Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-66/2020 17.03.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, mütəxəssis X2, prokuror, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, saat 12:40-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, savadsız, boşanmış, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi, 66 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində, yüngül dərəcəli sərxoş vəziyyətdə kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində nömrəsiz evdə, onunla birlikdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs təhqir etmiş, saçından tutub yolmuş, boynun arxa nahiyəsindən və sağ qolundan qəsdən yumruqla vuraraq, sonuncuya sağ saidin qançırı, sağ baldırın şişkinlik və qançırı (hematoması) ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların iki azyaşlı oğulları – xx xxxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən 2017-ci ilin avqust ayında Rəqsanə ilə rəsmi olaraq boşanmış və boşandıqdan sonra ayrı yaşamışlar. Oğlu Umudun ürəyində anadan gəlmə problemlər olduğundan təxminən 01 aydır keçmiş arvadı Rəqsanəni və hər iki oğlunu müvəqqəti yaşamaq üçün kirayə yaşadığı evə gətirib birlikdə yaşamışlar. Birgə yaşadıqları müddət ərzində Rəqsanədən, onun işlərinə qarışmamasını xahiş etsə də, Rəqsanə onun sözlərinə məhəl qoymayaraq onun işlərinə qarışmış və bu səbəbdən də bir-neçə dəfə aralarında mübahisələri olmuşdur. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində bir qədər içkili vəziyyətdə kirayə yaşadığı evə gəldikdən sonra Rəqsanədən ona çay verməsini xahiş etmiş, sonuncu isə bundan imtina etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəqsanənin onun ünvanına təhqiramz ifadə işlətməsindən əsəbləşib onun üzündən 2 dəfə sillə, boynunun arxasından isə əl zərbəsi endirmişdir. Həmin vaxt yatmış azyaşlı uşaqları səsə oyandıqları üçün o, mübahisəyə son qoymuşdur. Hadisənin baş verdiyi vaxt yanlarında heç kim olmamışdır. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların iki azyaşlı oğulları – xx xxxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən 2017-ci ilin avqust ayında Eldarla rəsmi olaraq boşanmış və boşandıqdan sonra ayrı yaşamışlar. Təxminən bir həftəyə yaxın müddətdir azyaşlı uşaqları ilə birlikdə Eldarın kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsinə yerləşən nömrəsiz evə köçüb onunla birlikdə yaşamağa başlamışlar. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:30 radələrində kirayə yaşadıqları evdə olduğu zaman Eldar evə sərxoş vəziyyətdə gəlib heç bir səbəb olmadan onu təhqir etməyə başlamış, bununla kifayətlənməyərək onu evdən qovmaq istəmişdir. Onu nalayiq söyüb təhqir etdiyi zaman Eldara heç bir cavab verməsə də sonuncu onun saçından tutaraq yolmağa başlamış, sonra boynunun arxasına və sağ qoluna yumruq zərbəsi endirmişdir. Eldar onu döyərkən yanında heç kim olmamış, azyaşlı uşaqları digər otaqda yatmışlar. Sonda Zərərçəkmiş şəxs barəsində ittiham irəli sürülmüş şəxsin ona dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-66/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-66/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver