Məhkəmə qərarları › İş №1(010)-68/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-68/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-68/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1996-cı ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ibtidai təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, , Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan (yaşayış yeri üzrə qeydiyyatı yoxdur), 26 – 27 avqust və xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə günorta saatlarında qonşusu və tanışı olan Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu 39 ünvanında yerləşən evin qapısının üzərindən həyətə düşüb mənzilin açıq pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 200 manat dəyərində bir ədəd qara rəngli Türkiyə istehsalı olan “Vestel” markalı "32HD5000TR" modelli televizoru gizli olaraq talayıb zərərçəkmiş şəxsə 200 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, subaydır. Atası vəfat edib. Özü hazırda anası ilə birlikdə yaşayır. Bacısı boşanıb və bir nəfər azyaşlı uşağı ilə onlardan ayrı yaşayır. Başqa heç kəsi yoxdur. Anası xəstəliyi ilə əlaqədar işləmir, pensiya almır və ümumiyyətlə heç bir qazancı yoxdur. O, isə fəhləlik etməklə özünün və anasının maddi cəhətdən dolanacaqlarını təmin edir. Lakin COVİD-19 pandemiyası və bununla bağlı tətbiq olunan karantin rejimi ilə əlaqədar iş tapmaqda çətinlik çəkrdi. Ona görə də müvafiq dövrdə maddi vəziyyətləri çox ağır olub. Başqa çıxış yolu tapa bilmədiyinə görə belə qərara gəlmişdir ki, oğurluq yolu ilə pul əldə edib, ailənin ehtiyaclarına xərcləsin. Bu məqsədlə xx xxxxxx 2020-ci ildə günorta saatlarında yaşadığı evdən çıxaraq oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Yaşadığı ərazidə evlərindən bir qədər aralıda, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinin qarşısından keçərkən oradan oğurluq etmək istəmiş, həmin evə daxil olarkən görən olmasın deyə, ətrafa nəzər salmış və heç kəsin olmadığını görüb, evin çöl qapısının üzərindən həyətə düşmüşdür. Həyətdə bir qədər baxıb heç kəsin olmadığına tam əmin olmuş, bundan sonra evin qapısının yanındakı açıq pəncərədən evə daxil olmuşdur. Evi axtarmağa başlamış, lakin qızıl və pul tapa bilməmişdir. Eyni zamanda qonaq otağındakı trümonun üzərində bir ədəd “Vestel” markalı televizor görüb, onu sonradan satıb pul əldə etmək məqsədilə götürərək pəncərədən çölə çıxarmış, daha sonra isə yaşadığı evin yanına gətirərək oradakı yarımtikilidə gizlətmişdir. xx xxxxxx 2020-ci ildə televizor təmiri ilə məşğul olan Elxan adlı şəxsə zəng edərək özünə məxsus bir ədəd televizorunun olduğunu və onu satmaq istədiyini bildirmişdir. Bununla əlaqədar Elxanı yaşadığı evə dəvət etmiş, sonra isə televizoru gizlətdiyi yerdən götürüb evinə gətirmişdir ki, Elxana göstərsin. Elxan gəlib televizoru yoxlamış və qiymətinin 80 manata razılaşmışlar. Elxan razılaşdıqları 80 manatı ona verib televizoru da götürərək getmişdir. Əldə etdiyi 80 manatı ailəsinin maddi ehtiyaclarına xərcləyib. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 20 ildir televizor ustası kimi fəaliyyət göstərir. Lakin təmir işləri ilə məşğul olması üçün emalatxanası yoxdur. Ona görə də televizor təmiri ilə bağlı ya özü təmirə ehtiyacı olan televizorun olduğu evlərə çağırışa əsasən gedir, və yaxud müştərilər televizorlarını təmir etdirmək üçün onun evinə gətirirlər. Bundan başqa işlənmiş televizorların alğı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs və X2 tanıyır. Hər ikisi onunla eyni ərazidə yaşayırlar. Qeyd edir ki, 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ona zəng edərək özünə məxsus televizoru satmaq istədiyini demiş və televizora baxıb, qiymətində razılaşmaları üçün onu öz evinə dəvət etmişdir. Bunla bağlı Rzanın evinə gedərək televizoru yoxlamış, tam işlək vəziyyətdə olduğunu görüb onunla 80 manat qiymət razılaşmışdır. Söhbət zamanı Rza bir daha bildirmişdir ki, televizor özünə məxsusdur və onu pula ehtiyacı olduğu üçün satır. Rzaya inandığına görə razılaşdıqları 80 manatı ona vermiş və televizoru götürüb getmişdir. xx xxxxxx 2020-ci ildə yaşadığı evdə olduğu vaxt polis əməkdaşları gəlib televizorun oğurluq olduğunu bildirmişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. xx xxxxxxxx 2020-ci il tarixli 9/3519 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Türkiyə istehsallı “Vestel” markalı “32HD5000TR” modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 200,0 manat müəyyən edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gəncliyini, ilk dəfə olaraq və maddi imkansızlığı üzündən az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, oğurlanmış əşyanın sahibinə qaytarıldığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Türkiyə istehsallı, “Vestel” markalı, “32HD5000TR” modelli televizor Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 – xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət (ümumilikdə 02 (iki) gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Türkiyə istehsallı, “Vestel” markalı, “32HD5000TR” modelli televizor Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar