən sonuncu, atasını qəsdən vuraraq ona az ağır dərəcəli bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti olmamış və bu hal ibtidai istintaq və məhkəmə istintaqı dövründə hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertiza rəyi və digər istintaq hərəkəti protokolları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi oğluna ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar