Məhkəmə qərarları › İş №1(010)-69/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-69/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-69/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 69 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-156/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2020-ci ildə cəzasının sonu ilə Suraxanı rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci ildə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən “xxxxxx” X3 yığma sahəsinə özü ilə gətirdiyi dəmir parçası ilə plastik pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olub SAP nömrələri ******* (16A20F3C139 markalı), ******* (16A20E) və ******* (QPM-16A20E3C139 markalı) olan 3 ədəd rəqəmsal torna dəzgahının idarəetmə lövhəsinin qapısını üstündə olan vintaçanla sındıraraq, həmin dəzgahların 30 ədəd idarəetmə platosunu gizli olaraq talamış, bu hərəkəti ilə zərərçəkmiş şəxsə 500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, evlərdə usta işləyir. Əvvəllər “xxxxxx” İB-nin Dalma Qurğuların təmiri zavodunun yaxınlığında işləyib. Bilirdi ki, zavodun mexaniki yığma sahəsində torna dəzgahları var. 2017-ci ilin dekabr ayında işsiz qaldığına görə ailəsinin maddi vəziyyəti çətinləşmişdir. Ona görə də, oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxx 2018ci ildə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “xxxxxx” şirkətinə məxsus olduğunu bildiyi sexə yaxınlaşmış, hasardan aşıb həyətə düşərək divardakı kiçik ölçülü pəncərəni özü ilə gətirdiyi dəmir parçası ilə sındırmış, pəncərənin üzərində olan qoruyucu setkanı cırıb içəri daxil olmuşdur. Daha sonra sexdəki 3 ədəd torna dəzgahının idarəetmə lövhəsini özü ilə gətirdiyi vintaçanla açmış, dəzgahların içərisindən idarəetmə platolarını bir-bir çıxarıb özü ilə gətirdiyi sellofana yığmışdır. Sonra gəldiyi yolla çölə çıxıb sellofana yığdığı platoları saymış, 30 ədəd olduğunu aşkar etmişdir. Oğurluq zamanı istifadə etdiyi dəmir parçasını və vintaçanı dəqiq xatırlamadığı yerdə zibil qutusuna atıb hadisə yerindən uzaqlaşmışdır. Həmin platoları ertəsi gün aparıb 4 ədədini hər birini 125 manat qiymətinə olmaqla, ümumilikdə 500 manata Binəqədi rayonunda yaşayan və yaşadığı evin qarajında elektrik dəzgahlarının alğı-satqısı ilə məşğul olan Vidadi adlı şəxsə satıb. Qalan 26 ədəd platonu isə hər birini 10 manat qiymətinə Əlixan adlı şəxsə satıb. Əldə etdiyi pul məbləğini ailəsinin ehtiyaclarına xərcləyib. Əməlindən peşmandır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X9 işin məhkəmə baxışı zamanı bildirmişdir ki,yuxarıda təsvir edilən oğurluq hadisəsi müəssisənin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci ildə saat 08:15 radələrində aşkar edilmiş, bununla bağlı polisə müraciət olunmuşdur. Cinayət nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 500 manat miqdarında zərər vurulub. Həmin məbləğ zərərçəkmiş şəxsə tam olaraq ödənilib. Göstərilənlərə əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 30 il “Sərdarov adına maşınqayırma zavodu”nda tornaçı işləyib. Lakin 3 il əvvəl zavod bağlandığına görə işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır və aralarında həmişə normal münasibət olub. 2018-ci ilin əvvəllərində Vüsət onunla əlaqə saxlamış və əlində bir neçə torna dəzgahına aid detal olduğunu bildirərək ondan həmin detalları almaq istəyib-istəmədiyini soruşmuşdur. O, da heç bir detal almaq istəmədiyini bildirmişdir. Həmin vaxt Vüsət üstündə pul olmadığını və taksiyə 35 manat pul verməyini, sonra həmin pulu ona qaytaracağını bılinmişdir. O, da razılaşmış, markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil onun yaşadığı evə gəlib məhəllədə ondan 35 manat pulu alıb getmişdir. O, sonra Vüsətə zəng edərək 35 manat pulu göndərdiyi taksiyə verdiyini bildirmişdir. Bundan sonra o, ümumiyyətlə Vüsətlə əlaqə saxlamamış və onlar görüşməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2015ci ilin fevral ayından etibarən “xxxxxxxxxxxxxxx” MMC-də Suraxanı ərazisi üzrə mühafizə postlarında mühafizəçi kimi işləyir. Belə ki, MMC-nin mühafizə etdiyi obyektlər üzrə cəmi 27 post vardır və mühafizəçilər rəhbərlik tərəfindən qrafik üzrə həmin postlara gecə və səhər növbəsi olmaqla təyin edilir, yəni postlarda stabil olaraq eyni mühafizəçilər daimi olaraq olmur, dəyişdirilir. “xxxxxxxxxxxxxxx” MMC-nin mühafizə etdiyi obyektlərdən biri də “xxxxxx” X5rğularının təmiri və kirayəsi üzrə X1. Həmin müəssisədə MMC-nin 2 stasionar və 3 səyyar mühafizə postu vardır, lakin avtomobillərə nəzarət edən stasionar post gecə növbəsi zamanı işləmir, çünki gecə avtomobillər müəssisəyə gəlmir, yəni gecə növbəsində saat 20:00-dan 08:00-dək müəssisədə 4 mühafizəçi xidmət aparır. xx xxxxxx 2018-ci il tarixdə saat 20:00-dan xx xxxxxx 2018-ci il tarixdə saat 08:00 radələrinədək “xxxxxx" X5rğularının təmiri və kirayəsi üzrə X2 o, da daxil olmaqla iş yoldaşları MMC-nin mühafizəçiləri Orxan Vəlizadə, Şahid5 və Şahid4 növbədə olmuşlar. Həmin gün hadisə baş verən müəssisənin X10 mühafizəsi ərazi bölgüsü üzrə mühafizəçi Orxan Bünyadlıya həvalə edilmişdir. Həmin gecə hava çox küləkli və yağmurlu olmuşdur. Onlar xidmət zamanı təyin edilmiş öz marşrut xətləri üzrə xidmət aparmışlar və şəxsən o, heç bir şübhəli şəxsə rast gəlməmiş və ya hər hansı pəncərənin qırılmasını eşitməmişdir. Eləcə də, hadisə baş verən sex onun xidmət apardığı postdan 100 metr uzaqdadır. Həmin gün xidməti başa vurmaq üzrə olarkən, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 08 radələrində növbəti təhvil verdikləri zaman işə gələn müəssisə rəhbərliyi tərəfindən mühafizəçilər X10 yanına çağırılmış və orada müəssisənin pəncərənin sındırılması və içəri daxil olan naməlum şəxs tərəfindən dərgahlardan 30 ədəd çıxarında platoların (sxemlərin) oğurlanması barədə məlumat verilmişdir. Hadisə yerinə polis əməkdaşları dəvət edilmiş və daha sonra onlar da MMC-nin rəhbərliyinə bu barədə məlumat vermişlər. Həmin ərazinin mühafizəsi Orxan Vəlizadəyə həvalə edilmiş və sonuncu xidmət zamanı ona təhkim olunmuş marşrut ərazisini tərk etməmiş, sadəcə hava küləkli olduğundan səs-küy yarandığı üçün pəncərənin sındırılmasını eşitməmişdir. X10 qapısı hadisə zamanı qapalı olmuş və açarları da sex rəisində olmuş, onlarda isə heç bir açar olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Qeyd edirlər ki, oğurluq hadisəsini bilavasitə görməyiblər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurduğu zərəri tam olaraq ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Rəsulov X8 Rayon Məhkəməsinin 1(010)-156/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2020-ci ildə cəzasının sonu ilə Suraxanı rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxsin həmin iş üzrə məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Buna baxmayaraq müvafiq hal Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4cü maddələrinin qüvvəsinə görə residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıra biləcək digər hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X4 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar