Məhkəmə qərarları › İş №1(010)-65/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-65/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-65/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, tərcüməçi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1958-ci ildə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 16 nömrəli evin 11 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Vectra” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək, ünvan 1 ünvanında yerləşən “Stop” marketin qarşısında yolu sağdan sola keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol təpə və ənsə nahiyyələrinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə alın və almacıq sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızma, burun sümüyünün qəlpəli yerdəyişən və sol incik sümüyünün qapalı az yerdəyişən sınığı, başın əzilmiş yaraları və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs2 alın sümüyünün sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızmadan xx xxxxxxxx 2020-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Vectra” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evinə getmək üçün Əhmədli qəsəbəsindən Yeni Günəşli qəsəbəsinə gəlmiş, orada mərkəzi küçə ilə “Şirin heykəli” adlanan istiqamətdə təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən “Stop” adlı mağazanın qarşısında, piyada keçidinə təxminən 15-20 metr qalmış onun hərəkət istiqamətinə nəzərən yolun sağından iki nəfər kişi onun yoluna çıxmışdır. Həmin piyadalar yolun hərəkət hissəsinə qəflətən çıxdıqları üçün o, hadisənin qarşısını ala bilməmiş və nəticədə gəldiyi sürətlə də həmin iki nəfər piyadanı idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmuşdur. Piyadalardan biri onun idarə etdiyi avtomobilin ön alın şüşəsinə, digəri isə avtomobilin ön hissəsinə dəyib yerə yıxılmışdır. Bundan dərhal sonra o, idarə etdiyi avtomobili yolun sağında saxlayıb həmin piyadalara yaxınlaşmış, onların nəfəs aldıqlarını görüb ətrafda olan şəxslərdən təcili tibbi yardıma zəng etmələrini xahiş etmişdir. Tanımadığı bir şəxs təcili tibbi yardıma zəng etmiş, bir qədər sonra əvvəlcə polis əməkdaşları, sonra isə təcili tibbi yardım briqadası hadisə yerinə gəlmişdir. O, özünü polis əməkdaşlarına təqdim edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Təcili tibbi yardım briqadasının həkimləri yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım göstərib sonuncuları 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Polis əməkdaşları isə hadisə yerinə baxış keçirdikdən sonra onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Orada izahatı alındıqdan sonra sərxoşluq müayinəsindən keçmiş, sonra isə zərərçəkmiş şəxslərin müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə eşitmişdir ki, idarə etdiyi avtomobillə xəsarət yetirdiyi Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərdən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Zərərçəkmiş şəxs1 bütün müalicə xərclərini, o cümlədən Zərərçəkmiş şəxs2 müalicə və dəfn xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, hadisə zamanı idarə etdiyi avtomobildə özündən başqa heç kim olmamışdır. Hadisə baş verən yolda işıqlandırma çox zəif olduğundan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 düz avtomobilinin önündə görmüş, sonuncular hərəkət yoluna qəflətən çıxdıqları üçün hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldırdığını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 hüquqi varisini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində qonşusu Şamillə birlikdə yaşadıqları binanın yaxınlığında fəaliyyət göstərən çay evindən çıxaraq evlərinə getmək üçün yolu keçmək istəyərkən anidən həmin vaxt nömrəsini və markasını bilmədiyi avtomobil onu və qonşusu Şamili vurmuşdur. Həmin vaxt aldığı zərbədən huşunu itirmiş və özünə 3 saylı Şəhər Klinik Xəstəxanasında gəlmişdir. Həkimlər tərəfindən ona tibbi yardım göstərildikdən sonra həmin günü evə buraxılmış, qonşusu Şamilin isə vəziyyəti ağır olduğu üçün onu xəstəxanada saxlamışlar. Sonradan ona məlum olmuşdur ki, onları Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurub xəsarət yetirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə isə qonşusu Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Sonda Zərərçəkmiş şəxs1, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 hüquqi varisi X4 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun əri olmuş və hadisə baş verdiyi vaxta kimi birlikdə ünvan 2 ünvanda yaşamışlar. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 18 radələıində həyat yoldaşı Şamil evdən çıxaraq binanın həyətinə düşmüşdür. Həmin gün axşam saat 19:40 radələrində yaşadığı evdə olduğu zaman əri Şamilin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində piyada yolu keçən zaman yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı barədə məlumat almışdır. Dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına getmiş, orada ona məlum olmuşdur ki, mərhum əri Şamil və qonşusu Oktay evə gəlmək üçün yolu keçmək istəyərkən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları vurmuşdur. Təqsirləndirilən şəxs və onun qohumları xəstəxanaya gələrək həyat yoldaşının müalicəsi üçün zəruri olan bütün xərcləri ödəmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə əri Şamil almış olduğu bədən xəsarətlərindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. O, bu barədə qohumlarına məlumat verdikdən sonra mərhum yoldaşının nəşini aparıb dəfn etmişlər. Həmin gün Təqsirləndirilən şəxs və onun qohumları dəfn mərasiminə gəlmişlər və dəfn üçün bütün xərcləri ödəmişlər. Habelə Təqsirləndirilən şəxs tərəfindən onun ailəsinə maddi yardım da göstərilmişdir. Sonda A.Ə.Səmədova, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 1 ünvanında yerləşən “Stop” marketin qarşısında hərəkət zolaqlarının sayı 04, hərəkət hissəsinin eni 5 metr, örtüyünün eni isə 20 metr olan yolda baş vermişdir. Piyadalar yolu sağdan sola keçərkən səkidən 09 metr msafədə “Opel Vectra” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşlar. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 1/2326 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Stop” marketin qarşısını göstərərək, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Vectra” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evinə gedərkən adlarını sonradan bildiyi piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə həmin yerdə vurduğunu bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 932 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sol təpə və sol ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 8/1758 nömrəli rəyindən görünür ki, “Opel Vectra” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan meyitin ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 108 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər - alın və almacıq sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızma, burun sümüyünün qəlpəli yerdəyişən və sol incik sümüyünün qapalı az yerdəyişən sınığı, başın əzilmiş yaraları və bədənin çoxsaylı sıyrıqları həyati olub, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb alın sümüyünün sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma olmuşdur. Ölüm xx xxxxxxxx 2020-ci il tarixdə xəstəxanada baş vermişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar