Məhkəmə qərarları › İş №1(010)-7/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-7/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-7/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi və vəkili, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X11, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1962-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 7 nömrəli evin 33 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 22 sentyabr 2020-ci il tarixdə, saat 14:58-də özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda yerləşən “Oba” marketin qarşısında yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin yerdə yolu soldan sağa doğru keçən piyada, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və nəticədə Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırı ilə müşayiət olunan və onun ölümü ilə bilavasitə səbəbli əlaqəli olan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına və sonuncunun ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızına səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2013-ciı ilin iyul ayından etibarən özünə məxsus “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 22 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi həmin avtomobillə özü tək olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABC Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığından Hövsan-Türkan yolu ilə Türkan qəsəbəsi istiqamətində saatda 50-60 kilometr sürətlə yolun hərəkət eninin sağ hissəsi ilə hərəkətdə olduğu zaman ünvan 2 ünvanda yerləşən “Oba" marketin qarşısında yolu sol tərəfdən sağ tərəfə qaçaraq keçən bir orta yaşlı kişini görmüşdür. Həmin vaxt siqnal verib həmin şəxsi xəbərdar etmək istəmiş, lakin buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş və həmin şəxsi idarə etdiyi avtomobilin sol qabaq qanadı ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs müvazinətini itirirərək verə yıxılmışdır. Dərhal avtomobili saxlayaraq həmin şəxsə yaxınlaşıb onu öz avtomobilinə əyləşdirib Hövsan qəsəbəsində olan X14 Stansiyasına çatdırmışdır. Təcili yardım öz növbəsində həmin xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Avtomobil hadisə zamanı yüksüz və texniki cəhətdən saz olmuşdur. Hadisə baş verən yol asfalt örtüklü və quru olmuşdur. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirdi ki, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilməsə də, mərhumun xəstəxana və dəfn xərclərini ödəmişdir. Ölüm faktı olduğu üçün zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışmış, bunu özünü təqsirli bildiyi üçün deyil yalnız insanlıq naminə etmişdir. Özünü tam təqsirli bilmir ona görə ki, qanunla nəzərdə tutulmuş sürət həddini aşmamış, nəqliyyat vasitəsini idarə edərkən hər hansısa diqqətini yayındıracaq bir vasitədən istifadə etməmiş, habelə mərhum bir növ intihar edərcəsinə özünü nəqliyyat vasitənin önünə atmışdır. Diqqətini yayındıracaq vasitə dedikdə yəni nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməmiş və yaxud başqa bir hər hansısa iş görməmişdir. Mərhum bilavasitə maşının qabağına qaçmış, ona siqnal verməsinə, əyləcdən istifadə etməsinə baxmayaraq hadisənin qarşısını ala bilməmişdir. Mərhum qaçaraq yolu keçmək istəməsəydi bu hadisə baş verməzdi. Hadisədən sonra zərərçəkmişin hüquqi varisi ilə əlaqə yaratmaq istəsə də sonuncu onun zənglərinə cavab verməmişdir. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, onun nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 20 aprel 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atası olmuş, atası ilə anası Larisa 2004-cü ildə rəsmi olaraq boşansalar da, 2020-ci ilin avqust ayınadək birlikdə ünvan 3 ünvanda yerləşən evdə yaşamışlar. Sonuncu dəfə 2020-ci ilin avqust ayında atası Valentinlə anası Larisanın arasında sözlə mübahisə olmuş və bundan sonra atası Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tək yaşamağa başlamışdır. O, mütəmadi olaraq Hövsan qəsəbəsinə gedib atası Valentinə baş çəkmiş, maddi imkanı olmadığı üçün atasına baxmış, hər dəfə atası Valentinin yanına getdikdə özü ilə ərzaq aparmış, ona pul vermişdir. Atası Valentinlə anası Larisa arasında münasibət normal olmasa da atası Valentin onu çox istəmişdir. Sonradan isə atasının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etdiyi ona məlum olmuşdur. Yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs vurulmuş ziyanı aradan qaldırmamışdır. Sonda L.Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, zərərçəkmiş şəxsin hüquqi varisi L.Zərərçəkmiş şəxsnın izahatı ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən təndirxananı işlədir. Zərərçəkmiş şəxs hadisə baş verən anadək iki ay idi tanıyırdı. Belə ki, Valentin təndirxananın yaxınlığında olan dəmirçi sexində lazımsız dəmirləri yığaraq satmışdır. Valentinin maddi imkanı zəif olduğundan ona gündəlik yemək və siqaret almışdır. Hər zaman söhbət etdikdə Valentin ona, arvadı Larisa ilə boşandığını, Lidiya adlı qızının olduğunu, sonuncunun mütəmadi olaraq yanına gəldiyini, ona maddi cəhətdən kömək etdiyini demişdir. 22 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində gümüşü metalik rəngli “Mercedes” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ünvan 4 ünvanında yerləşən “Oba" marketin qarşısında əvvəlcədən tanıdığı X6 yolu soldan sağa doğru keçdiyi zaman vurmuş, nəticədə Valentin yerə yıxılmışdır. Həmin “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçmamış, dərhal Valentini idarə etdiyi avtomobilə mindirərək, xəstəxanaya aparmışdır. Baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsü işlətdiyi təndirxananın videomüşahidə cihazı ilə qeydə alınmışdır. Həmin videogörüntünü özünə məxsus “İphone 6S” markalı mobil telefonla çəkərək, “CD” diskin yaddaşına yükləyib istintaqa könüllü təqdim etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 sentyabr 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 1 ünvanda yerləşən “Oba” marketin qarşısında, hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 04 metr, yol örtüyünün eni isə 08 metr olan yolda baş vermişdir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli, 2/8182 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, yolnəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin hadisə yerində yoxlanılması haqqında 26 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən “Oba” marketin qarşısından keçən avtomobil yolunu göstərərək, 22 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Türkan qəsəbəsi istiqamətində saatda 50-60 km/saat sürətlə hərəkət etdiyi zaman həmin yerdə piyadanı vurmuş, piyada səkidən 02 metr məsafəyə düşmüş və sonuncunu təxminən 8-10 metr məsafədən görmüşdür. İş materiallarında olan avtomobilə baxış keçirilməsi barədə 26 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı gümüşü metalik rəngli, 1999-cu il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanadının əzik olduğu müəyyən edilmişdir. İş materialalrında olan diskə baxış keçirilməsi haqında 29 sentyabr 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, faylda olan videogörüntü 22 sentyabr 2020-ci il tarixdə, saat 14:58:00-da başlayıb, 14:59:00-da qurtarmaqla 60 saniyə davam edir, yol iki tərəfli olmaqla yolda avtomobillər hərəkət edir. Hadisə yerinin sağ tərəfində “Oba” market, sol tərəfində isə dəmirçi sexi fəaliyyət göstərir. Piyada Zərərçəkmiş şəxs yolu soldan sağa doğru keçərkən, əvvəlcə adi yerişlə hərəkət etmiş, yolun orta xəttinə çatdıqda isə iti yerişlə hərəkət etməyə başlamış, 14:58:24-də nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. İş materiallarında olan meyitin ekspertizasının 26 sentyabr-ci il tarixli, 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Analolyeviyin meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthihdə baş beyinə, qişalarına və mədəciklərinə qansızıma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya düşməsindən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri 22 sentyabr 2020-ci il tarixə uyğun gələ bilər və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızıma səbəb olmuşdur. Ölüm 3 saylı Şəhər Klinik Xəstəxanasında 26 sentyabr 2020-ci il tarixdə, saat 03:30-da baş vermişdir. Mərhum xəstəxanada 04 gün stasionar müalicəsi aldığından məhkəmə-kimya müayinəsi üçün qan nümunəsi götürülməmişdir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə alkaqol sərxoşluğu barədə hər hansı bir qeydiyyat yoxdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2020-ci il tarixli, 8/2056 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E220” markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan istintaq eksperimentinin keçirilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq hərəkətinin keçirilməsi üçün hadisənin baş verdiyi ünvan 1 ünvana gedilərək yolda hərəkət məhdudlaşdırılmış və eksperiment keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hadisənin hansı şəraitdə baş verməsini hadisə yerində əyani şəkildə göstərməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs yolun hərəkət hissəsinin sağ kənarına yaxın dayanaraq hadisə vaxtı “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Türkan istiqamətdə 50-60 km/saat sürətlə hərəkət etdiyini, həmin vaxtı yolun sol tərəfində üstündə yük yeri olan “VAZ 21074” markalı avtomobil olmasını, bir qədər qabaqda avtoyuma yerində isə arxası yola bir qədər çıxmış vəziyyətdə ağ rəngli sedan tipli avtomobilin dayanmasını, buna görə də sol tərəfdən görüntünün onun üçün məhdud olmasını, bu səbəbdən də piyadanın ağ rəngli yolu çəpəki dayanmış avtomobilin arxa tərəfindən çıxmasını görmədiyini, piyadanı yalnız yolun hərəkət hissəsində görməsini və bu zaman piyadanın avtomobilin qabağına qaçdığı üçün avtomobilin qabaq sağ tərəfi ilə piyadanı ehtiyatsızlıqdan vurduğunu bildirmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən hadisə yerində “VAZ 21074” markalı, üstündə yük yeri olan avtomobil müəyyən edilərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və iş materiallarından müəyyən olunmuş yerə, yəni sol tərəfdə təndir çörəkləri bişirilən obyektin qarşısında yolun hərəkət istiqamətində dayanması, həmçinin ağ rəngli sedan tipli avtomobilin də Təqsirləndirilən şəxs göstərməsinə əsasən və hadisənin videogörüntüsündə olduğu kimi bir qədər arxada, arxası yola çıxmış vəziyyətdə dayanması təmin olunmuşdur. Bundan sonra istintaq eksperimentində iştirak edən boyu 1.62 sm olan X5 həmin yola çəpəki dayanmış ağ rəngli sedan tipli avtomobilin arxasında, yolun sol tərəfdən hərəkət hissəsinə çıxmamış vəziyyətdə dayanması və işarə veriləndə yola çıxaraq hərəkətə başlaması təklif olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs piyadanı gördüyü anda yolun hansı hərəkət hissəsində olmasını göstərməsi təklif olunmuş və Təqsirləndirilən şəxs həmin vaxtı olduğu yeri göstərəndən sonra istintaq eksperimentində iştirak edən “Mercedes E220” markalı, **- MX-*** dövlat qeydiyyat nişanlı avtomobilin yolun həmin hərəkət dayanması təmin olunmuşdur. Bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 arxasında əyləşərək yola baxmış və sükan arxasında yol da daxil olmaqla, sağ və sol tərəflər tam aydın göründüyünü, heç bir görmə məhdudiyyətinin olmadığını, hadisə vaxtı yolun sol tərəfində dayanmış üstündə yük yeri olan “VAZ 21074” markalı avtomobilin ümumiyyətlə Təqsirləndirilən şəxs görünüş dairəsinə heç bir aidiyyətinin olmadığını və sol tərəfdə yola çəpəki dayanmış avtomobilin arxasından yola tərəf hərəkətdə olan 160-162 santimetr boyunda insanın sürücünün görüntü dairəsində olmasına da heç bir məhdudiyyət olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs özü də sükan arxasında əyləşib sol tərəfdə yola çəpəki dayanmış avtomobilin arxasından hərəkətdə olan piyadanı görə bilməsini təsdiq etmişdir. Bundan sonra X5 yolu soldan sağa əvvəlcə orta yerişlə, sonra da qaçışla hərəkətdə olub keçməsi təklif olunmuş və istintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, piyada hərəkətə başladığı andan vurulmaya kimi əvvəlcə orta addımlarla, sonra da qaçışla əyri trayektoriya üzrə 6 metr məsafə qət etmişdir. Bundan başqa istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer həm arxa, həm də qabaq tərəfdən piyada nişanları və piyada zolaqlarının təxminən ortasında yerləşir. Belə ki, ölçmə nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Türkan istiqamətdə hərəkətdə olarkən piyada zolağını keçdikdən 37.5 metr sonra piyadanı vurmuşdur. Beləliklə də keçirilmiş istintaq eksperimenti zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes E220 CDİ minik” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarından 2.5 metr məsafədə olduğu, piyada Zərərçəkmiş şəxs yolun işlək hissəsinə daxil olub sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində görünüb hərəkəti üçün təhlükə yaratdığı andan vurulduğu yerə qədər 04 metr məsafəni adi yerişlə, qalan 02 metr məsafəni isə qaçaraq qət etdiyi, “Mercedes E220 CDİ minik” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs gördüyü andan toqquşma yerinə kimi 06 metr məsafə qət etdiyi müəyyən edilmişdir. İş materiallarında olan istintaq eksperimentinin keçirilməsi haqqında 18 dekabr 2021ci il tarixli protokoldan görünür ki, istintaq hərəkətinin keçirilməsi üçün hadisənin baş verdiyi ünvan 1 ünvana gedilərək yolda hərəkəti məhdudlaşdırılmış və eksperiment keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, hadisənin hansı şəraitdə baş verməsini hadisə yerində əyani şəkildə göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs yolun hərəkət hissəsinin sağ kənarına yaxın dayanaraq hadisə vaxti idarə etdiyi “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Türkan istiqamətdə 50-60 km/saat sürətlə hərəkət etməsini, həmin vaxtı yolun sol tərəfində üstündə yük yeri olan “VAZ 21074” markalı avtomobil olmasını, bıına görə də sol tərəfdən görüntünün onun üçün məhdud olmasını, bu səbəbdən də dayanmış vəziyyətdə olan yük yeri olan maşının sol tərəfindən hərəkətdə olan digər sedan tipli maşının keçdikdə o, həmin maşınların arxa tərəfindən piyadanın qolu qaçaraq keçdiyini gördükdə avtomobili tormozlamış, lakin gördüyü tədbirə baxmayaraq avtomobilin qabaq sol qanadı ilə piyadanı vurmuşdur. Bundan sonra hadisə yerində “VAZ-2104” markalı üstündə yük yeri olan avtomobili müəyyən edərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə, yəni sol tərəfdə təndir çörəkləri bişirilən obyektin qarşısında yoldan 30 sm aralıda hərəkət istiqamətində dayanması təmin olunmuşdur. Həmçinin ağ rəngli, sedan tipli avtomobilin də hadisənin videogörüntüsiində olduğu kimi bir qədər arxada arxası yola çıxmış vəziyyətdə dayanması təmin olunmuşdur. Bundan başqa videogörüntüyə əsasən banında yük yeri olan dayanmış maşına paralel vəziyyətdə nisbətən yük maşının qabaq hissəsi tərəfdə saxlanılması təmin edilmişdir. Sürücü Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, hadisə zamanı idarə etdiyi avtomaşının yolun hansı hissəsində idarət etdiyini göstərsin. Bundan sonra sürücü Təqsirləndirilən şəxs hadisə yerinə gətirilmiş “Mersedes E class” markalı avtomaşına əyləşərək yolun hansı istiqamətində hadisə zamanı maşını idarə etdiyini göstərmişdir. Məlum olmuşdur ki, sürücü maşının yolun sağ qırağından 02 metr aralıda idarə edirmişdir. Həmin maşının piyadanı vurduğu sol qabaq yan qanadı olan yer asfalt üzərində işarələnmişdir. Bundan sonra istintaq eksperimentində iştirak edən boyu 162 sm olan statistə təklif olunmuşdur ki, həmin yola çəpəki dayanmış ağ rəngli sedan tipli avtomobilin sağ yan tərəfindən yolun sol tərəfdən hərəkət hissəsinə çıxmamış vəziyyətdə dayansın və işarə veriləndə yola çıxaraq hərəkətə başlasın. Həmçinin Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, piyadanı gördüyü anda yolun hansı hərəkət hissəsində olmasını göstərsin və Təqsirləndirilən şəxs həmin vaxtı olduğu yeri göstərərək üstündə yük yeri olan yuxarıda qeyd olunan maşını yanından, onun hərəkət istiqamətinin qarşı tərəfindən keçən sedan tipli maşın, onun yanından keçdikdən sonra piyadanı gördüyünü bildirmişdir. Bundan sonra istintaq eksperimentində iştirak edən “Mercedes E220” markalı avtomobilin yolun həmin hərəkət hissəsində dayanması təmin olunmuşdur. Bundan sonra istintaq eksperimentini aparan Bakı şəhri Suraxanı rayon prokurorluğunun müstəntiqi Atəş Şahverdiyev, eyni zamanda sürücü Təqsirləndirilən şəxs və müdafiəçisi Əlizadə Kazımov avtomobilə əyləşərək yola baxıb, eyni zamanda piyadanın yerinə dəvət olunmuş statistə işarə olunmuşdur ki, yolu əvvəlcə addımlayıb daha sonra qaçışla keçsin. Piyada verilmiş işarə əsasında yolu keçdikdə yolun sol tərəfindən dayanmış yük yeri olan dayanmış avtomobilin və onun sol tərəfindən istintaq ekspertimenti zamanı dayandırılmış avtomaşının arxa hissəsindən piyadanın keçdiyi zaman sürücünün görünüş dairəsində göündüyü andan piyadanın vurulduğu yerə qədər olan məsafə 2.7 metr məsafə olması müəyyən edilmişdir. Sürücünün piyadanı görünüş dairəsindən göründüyü andan avtomaşınla piyadanın vurulduğu yerə qədər məsafə 18 metr təşkil edir. Bundan başqa istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer həm arxa, həm də qabaq tərəfdən piyada nişanları və piyada zolaqlarının təxminən ortasında yerləşir. Belə ki, ölçmə nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Türkan istiqamətdə hərəkətdə olarkən piyada zolağını keçdikdən 37.5 metr sonra piyadanı vurmuşdur. Beləliklə də keçirilmiş istintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, istintaq hərəkətinin aparılması üçün yolda hərəkət məhdudlaşdırılmış və yolun intensiv hərəkət olan yol olduğundan, məhdudlaşdırılmış yolda qısa müddət ərzində saysız hesabsız avtomaşının dayandığından qeyd olunan şərait uzun müddət saxlanılması və istintaq ekspertimentinin təkrar keçirilib, daha effektli nəticə alınması mümkün olmamışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2022-ci il tarixli, 8/326 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbələrə görə müdafiə tərəfinin vəsatətinə əsasən müəyyən edilən məlumatlar real hadisə mexanizminə uyğun deyildir və real olmayan məlumatlar əsasında “Mercedes Benz E220” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri tədqiq edilmir. Hərəkət üçün təhlükə yarandığı andan vurulmaya kimi piyadanın adi yerişlə 04 metr, adı qaçışla 02 metr məsafə qət etməsi şəraitində “Mercedes Benz E220” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması məqsədilə mərhumun xəstəxana və dəfn xərclərini qarşılamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab olunur. Cinayət işinə baxılarkən isə müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə mərhum Zərərçəkmiş şəxs X14 stansiyasına çatdırmış, oradan isə sonuncu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar