Məhkəmə qərarları › İş №1(010)-64/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-64/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-64/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 iyul 2023-cü il tarixdə, saat 11:10-da, Bakı şəhərində xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-267/2021 saylı 04 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-336/2023 saylı, 09 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 22 aprel 2022-ci il tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,945 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2022-ci il tarixdə, saat 10:30-da ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi 25 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına aparılaraq orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,306 qram, 0,316, 0,088 və 0,034 qram ümumi təmiz çəkisi 0,945 qram qəhvəyi rəngli maddə kütləsi, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixində, gecə saat 02:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, 54 saylı bina iə üzbəüz olan digər binada yaşayan münasibətdə olduğu qadın onu evinə çağırmışdır. O, sonuncunun yaşadığı binanın blokuna daxil olmuş, liflə yuxarı qalxmış, elə bu vaxt aşağı mərtəbədə hay-küy səsləri eşitdiyindən liftlə yenidən aşağıya düşmüşdür. Bu zaman Suraxanı rayonu 33-cü Polis Bölməsinin əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. Sonunculara heç bir etiraz etmədən 33-cü Polis Bölməsinə getmişdir. Polis bölməsində polis əməkdaşları tərəfindən döyülmüş, üzərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamasına baxmayaraq ondan 05 ədəd bükümdə narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmiş, əks halda onu külli miqdarda narkotik vasitəni üzərində gəzdirməklə ittiham edəcəklərini bildirmişlər. Sonunculara tərəfindən ona verilmiş və özünə məxsus olmayan gödəkçəni geyinmiş və videoçəkiliş zamanı 05 ədəd bükümdə narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadə vermişdir. Lakin polis əməkdaşlarının hərəkətlərindən heç bir səlahiyyətli şəxsə və ya orqana şikayət etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 08 sentyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə “Əli” adlı şəxsin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin YYÇ üzrə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 10:30 radəsində ünvan 5 ünvanının qarşısında xarici əlamətlərindən “Əli” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 33-cü PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonuncudan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 05 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Suraxanı RPİ-nin 33-cü PB-nin YYÇ üzrə inspektoru, polis kapitanı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitəmaddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonuncudan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 05 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2312 saylı 23 aprel 2022-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün □171” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs oğölunun üzərindən...” və s. Sözlər, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,306 qram, 0316 qram, 0,088 qram və 0,034 qram olmaqla, ümumi təmiz çəkisi 0,945 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 05 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkisi 0,945 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,795 qram təşkil etmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2861 saylı 01 iyun 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 23 iyul 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, həmin 05 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni əlbəəl tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və qanunsuz hərhansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 22 aprel 2022-ci il tarixdə, Suraxanı rayonu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi, polis əməkdaşlarının ona 05 ədəd bükümdə narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməzsə külli miqdarda narkotik vasitəni üzərində gəzdirməklə ittiham edəcəklərini bildirməsi, bu səbəbdən polis əməkdaşlarının təqdim etdiyi 05 ədəd bükümdə narkotik vasitə - heroinin ona məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, üç ilə yaxındır ki, “kakos” adlanan heroin narkotik vasitəsini nəfəs yolu ilə qəbul edir. Respublika Narkoloji Dispanserində müalicə olunmuşdur. Narkotik vasitəni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən beş bükümü 50 (əlli) manat müqabilində olmaqla almışdır. Narkotik vasitəni aldıqdan sonra xx.xx.2022-ci il tarixində, saat 10:30 radələrində Yeni Günəşli qəsəbəsində, “AB” y/s, 54 saylı binanın yaxınlığından evinə tərəf getmişdir. Qeyd etdiyi tarixdə həmin binanın yaxınlığında üzərində 05 (beş) ədəd büküm narkotik maddə olan zaman mülki geyimli polislər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onlara üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün onu 33-cü PBnə gətirmişlər. 33-cü PB-də onun üzərinə baxış keçirərkən üzərində olan 05 (beş) ədəd büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitəni də internet vasitəsilə tanımadığı şəxsdən 50 (əlli) manat müqabilində aldığını demişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən beş bükümə cəmi 50 manat pul verərək almışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik vasitə heorini əldə etmiş və istifadə etmişdir. Özü narkotik vasitənin aludəçisi olduğun üçün əlinə pul düşdüyündən həmin narkotiki 5 bükümdə almışdır ki, 1 həftə ərzində istifadə etsin. Bölmədə təqdim etdiyi narkotik vasitəni bükümlərə bölünmüş vəziyyətdə almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və hədə-qorxuya məruz qalması və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, polis əməkdaşlarının hərəkətlərindən şikayət vermək imkanı olduğu halda bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0,050-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, sağlamlıq vəziyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2013-cü il tarixdən İİV-13-249 kodu ilə qeydiyyata götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlı Xəstəxanası tərəfindən verilmiş 2435 saylı epikrizdən görünür ki, Təqsirləndirilən şəxs müştərək travma, qapalı fəqərə sütunu travması, L3 fəqərəsinin kompression fəsadlaşmış sınığı, sol dirsək çıxıntısının qəlpəli sınığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzi tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli tam abdomen USM nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs qaraciyərinin heteroqen sağ payında V 80x50 mm ölçülü hipoexogen sahə təyin edilir, exogenliyi – artıb, hepatoz GR- HVena portae, öd kisəsində kavitə bulanlıqdır, 2x3 mm ölçülü hiperexogen əlavələr təyin edilir, qarın boşluğunda qara ciyərin altında sərbəst maye izlənilir. QİÇS virisuna yoluxmasını, belində və ayağında travmanın olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-267/2021 saylı 04 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-267/2021 saylı 04 oktyabr 2021-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-336/2023 saylı, 09 iyun 2023-cü il il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-336/2023 saylı, 09 iyun 2023-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmış və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(010)-336/2023 saylı, 09 iyun 2023-cü il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi qəti olaraq təyin edilmiş qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 22 aprel 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 aprel 2022-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 24 aprel 2022-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti sonuncunun həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 336/2023 saylı, 09 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını, bununla da təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməli, barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,795 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-336/2023 saylı, 09 iyun 2023-cü il il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-336/2023 saylı, 09 iyun 2023-cü il il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-336/2023 saylı, 09 iyun 2023-cü il il tarixli tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş xalis çəkisi 0,795 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar