Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-65/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, X2 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(010)-815/2009 nömrəli iş üzrə xx xxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.5, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə əmlakı müsadirə olunmadan 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən cəzasının 07 ay 13 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə müvafiq İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, Sabunçu Rayon Məhkəməsinin 1(008)-324/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxx 2019-cu il tarixindən etibarən ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkən, 19 – xx xxxxxx 2018-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, xx xxx 2019-cu il tarixindən etibarən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində işin məhkəmə baxışı dövründə qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Qürbətəli oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qürbətəli oğlu xx xxxxxx 2018-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsində yerləşən 2 nömrəli evin pəncərəsini açaraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan sonuncuya məxsus bir ədəd 375 əyarlı 7 qram çəkidə 600 manat dəyərində sarı qızıldan olan boyunbağını, bir ədəd 375 əyarlı 4,1 qram çəkidə 350 manat dəyərində sarı qızıldan olan üzüyü, bir ədəd istismar edilmiş 40 manat dəyərində ətçəkən maşını və bir ədəd 25 manat dəyərində istismar edilmiş birtərəfli stasionar radiotelefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1.015 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Qürbətəli oğlu təkrarən xx xxxxxx 2018-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 70c ünvanında yerləşən, Suraxanı rayon İcra və probasiya şöbəsinin inşa edilən binasına pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd 39 manat dəyərində istismar edilmiş kəsici elektrik laqondanı, bir ədəd 20 manat dəyərində istismar edilmiş deşici və dağıdıcı elektrik perforator alətini və bir ədəd 50 manat dəyərində istifadə olunmuş dreli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 109 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Qürbətəli oğlu yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəlki cinayətinə görə cəza çəkib azadlığa buraxıldıqdan sonra iş axtarmış, lakin tapa bilməmişdir. Bu səbəbdən maddi çətinliklərlə üzləşmiş və oğurluq etmək qərarına gəlmişdir. Həmin məqsədlə xx xxxxxx 2018-ci ildə saat 01 radələrində yaşadığı evdən çıxıb qəsəbənin ərazisində yerləşən M.Abdullayev küçəsinə gəlmişdir. Küçədə bir neçə evə baxmış, 2 nömrəli evin qarşısından keçərkən həmin ev onun diqqətini cəlb etmişdir. Belə ki, evin işıqları yanmırdı. Bu səbəbdən evdə adam olmadığını düşünmüş, onun daş hasarına yaxınlaşıb ətrafa baxmış, heç kəsin olmadığına əmin olduqdan sonra hasarın üzərindən həyətə düşmüş, sonra pəncərəyə yaxınlaşıb əli ilə itələyib açdıqda görmüşdür ki, həqiqətən də evdə heç kəs yoxdur. Pəncərədən içəri daxil olmuş, sonra alışqanın arxasındakı fonarla içərini axtarmağa başlamışdır. Yataq otağındakı şkafın içərisinə baxdıqda bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı tapmışdır. Həmin əşyaları götürüb cibinə qoymuş, həmçinin qonaq otağında olan masanın üzərindəki telefonu qabı ilə birlikdə götürmüşdür. Sonra evdə olan ətçəkən maşını götürmüş və daxil olduğu yerdən çıxaraq yaşadığı evə gəlmişdir. Öz evində həmin əşyaları gizlətmiş, səhər açıldıqda, yəni xx xxxxxx 2018-ci ildə qızılları götürüb satmaq üçün Bakı Metropolitenin Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” stansiyası yaxınlığına gəlmişdir. Orada adını bilmədiyi mağazaya daxil olub satıcı qadına yaxınlaşaraq qızılları göstərmiş və onları satmaq istədiyini bildirmişdir. Həmin qadınla 215 manat qiymət razılaşaraq müvafiq əşyaları ona satmışdır. Əldə etdiyi 215 manata ərzaq məhsulları alıb. Bundan başqa xx xxxxxx 2018-ci ildə yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 22 radələrində yaşadığı evdən çıxaraq Əmircan qəsəbəsinə gəlmişdir. Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində piyada gedərkən təmirtikinti işləri aparılan bir tikilidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa baxmış, heç kəsin onu görmədiyinə əmin olduqdan sonra tikilinin pəncərəsini əli ilə açıb içəri daxil olmuşdur. Orada bir ədəd perforatorun, bir ədəd drelin və bir ədəd laqondanın olduğunu görüb onları götürərək torbaya qoymuş və çölə çıxıb yaşadığı evə qayıtmışdır. Həmin əşyaları da oğurladığı digər əşyaların yanında gizlətmişdir. Ailə üzvlərinə oğurluq etməsi barədə məlumat verməyib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx xxxxxx 2018-ci ildə yaşadığı evin qapı və pəncərələrini bağlayıb Ucar rayonuna getmişdir. xx xxxxxx 2018-ci ildə səhər saatlarında Ucar rayonundan çıxaraq Bakı şəhərinə gəlmiş, yaşadığı evin həyətinə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olduqda əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüş, oğurluq edildiyini başa düşüb polisə müraciət etmişdir. Evindən ittiham aktında qeyd olunan əşyalar oğurlanıb. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, stasionar telefon və ətçəkən maşın ona qaytarılıb, digər əşyalar isə qaytarılmayıb. Buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, evlərdə təmir işləri görməklə məşğul olur. Bir neçə müddət idi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən Suraxanı rayon İcra və probasiya şöbəsində təmir işləri aparırdı. Özünə məxsus təmir-tikinti avadanlıqlarını da həmin tikiliyə gətirmişdir. xx xxxxxx 2018-ci ildə saat 09 radələrində həmişə olduğu kimi yenə də işə gəlmiş, 19 radələrində işini bitirib özünə məxsus olan bir ədəd dreli, bir ədəd laqondanı və bir ədəd perforatoru orada bir kənarda səliqəli şəkildə qoyub yaşadığı evə qayıtmışdır. Ertəsi gün yenidən işlədiyi yerə gəlmişdir. Binanın qarşısına çatdıqda görmüşdür ki, tikilinin yola yaxın birinci mərtəbəsinin pəncərəsi açıqdır. Bundan şübhələnib içəri daxil olmuş və əşyalarına baxdıqda ittiham aktında qeyd olunan əşyaların yerində olmadığını aşkar etmişdir. Oğurluq edildiyini başa düşüb dərhal polisə müraciət edibdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, laqonda və perforator ona qaytarılıb, drel isə qaytarılmayıb. Buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxxx 2019-cu il tarixli 33983 nömrəli ekspert rəyindən görünür ki, 08 və xx xxxxxx 2018-ci il tarixlərinə sadalanan əşyaların respublikadaxili orta bazar satış ümumi qiyməti təxminən 124 manat təşkil edir (bir ədəd istismar edilmiş kəsici elektrik laqonda alətin təzəsi 65,00 manat, köhnəlməsini nəzərə alaraq 39,00 manat; bir ədəd istismar edilmiş deşici və dağıdıcı elektrik perforator alətinin təzəsi 40,00 manat, köhnəlməsini nəzərə alaraq 20,00 manat; bir ədəd istismar edilmiş birtərəfli stasionar radiotelefonun təzəsi 50,00 manat, köhnəlməsini nəzərə alaraq 25,00 manat; bir ədəd istismar edilmiş ətçəkən maşının təzəsi 80,00 manat, köhnəlməsini nəzərə alaraq 40,00 manat). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Qürbətəli oğluna Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Qürbətəli oğlunun Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, vurulmuş zərərin bir hissəsinin zərərçəkmiş şəxslərə qaytarıldığını və sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Babayev X1 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(010)-815/2009 nömrəli iş üzrə xx xxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.5, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə əmlakı müsadirə olunmadan 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən cəzasının 07 ay 13 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə müvafiq İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Qürbətəli oğlu hazırkı iş üzrə cinayət əməlini Sabunçu Rayon Məhkəməsinin 1(008)-324/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə məhkum edilməzdən əvvəl törədib. Bu səbəbdən onun əməlində həmin hökmlə bağlı residiv yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qürbətəli oğlunun azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd istismar edilmiş birtərəfli stasionar radiotelefon və bir ədəd istismar edilmiş ətçəkən maşın sahibi Zərərçəkmiş şəxs1, bir ədəd istismar edilmiş kəsici elektrik laqonda aləti və bir ədəd istismar edilmiş deşici və dağıdıcı elektrik perforator sahibi Zərərçəkmiş şəxs2 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs Qürbətəli oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Qürbətəli oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Qürbətəli oğlunun 19 – xx xxxxxx 2018-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabunçu Rayon Məhkəməsinin 1(008)-324/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Qürbətəli oğluna təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qürbətəli oğlunun azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxx 2019-cu ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Qürbətəli oğlunun hazırda Sabunçu Rayon Məhkəməsinin 1(008)-324/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi səbəbindən onun barəsində məhkəmə tərəfindən hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd istismar edilmiş birtərəfli stasionar radiotelefon və bir ədəd istismar edilmiş ətçəkən maşın sahibi Zərərçəkmiş şəxs1, bir ədəd istismar edilmiş kəsici elektrik laqonda aləti və bir ədəd istismar edilmiş deşici və dağıdıcı elektrik perforator sahibi Zərərçəkmiş şəxs2 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs Qürbətəli oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-65/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-65/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver