Məhkəmə qərarları › İş №1(010)-66/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-66/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-66/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs2, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(009)-50/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəlləsinin 60 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, 20 nömrəli evin 35 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində nömrəsiz evdə yaşamış, hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan və Təqsirləndirilən şəxs1, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu küçəsi, nömrə 1, 10 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 17 nömrəli evin 122 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 18 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində X4 məxsus olan ünvan 1 ünvanda yerləşən kafeyə arxa otağın plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 01 ədəd 70 manat dəyərində qızılı rəngli “Samsung J2” markalı istifadədə olmuş, normal vəziyyətdə olan və aksesuarsız mobil telefonu, hər biri 01 manat 60 qəpik olmaqla cəmi 06 manat 40 qəpik dəyərində olan 04 ədəd üzərində “Alpen Gold” əmtəə nişanlı şokoladı (plitka), 02 manat dəyərində 01 ədəd “Mamedoff” əmtəə nişanlı enerji içkisini, hər biri 01 manat olmaqla cəmi 07 manat dəyərində olan 07 ədəd “Bizon” əmtəə nişanlı enerji içkisini, hər biri 02 manat 10 qəpik olmaqla cəmi 08 manat 40 qəpik dəyərində olan 04 ədəd “Lays” əmtəə nişanlı cipsi, hər biri 01 manat 20 qəpik olmaqla cəmi 04 manat 80 qəpik dəyərində olan 04 ədəd ruleti, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində olan 04 ədəd 01 ml-lik “Organik” əmtəə nişanlı spirtli içkini, 01 ədəd 10 manat dəyərində olan “Mamedoff” əmtəə nişanlı spirtli içkini və hər biri 08 manat olmaqla cəmi 40 manat dəyərində olan 05 ədəd “Kristal” əmtəə nişanlı spirtli içkini gizli yolla talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 188 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, iki yaşı olanda atası onları atıb getmiş və anası ilə tək qalmışdır. Evin tək uşağı olmuş və 03 il bundan əvvəl anası da onu atıb başqası ilə evlənmiş və buna görə də, o, tək yaşamalı olmuşdur. Həmin vaxtdan hal-hazıradək nə anası, nə də atası onunla maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 isə uşaqlıqdan tanıyır və aralarında yaxşı münasibət olmuşdur. 18 fevral 2021-ci il tarixdə günorta saatlarında Elvinlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli bazar” deyilən yerdə görüşüb axşama kimi birlikdə vaxt keçirmişlər. Sonra isə onun kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən evə getmişlər. Artıq 18 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə keçən gecə, təxminən saat 01 radələri olmuş və onlar ac olduqları, yemək almaq üçün isə pulları olmadığı üçün kafelərdən birindən yemək oğurlamaq qərarına gəlmişlər. Daha doğrusu, Elvin ona, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin girişində yerləşən “Maralın heykəli” deyilən yerlə üzbəüz, yolun sağında yerləşən kafedən oğurluq etməyi təklif etmiş, o, da Elvinin təklifi ilə razılaşmışdır. Onlar yaşadığı evdən çıxıb həmin kafenin qarşısına gəlmişlər, kafenin arxasına keçib oradan hasarı aşaraq kafenin həyətinə düşmüşlər. Bundan sonra kafenin arxa otağının plastik pəncərəsinin kilid hissəsindən bir neçə dəfə sıxıb pəncərəni açmışlar və əvvəlcə o, arxasınca da Elvin pəncərədən kafeyə daxil olmuşlar. Daxil olduqları otaq kafenin otaqlarından biri olmuş, içəridə stol və stullar olmuşdur. Həmin otağın qapısının üzərində olan kilidi Elvin açmış və onlar kafenin zalına daxil olmuşlar. O, həmin zalda olan bar kimi nəzərdə tutulan hissədən 07 ədəd “Bizon” enerji içkiləri, 04 ədəd çips və 04 ədəd “Alpen Gold” şokoladı və bar kimi olan yerdəki şkafların birindən 01 ədəd “Samsung” markalı mobil telefonu, Elvin isə 01 ədəd “Mamedoff’ enerji içkisi, 10 ədəd adını bilmədiyi araq və 04 ədəd şirniyat oğurlamışdır. Bundan sonra kafeyə daxil olduqları pəncərədən çölə çıxmışlar və harsardan aşıb küçəyə düşərək sağollaşıb ayrılmışlar. O, yaşadığı evə getmiş və evdə “Bizon” enerji içkilərini içmiş, çipsləri isə yemişdir. Dörd ədəd şokoladı isə yeməmişdir. Təxminən 01 saat sonra Elvin onun yaşadığı evə gəlmiş, Elvin onların oğurladığı 01 ədəd “Mamedoff’ adlı enerji içkisini içmiş və onun biraz saxladığı çipsdən yemişdir. Oğurladıqları 03 ədəd “Alpen Gold” şokoladını öz aralarında bölmüşlər, araqları sanitar qovşağına boşaltmışlar, digər şirniyaları isə qorxduqları üçün zibilliyin yanına tullamışlar. 19 fevral 2021-ci il tarixdə Elvinlə birlikdə yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gəlib onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onlar oğurluq etdiklərini etiraf etmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hazırda nənəsi ilə birlikdə yaşayır. Belə ki, 2017-ci ildə anası rəhmətə getmiş, həmin vaxtdan da atası ona baxmaqdan imtina etmişdir. Evdə üç uşaq olmuşlar və o, evin böyük uşağı olmuşdur. Təqsirləndirilən şəxs2 uşaqlıqdan birlikdə məşq etdikləri zaman tanımış və aralarında yaxşı münasibət olmuşdur. 18 fevral 2021-ci il tarixdə günorta saatlarında Yusiflə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli bazar” deyilən yerdə görüşüb axşama kimi birlikdə vaxt keçirmişlər. Sonra isə Yusifin kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən evə getmişlər. Artıq 18 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə keçən gecə, təxminən saat 01 radələri olmuş və onlar ac olduqları, yemək almaq üçün isə pulları olmadığı üçün o, Yusifə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin girişində yerləşən “Maralın heykəli” deyilən yerlə üzbəüz, yolun sağında yerləşən kafedən oğurluq etməyi təklif etmiş, Yusif də onun təklifi ilə razılaşmışdır. Onlar Yusifin yaşadığı evdən çıxıb həmin kafenin qarşısına gəlmişlər, kafenin arxasına keçib oradan hasarı aşaraq kafenin həyətinə düşmüşlər. Bundan sonra kafenin arxa otağının plastik pəncərəsinin kilid hissəsindən bir neçə dəfə sıxıb pəncərəni açmışlar və əvvəlcə Yusif, arxasınca da o, pəncərədən kafeyə daxil olmuşlar. Həmin otağın qapısının üzərində olan kilidi açmış və onlar kafenin zalına daxil olmuşlar. Yusif həmin zalda olan bar kimi nəzərdə tutulan hissədən 07 ədəd “Bizon” enerji içkiləri, 04 ədəd çips və 04 ədəd “Alpen Gold” şokoladı və bar kimi olan yerdəki şkafların birindən 01 ədəd “Samsung” markalı mobil telefonu, o isə 01 ədəd “Mamedoff’ enerji içkisi, 10 ədəd adını bilmədiyi araq və 04 ədəd şirniyat oğurlamışdır. Bundan sonra kafeyə daxil olduqları pəncərədən çölə çıxmışlar və harsardan aşıb küçəyə düşərək sağollaşıb ayrılmışlar. Təxminən bir saat gəzdikdən sonra gec olduğu üçün nənəsinin onu evə buraxmayacağını düşünüb Yusifin yaşadığı evə getmiş, orada “Bizon” və “Mamedoff’ enerji içkilərini içmiş, 04 ədəd çipsi isə Yusiflə birlikdə yemişlər. Oğurladıqları 03 ədəd “Alpen Gold” şokoladını öz aralarında bölmüşlər, araqları sanitar qovşağına boşaltmışlar, digər şirniyaları isə qorxduqları üçün zibilliyin yanına tullamışlar. 19 fevral 2021-ci il tarixdə Yusiflə birlikdə sonuncunun yaşadığı evdə olan zaman polis əməkdaşları gəlib onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onlar oğurluq etdiklərini etiraf etmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən adı olmayan kafe ona məxsusdur və 2020-ci ilin yay aylarında həmin kafeni özü götürüb işlətməyə başlamışdır. 18 fevral 2021-ci il tarixdə səhər təxminən saat 10 radələrində gəlib kafeni açmış və axşam təxminən saat 24 radələrinə kimi həmin kafedə olmuşdur. Axşam təxminən saat 24 radələrində kafeni bağlayıb evinə getmiş, səhərisi gün, yəni 19 fevral 2021-ci il tarixdə təxminən saat 10:30-da həmin kafeyə gedib qapını açmışdır. Bu zaman kafenin içəri qapısının açıq halda və pəncərəsinin isə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal kafenin içini axtarmağa başlamış və həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus olan həmin kafeyə arxa tərəfdən plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq kafenin içindən ona məxsus olan 01 ədəd 500 manat dəyərində “Samsung Galaxy J2” markalı mobil telefonu, hər biri 01 manat 80 qəpik olan 04 ədəd “Alpen Gold” şokoladını, 02 manat dəyərində 01 ədəd “Mamedoff” əmtəə nişanlı enerji içkisini, hər biri 01 manat olan 07 ədəd “Bizon” əmtəə nişanlı enerji içkisini, hər biri 02 manat 10 qəpik olan 04 ədəd “Lays” əmtəə nişanlı cipsi, hər biri 01 manat 20 qəpik olan 04 ədəd ruleti, hər biri 10 manat olan 04 ədəd “Organik” əmtəə nişanlı spirtli içkini, 01 ədəd 10 manat dəyərində “Mamedoff’ əmtəə nişanlı spirtli içkini və hər biri 08 manat olan 05 ədəd “Kristal” əmtəə nişanlı spirtli içkini oğurlamışlar. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət keçmiş polis əməkdaşları gəlib kafeyə baxış keçirmişlər və o, hadisə barədə ərizə yazmışdır. Oğurluq hadisəsi 18 fevral 2021-ci il tarixdə saat 24 radələrindən 19 fevral 2021-ci il tarixdə saat 10:30 radəsinədək olan müddət ərzində ona məxsus olan ünvan 1 ünvanda yerləşən kafedə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 619 manat 40 qəpik məbləğində maddi ziyan dəymişdir. Lakin hadisənin baş verdiyi gün çox narahat olduğundan dəqiq olaraq nə oğurlandığını bilməmiş, buna görə də, təxmini olaraq hadisə nəticəsində ona vurulmuş maddi ziyanı 800 manat miqdarında qiymətləndirmişdir İlkin ifadəsində 01 ədəd “Samsung J2” markalı mobil telefonu aldığı qiyməti nəzərdə tutaraq 500 manat dəyərində olmasını və 04 ədəd “Alpen Gold” əmtəə nişanlı plitka şokaladın hər birinin dəyərinin satdığı qiyməti əsas götürməklə 01 manat 80 qəpik olduğunu demiş, lakin iş üzrə alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 aprel 2021-ci il tarixli, 9/1846 saylı rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspertiza rəyinə heç bir etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Hadisə zamanı oğurlanmış mobil telefonun üzərində mobil nömrə və ya yaddaş kartı olmamışdır. 24 may 2022-ci il tarixdə zərərçəkmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 məxsus olan ünvan 1 ünvanda yerləşən kafedən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı kafenin taxtadan olan arxa qapısının kilidinin sındırıldığı müəyyən edilmişdir. Baxışda iştirak edən X5 bildirmişdir ki, ona məxsus kafedən “Samsung J2” markalı mobil telefon və 300 manat dəyərində müxtəlif spirtli vəenerji içkiləri, habelə şirniyyatlar oğurlanmışdır. İş materiallarında olan əşyanın könüllü olaraq təqdim edilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, X4 məxsus olan ünvan 1 ünvanda yerləşən kafedən oğurladıqları əşyalardan 01 ədəd “Samsung” markalı mobil telefonu və 04 ədəd “Alpen Gold” əmtəə nişanlı şokoladları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilinə təqdim edərək, onları 18 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində yuxarıda qeyd edilən kafedən oğurladıqlarını bildirmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 aprel 2021-ci il tarixli, 9/1846 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 76 manat 40 qəpik müəyyən edilir. O cümlədən: - 04 ədəd üzərində “Alpen Gold” sözləri yazılmış şokolad (plitka) – 06 manat 40 qəpik (04 x 01 manat 60 qəpik); - 01 ədəd qızılı rəngli “Samsung J2” markalı istifadədə olmuş, normal vəziyyətdə olan mobil telefon (aksesuarsız) – 70 manat. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 17 may 2021-ci il tarixli protokollardan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadələrii yerində yoxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yerləşən kafeni göstərərək, 18 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində birlikdə həmin kafedən oğurluq etdiklərini bildirmişlər, həmin kafeyə haradan və necə daxil olduqlarını, oradan hansı əşyaları oğurladıqlarını əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan başqa “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008ci il tarixli, 04 saylı Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşına çatdıqdan sonra törədildikdə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, əvvəlcə CM-nin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin edilməli və CM-nin 66-cı maddəsinə uyğun olaraq təyin olunmuş cəzalar birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 xx xxxxxx 2003-cü ildə, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2003-cü ildə anadan olmuşlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(006)-54/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri 23 aprel 2021-ci il və 24 iyun 2021-ci il tarixlərdə törətməkdə təqsirli bilinərək, həmin Məcəlləsinin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(009)-50/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 04 oktyabr 2021-ci il tarixdə törətməkdə təqsirli bilinərək, həmin Məcəlləsinin 60 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(009)-50/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, həmin Məcəllənin 60 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və bu zaman Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(009)-50/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanaraq, azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 mart 2022-ci il tarixdən sayılmalı, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(006)-54/2022 nömrəli hökmündən müəyyən olunur ki, həmin məhkəmənin icraatında olmuş cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbs edilmilmişdir. Bununla da iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(006)-54/2022 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs2 barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “Alpen Gold” əmtəə nişanlı şokoladın və 01 ədəd qızılı rəngli istifadədə omuş, normal vəziyyətdə olan, aksesuarsız “Samsung J2” markalı mobil telefonun Azərbaycan Respublikası CPMnin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(009)-50/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(009)-50/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(006)-54/2022 nömrəli hökmü ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Təqsirləndirilən şəxs2 barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “Alpen Gold” əmtəə nişanlı şokoladın və 01 ədəd qızılı rəngli istifadədə omuş, normal vəziyyətdə olan, aksesuarsız “Samsung J2” markalı mobil telefonun ibtidai araşdırma zamanı sahibi, zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar