Məhkəmə qərarları › İş №1(010)-67/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-67/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-67/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 04 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, Dalan 3, 5 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(010)-233/2020 nömrəli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(010)-67/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0.154 qram çəkidə narkotik vasitə heroini və 0.045 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək, üzərində daşımaqla saxlamış, 10 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, Dalan 3, 5 nömrəli evin qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən bir ədəd bükümdə 0.154 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 0.045 qram psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 02 ildir narkotik vasitə və psixitrop maddə aludəçisidir. Narkotik vasitə və psixitrop maddəni şəxsi istifadəsi üçün mütəmadi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məscidin yaxınlığında yalnız üzdən tanıdığı “Rafiq” adlı şəxsdən 10 manata alır. 10 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, Dalan 3, 5 nömrəli evin qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib ona, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə getməyi təklif etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə getmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd plastmas qabın içərisindəki siqaretin gümüşü rəngli kazına bükülmüş 02 bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərin birində “kokos” kimi tanıdığı narkotik vasitə heroin, digərində isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məscidin yaxınlığında yalnız üzdən tanıdığı “Rafiq” adlı şəxsdən, şəxsi istifadəsi məqsədilə 10 manata almışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Emin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 10 oktyabr 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və digər iş yoldaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin günü, təxminən saat 12 radələrində onlar, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, Dalan 3, 5 nömrəli evin qarşısında, xarici əlamətləri Emin adlı şəxsin əlamətlərinə uyğun olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da öz növbəsində etiraz etmədən onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində, xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd plastmas qabın içərisindəki siqaretin gümüşü rəngli kazına bükülmüş 02 bükümü onlara təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərin birində “kokos” kimi tanıdığı narkotik vasitə heroin, digərində isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məscidin yaxınlığında yalnız üzdən tanıdığı “Rafiq” adlı şəxsdən, şəxsi istifadəsi məqsədilə 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki maddələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahidlər Şahid3 və Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd plastmas qabın içərisindəki siqaretin gümüşü rəngli kazına bükülmüş 02 bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərin birində “kokos” kimi tanıdığı narkotik vasitə heroin, digərində isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 oktyabr 2020-ci il tarixli, 6/2125 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd plastik qabda bir ədəd bükümdə təmiz çəkisi 0.154 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0.045 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Təmiz çəkisi 0.154 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.104 qram təşkil etmişdir. Təmiz çəkisi 0.045 qram olan metamfetaminin 0.005 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.040 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 oktyabr 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd plastmas qabın içərisindəki siqaretin gümüşü rəngli kazına bükülmüş 02 bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərin birində “kokos” kimi tanıdığı narkotik vasitə heroin, digərində isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məscidin yaxınlığında yalnız üzdən tanıdığı “Rafiq” adlı şəxsdən, şəxsi istifadəsi məqsədilə 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs, müdafiəçisinin sualına cavab olaraq bildirir ki, ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2020ci il tarixli, 3117 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin 0.154 qram çəkidə, yəni şəxsi istehlak miqdarından artıq olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etsə də, metamfetaminin 0.045 qram çəkidə, yəni şəxsi istehlak miqdarından az olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 0.045 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsinə dair müddəalar ona elan edilmiş ittihamdan xaric edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablanmaqla ev dustqalığı qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(010)-67/2021 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 03 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş ev dustqalığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 30 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2020-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.104 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.040 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.104 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.040 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar