Məhkəmə qərarları › İş №1(010)-64/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-64/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-64/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 09 avqust 1989-cu ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yeni tikilidə yaşayan, Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 315.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq olunmaqla və əvvəli 01 mart 2018-ci il tarixindən hesablanmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 228.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 19 sentyabr 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2020ci il tarixli qərarına əsasən «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 03 fevral 2021-ci il tarixli qərarı ilə «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilərək, «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs babası X1 ona hədiyyə etdiyi, bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ-də zavod üsulu ilə “İjevsk” maşınqayırma zavodunda istehsal olunmuş, 16 kalibrli, “İJ-58” modelli, çaxmaqsız, hamar qoşalüləli, odlu, yivsiz, silahın 730 mm-lik uzunluğu olan lüləsi kustar üsulu ilə uc hissəsindən arxaya doğru 416 mm ölçüdə kəsilərək konstruktiv dəyişikliklərə məruz qalaraq ilkin təyinatını itirməklə silahın lüləsinin uzunluğu 314 mm, ümumi uzunluğu 655 mm olan, texniki cəhətdən nasaz, yalnız sol lülədən atəş açmaq üçün yararlı olan odlu silah hesab edilən ov tüfəngini, bir ədəd döyüş sursatı sayılan, zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən yuxarıda göstərilən 16 kalibrli “İJ 58” modelli tüfəng kəsiyində döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı ov patronu, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 16X70 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində, o cümlədən yuxarıda qeyd olunan 16 kalibrli “İJ 58” modelli, zavod işarələri silinmiş tüfəng kəsiyində döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələri – gilizləri, bir ədəd kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilən qısa tiyəli xəncəri və bir ədəd kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib saxlayaraq daşımaqla gəzdirmiş, 18 sentyabr 2020-ci ildə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən avtomobil yolunun kənarında “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobildə dayanan zaman özünü şübhəli apardığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildən çıxıb qaçarkən PPXBnün əməkdaşları tərəfindən saxlanılıb idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə Suraxanı RPİ-nin inzibati binasının avtomobil duracağında nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin arxa sərnişin oturacağının sağ ayaqaltı hissəsindən bir ədəd lüləsi kustar üsulu ilə uc hissəsindən arxaya doğru 416 mm ölçüdə kəsilərək konstruktiv dəyişikliklərə məruz qalmış odlu silah hesab edilən qoşalüləli ov tüfəngi, bir ədəd təyinatı üzrə istifadəyə (atəşə) yararlı döyüş sursatı sayılan patron, bir ədəd döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələri – gilizləri, həmin avtomobilin sürücü oturacağının altından bir ədəd soyuq silah hesab edilən qısa tiyəli xəncər və avtomobilin ön şitində əşya saxlanc yerindən isə bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, hadisədən bir neçə ay əvvəl “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin öz adına sənədləşdirməmişdir. Həmin avtomobili etibarnamə ilə idarə edirdi. 18 sentyabr 2020-ci ildə saat 14 – 15 radələrində qeyd etdiyi avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum Adası, yeni yaşayış sahəsində, Hövsan-Zığ şosesində üzü Zığ qəsəbəsi istiqamətində dayanmışdır. Mobil telefonuna kontur yükləyərkən polis formasında olan bir nəfər şəxs ona yaxınlaşmış və özünü təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini istəmişdir. Özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb həmin polis əməkdaşına vermişdir. Bundan sonra polis əməkdaşı ondan idarə etdiyi nəqliyyat vasitəsinin texniki pasportunu və sürücülük vəsiqəsini, eləcə də, etibarnaməsi təqdim etməsini istəmişdir. Şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi üzərində olmadığına görə avtomobili idarə edib oradan uzaqlaşmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobili işə salıb hərəkətə başlamışdır. Bir az getdikdən sonra arxasınca polis əməkdaşlarının gəldiyini görmüş və avtomobili daha sürətlə hərəkət etdirmişdir ki, uzaqlaşsın. Bu vaxt DYP əməkdaşları tərəfindən yolun kəsildiyini görmüş və idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi yolun ortasında olan hərəkət hissəsini ayıran betona çırpılmışdır. Avtomobildən düşərək qaçmağa başladı. Bir az qaçdıqdan sonra ayağı ilişdiyi üçün yerə yıxılmış və polis əməkdaşları ona çatıb saxlamışlar. Bundan sonra onu idarə etdiyi avtomobillə birlikdə Suraxanı RPİ-nə gətirdilər. Suraxanı RPİ-nin həyətində onun idarə etdiyi “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilindən iki ədəd uşaq oyuncağı olan tapança, bir ədəd bıçaq, bir ədəd ucunda bıçağın tiyəsi bərkidilmiş suvenir olan alət və bir ədəd taxtadan hazırlanmış dəyənək yəni bita, eləcə də bir ədəd qoşalüləli tüfəng və iki ədəd patron aşkar edilərək götürüldü. Polis əməkdaşları tərəfindən həmin əşyaların kimə məxsus olması və nə vaxt haradan əldə edilməsi barədə soruşulmuş, bu vaxt o, idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş iki ədəd uşaq oyuncağı olan tapança, bir ədəd bıçaq, bir ədəd ucunda bıçağın tiyəsi bərkidilmiş suvenir olan alət və bir ədəd taxtadan hazırlanmış dəyənəyin (bitanın) ona məxsus olmasını qeyd etmiş, bir ədəd qoşalüləli tüfəng və iki ədəd patronun isə ona aid olmadığını və onların idarə etdiyi avtomobildə olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Qeyd edir ki, bir ədəd lüləsi kəsilmiş qoşalüləli tüfəngi və iki ədəd patronu rəhmətə getmiş babası ona hədiyyə edib. Bundan sonra o, və digər iştirakçılar tərəfindən həmin qeyd etdiyi əşyalar götürülərək qablaşdırılmışdır. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 18 sentyabr 2020-ci il tarixdə saat 08:30-da hər gün olduğu kimi iş yoldaşı Şahid1 Fəxrəddin oğlu ilə birlikdə 5660 çağırışlı avtopatrulla onlara təhkim olunmuş “BMW” markalı 99YP287 dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Hovsan qəsəbəsi, Qum Adası, yeni yaşayış sahəsində xidmətə başlamışlar. Saat 16 radələrində xidmətdə olduğu zaman Qum Adası, yeni yaşayış sahəsində ATS küçəsində olarkən bir ədəd “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobillə asta sürətlə hərəkət edən bir nəqliyyat vasitəsinin sürücüsünün özünü şübhəli apardığını gördülər. Əhməd avtomobilin yanında saxladı və avtomobildən düşərək həmin avtomobilə yaxınlaşdı. Əhməd avtomobilə sürücünün əyləşdiyi hissədən, o, isə maşının yük yeri istiqamətində maşına yaxınlaşdı. Əhməd özünü həmin sürücüyə təqdim etdi və sürücüyə nəqliyyat vasitəsindən aşağı düşüb özünə məxsus olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini təqdim etməsini tələb etdi. Lakin həmin şəxs avtomobilindən aşağı düşmək istəmədiyini bildirdi və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini ona təqdim etdi. Əhməd həmin sənədin kserosurətinə baxdı və həmin şəxsdən avtomobildən yerə düşməsini və özünə məxsus olan şəkilli bir sənəd təqdim etməsini tələb etdi. Bu zaman həmin şəxs öz mobil telefonu ilə kiməsə zəng etdi və telefonu Əhmədə verdi. Əhməd telefonla danışdıqdan sonra sürücüdən bir daha özünə məxsus şəkilli hər hansı bir sənəd təqdim etməsini tələb etdi. Əhməd bir neçə dəqiqə müddətində ondan israrla sənədləri tələb etsə də o, bir anda onların qanuni tələblərinə tabe olmayaraq maşınla həmin yerdən uzaqlaşdı. Onlar tez avtomobilə əyləşdilər və Əhməd növbədə olan PPXB-nün və DYPŞ-nin əməkdaşlarına bu barədə məlumat verərək avtomobilin markasını və dövlət qeydiyyat nişanını dedilər. Həmçinin, Əhməd dərhal həmin avtomobilin arxasınca patrul avtomobilini sürməyə başladı. Bir az getdikdən sonra irəlidə “Baku Bus” avtobus dayanacağının yanında DYPŞ-nin əməkdaşları tərəfindən avtomobil yolu kəsildiyi üçün həmin sürücü əks hərəkət zolağına çıxdı və bu zaman idarə etdiyi avtomobilin ön hissəsi yolayrıcında yerə düzülmüş betona çırpıldı. Avtomobilin qapısının qarşısında maneə olduğundan o, avtomobildən bir qədər gec düşdü, lakin Əhməd avtomobildən düşərək həmin avtomobil istiqamətində qaçmağa başladı. Əhməd avtomobilə çatdıqda həmin sürücü avtomobilindən çıxıb qaçaraq oradan uzaqlaşmaq istədi, Əhməd də DYPŞ-nin əməkdaşı ilə birlikdə həmin şəxsi zərərsizləşdirdi və xidməti avtomobilə əyləşdirərək “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Suraxanı RPİ-nə gətirdilər. Suraxanı RPİ-də həmin sürücünün Təqsirləndirilən şəxs olması məlum oldu. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Fəxrəddin oğlu bildirmişdir ki, 18 sentyabr 2020-ci il tarixdə saat 08:30-da hər gün olduğu kimi iş yoldaşı Şahid2 ilə birlikdə 5660 çağırışlı avtopatrulla onlara təhkim olunmuş “Fiat Doblo” markalı 90AP540 dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum Adası yeni yaşayış sahəsində xidmətə başlamışlar. Saat 16 radələrində xidmətdə olduğu zaman Qum Adası yeni yaşayış sahəsində ATS küçəsində olarkən asta sürətlə hərəkət edən “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün özünü şübhəli apardığını gördü. İdarə etdiyi avtomobili həmin avtomobilin yanında saxlamış və avtomobildən düşərək həmin avtomobilə sürücü tərəfdən yaxınlaşmışdır. Bu vaxt iş yoldaşı Şahid2 da həmin avtomobilə digər tərəfdən yaxınlaşmışdır. Özünü həmin sürücüyə təqdim etdi, sürücüyə nəqliyyat vasitəsindən aşağı düşüb özünə məxsus olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini təqdim etməsini bildirdi. Lakin həmin şəxs avtomobilindən aşağı düşmək istəmədiyini bildirdi və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini ona təqdim etdi. O, həmin sənədin kserosurətinə baxıb ona oxşamadığını gördü və həmin şəxsdən avtomobildən yerə düşməsini və özünə məxsus olan şəkilli bir sənəd təqdim etməsini bildirdi. Bu zaman həmin şəxs öz mobil telefonu ilə kiməsə zəng etdi və tanımadığı özünü təqdim etməyən bir nəfər şəxslə onu danışdıraraq həmin oğlanı buraxması üçün ona müxtəlif vədlər verməyə başladı. Lakin o, buna etiraz etdi və sürücüdən bir daha özünə məxsus şəkilli hər hansı bir sənəd təqdim etməsini bildirdi. Bu zaman maşının içərisində sürücüdən sağ tərəfdə yerləşən oturacağın sağ kənar hissəsində lüləsi kəsilmiş tüfəngin lülə hissəsini gördü. Bu zaman həmin sürücü avtomobilin sürətlər qutusunun yanında yerləşən boşluqdan bir ədəd bıçağı götürmək istəyərkən onun həmin lüləsi kəsilmiş tüfəngi götürərək ona yönəldəcəyini güman etdi. Lakin həmin oğlan bıçağı götürərək boğazına tutdu və onu buraxmasa özünü öldürəcəyini bildirdi. O, həmin sürücüyə bıçağı aşağı salmasını bildirdi və onu sakitləşdirməyə çalışarkən qəflətən həmin sürücü onun qanuni tələbinə tabe olmayaraq qəflətən avtomobilini idarə edib sürətlə oradan uzaqlaşdı. O, tez xidmətdə təhkim olunduğu avtomobilə əyləşdi və efirlə növbədə olan PPXB-nün və DYPŞnin əməkdaşlarına bu barədə məlumat verərək avtomobilin markasını və dövlət qeydiyyat nişanını dedi. Həmçinin, dərhal həmin avtomobilin arxasınca patrul avtomobilini sürməyə başladı. Bir az getdikdən sonra irəlidə “Baku Bus” avtobus dayanacağının yanında DYPŞnin əməkdaşları tərəfindən avtomobil yolu kəsildiyi üçün həmin sürücü əks hərəkət zolağına çıxdı və bu zaman idarə etdiyi avtomobilin ön hissəsi yolayrıcında yerə düzülmüş betona çırpıldı. O, həmin avtomobilə çatdıqda həmin sürücü avtomobilindən çıxıb qaçaraq oradan uzaqlaşmaq istədi, tez avtomobildən düşüb ona tərəf qaçdı və həmin şəxsə yaxınlaşaraq DYPŞ-nin əməkdaşı ilə birlikdə həmin şəxsi zərərsizləşdirdi və idarə etdiyi xidməti avtomobilə əyləşdirərək “Mercedes Benz” minik markalı 99VA064 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Suraxanı RPİ-nə gətirdilər. Suraxanı RPİ-də həmin sürücünün Təqsirləndirilən şəxs olması məlum oldu. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən 25 noyabr 2020-ci ildə verilmiş ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş №-si silinmiş silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə İjevsk maşın qayırma zavodunda istehsal olunmuş, 16 İJ-58 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Silahın 730 mm-lik uzunluğu olan lüləsi kustar üsulu ilə uc hissəsindən arxaya doğru 416 mm ölçüdə kəsilmişdir. Yuxarıda göstərilən səbəbə görə həmin silah texniki cəhətdən nasazdır və yalnız sol lülədən atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə istehsal olunmuş 16x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronun bir hissəsidir boş-atılmış gilizidir. Hal-hazırda həmin giliz atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olmuş tapança formasında olan uşaq oyuncağıdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olmuş tapança formasında olan uşaq oyuncağıdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur, yuxarıda göstərilən səbəbə görə texniki cəhətdən nasazdır və istifadə üçün yararsızdır. Qərarda göstərilən 01 ədəd silah, 02 ədəd 16x70 mm kalibrli patronlar və 02 ədəd tapança formasında olan uşaq oyuncaqları 20.09.2020-ci il tarixdə DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində qeydiyyatdan keçərək 20/1322a nömrəli, 20.09.2020-ci il tarixli tədqiqat haqqında arayış tərtib olunmuşdur. Tədqiqat zamanı təqdim edilmiş N-si silinmiş İJ-58 modelli qoşalüləli ov tüfənginin yalnız sol lülədən və ov patronların atəşə yararlı olması müəyyən edilmişdir”. 05 noyabr 2020-ci il tarixli 3/1259 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gəlir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncərdir, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini qismən də olsa etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 315.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq olunmaqla və əvvəli 01 mart 2018-ci il tarixindən hesablanmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 228.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən birinci hökm üzrə məhkumluğu ödənilmədən və götürülmədən törədib. Bu hal (yuxarıda göstərilən birinci hökmə münasibətdə) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış ”İJ 58” modelli, lüləsi kustar üsulla kəsilərək ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi, bir ədəd döyüş sursatı sayılan 16 kalibrli patron, bir ədəd 16 kalibrli patronun atəşlə ayrılmış hissəsi – giliz, bir ədəd qısa tiyəli xəncər və bir ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsinlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 sentyabr 2020-ci ildən 03 fevral 2021-ci il tarixinədək olan dövr üzrə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 15 (on beş) gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 iyun 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış ”İJ 58” modelli, lüləsi kustar üsulla kəsilərək ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi, bir ədəd döyüş sursatı sayılan 16 kalibrli patron, bir ədəd 16 kalibrli patronun atəşlə ayrılmış hissəsi – giliz, bir ədəd qısa tiyəli xəncər və bir ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsinlər. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar