Məhkəmə qərarları › İş №1(010)-639/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-639/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-639/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 15 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 22:10 radəsində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində yerləşən “SOCAR” yanacaqdoldurma mərkəzinin çıxışından 96 metr məsafədə saatda 100 km/saat sürətlə hərəkət edən zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin maddənin tələblərini pozaraq avtomobili sol zolaqdan sağ zolağa manevr edən zaman sürət həddi 70 km/saat olan zolaqla hərəkət edən Şahid2 idarə etdiyi “Daewoo Gentra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və hadisə nəticəsində ehtiyatsızlıqdan “Chevrolet Cruze” markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində arxa oturacaqda oturmuş Zərərçəkmiş şəxs sağ dirsək sümüyünün olekranon çıxıntısının qapalı qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər özünə məxsus avtomobili olmuş və həmin avtomobili AD037958 seriya nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Lakin bir neçə aydır ki, avtomobilini satmışdır. Buna baxmayaraq arada bir tanışlarından özlərinin də avtomobildə olması şərti ilə avtomobili götürüb idarə edir. Şahid1 və Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır və onlarla aralarında normal münasibətləri vardır. Vüqarın özünə məxsus “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 13 aprel 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində o, tanışları Şahid1 və Zərərçəkmiş şəxslə birlikdə Buzovna qəsəbəsində görüşüb kafelərdən birində əyləşmişdir. Həmin vaxt Vüqar spirtli içki qəbul etmiş, o, və Nicat isə spirtli içki qəbul etməmişdir. Biraz sonra onlar kafedən çıxmış və həmin vaxt Vüqar sərxoş olduğu üçün “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün ona vermişdir. O, da razılaşmış, avtomobilin sükanı arxasına əyləşmiş, həmin vaxt Vüqar ön sərnişin oturacağında, Nicat isə arxa sərnişin oturacağında Vüqarın arxasında əyləşmişdir. Avtomobili hərəkətə gətirmiş və Buzovna qəsəbəsində ara yollar ilə avtomobili idarə edərək aeroport yoluna çıxaraq üzü şəhər istiqamətində hərəkətini davam etdirməyə başlamışdır. Həmin vaxt aeroport yolunda avtomobili 90-100 km/saat sürətlə sağdan ikinci hərəkət zolağı ilə hərəkət etdirmişdir. Bu zaman onun hərəkət istiqamətinə nəzərən sağında yerləşən “Socar” yanacaqdoldurma məntəqəsini keçdikdən təxminən 100-150 metr irəlidə Vüqar və Nicatla söhbət etdiyi üçün başı qarışmış və o, başını sağa çevirərək onlarla danışmağa başlamışdır. Bir anlıq başını sağa çevirdikdən sonra sola dönüb düz yola baxmağa başlamışdır. Bu vaxt təxminən 30 metr irəlidə Ramana qəsəbəsindən köməkçi yoldan aeroport yoluna çıxan hissədə “Daewoo Gentra” markalı avtomobilin sağdan birinci hərəkət zolağı ilə hərəkət edərək sol tərəfə, yəni onun hərəkət zolağına keçdiyini görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti biraz artıq olduğu üçün və həmin avtomobil ilə aralarında az məsafə olduğu üçün hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi həmin avtomobilin arxa yük hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobilin təhlükəsizlik şarları açıldığından sonra nə baş verdiyini görə bilməmişdir. Biraz sonra onun özü avtomobilin qapısını açıb çölə çıxmış və avtomobildə olan tanışları Vüqar və Nicatı avtomobildən çölə çıxarmışdır. Bundan dərhal sonra toqquşduğu avtomobil tərəfə baxmış və həmin avtomobilin yolun sağında olan ağaca dəyərək kiçik dərə kimi olan yerə düşdüyünü görmüşdür. Həmin avtomobilə yaxınlaşmış və avtomobilin sürücüsünü avtomobildən çıxarmışdır. Bu anda idarə etdiyi “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin motor hissəsində alışma baş verdiyini və avtomobilin yandığını görmüşdür. Biraz sonra DYPŞ-nin və TTYSnin əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə zamanı o, və Vüqar xəsarət almasa da, idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs bədən xəsarətləri almış və X3 aparılmışdır. Həmçinin, digər avtomobildə olan sürücü də xəsarət aldığı üçün X3 aparılmışdır. O, isə hadisə yerini tərk etməmiş və polis əməkdaşlarının hadisə yerini müayinə etdiyi zaman orada iştirak edərək hadisə barədə məlumat vermişdir. Hazırda Zərərçəkmiş şəxslə barışmasını, vurduğu zərəri tamamilə ödəməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxslə barışaraq ona vurulmuş maddi ziyanı tamamilə ödədiyini, onunla aralarında notarial qaydasında barışıq sazişi bağladığını, buna görə də barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4mrəsiz evdə yaşayır. Orxan və Vüqar ilə xeyli müddətdir ki, dostluq edir, hər ikisi ilə tez-tez əlaqə saxlayır. Onlar birlikdə vaxt keçirir, daha çox isə şam yeməyi zamanı görüşürlər. 13 aprel 2023-cü il tarixdə təxminən saat 16:00 radəsində Orxan ona Mərdəkan qəsəbəsində Vüqarla birlikdə şam yeməyi yeyəcəklərini bildirmiş və onu da dəvət etmişdir. Saat 18:00 radəsində o, Mərdəkan qəsəbəsində yerləşən kafeyə getmişdir. Orada Orxan və Vüqarla birlikdə şam yeməyi yemişdir. Bu zaman Vüqar spirtli içki sifariş vermiş və onlara da təklif etmişdir. Nicat və Orxan içki içmədiklərini Vüqara bildirmiş, buna görə də, həmin spirtli içkini Vüqar özü tək qəbul etmişdir. Saat 22:30 radəsində onlar şəhərə gəzməyə getməyə qərar vermişlər. Kafedən çölə çıxan zaman Orxan avtomobili idarə edəcəyini bildirmiş və Vüqar da içkili olduğu üçün Orxana avtomobili idarə etməsinə icazə vermişdir. Orxan Vüqara məxsus **-EX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze" markalı avtomobilin açarlarını götürmüş və onlar avtomobilə əyləşmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Heydər Əliyev prospektində olan zamanı “SOCAR YDM”-nin qarşısında Orxan qarşıda olan göy rəngli “Daewoo Gentra” markalı avtomobili görmədiyi üçün həmin avtomobilin arxa hissəsinə çırpılmış və bu zaman “Daewoo Gentra” markalı avtomobil sağa doğru hərəkət edərək yoldan çıxıb ağaclara çırpılaraq dayanmışdır. Hadisə zamanı arxa oturacaqda oturarkən sağ qolundan xəsarət almışdır. Vüqara məxsus avtomobilin mühərrik hissəsində yanğın başlamış və oraya FHN-nin YMX-nin əməkdaşları gəlmişdir. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülmüşdür. Hal-hazırda Təqsirləndirilən şəxsla aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ağasəf oğlu ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Evlidir, bir övladı var. Orxanla birlikdə “ATEF” zavodunda işləyir və dostluq edir. 13 aprel 2023-cü il tarixdə onlar Orxanla birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən kafedə şam yeməyi yemək qərarına gəlmişdir. Həmin tarixdə, təxminən saat 17:00 radəsində o, idarə etdiyi “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsinə getmişdir. Təxminən saat 18:00 radəsində tanışı Nicat adlı şəxs onların yanına gəlmiş və onlarla birlikdə şam yeməyi yemişlər. Həmin vaxt özü spirtli içki qəbul etmişdir. Saat 20:30 radələrində kafeni tərk edən zaman Orxan ona içkili olduğu üçün avtomobili özünün idarə etməsini bildirmiş və o, buna etiraz etməmişdir. Orxan avtomobili işə salmış, o, da avtomobilin qabaq sağ oturacağında əyləşmiş, Nicat isə avtomobilin arxa hissəsində əyləşmişdir. Onlar Suraxanı rayonu, Əmircan qəsəbəsi, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zamanı “SOCAR YDM”-nin qarşısında Orxan qarşıda hərəkətdə olan göy rəngli “Daewoo Gentra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və əyləci basdıqda avtomobil “Daewoo Gentra” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Bu zamanı “Daewoo Gentra” markalı avtomobil sağa doğru hərəkət edərək yoldan çıxıb ağaclara dəydikdən sonra dayanmışdır. Ona məxsus “Chevrolet Cruze” markalı avtomobilin mühərrik hissəsindən yanğın başlamış, FHN-nin YMX-nin əməkdaşları oraya gəlmiş və yanğın söndürülmüşdür. Hadisə nəticəsində onların avtomobilində olan Zərərçəkmiş şəxs qolundan xəsarət almışdır. Avtomobilinə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 Ağasəf oğlu məhkəməyə ərizə təqdim edərək yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Daewoo Gentra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 13 aprel 2023-cü il tarixdə idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən saat 22:05 radəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən Koroğlu metrosu istiqamətinə hərəkətdə olan zaman avtomobildə olan 2 nəfər müştəri ilə birlikdə avtomobilə yanacaq doldurmaq üçün “Buta Palace” şadlıq sarayının yanında yerləşən “SOCAR YDM”-ə getmişdir. Avtomobilə yanacaq doldurduqdan sonra baş yola çıxaraq saatda 70 km/saat surətlə dördüncü zolaqla hərəkətdə olan zaman qəflətən arxadan bir avtomobil onun idarə etdiyi avtomobilə çırpılmış və o, idarəetməni itirdiyi üçün avtomobil sağa doğru hərəkət edərək yoldan çıxmışdır. Avtomobil dərəyə doğru hərəkət edərək ağaca dəymiş və sonra dayanmışdır. O, ayıldıqda artıq xəstəxanada olmuşdur. Hadisə nəticəsində yüngül bədən xəsarəti almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 17 may 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, cinayət işi fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə başlanmışdır. 13 aprel 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Heydər Əliyev prospekti olmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə 13 aprel 2023-cü il tarixli 2/9056 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 14 aprel 2023-cü il tarixli 291 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burunun yumşaq toxumasının hematoması və burun əsasının əzilmiş-cırılmış yarası, döş qəfəsinin və sol sağrı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023- cü il tarixdə yolnəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşını digər avtomaşının vurması nəticəsində törənə bilər, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir”. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 01 may 2023-cü il tarixli 39 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarət - sağ dirsək sümüyünün olekranon çıxıntısının qapalı qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.” 02 avqust 2023-cü il tarixli 8/2094 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur”. 15 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı RPİ-nin DYPŞ tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 54/2- 21990/23 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan AD037958 saylı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. 30 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işindən material ayrılaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün aidiyyəti üzrə Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. Suraxanı rayon prokurorluğu tərəfindən isə toplanmış inzibati xəta haqqında material baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Həmin qərarda həmçinin Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında tələb etməsi ilə bağlı hüquqları izah olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İş üzrə təqsirləndirilən şəxs cinayət əməlinin subyekti olaraq 1995-ci il təvəllüdlüdür, subyektiv cəhətdən cinayəti ehtiyatsızlıqdan törətmiş, cinayətin obyekti olan ictimai münasibətlərə ziyan dəymiş, həmçinin obyektiv cəhətin elementi hərəkətlə cinayət əməli törədilmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertiza rəyləri ilə yanaşı istintaq hərəkəti protokolları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməli üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6 – 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli Plenum Qərarına əsasən hesab edilir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışdıqdan və cinayət məsuliyyətindən azad olunduqdan sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin pozulmasına gətirib çıxarmır, çünki bu hüquqi vəziyyət həmin prinsipin tətbiqi sahəsinə daxil deyil. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Suraxanı rayon məhkəməsinin icraatında olan inzibati xəta haqqında iş üzrə məhkəmənin 25 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 08 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 08 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar