Məhkəmə qərarları › İş №1(010)-68/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-68/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-68/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(010)-85/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 13 iyun 2024-cü il tarixdə sübhəli şəxs qismində tutulmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 1(010)-418/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 27 noyabr 2024-cü il tarixdə tutularaq 28 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 26 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi ilə bağlı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmin ittihama əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama qərarına gəlib bu məqsədlə 04 avqust 2023-cü il tarixdə, saat 09 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, «D» yaşayış massivi, «Xəzər İnşaat» 9a ünvanının qarşısına gəlmiş, orada saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının nəfəsliyini sındırıb açaraq avtomobilin salonunda quraşdırılmış 300 manat dəyərində 01 (bir) ədəd Android maqnitofonu, 120 manat dəyərində “Opel-Astra” markalı avtomobilə məxsus 01 (bir) ədəd təzə sol arxa faranı, 300 manat dəyərində 04 (dörd) ədəd “xrom” səsgücləndiricini və 150 manat dəyərində işlənmiş 01 (bir) ədəd əl drelini gizli yolla talayaraq Zərərçəkmiş şəxs, ümumilikdə 870 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(010)-85/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) gün 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır. 12 fevral 2022-ci il tarixdən 10 avqust 2023-cü il tarixədək Azərbaycan Respublikası ƏN PX-nin 5 saylı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində cəzasını çəkmiş və 10 avqust 2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuş, vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsi olmamışdır. 13 iyun 2024-cü il tarixdə, Yeni Günəşli qəsəbəsində olan məscidin yanında olarkən onu 33-cü polis bölməsinin əməkdaşları tutub, polis bölməsinə aparmışlar. Orada, əvvəllər məhkumluğu olduğu üçün onu məcbur etmişlər ki, ya bu cinayət işini boynuna götürməlidir, ya da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona ittiham elan edəcəklər. O, da buna görə polislərin dedikləri ilə razılaşmış və məcbur qalıb cinayəti boynuna götürmüşdür. Ona bildirmişlər ki, iş bağlanacaq və məhkəməyə göndərilməyəcək. Məhkəmə iclaslarından boyun qaçırmaq məqsədi olmayıb, reabilitasiya mərkəzində narkomaniya xəstəliyindən müalicədə olduğu üçün məhkəmə iclaları barədə məlumatı olmayıb, üzürlü səbəbdən iştirak edə bilməmişdir. Məhkəmə iclaslarında verilən suallara cavab olaraq bildirmişdir ki, cəzaçəkmə müddəti 10 avqust 2023-cü il tarixdə bitmiş və cəzaçəkmə müəssisəsindən çıxmışdır. Cəzasını 5 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Polis əməkdaşları onu saxlayan zaman tək olmuşdur. Cinayət hadisəsini o törətməmiş, hadisə 04 avqust 2023-cü il tarixdə baş verən zaman o qapalı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, bu barədə istintaqı aparan müstəntiq Nizami Məhərrəmova dəfələrlə desə də, sonuncu onun dediklərinə məhəl qoymamışdır. Sonda isə dövlət ittihamçısının onun cinayətin törədilməsinə aidiyyəti olmadığından barəatverici əsaslarla cinayət təqibindən imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, «ünvan 3 ünvanda yaşayır. «Vaz 2106» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşına məxsus olmuş və o, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobili axşamlar yaşadığı binanın yanında saxlayır. 03 avqust 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı evə gəlmiş, avtomobili isə yaşadığı evin yaxınlığında saxlayıb avtomobilinin qapı və pəncərələrini bağlayaraq evinə getmişdir. 04 avqust 2023-cü il tarixdə, saat 09 radələrində işə getmək üçün evdən çıxıb həyətə düşmüş, avtomobilinə yaxınlaşdıqda avtomobilinin qabaq sağ qapısının və nəfəsliyinin yarım açılı vəziyyətdə olduğunu görmüşdür. Avtomobilinə yaxınlaşıb qabaq sağ qapının açıq olub-olmamasını yoxlayanda, qabaq sağ qapı və həmin qapının nəfəsliyinin açıldığını görmüş, avtomobilinin qapısını açıb baxanda avtomobilin salonunda olan 300 manat dəyərində maqnitafonun, 120 manat dəyərində «Opel-Astra» markalı avtomobilə məxsus təzə sol arxa farasının, 300 manat dəyərində dörd ədəd “xrom” səsgücləndiricisinin və 150 manat dəyərində işlənmiş əl drelinin oğurlandığını bilmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng vurub avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları hadisə yerə gəlmiş, avtomobilini saxladığı yeri polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları hadisə yerinə baxış keçirərək hadisə yerinin və avtomobilin fotoşəkillərini çəkib protokol tərtib etmişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsindən ona bildirmişlər ki, həmin cinayət hadisəsini Təqsirləndirilən şəxs törətmiş, onun həmin şəxslə heç bir tanışlığı olmamış, ədavət və düşmənçiliyi yoxdur. Avtomobilindən 300 manat dəyərində maqnitofon, 120 manat dəyərində «Opel-Astra» markalı avtomobilə məxsus təzə sol arxa fara, 300 manat dəyərində 04 (dörd) ədəd “xrom” səsgücləndiricisi və 150 manat dəyərində işlənmiş əl dreli oğurlanmışdır. Ümumilikdə, ona 870 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə arasında üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. Odur ki, təqsirləndirilən şəxsi ilk dəfədir görür. Əşyaları ona qaytarılmayıb, lakin şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs 27 yanvar 2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 14 avqust 2023-cü il tarixdə, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı Ruslan Mirzəliyev tərəfindən toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. (iş.v. 20) 29 aprel 2024-cü il tarixli, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı Ruslan Mirzəliyev tərəfindən toplanmış material üzrə qəbul edilmiş 14 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız və qanunsuz oduğu üçün ləğv edilmiş və fakta görə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. (iş.v. 1-2) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanan 04 avqust 2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 09:00 radələrində yaşadığı binanın yaxınlığında saxladığı etibarnamə ilə idarə etdiyi “Vaz 2106” markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapının nəfəsliyi açılaraq təxmini qiyməti 480 manat olan 01 (bir) ədəd maqnitofon, 04 (dörd) ədəd xrom səsgücləndirici və 01 (bir) ədəd “Opel” markalı avtomobilə məxsus arxa işıqları naməlum şəxslər tərəfindən gizli yolla talanaraq oğurlanmışdır. Həmin şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (iş.v. 5) “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063” minik markalı, sedan tipli, buraxılış ili 1983-cü il olan, sarı rəngli avtomobil alqı-satqı müqaviləsi əsasında X6 məxsusdur. (iş.v. 9) 04 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, göstərilən hadisə ünvan 5 ünvanının qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə əsas mərkəzi yoldan yaşayış binalarının yaxınlığında yerləşən ərazidə baş vermişdir. Belə ki, hadisə yerinin sol yan tərəfində çoxsaylı yaşayış binası, sağ yan tərəfində isə məktəb yerləşir. Hadisə yerinə baxış keçirilərək məlum olmuşdur ki, “VAZ 21063” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan nəfəsliyi açılaraq avtomobilə daxil olan şəxslər tərəfindən avtomobildən 01 (bir) ədəd maqnitofon, 04 (dörd) ədəd xrom səsgücləndirici və 01 (bir) ədəd “Opel” markalı avtomobilə məxsus arxa işıqları oğurlanmışdır. Hadisə yerinə çıxmış kriminalistik ekspert tərəfindən hadisə yerindən 03 ədəd yararlı əl-barmaq izləri, 01 ədəd oğurluq edən şəxsə məxsus qana bənzər maddə aşkar edilərək götürülmüşdür. Hadisənin baş verdiyi ərazinin yaxınlığındakı yaşayış binaları videomüşahidə kamerası ilə daimi müşahidə altındadır. Hadisə baş verən ərazinin ətrafı daimi müşahidə edilir və işlək vəziyyətdədir. (iş.v. 10-12) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən 10 avqust 2023-cü il tarixdə, Suraxanı RPİ-yə ünvanlanmış məktubdan görünür ki, 04 avqust 2023-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xəzər İnşaat ev 9 a, mənzil 200-də yaşayan, Zərərçəkmiş şəxs məxsus «Vaz 2106» markalı, **-NO-*** d.q.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri 07 avqust 2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 01 may 2024cü il tarixli ərizədən görünür ki, 04 avqust 2023-cü il tarixdə naməlum şəxs ona məxsus “Vaz 2106” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 300 manat dəyərində android maqnitofonu, 120 manat dəyərində “Opel Astra” markalı avtomobilə aid təzə sol arxa faraları, 300 manat dəyərində 04 (dörd) ədəd “xrom” səsgücləndiricini və 150 manat dəyərində işlənmiş əl drelini gizli yolla talayaraq oğurlamışdır. Həmin cinayət nəticəsində ona 870 manat maddi ziyan dəymişdir. Həmin fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 26) 01 may 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 27) Suraxanı RPİ-nin İŞ-in 02 may 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanmış 15 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs avtomobilini saxladığı yerdə və həmin yerə yaxın ərazidə olan obyektlərdə müşahidə kameraları yoxdur. Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildən 01 (bir) ədəd android maqnitofonun, "Opel Astra" markalı avtomobilə məxsus təzə sol arxa faranın, dörd ədəd "xrom" səsgücləndiricinin və bir ədəd əl drelininin kim tərəfindən oğurlanması, hadisə şahidləri, oğurlanmış əşyaların harada, kim tərəfindən və kimlərə satılmasını müəyyən etmək mümkün olmamışdır. (iş.v. 34-35) Suraxanı RPİ-nin İŞ-in 14 iyun 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanmış 15 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilindən oğurladığı 01 (bir) ədəd android maqnitofonu, "Opel-Astra” markalı avtomobilə məxsus təzə sol arxa faranı, 04 (dörd) ədəd “xrom” səsgücləndiricini və 01 (bir) ədəd əl drelini Bakı şəhəri Sabunçu rayonun ərazisindəki «Bit» bazarında satmışdır. Lakin onun həmin əşyaları satmış olduğu şəxsləri müəyyən edib dindirilmələri üçün istintaqa təqdim olunması mümkün olmamışdır. (iş.v. 76, 90) 14 iyun 2024-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D massivində, Xəzər İnşaat 9a ünvanının qarşısında dayanıb bildirmişdir ki, 04 avqust 2023-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində gəzərkən orada ağacların qarşısında sarı rəngli “Vaz 2106” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, təxminən beş dəqiqə avtomobilin yanında dayandıqdan sonra, avtomobilin sağ tərəfinə keçib qapının sağ ön şüşənin nəfəsliyinin kilitini əli ilə sındıraraq avtomobilin qapısını açıb avtomobilin içinə oturmuş, avtomobilin salonunda quraşdırılmış bir ədəd android maqnitafonu naqillərdən qopardaraq götürmüş, sonra avtomaşından düşüb arxa qapını açıb arxa oturacağa oturmuş, arxa hissədə quraşdırılmış dörd ədəd səsgücləndiricini, bir ədəd “Opel Astra” markalı avtomobilə məxsus arxa işıq farasını və bir ədəd əl drelini götürüb avtomobilin içərisində olan sellofan torbaya yığıb avtomobildən düşərək oradan uzaqlaşmışdır. (iş.v. 79-80) 15 iyun 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. (iş.v. 91-95) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(010)-85/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə, saat 13:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 13 iyun 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 1(010)-418/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmədiyindən barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan edilmiş, 27 noyabr 2024-cü il tarixdə tutularaq 28 noyabr 2024-cü il tarixdən Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 43, 60-61, 72-73) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 10 avqust 2023cü il tarixli, 535 nömrəli arayışdan görünür ki, o, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(010)-85/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 5 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində 12 fevral 2022-ci il tarixdən 10 avqust 2023-cü il tarixədək cəzasını çəkmiş, cəzaçəkmə müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 1(010)- 68/2025 saylı sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 5 saylı cəzaçəkmə müəssisəsi tərəfindən ünvanlanmış 31 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, müəssisədə cəza çəkmiş xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, ünvan 10 ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 69 maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli 12 fevral 2022-ci il, cəzasının sonu 10 avqust 2023-cü il olmaqla, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasından 5 saylı cəzaçəkmə müəssisəsinə qəbul edilmiş və 10 avqust 2023-cü il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı X7 məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin 31 yanvar 2025-ci il tarixli, 3-16-xx.xx/2212/2025 nömrəli məktubundan görünür ki, müəssisədə cəza çəkmiş, Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə məhkum olunmuş Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasından 5 saylı cəzaçəkmə müəssisəsinə qəbul edilmiş və 10 avqust 2023-cü il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə, 870 manat məbləğində əmlakın 04 avqust 2023-cü il tarixdə oğurlanması ilə əlaqədar ittiham elan olunmuşdur. Halbuki, təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdən 10 avqust 2023-cü il tarixə kimi 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Bu da qeyd olunan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini istisna edir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 84.6.9-cu maddəsinə görə, həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittiham üzrə cinayət təqibindən cinayətin törədilməsinə aidiyyəti olmadığından CPM-nin 39.2-ci maddəsinə əsasən imtina edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və hazırda dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina etdiyini bildirir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsini, cinayət işinin materiallarını, məhkəmə istintaqı zamanı toplanmış sübutları, həmçinin dövlət ittihamçısının 13 fevral 2025-ci il tarixli rəyini tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 39.2-ci maddəsinə əsasən (cinayət törədilməsinə aidiyyəti olmadığına görə) xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Prosessual Məcəllənin 41.4-cü maddəsinə əsasən Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə o, guya cinayət hadisəsini 04 avqust 2023-cü il tarixdə törətmişdir. Lakin təqsirləndirilən şəxsin təqdim etdiyi rəsmi qaydada təsdiq edilmiş arayış və ünvan 12 ünvanladığı sorğusunun cavab məktubundan, eləcə də Təqsirləndirilən şəxs barəsində çıxarılmış 03 mart 2022-ci il tarixli hökmdən aşkar şəkildə görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixədək sözügedən ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Odur ki, dövlət ittihamçısı tərəfindən cinayət təqibindən imtina etməsi ilə bağlı məhkəməyə təqdim edilmiş 13 fevral 2025-ci il tarixli rəy nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 39.2-ci maddəsinə əsasən (cinayətin törədilməsinə aidiyyəti olmadığına görə) bəraətverici əsaslarla xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 28-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; 28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; 28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq; 28.4.4. cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq; 28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. CPM-in Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. CPM-nin 84.6.9-cu maddəsinə görə, həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs mövcud iş üzrə məhkəmə istintaqı dövründə məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlmədiyindən, məhkəmənin çağırışlarından yayındığına görə barəsində axtarış elan edilməklə həbs növündə qətimkan tədbiri seçilmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Hazırki iş üzrə şəxsin barəsində bəraət hökmü çıxarılmasa da dövlət ittihamçısı ittihamdan tamamilə imtina etdiyi üçün bəraətverici əsaslarla iş üzrə icraata xitam verildiyindən CPM-nin 356.5-ci maddəsində qeyd olunanlar Təqsirləndirilən şəxs da izah olunmalıdır. CPM-nin 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə dövlət ittihamçısının CPM-nin 39.2-ci maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığından bəraətverici əsaslarla cinayət təqibindən tamamilə imtina etməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 39.2-ci maddəsinə əsasən (cinayət törədilməsinə aidiyyəti olmadığına görə) xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Nizami Məhərrəmovun istintaqın aparılması zamanı yol verdiyi kobud qanun pozuntularına görə barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər nazirinə göndərilməli, Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiq və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, cinayət təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin müəyyən edilməsi məsələsinin həll edilməsi üçün qərar qanuni qüvvəyə mindikdən sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçiyə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.1, 321.2.1 və 344-347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə dövlət ittihamçısının bəraətverici əsaslarla cinayət təqibindən tamamilə imtina etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 39.2-ci maddəsinə əsasən (cinayət törədilməsinə aidiyyəti olmadığına görə) bəraətverici əsaslarla xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Nizami Məhərrəmovun istintaqın aparılması zamanı yol verdiyi kobud qanun pozuntularına görə barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər nazirinə göndərilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiq və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin müəyyən edilməsi məsələsinin həll edilməsi üçün qərar qanuni qüvvəyə mindikdən sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar