Məhkəmə qərarları › İş №1(010)-638/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-638/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-638/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X21 qızının katibliyi, şikayət vermiş şəxs X14 nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş Rəhimov Nail X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi və cəzalandırılması haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 xx.xx.2024-cu ildə ünvan 1 ünvanında torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində ev tikmək məqsədi ilə torpaq sahəsi hasarlanaraq, tikinti işləri aparılan müddətə müvəqqəti olaraq, işlənmiş köhnə darvaza qoyulmuşdur. Həmin darvaza xx.xx.2025-ci ildə Samir adlı şəxsdən Bakı şəhəri,Şüvəlan QRES ünvanından 300 manat pul ödənilərək alınıb və xx.xx.2025-ci ildə yerinə quraşdırılmışdır. Bütün işlərini qanuni olaraq yerinə yetirməklərinə baxmayaraq, Hövsan qəsəbəsində yerləşən topraq sahəsi ilə qonşu olan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 RPİ-ni 30-cu PB-yə böhtan xarakterli şikayət edərək, güya Nail Rəhimov tərəfindən Hovsan qəsəbəsində olan torpaq sahəsinə yerləşdirilmiş darvaza ona aiddi və Nail Rəhimov qonşu Tahirə Cahangirovaya məxsus olan darvazanı oğurlayaraq öz torpaq sahəsinə yerləşdirmiş . Qonşu T.Cahangirovanın etdiyi şikayətə əsasən Suraxanı RPİ-nin 30-cu PB-nin Ülvi adlı təhqiqatçısı X16 xx.xx.2025-ci il tarixdə 30-cu PByə çağıraraq, torpaq sahəsinə quraşdırdığı darvaza barədə sorğu-sual etmiş, izahatını almamış, bir daha çağıracağı barədə xəbər verərək, yola salmışdır. Nail Rəhimov öz torpaq sahəsində tikinti işləri apararkən bunları videogörüntüyə almış, həmin videogörüntü çəkilərkən öz torpaq sahəsinin darvazası ilə bərabər qonşuya məxsus olan torpaq sahəsinin də darvazası görüntüyə düşmüşdür. Bu da onu sübut edirki, həmin darvazalar ayrı-ayrı darvazalardı və Nail Rəhimov tərəfindən qonşunun darvazası oğurlanaraq, öz torpaq sahəsinə quraşdırması və ehtimal etməsi ki, qonşu bu əməli anlamayacaq, absurd bir hərəkət olardı. Onda olan məlumata əsasən qonşunun torpaq sahəsindən ümumi yola çıxış açıldığından, darvaza icra hakimiyyətinin işçiləri tərəfindən yerindən çıxarılmış, darvazanın sonrakı aqibəti nə Nail Rəhimova, nə də orda çalışan ustalara məlum deyil. (Həmin bu videogörüntü CD-yə köçürülərək, şikayətə əlavə edilib) Qonşunun özünün darvazasını nə rəng və nə formada olduğuna dair heç bir məlumatı yoxdur, bu haqda məlumatı Nail Rəhimovun ustalarından soruşur. Bundan sonra xx.xx.2024-cü il tarixində Suraxanı RPİ-nin 30-cu PB-nin əməliyyat müvəkkili Afıq Mirzəzadə N.Rəhimovu bölməyə çağırmış və xx.xx.2025-ci il tarixdə Nail Rəhimov həyat yoldaşı Aygün Bayramova ilə birgə Suraxanı RPİ-nin 30-cu PB-yə yaxınlaşmış. Bölməyə daxil olan kimi qonşu T.Cahangirova yüksək səs tonu ilə polis bölməsində tanımadıqları digər işlərlə bağlı gəlmiş vətəndaşların yanında Nail Rəhimov və onun həyat yoldaşını “oğru” deyərək təhqir etmiş, “cinayətkarlar”, “qapımı bunlar oğurlayıb” deyə böhtan atmış, Nail Rəhimov hər iki darvazanın yerində olduğunu sübut edən torpaq sahəsinin videogörüntüsünü göstərəndə, əməliyyat müvəkkili A.Mirzəzadə N.Rəhimova” belə çıxır ki qonşu sizə “naxalka” atır?”, N.Rəhimov cavab verirki “yəqinki”, bundan sonra T.X13 üz tutaraq “naxalka sənin yoldaşındı” və digər etikadan kənar ifadələr işlədərək, N.Rəhimov və həyat yoldaşı Aygün Bayramovanın şərəf və ləyaqini alçaldıb. Nail Rəhimov yaranmış vəziyyətdən narahat olaraq, həyəcan keçirməyə başlamış (qeyd olunur ki, Nail Rəhimov arterial hipertoniya xəstəsidir), Aygün Bayramova həyat yoldaşını sakitləşdirməyə çalışarkən əməliyyat müvəkkili Afıq Mirzəzadə “elə otururmusunuz, elə bir bardasınız” deyərək N.Rəhimovu qarşı provokasiya etməyə cəhd etmiş, kobud rəftara məruz qalmış, N.Rəhimov və həyat yoldaşının əxlaqi dəyərlərinə toxunmuşdur. Nail Rəhimov və həyat yoldaşını otaqdan bayıra çıxardaraq, bir saat dəhlizdə gözlətmiş, bu zaman qonşularla otaqda uzun zaman tək qalmış, sonradan içəri dəvət edərək yenidən kobud, polis etikasına yaraşmayan tərzdə vətəndaşlara davranaraq, vətəndaşlara təzyiq etmişdir. Sonra N.Rəhimovun torpaq sahəsində usta kimi işləyən Samir Qurbanovu dindirmiş və o öz ifadəsində darvazanı Ruslan adlı şəxsdən 300 manat ödənilərək aldıqlarını təsdiq etmişdir. Ruslan adlı şəxsə zəng vuraraq bölməyə dəvət edilərkən, Ruslan polis əməkdaşı olduğunu və rəsmi çağırış əsasında bölməyə gələcəyini bildirmişdir. Daha sonar isə Nail Rəhimov və həyat yoldaşına bölmədə sahə inspektoru X22 Cahangirovanın ifadələrini işlədərək, “qapı oğruları sizsiniz?” deyə müraciət edərək, Nail Rəhimov və həyat yoldaşının şərəf və ləyaqətini alçaltmış və onlardan işə aidiyyatı olmayan torpaq sahəsinə və tikintiyə aid olan sənədlərin təqdim olunmasını istəmişdir. Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşlarının polis etikasına zidd davranışının səbəbkarı X6r, məhz T.Cahangirovanın böhtanına görə Nail Rəhimov güclü stres və mənəvi sarsıntı keçirmişdir, bu hadisənin polis bölməsində bir sıra polis əməkdaşları və digər vətəndaşların yanında baş verməsi, onun nüfuzuna zərər vurmuşdur. Nail Rəhimov evə gəldikdən sonra sağlamlıq vəziyyəti kəskinləşmiş, həyat yoldaşı Aygün Bayramova ona təcili tibbi yardım çağırmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 xx.xx.2025-ci ildə Suraxanı RPİ-nin 30-cu PB-nin inzibati binasında Nail Rəhimovun barəsində işlətdiyi böhtan və təhqir xarakterli ifadələr Cinayət Məcəlləsinin 147.1 -ci və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməli, xüsusi ittihamçı X14 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışda ifadə edilməsi kimi hesab edilməli və Tahirə Cahangirova bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Və həmçinin Tahirə Cahangirovanın böhtan və təhqir xarakterli əməlləri nəticəsində X14 həyat yoldaşı və digər şəxslərin yanında şərəf və ləyaqəti alçaldılmış, nüfuzdan salınmış, sağlamlığ durumu kəskinləşmiş, bu səbəbdən mənəvi zərərə uğradığından X3 5000 manat məbləğində maddi ziyan tutalaraq, X14 xeyrinə ödənilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli № 3 saylı Qərarında qeyd edilir ki, “...şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Bu hissəyə münasibətdə qeyd edir ki, xüsusi ittihamçının sözgedən cinayətin törədilməsi hallarını təsdiq edəcək şahidlər X12 və X9r. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli № 3 saylı Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə,digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda həmçinin qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektronvasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdətəsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”; Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli (№4) Plenum Qərarına göstərilmişdir ki, “...məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir”.Həmin Qərara əsasən, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Göstərilənləri nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində maddi ziyanın X4 tutularaq, X17 ödənilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X14 nümayəndəsi və vəkili Nümayəndə şikayəti tam müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətə etiraz edərək, şikayətdə göstərilənlərin həqiqətə uyğun olmadığını bildirərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilini və barəsində şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Plenum qərarından da göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə aid edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdir. 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer göstərilməlidir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar