Məhkəmə qərarları › İş №1(010)-651/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-651/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-651/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1982-ci ildə Füzuli rayonu, Araz Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Araz Zərgar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 13 noyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 13:30 radələrində iştirak etdiyi bacısı oğlu Şahid1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı iclas zalında məhkəmə baxış iştirakçısı olmaqla zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bədəninə hamının gözü qarşısında arxadan təpiklə zərbə vurmaqla yerə yıxıb sonuncunun şərəf və ləyaqətini alçaldaraq məhkəmə baxışı iştirakçısını təhqir etməklə və ədalət mühakiməsinin nüfuzuna xələl gətirməklə məhkəməyə qarşı hörmətsizlik etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun bacısı oğludur. 2022-ci ilin sentyabr ayında Ülfət, Zərərçəkmiş şəxs adlı bir şəxslə şəxsi münasibətləri zəminində dalaşaraq, sonuncuya yumruq vurmaqla az ağır xəsarət yetirmişdir. Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Şahid1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. 29 mart 2023-cü il tarixdə, saat 13:00 radəsində Suraxanı Rayon Məhkəməsində o, Ülfətin yaxın qohumu kimi məhkəmə iclasında iştirak etmiş, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclas zalında vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə əyləşmişdir. Məhkəmə iclası zamanı tribunada çıxış edən Zərərçəkmiş şəxs Ülfətin həyat yoldaşı haqqında qeyri-etik, nalayiq cümlə işlətdiyi an o, əsəblərinə hakim ola bilmədiyi üçün, tribunada çıxış edən Zərərçəkmiş şəxs yaxınlaşaraq onun kürək nahiyəsindən ayağı ilə bir təpik vurmuş və zərbənin gücündən Zərərçəkmiş şəxs tribuna ilə birlikdə yerə yıxılmışdır. Bu zaman o, etdiyi bu səhvə görə hakimdən, dövlət ittihamçısından və proses iştirakçılarından üzr istəmiş, məhkəmə iclası bitdikdən sonra ailə üzvləri ilə Zərərçəkmiş şəxs arasında barışıq olmuş və ertəsi gün həmin barışıq notariat qaydasında rəsmiləşdirilmişdir. Əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını və etdiyi bu hərəkətin məhkəməyə qarşı hörmətsizlik kimi qəbul olunmamasını xahiş etmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında yaşadığı ərazidə Şahid1 adlı şəxslə aralarında yaranmış mübahisə nəticəsində sonuncu tərəfindən döyülərək xəsarət almış, şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis bölməsində araşdırma aparılmış, toplanmış materiallar daha sonra Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İstintaq şöbəsində Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Şahid1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. 29 mart 2023-cü il tarixdə, saat 13:30 radəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclas zalında o, tribunada çıxış edən zaman arxadan kürək nahiyəsindən qəfildən ona təpiklə zərbə vurulmuş, zərbənin nəticəsində tribuna ilə birlikdə yerə yıxılmışdır. Ayağa qalxdıqdan sonra bilmişdir ki, təpiklə həmin zərbəni ona iclas zalında əyləşmiş, Ülfətin dayısı Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs onun çıxışı zamanı Ülfətin həyat yoldaşı haqqında guya nalayiq, qeyri-etik cümlə işlətdiyini əsas gətirərək, bundan əsəbləşdiyini və ona təpiklə zərbə vurduğunu söyləmişdir. Lakin, Ülfətin həyat yoldaşına və ya onun ailə üzvlərinə qarşı heç bir nalayiq cümlə işlətmədiyini, bunun yalan olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs həmin hadisə ilə təkcə ona qarşı deyil, məhkəməyə qarşı da hörmətsizlik etdiyini, həmin an bir neçə dəqiqəlik məhkəmə prosesinin pozulduğunu bildirmişdir. Ertəsi gün Şahid1 ailə üzvlərinin xahişi nəticəsində aralarında barışıq olmuş və həmin barışıq notariat qaydasında rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 2022-ci ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs adlı şəxslə şəxsi münasibətlər zəminində dalaşaraq ona yumruq vurmaqla, az ağır xəsarət yetirmiş, Zərərçəkmiş şəxs şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis bölməsində araşdırma aparılmış, daha sonra isə İstintaq şöbəsində onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və istintaq tamamlandıqdan sonra cinayət işi baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. 29 mart 2023-cü il tarixdə, saat 13:00 radəsində Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclas zalında proses zamanı tribunada çıxış edən Zərərçəkmiş şəxs onun həyat yoldaşı haqqında qeyrietik, nalayiq cümlə işlətdiyi an, zalda onun yanında əyləşən dayısı Təqsirləndirilən şəxs əsəbi halda yerindən qalxaraq tribunada çıxış edən Zərərçəkmiş şəxs yaxınlaşıb onun kürək nahiyəsindən ayağı ilə bir təpik vurmuşdur. Zərbənin gücündən Zərərçəkmiş şəxs tribuna ilə birlikdə yerə yıxılmışdır. Sonradan dayısı Təqsirləndirilən şəxs etdiyi bu səhvə görə hakimdən, dövlət ittihamçısından və proses iştirakçılarından üzr istəmiş, məhkəmə iclası bitdikdən sonra ailə üzvləri ilə Zərərçəkmiş şəxs arasında barışıq olduğunu və ertəsi gün həmin barışığın notariat qaydasında rəsmiləşdirildiyini bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə o, Suraxanı Rayon Məhkəməsinin iclas zallarında cədvəl üzrə növbətçi olmuşdur. Həmin gün, saat 13:30 radələrində 4 nömrəli məhkəmə iclas zalında hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zərərçəkmiş şəxs tribunada çıxış edən zaman, zalda vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə əyləşən, təqsirləndirilən şəxs Şahid1 dayısı Təqsirləndirilən şəxs qəfildən yerindən qalxaraq, çıxış edən Zərərçəkmiş şəxs kürək nahiyəsinə təpiklə zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs tribuna ilə birlikdə yerə yıxılmışdır. Bu zaman cəld şəkildə Təqsirləndirilən şəxs yaxınlaşaraq, onu intizama dəvət etmişdir. Təqsirləndirilən şəxs hakimdən və proses iştirakçılarından üzr istəmiş, Zərərçəkmiş şəxs tribunada çıxış edən zaman onun bacısı oğlu Şahid1 həyat yoldaşının ünvanına guya qeyri-etik, nalayiq cümlə işlətdiyi səbəbindən əsəbləşib belə bir addım atdığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs tərəfindən tribunada çıxışı zamanı hər hansı bir qeyri-etik, nalayiq cümlənin işlədildiyini eşitməmiş, baş vermiş hadisə ilə bağlı müvafiq akt tərtib olunmuş, aktın doğruluğu imzalarla təsdiqlənmişdir. İş üzrə Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdi. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iclas katibi Şahid3 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il, saat 13:30 radəsində 4 nömrəli məhkəmə iclas zalında hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zamanı Zərərçəkmiş şəxs tribunada çıxış edən zaman, o dövlət ittihamçısının suallarına cavab verərkən söyləmişdir ki, “o, heç bir vaxt Mida yaşayış kompleksinə qadın gətirməmiş, Şahid1 polisə verdiyi izahatında bu hadisə ilə bağlı olaraq, həyat yoldaşının bətnindəki uşağın tələf olduğunu bildirmişdir. Mən də ona sual verirəm ki, bəlkə uşağın ondan olmadığını bildiyi üçün onu özü tələf etdirmişdir?” Bu zaman zalda vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə əyləşən, təqsirləndirilən şəxs Şahid1 dayısı Təqsirləndirilən şəxs qəfildən yerindən qalxaraq, çıxış edən Zərərçəkmiş şəxs kürək nahiyəsinə təpiklə zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs tribuna ilə birlikdə yerə yıxılmışdır. Etdiyi bu hərəkətdən peşman olduğunu bildirən Təqsirləndirilən şəxs hakimdən və proses iştirakçılarından üzr istəmiş və Zərərçəkmiş şəxs tribunada çıxış edən zaman onun bacısı oğlu Şahid1 həyat yoldaşının ünvanına qeyri-etik, nalayiq cümlə işlətdiyi səbəbindən əsəbləşib belə bir addım atdığını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı müvafiq akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 02 oktyabr 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri X4 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 289.1-ci maddəsi ilə başlanmışdır. 29 mart 2023-cü il tarixli, 78 nömrəli Aktdan görünür ki, həmin tarixdə hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi ilə Suraxanı Rayon Məhkəməsinin 4-cü zalında, saat 13:05-də keçirilmiş 1(010)-297/2023 saylı cinayət işinin məhkəmə baxışı zamanı proses gedərkən, qəfil prosesdə iştirak edən təqsirləndirilən şəxsin dayısı Müşfiq adlı şəxs zərərçəkmişə hücum çəkərək ona arxadan kürək nahiyəsinə təpiklə zərbə vurmuşdur. Zərbə vurduqdan sonra, Müşfiq adlı şəxs qaçaraq proses keçirilən zalı və məhkəmənin inzibati binasını tərk etmişdir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 29 mart 2023-cü il tarixli 222 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4-cü zalında qeydə alınmış, cinayət hadisəsini özündə əks etdirən səssiz CD diskə baxış keçirilmişdir. Həmin videogörüntüdən hadisə vaxtının 29 mart 2023-cü il tarix, saat 13:04, hadisə yerinin isə məhkəmə iclas zalı olması görünür. Zalda hakim, dövlət ittihamçısı, məhkəmə iclas katibi, 2 nəfər vəkil mantiyası geyinmiş şəxs, bundan əlavə kürsüdə bir nəfər şəxsin, vətəndaşlar üçün ayrılmış yerlərdə isə daha 4 nəfər şəxsin olması görünür. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs kürsüdə danışan şəxsin Zərərçəkmiş şəxs olduğunu, oturan şəxslərin isə onun özü, bacısı oğlu Şahid1, sonuncunun atası X2 və digərinin isə tanımadığı şəxs olduğunu bildirdi. Baxış zamanı anidən zalda olan Şahid1 Zərərçəkmiş şəxs doğru getmək istəməsi, Təqsirləndirilən şəxs və digər şəxslərin onu tutması görünür. Bu vaxt Təqsirləndirilən şəxs irəli doğru gedərək kürsüdə ayaq üstə arxası ona tərəf olan Zərərçəkmiş şəxs bədəninə arxa tərəfdən sağ ayağı ilə təpik vurması görünür. Zərbə nəticəsində Zərərçəkmiş şəxs irəli gedərək kürsünü yerə yıxır, daha sonra kürək nahiyəsini tutaraq dizi üstə çökür. Bu vaxt məhkəmə iclas zalına daxil olan ədliyyə işçisinin xidməti geyimində olan şəxs Təqsirləndirilən şəxs və digərlərini zaldan çıxarır. Bundan sonra videoda iş üçün əhəmiyyət kəsb edən digər görüntü müşahidə edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri X5 tərəfindən 13 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona ittiham elan olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 04 aprel 2023-cü il tarixli **********190 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmiş, onlar barışmışdır. Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. “Sübutların qiymətləndirilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Araz Zərgər kənd Bələdiyyəsininn sədri Ü.Səfərova tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Araz Zərgər kənd ümumi orta məktəbində oxuduğu müddətdə davranışları, mülayim xasiyyəti ilə müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanmış, hərbi xidmətdə olduğu vaxt öz vətənpərvərliyi ilə seçilmiş, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. X7 kəndində camaat arasında hörmət qazanmış, kəndin xeyir və şərində, şəhidlərin anım günündə, keçirilən bütün seçkilərdə fəal iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona 02 (iki) il şərti sınaq müddəti təyin edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə sınaq müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. 15 sentyabr 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən dələduzluq cinayət əməli beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əsas cəza verilmiş, lakin əlavə cəzası olmadığından onun məhkumluğu tələbnamədə qeyd olunmuş 06 oktyabr 2022-ci il tarixdə yəni sınaq müddəti başa çatdığı gün ödənilmiş hesab olunur. Ona görə də hazırki cinayət işi üzrə məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini və istintaq hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsinə əsasən məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 289.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, peşmançılığı, himayəsində xx.xx.2011-ci il təvəllüdlü Mahmudzadə Muhammədəli və xx.xx.2014-cü il təvəllüdlü Mahmudzadə Mikayıl olmaqla, 2 azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə ittiham və müdafiə tərəfini, təqirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 289.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Məhkəmə cərimə cəzası təyin edərkən şəxsin fərdi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, onun əmlak vəziyyətini də nəzərə alır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalı, cinayət işi üzrə maddi sübut-Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4-cü zalında aparılmış, səssiz videogörüntülü bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 06 (altı) saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 1.000 (min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. Cinayət işi üzrə maddi sübut-Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4-cü zalında aparılmış, səssiz videogörüntülü bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar