Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-65/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, 05 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarında artıq miqdarda, ümumi təmiz çəkisi 1,312 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən 14 avqust 2021-ci il tarixdə, saat 22:40¬23:05 müddətində PŞ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan yaşıl rəngli cins şalvarın sağ yan cibindən «Pallmall» markalı siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,312 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddət ərzində narkotik vasitələrdən istifadə etmişdir. 14 avqust 2021-ci il tarixdə o, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edib və «Pallmall» markalı siqaret qutusunun içərisinə qoyub, münasib vaxtda istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 22:00 radələrində o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Binə-Hövsan yolunun yaxınlığında piyada hərəkətdə olarkən, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirmişlər. Polis əməkdaşları onu ünvan 3 ünvanda yerləşən 30-cu PŞ-nə aparmış, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil ona təqdim olunmuş, vəkilə etiraz etmədiyi bildirdikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə polis əməkdaşı tərəfindən ona üzərində hər hansı bir qanunsuz saxladığı əşya və ya narkotik vasitə olduğu təqdirdə, onun təqdim etməsi təklif edilmiş, bu zaman o, əynində olan yaşıl rəngli cins şalvarının sağ yan cibindən bir ədəd, üzərində «Pallmall» yazısı olan siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümdə olan maddənin nə olması və haradan əldə etməsi barədə soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, heroini 14.08.2021- ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri onun da, tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir saxlanılması qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, yazılanlar doğru olduğundan, imzası ilə təsdiq etmişdir. Zənnnincə, onun üzərdə gəzdirdiyi narkotik vasitə olan heroin ittihamda göstərilən miqdardan az olmuşdur. O, törətdiyi əməldən peşmandır, ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Göstərilərlənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. İşin mahiyyəti üzrə bildirir ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla məruzə olunduqdan sonra Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, həmin gün saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Binə-Hövsan yolunun yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq və özlərini təqdim edərək, sonuncuya narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu razı olaraq, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə, onu təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan yaşıl rəngli cins şalvarının sağ yan cibindən bir ədəd, üzərində «Pallmall» yazısı olan siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda sonuncu təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, heroini 14 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırılmış, sonra sonuncunun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 382/2021 saylı 23.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 65/2022 saylı 06.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 07.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02.02.2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 07.02.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 6/4756 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3515 saylı 15 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194 dairəvi möhür əski olan, “şübhəli şəxs qismində saxlanılan vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “PalİMalİ” göstəricisi olan bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 1,312 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış naroktik vasitə heroindir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 2925 saylı 17 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ağdam hərbi məhkəməsinin 15.02.2010-cu il tarixli hökmü ilə AR CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi MİÜK-nın 10.06.2010-cu il tarixli qərarı ilə Ağdam hərbi məhkəməsinin 15.02.2010-cu il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, o, 200 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 14.03.2022-ci il tarixli 21- 1/3-2689 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Rayon Məhkəməsinin 1/1(104)-39/2010 saylı, 10.06.2010-cu il tarixli qərarı Bakı şəhər Probasiya İdarəsinin icraatında olmamışdır. Azərbaycan Respublikası CM-nin 80.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə, az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə, ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. İş materiallarında olan AZ-İİ seriyalı 034384 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs X10 ilə rəsmi nikahdadır. İş materiallarında olan AZE seriyalı 12552534 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 birgə nikahlarından 04.12.2013-cü il təvvəllüdlü X6 adlı övladları var. İş materiallarında olan AZE seriyalı 12552540 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 birgə nikahlarından 14.06.2014-cü il təvvəllüdlü X7 adlı övladları var. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 birgə nikahlarından 30.01.2019-cu il təvvəllüdlü X8 adlı övladları var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətdiyini etiraf etmiş, eyni zamanda göstrərmişdir ki, onun zənnincə, üzərində aşkar olunmuş narkotik vasitə olan heroin daha az miqdarda olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyulub, qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri təqsirləndirilən şəxs tərəfindən də imzalanmış və ekspert tədqiqatına göndərilmişdir. Göstərilən halları təqsirləndirilən şəxsin özü, həmçinin, ibtidai və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də təsdiq etmişlər. Artıq ekpertiza tədqiqatı zamanı təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş narkotik vasitənin miqdarı müəyyən olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, evli olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs evlidir və onun himayəsində 3 azyaşlı uşağı vardır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə cəza təyin edərkən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini də nəzərə almalıdır. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməli törətmişdir. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,262 qram heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdən 16.08.2021-ci il tarixədək tutulduğu 02 gün və 02.02.2022-ci il tarixdən 08.04.2022-ci il tarixədək həbsdə saxlandığı 02 ay 06 gün, cəmi 02 ay 08 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 ay 16 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,262 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-65/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-65/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver