Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-7/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəl məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əndəmic kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 23 fevral 2022-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən onlayn qaydada 10 manat ödəməklə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram və 0,185 qram olmaqla, ümumi təmiz çəkisi 0,428 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 fevral 2022-ci il tarixdə saat 01:30 radəsində idarə etdiyi “Toyota Prius” markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində hərəkətdə olduğu zaman narkotik vasitənin təsiri altında qəza törətməsində şübhəli olmasına görə Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə gətirilmiş və Polis Bölməsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram və 0,185 qram olmaqla, ümumi təmiz çəkisi 0,428 qram olan qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ilk olaraq narkotik vasitələrin aludəçisi deyil, ittiham olunduğu əməli etməmişdir. Belə ki, o, prospektdə taksi fəaliyyəti göstərən zaman polis əməkdaşları, yəni post-patrul xidməti, yaxınlaşdı. “Uber” proqramı ilə müştəri götürməyə getdiyini demiş, sənədləri təqdim etdi. Sonra əks istiqamətdə sürməyə başlamışdır. Arxasınca düşdülər, işığı yandırıb söndürməyə başladılar. Dədə-Qorqud prospektində işıqlar zəif idi, yola da nabələd olmuş, gedə-gedə surəti artmış, orada kəskin döngədə dönən zaman qaz borusuna dəymişdir. 2-3 dəqiqə maşında qalmış, heç kəs yaxınlaşmamışdır. Sonra polis əməkdaşları burada niyə durduğunu soruşdular. Qəza törətmiş olduğunu demişdir. Maşının qabaq hissəsi xəsarət almış idi. Hava yastığı açılıb, alnına dəymişdir. Təhlükəsizlik kəməri bağlı idi. Qanaxma olmayıb. Düşən kimi tutub maşına salıb 30-cu Polis Bölməsinə apardılar. Narkotik barədə də söhbət olmayıb. Gətirən kimi istintaq təcridxanasına saldılar. Heç nə soruşmadılar. Səhər rəis müavini gəldi. Ona məlumat verib buraxacaqlarını dedilər. Rəis gələndən sonra ona nə dedilər, nə demədilər. Onu bilməmişdir. Çəkilişə gətirdilər, narkotik qoydular cibinə, sonra qaldırdılar ikinci mərtəbəyə. 2-ci mərtəbədə ona artıq-əskik hərəkətlər etməyə başladılar, masanın üstünə narkotik qoydular, boynuna götürməsini dedilər. Etməyəndə “dubinka” işlətməyə başladılar. Sonra onu müvəqqəti saxlama yerinə apardılar. Orada da bir gün yarım saxladıqdan sonra prokurorluğa götürdülər. Oradan da çölə çıxmışdır. Dəfələrlə deməsinə baxmayaraq, onu analiz etməmişlər. Fikirləşmişdir ki, maşın qəzası etdiyinə görə onu bu günə saldılar. Onu elə hala salmışdılar ki, oradan tez çıxmaq istəyirdi. Təhqiqatçı Fərid də orda idi. Təhqiqatçının qabağında onu döyürdülər, təpikləyirdilər. Döyəndən sonra müdafiəçi gətirdilər. Müdafiəçiyə döyülməyini demişdir. İndiyə kimi çiyni onu narahat edir. Sonra təhqiqatçı soruşur ki, “sənə zor tətbiq etməyiblər?”. Videoçəkilişi 2 dəfə eliyiblər. Dedilər ki, necə yazılıbsa, elə ifadə ver. Nə deyirdilər imza çəkirdi, yetər ki, canı qurtarsın. Oradan çıxandan sonra Suraxanı Rayon Polis idarəsinə getmiş, hamısını danışmış, ona dedilər ki, “cərimədir işin, niyə başına oyun açırsan ki?”. Sabunçu xəstəxanasına da getmiş, polislərin döyülməsi nəticəsində alınmış məlumat vermiş, xəsarətlər barədə sənəd almışdır. Lakin bununla bağlı hər hansı araşdırma aparılmamışdır.Xəstəxanadan sonra çağırmadılar. Cinayət işin materiallarına əlavə edilmiş ibtilai istintaq zamanı şahidlərin dindirilməsinə dair protokollardan: İbtidai istintaq zamanı is üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 22 fevral 2022-ci il tarixdə saat 01.30 radələrində 30-cu PŞ-si üzrə xidmətdə olan zaman ərazidə xidmət aparan PPXB-nin polis nəfərləri bir nəfər şəxsin yol nəqliyyat hadisəsi törətdiyini və özünün dediyinə görə üzərində narkotik vasitə olmasını bildirərək həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zərurəti yarandığını bildirmişlər. Şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra məlum olmuşdur ki, narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olan şəxs xx xxxx 1988-ci il tarixdə Naxçıvan MR-nın Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Naxçıvan MR-nın Ordubad rayonu, Əndəmic kəndində qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Həmin raport üzrə araşdırma şöbənin baş təhqiqatçısı X8 həvalə olunmuş, xidməti otaqda o və şöbənin digər əməliyyat müvəkkili Şahid5 iştirakı ilə videoçəklişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və maddə varsa, masanın üzərinə qoyması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni iki gün əvvəl onlayn şəkildə tanımadığı şəxsdən 10 manat pul ödəməklə özü istifadə etmək üçün alıb əldə edərək üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə və paltarlarında şəxsi axtarış keçirilmiş lakin qanunla qadağan olunan digər hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra həmin 02 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müvafiq protokol tərtib olunaraq imzalanmış və həmin zərf müvafiq rəyin alınması üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsində qeyd etdiklərini, təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantı rutbəsindədir. 22 fevral 2022-ci il tarixdə saat 01.30 radələrində iş yoldaşları Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri Şahid4 və Şahid1 ilə birlikdə 5650 çaxırışlı avtopatrul ekipajında Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində xidmət aparan zaman qəsəbə yolundə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda “Toyota Prius” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilin qəzalı vəziyyətdə olduğunu avomobilin sürücüsünün isə kənarda dayandığını görərək həmin sürücüyə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib sürücünün kimliyi barədə soruşmuşlar. Sürücü adının Anar, soyadının İsmayılov, ata adının Füzuli olduğunu bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs sualları həyəcanlı, rabitəsiz şəkildə cavab verdiyindən onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü də etiraf edərək üzərində də narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi zərurəti yarandığını bildirərək onu yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PŞ-nə getmişdir. 30-cu PŞdə araşdırma zamanı müəyyən oldu ki həmin şəxs xx xxxx 1988-ci il tarixdə Naxçıvan MRnın Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Naxçıvan MR-nın Ordubad rayonu, əndəmic kəndində qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirmə zərurəti yarandığı üçün yuxarı rəhbərliyə raportla müraciət edərək Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verərək yenidən xidmətimizə qayıtmışlar. Daha sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. İttiham aktında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri: Şahid4 ifadəsində göstərmişdir ki, o və digər iş yolaşları polis nəfərləri Şahid2 və Şahid1 Mahad oğlu ilə birlikdə həmin gün xidmət edirdilər. Yol kənarında Təqsirləndirilən şəxs avtomobillə dayandığını gördülər. Daha sonra ona yaxınlaşdılar, xidməti vəsiqələrini göstərərək, özlərini təqdim edib, sürücünün kimliyini soruşdular və gecə saatlarında yol kənarında saxlama səbəbini soruşdular, o isə taksi sürücüsü olduğunu bildirdi. Söhbət zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin təsirində olduğunu hiss etdilər. Daha sonra o, yolun əks istiqamətinə hərəkət etməyə başladı, üzü Hövsan istiqamətində. Daha sonra onlar onun qaçması barədə məlumat verdilər. Az sonra bildirdilər ki, qəza olub, qəza yerinə getdilər də, qəza törədən şəxsin bu şəxs oduğunu gördulər. Bildirmişdir ki, “şəxs alqan içərisində idi. Sonra isə yerdə metamfetamin gördük”. Dövlət ittihamçısı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndərilən şəxsi saxlayarakən onlar üç nəfər idilər – o, Şahid2, Şahid1 idilər. Onlar çatanda qəza baş vermiş, YPX əməkdaşları da orda idi. Bükümlərdən biri istifadə olunmuş, digər isə qablaşdırılmış formada idi, şəxsin hərəkətlərində narkotik istifadəçisi olduğu bəlli idi. Gözləri bərələ, özü isə şok vəziyyətində idi. Üzərində narkotik vasitənin olmasını olduğunu barədə təqsirləndirilən şəxsdə soruşub-soruşmadığı barədə suala cavab verərkən bildirmişdir ki, “şəxsdən soruşmadıq, əl fənəri ilə tapdıq”. Dövlət ittihamçısı şahid X1 bildirdiyi fikirlə əlaqədar olaraq, şahidin müstəntiqə verdiyi ifadə hal-hazırkı ifadəsi ilə ziddiyət təşkil etdiyindən, narkotik vasitələrin aşkar olunma hissəsində ifadəsinin elan edilməsinə dair vəsatət təmin edilməklə, X4 ifadəsi narkotik vasitələrin aşkar olunma hissəsində ifadəsinin elan edilməsini xahiş etmişdir. İfadəsini elan etdikdən sonra dövlət ittihamçısının suallarına cavab verərək, bildirmişdir ki, “narkotik istifadəçisi olduğunu bilmirdik, yerdə gördük, biz yerdə gördük narkotiki, daha sonra 30-cu PB-nə verdik. Cinayət işin materiallarına əlavə edilmiş ifadəsinə dair protokoldakı imza mənim imzam deyil” Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, “şəxsi tanışlığı yoxdur. Gecə saat 02.00 radələri idi, yol kənarında bir maşının saxladığını o və onun yanımdakı polis əməkdaşları gördük. Yaxınlaşdıqda “Hell” içki qabında nəsə yandırdığını gördüm. Danışığından, davranışından istifadəçi olduğu bəlli idi. Təqsirləndirilən şəxs avtomobili ilə hərəkət etməyə başladı və onlar da davam etdilər, onun arxasınca getdilər”. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, “biz yaxınlaşa bilmədik, təqsirləndirilən şəxs getdi. Lakin təqib etdik və qəza törətdiyini gördük və yardım etdik. Daha sonra əməliyyat qrupu gəldi. Anlaqlı vəziyyətdə deyildi. Ağrıları olduğunu bildirdi və biz ona sual vermədik. Tabesizlik olmayıb, təhqir etməyib. Bəli, DYP-i gəlmişdi. Yerdə falqanın üzərində qaraltı var idi, əlində nəsə tutmadıq. Üzərinə baxışı biz keçirtməmişik”. Müdafiəçinin suallarına cavab olaraq şahid bildirmişdir ki, narkotik istifadə olunmuş falqalar gördü, lakin onun növünü təyin edə bilməmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşı olduğu üçün yerdəki maddənin narkotik vasitə olduğun əlamətlərindən anlamışdır. Şahid1 ifadəsində bildirmişdir ki, “şəxsi tanışlığı yoxdur. Gecə saat 02.00 radələri idi, yol kənarında bir göy rəngli prius avtomobilinin saxladığını onun və onun yanındakı polis əməkdaşları gördük. Yaxınlaşdıqda dayanma səbəbini soruşdular, dedi ki, “adam gələcək gözlüyürəm”. Biz onun vəsiqəsini və özünün təqdim etməsinb istədikdə, avtomobil ilə qaçdı. Daha sonra bölməyə məlumat verdik avtomobil və sahibi barədə, bir az keçdikdən sonra məlumat daxil oldu ki, qəza törədib və biz oraya getdik” Dövlət ittihamçısı tərəfindən verilmiş suallara şahid cavab verərək, bildirmişdir ki, “şəxsə ilkin tibbi yardım göstərdik, lakin vəziyyəti pis idi. Yerdə narkotik görməsə də, şüphəli falqalar var idi. Hadisə yerində Oktay, Şıxməmməd və o idi, əlavə bölmə işçiləri də var idi. Şəxsin üzərinə biz baxmırıq. Komandirin göstərişi ilə bölməyə təhvil verdik. Raportla təhvil verdik”. Müdafiəçinin suallarına cavab olaraq şahid bildirmişdir ki, ifadəsinin alınmasına dair protokolda imza onun deyil, onun imzasına da oxşamır. Yerdə falqa və bükümlər var idi. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallar: Cinayət işin materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri polis Şahid2 tərəfindən tərtib edilmiş raporta (cin.iş 4 s) əsasən xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində xidmətdə olduğu zaman “Toyota Prius” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək qəza törətməsi müəyyən etmişdir. Həmin avtomobilin sürücüsünə yaxınlaşdıqda sürücü Təqsirləndirilən şəxs özünü təqdim edərək onunla danışan zaman üzərində narkotik vasitə almasını etiraf etməsi səbəbindən 30-cu Polis Şöbəsinə gətirilmişdir. Cinayət işini materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 fevral 2022-ci il tarixli qərarında (cin. iş s.1) göstərilir ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 01:30 dəqiqədə idarə etdiyi Toyota Prius markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində hərəkətdə olduğu zaman narkotik vasitənin təsiri altında qəza törətməsi şübhəsi ilə Suraxanı RPİ-nin PPXB-in əməkdaşları tərəfindən saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini keçirən zaman 02 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarına əsasən Suraxanı RPİ-nin 30-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Fərid İbrahimov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə 22 fevral 2022-ci il tarixdə 01:30 dəqiqədən şübhəli şəxs qismində tutulub saxlanılmışdır. 22 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokola (cin.iş. 21 s.) əsasən Suraxanı RPİ-nin 30-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Fərid İbrahimov tərəfindən Təqsirləndirilən şəxs Fizuli oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə 22 fevral 2022-ci il tarixdə 01:30 dəqiqədən şübhəli şəxs qismində tutulub saxlanılmışdır. Protokolun tərtib edilməsi 22 fevral 2022-ci il tarixdə, saat 02:20-dən saat 02:30-dək tərtib edilməsi qeyd edilmişdir. 22 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarında (cin ş.s. 23) göstərilir ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 01:30-da Suraxanı rayonu, Dədə Qorqud saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PB-nə gətirilmişdir. 22 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan kəsiyinə bükülmüş bükümlər aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin protokola əsasən istintaq hərəkətin başlanması 22 fevral 2022-ci il tarixdə saat 02:50-dən saat 02:55-dək aparıldı. Protokolun tərtib edilməsi 22 fevral 2022-ci il tarixdə saat 02:55-də, bitməsi isə 03:00-da tərtib edilməsi qeyd edilmişdir. Həmin istintaq hərətinin iştirakçıları (şahidləri) kimi 30-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 və 30-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 qeyd edilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında qərarda göstərilir ki, 22 fevral 2022-ci il tarixdə saat 01:30 radələrində Suraxanı RPİ-nin PPXB-ninn əməkdaşları tərəfindən “Toyota Prius” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində hərəkətdə olduğu zaman narkotik vasitənin təsiri altında qəza törətməsi şübhəsi ilə Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 30cu PŞ-nə gətirilməsi və 30-cu PŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,243 qram və 0,185 qram olmaqla, ümumi təmiz çəkisi 0,428 qram olan qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı və həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Diskə baxış keçirilməsi 28 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan kəsiyinə bükülmüş bükümləri çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin bükümlərin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 20 fevral 2022-ci il tarixdə onlayn şəkildə 10 manat ödəməklə alaraq əldə edib üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Diskdə olan videoörüntünün yazılma tarixi xx.xx.2022-ci il tarixə, saat 18:15 kimi qeyd edilmişdir. Videoçəkilişdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində xəsarətlərin hansı səbəbdən yarandığı soruşulduqda, Təqsirləndirilən şəxs “avariya” düşməsini bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1095 saylı 22 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd büküm”yazısı və imzalar olan hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,243 qram və 0,185 qram olmaqla ümumi çəkisi0,428 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertziasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X32n verdiyi 2080 saylı 26 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı toplanmış sübutlar: X20 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, xəstə 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Fizuli oğlu cərrahi profilli qəbul şöbəsinə xx.xx.2022 tarixdə saat 11:55-də “ Alının iki tərəfli paraorbital nahiyyənin sovrulma mərhələsində olan qançırları və əzilmələri. Döş qəfəsinin yumuşaq toxumfsının əzilməsi” diaqnozu ilə ambulator müraciət etmişdir. Xəstənin sözünə görə onu Suraxanı RPİ 30-cu Polis Bölməsində döyüblər. Məhkəmə istintaqı zamanı təyin edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T210/2024 saylı, 18 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1988-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş Təqsirləndirilən şəxs gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançırı, sağ gözətrafı yumşaq toxumaların, bel, sağ qalça və sol bazu nahiyələrinin qançırları, alın nahiyəsinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlər yaranan nahiyədə xəsarət yetirən predmetin xüsusi əlamətləri özünü büruzə etmədiyindən onların konkret nə ilə yetirilməsi haqda dəqiq fikir söyləmək mümkün deyildir. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir və onlar kənar şəxs tərəfindən yetiriləməsindən daha çox yol-nəqliyyat hadisəsi zamanı yaranmasına uyğun gəlir. Təqsirləndirilən şəxs tərəfindən torədilmiş yol-nəqliyyat hadisəsinin araşdırılmasına dair cinayət işin başlanlımasının rədd edilməsi haqqında 02 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi istiqamətində Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətinə saatda 90 km sürətlə hərəkət etdiyi zaman yolu bilmədiyi üçün idarə etməni itirmiş və idarə etdiyi avtomobil sola istiqamətlənərə çınqılı yola çıxmış və dəmir boruya dəymiş, nəticədə Təqsirləndirilən şəxs özü dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxanı RPİ-in DÜPŞ-nə göndərilməsi, qərarın surəti iş üzrə maraqlı tərəflərə göndərilməsi və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Həmin materiala əlavə edilmiş 04 mart 2022-ci il tarixli, 097-2749-1222 saylı 30-cu Polis şöbəsi tərəfindən Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zahir İsmayılova göndərildiyi məktuba əsasən Təqsirləndirilən şəxsnnu kəllə-beyin travması və döş qəfəsi əziyi xəsarət olması barədə 3 saylı ŞKX-ın Rzayeva soyadlı tibb bacısının xx.xx.2022-ci il tarixdə 30-cu Pllis Şöbəsinə ötürdüyü məlumat eyni məzmunlu təhqiqat araşdırılmasına əlavə edilməsi üçün göndərilmişdir. Bundan əlavə həmin materiala əlavə edilmiş 30-cu PŞ-in məsul növbətçisi polis mayoru Vüsal Novruzovun raportuna əsasən 26 fevral 2022-ci il tarixdə saat 13:08 radləərində 3 saylı ŞKX-dan tibbi bacısı Rzayeva məlumat verdi ki, Nizami rayonu, E.Süleymanov küçəsi, 114, mənzil 2-də yaşayan xx.xx.1988-ci il Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində olan zaman kəllə-beyin traması, döş qəfəsinin əziyi xəsarəti almış və xəstəxanaya müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X32 tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli rəyə əsasən Təqsirləndirilən şəxs bədən səthində sol gözətrafı yumşaq toxumaların qançırı və həmin gözün ağlı qişasının qansızması, sağ gözətrafı yumşaq toxumaların, bel və sağ qalça nahiyyələrinin, sol bazunun qançırları alın nahiyəsinin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 20 fevral 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisə zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmin ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, Suraxanı RPİ-in TŞ-in təhqiqatçısı Suad Həmzəyevin təqdim etdiyi qərarda görünür ki, 20 fevral 2022-ci il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Müayinə olunan deməsinə görə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Suraxanı rayonu ərazisində idarə etdiyi avtomaşın maneəyə dəymiş və o, xəsarət almışdır. Tibbi yardım üçün X23 müraciət etmişdir. Şikayətləri zədə nahiyəsində olan ağrıdandır. 01.03 2022-ci il tarixdə təqdim edlmiş X20 tərtib etdiyi xx.xx.2022-ci il tarixli 385 saylı arayşdan görününr ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli həmin xəstəxanaya “Alının iki tərəfli paraorbital nahiyəsinin sorulma mərhələsində olan qançırları və əzikləri. Döş qəfəsin yumşaq toxumaların əzilməsi.” Diaqnozu ilə ambulator qaydada müraciət etmişdir. Deməsinə görə 30 PB-də döyüblər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hazıki cinayət işi üzrə Şahid2, Şahid4, Şahid1 şahidlər qismində dindirilmələrinə dair protokollarda olan imzaların onlara məxsus imzaları ilə eynilik təşkil edilib-edilməməsinə dair məhkəmə-xətt-şünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli imtina edilməsinə dair məlumata əsasən Şahid2 oğlunun, Şahid4 və Şahid1 verilmiş imza və yazılmış mətn nümunələrindən əlavə 3-5 sənəddəl sərbəst imza nümunələri (şəxsiyyət vəsiqəsi və digər sənədlərin) əsillərini təqdim edilməməsi ilə əlaqədar vəsatətin təmin edilməməsinə dair ekspertizanın aparılmasından imtina edilmişdir. Qeyd edilən polis əməkdaşları həmin sənədlərin təqdim edilməsi ilə əlaqədar dəfələrlə müraciət olunsa belə, həmin sənədlərin surətləri təqdim edilməmişdir və xəttşünaslıq ekspertizasının keçirilməsi qeyri-mümkün olmuşdur. Hüquqi məsələlər və məhkəmənin təhlili: Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunu, habelə məhkəmə istintaq zamanı tədqiq edilmiş əlavə sübutların məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, məhkəmə baxışına təqdim edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaqın gəldiyi qənaətinə əsasən Təqsirləndirilən şəxs oğunun Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirləndirilməsinə dair ittihamın əsas sübutları – Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayırılıqda təmiz çəkiləri 0,243 qram və 0,185 qram olmaqla, ümumi təmiz çəksisi 0,428 qram olan qəhvəyi rəngdə maddələrin aşkar edilməsinə dair 22 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, Suraxanı RPİ-nin İŞ-in müstəntiqi Araz Məhərrəmov tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsinə dair və 23 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar və həmin protokollarda əks olunmuş narkotik vasitənin onun üzərində olması ilə bağlı etirafedici ifadələri, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən Şahid2 dindirilməsinə dair 21 mart 2022-ci il tarixli protokol, Şahid4 dindirilməsinə dair 26 mart 2022-ci il tarixli protokol, Şahid1 dindirilməsi haqqında 08 aprel 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli rəyi, ambulator məhkəmənarkoloji ekspertizasının 26 aprel 2022-ci il tarixli rəyi təşkil edir. Lakin məhkəmə baxışı zaman Təqsirləndirilən şəxs özünün narkotik vasitə olan heroinin əldə edilməsində, saxlanılmasında və daşınmasında təqsirli bilməməsinə dair ifadəsinə əsasən cinayət işinin materialları tədqiq edildiyi zaman ibtidai istintaq zamanı istintaq hərəkətlərinin aparılmasında və buna dair prosessual sənədlərin tərtib edilməsində çoxsaylı kobud prosessual pozuntuların mövcud olması ittihamda göstərilən halların həqiqiliyinə, bununla da həmin iş üzrə toplanmış sübutların və prosessual sənədlərin sübut olaraq mötəbərliyinə, mümkünlüyünə dair kəskin şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermiş, belə ki, 20 fevral 2022-ci il tarixdə keçirtdiyi qəzadan sonra iki gün bölmədə saxlanılaraq, polis əməkdaşları tərəfindən döyülmüş, əslində heç bir təqsiri olmadığı, narkotik vasitələrin istifadəçisi olmadığı halda, idman üzrə məşqçi, Respublikanı beynəlxalq səviyyədə təmsil edən idmançı olduğu halda, polis əməkdaşları tərəfindən təzyiqi və döyülməsi nəticəsində dözməyərək, ittihamla razılaşmaqla, etirafedici ifadələrə qol çəkmiş, lakin buraxılandan sonra, xəstəxanaya müraciət etmiş, xəstəxanada polis bölməsində də döyülməsi barədə məlumat verdiyi və həmin məlumat 30-cu Polis şöbəsinə ötürüldüyü halda, polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi ilə əlaqədar hər hansı araşdırma aparılmamış, bundan əlavə cinayət işin materialları ilə tanış olduqdan sonra ittihamla razı olmadığını bildirsə belə, buna əhəmiyyət verilmədən barəsində ittiham aktı qəbul olunaraq iş məhkəməyə göndərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ilk məhkəmə baxış iclasında özünü təqsirli bilsə də, həmin iclasda ifadə verməkdən imtina etmiş, sonradan bütün məhkəmə iclaslarında “özümü təqsirli bilirəm” ifadənin qorxu nəticəsində dediyini, ibtidai istintaq zamanı polis əməkdaşların təzyiqi və ona xəsarətlərin yetirilməsi nəticəsində etirafedici ifadəsini verilməsi halı da hazırki cinayət işinin məhkəmə istintaqının bütün proseslərində bildirmişdir. İlk olaraq qeyd olunmalıdır ki, “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalıdır. Həmçinin cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi, məhkəmə tərəfindən ilk olaraq yoxlanılmalı dəlil ondan ibarətdir ki, o, yol-nəqliyyat hadisəsi törətdikdən sonra polis əməkdaşları onu saxlayaraq, Polis Bölməsinə aparılmış, 2 gün saxlanılmışdır. Həmçinin təqsirləndirilən şəxs bildirir ki, qəzadan sonra şok vəziyyətində olduğundan Polis Bölməsinə apardıqları səbəbini yol-nəqliyyat hadisəsinin araşdırılması ilə əlaqələndirdiyindən, könüllü olaraq getmişdir. Yol-hərəkət hadisəsinin – yəni idarə etdiyi maşının qəzaya düşməsinin – 20 fevral 2022-ci il tarixdə baş verdiyini göstərmişdir. Həmin halın təsdiq edilməsi üçün müdafiə tərəfi Təqsirləndirilən şəxs tərəfindən torədilmiş yol-nəqliyyat hadisəsinin araşdırılmasına dair cinayət işin başlanılmasının rədd edilməsi haqqında 02 mart 2022-ci il tarixli qərarı və həmin araşdırma nəticəsində qəbul edilmiş məhkəmə tibbi eskpertizasının rəyini təqdim etmişdir. Qeyd olunan qərarda araşdırma zamanı müəyyən edilmiş hal kimi göstərilmişdir ki, “Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi istiqamətində Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətinə saatda 90 km sürətlə hərəkət etdiyi zaman yolu bilmədiyi üçün idarə etməni itirmiş və idarə etdiyi avtomobil sola istiqamətlənərər çınqılı yola çıxmış və dəmir boruya dəymiş, nəticədə Təqsirləndirilən şəxs özü dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.” Həmçinin qeyd olunan qərarda əks olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X32 tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli rəyə əsasən Təqsirləndirilən şəxs bədən səthində sol gözətrafı yumşaq toxumaların qançırı və həmin gözün ağlı qişasının qansızması, sağ gözətrafı yumşaq toxumaların, bel və sağ qalça nahiyyələrinin, sol bazunun qançırları alın nahiyəsinin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 20 fevral 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisə zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmin ekspert rəyinin təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, Suraxanı RPİ-in TŞ-in təhqiqatçısı Suad Həmzəyevin təqdim etdiyi qərarda görünür ki, 20 fevral 2022-ci il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Müayinə olunan deməsinə görə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Suraxanı rayonu ərazisində idarə etdiyi avtomaşın maneəyə dəymiş və o, xəsarət almışdır. Tibbi yardım üçün X23 müraciət etmişdir. Şikayətləri zədə nahiyəsində olan ağrıdandır. 01.03 2022-ci il tarixdə təqdim edlmiş X20 tərtib etdiyi xx.xx.2022-ci il tarixli 385 saylı arayışdan görününr ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli həmin xəstəxanaya “Alının iki tərəfli paraorbital nahiyəsinin sorulma mərhələsində olan qançırları və əzikləri. Döş qəfəsin yumşaq toxumaların əzilməsi.” Diaqnozu ilə ambulator qaydada müraciət etmişdir. Deməsinə görə 30 PB-də döyüblər. Təqdim edilmiş sənədlərin mötəbərliyini və hazırda istintaq olunan cinayət işinə aidiyyətinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs tərəfindən torədilmiş yol-nəqliyyat hadisəsinin araşdırılmasına dair təhqiqat materialın təqdim edilməsinə dair Suraxanı Rayon Polis idarəsinə dəfələrlə müvafiq sorğular göndərilmiş və üzun müddətdən sonra qeyd olunan material məhkəməyə təqdim edilmişdir. Həmin araşdırma materiallarında qeyd olunan sənədlərdən əlavə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis Şöbəsinin 04 mart 2022-ci il tarixli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs Fizuli oğlunun kəllə-beyin ravması və döş qəfəsi əziyi xəsarət olması barədə 3 saylı şəhər X3 soyadlı tibb bacısının xx.xx.2022-ci il tarixdə 30-cü Polis Şöbəsinə ötürdüyü məlumat təhqiqat materiala əlavə edilməsi üçün göndərilmişdir. Həmçinin həmin materialda 533 saylı raportda qeyd olunur ki, 3 saylı ŞKX-dan tibb bacısı Rzayeva məlumat vermişdir ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində olan zaman kəllə-beyin travmasının döş qəfəsinin əziyi xəsarəti olmuş xəstəxanaya müraciət etmişdir. Araşdırma zamanı da Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs bildirmişdir ki, "Toyota Prius” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 20 fevral 2022-ci il tarixdə saat 01 radələrində o idarə etdiyi avtomobil ilə Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi istiqamətindən Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətinə saatda 90 km sürətlə hərəkət etdiyi zaman yolu bilmədiyi üçün idarə etməni itirmiş və idarə etdiyi avtomobil sola istiqamətlənərək çınqılı yola çıxmış və dəmir boruya dəymişdir. Toqquşma nəticəsində o xəsarət almışdır. O, xəsarət aldığı üçün 3 saylı ŞKX-na müraciət etmişdir. Orada müayinə olunduqdan sonra evə buraxılmışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyytədə və yüksüz olmuşdur. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı sərxoş olmamışdır. Təqdim edilmiş materialdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi ittiham aktında göstərildiyi kimi 22 fevral 2022-ci il tarixdə deyil, 20 fevral 2022-ci il tarixdə saat 01 radələrində baş vermişdir. Həmin hal həmçinin də cinayət işin başlanması rədd edilməsi haqqında qərarında, məhkəmə-tibb ekspertizasının rəyində artıq müəyyən edilmiş hal kimi öz əksini tapmış və Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərlə uyğunluq təşkil edir. Həmin qərar hər hansı orqan və ya şəxs tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyinə qiymət verməkdən ötrü və Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən polis əməkdaşlarının saxlanılma vaxtı və yeri barədə ibtidai istintaq zamanı verdikləri məlumatın yoxlanılması üçün həmin saxlanılmada iştirak edən şahidləri dindirmişdir. Qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahidlər qismində dindirilmiş Suraxanı RPİ-nin post-patrul xidmətinin əməkdaşları Oktay Məmmədov, Şahid2 və Şahid1 ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında kəskin ziddiyyətlərin mövcud olması məhkəmənin diqqətini çəkdi. Belə ki, post Patrul Xidmətin hər üç əməkdaşı ibtidai istintaq zamanı dindirilərkən göstərmişlər ki, “22 fevral 2022-ci il tarixdə saat 01.30 radələrində iş yoldaşları Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid1 ilə birlikdə 5650 çağırışlı avtopatrul ekipajında Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində xidmət aparan zaman qəsəbə yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda “Toyota Prius” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilin qəzalı vəziyyətdə olduğunu avomobilin sürücüsünün isə kənarda dayandığını görərək həmin sürücüyə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib sürücünün kimliyi barədə soruşmuşlar. Sürücü adının Anar, soyadının İsmayılov, ata adının Füzuli olduğunu bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs sualları həyəcanlı, rabitəsiz şəkildə cavab verdiyindən onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü də etiraf edərək üzərində də narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi zərurəti yarandığını bildirərək onu yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PŞ-nə getmişdir. 30-cu PŞ-də araşdırma zamanı müəyyən oldu ki həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirmə zərurəti yarandığı üçün yuxarı rəhbərliyə raportla müraciət edərək Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verərək yenidən xidmətinə qayıtmışlar. Daha sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun üzərindən narkotik vasitə aşkar olunmuşdur.” Lakin məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, və digər iş yolaşları polis nəfərləri Şahid2 və Şahid1 ilə birlikdə həmin gün xidmət edirdilər. Yol kənarında Təqsirləndirilən şəxs avtomobillə dayandığını gördülər. Daha sonra ona yaxınlaşdılar, xidməti vəsiqələrini göstərərək, özlərini təqdim edib, sürücünün kimliyini soruşdular və gecə saatlarında yol kənarında saxlama səbəbini soruşdular, o isə taksi sürücüsü olduğunu bildirdi. Söhbət zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin təsirində olduğunu hiss etdilər. Daha sonra o, yolun əks istiqamətinə hərəkət etməyə başladı, üzü Hövsan istiqamətində. Daha sonra onlar onun qaçması barədə məlumat verdilər. Az sonra bildirdilər ki, qəza olub, qəza yerinə getdilər də, qəza törədən şəxsin bu şəxs oduğunu gördulər. Bildirmişdir ki, “şəxs al-qan içərisində idi. Sonra isə yerdə metamfetamin gördük”. Dövlət ittihamçısı tərəfindən verilən suallara Şahid4 cavab olaraq bildirmişdir ki, təqsirləndərilən şəxsi saxlayarakən onlar üç nəfər idilər – o, Şahid2, Şahid1 idilər. Onlar çatanda qəza baş vermiş, YPX əməkdaşları da orda idi. Bükümlərdən biri istifadə olunmuş, digər isə qablaşdırılmış formada idi, şəxsin hərəkətlərində narkotik istifadəçisi olduğu bəlli idi. Gözləri bərələ, özü isə şok vəziyyətində idi. Üzərində narkotik vasitənin olmasını olduğunu barədə təqsirləndirilən şəxsdə soruşub-soruşmadığı barədə suala cavab verərkən bildirmişdir ki, “şəxsdən soruşmadıq, əl fənəri ilə tapdıq”. Dövlət ittihamçısı şahid X1 bildirdiyi fikirlə əlaqədar olaraq, şahidin müstəntiqə verdiyi ifadə hal-hazırkı ifadəsi ilə ziddiyət təşkil etdiyindən, narkotik vasitələrin aşkar olunma hissəsində ifadəsinin elan edilməsinə dair vəsatət təmin edilməklə, X4 ifadəsi narkotik vasitələrin aşkar olunma hissəsində ifadəsinin elan edilməsini xahiş etmişdir. İfadəsini elan etdikdən sonra dövlət ittihamçısının suallarına cavab verərək, bildirmişdir ki, “narkotik istifadəçisi olduğunu bilmirdik, yerdə gördük, biz yerdə gördük narkotiki, daha sonra 30-cu PB-nə verdik. Cinayət işin materiallarına əlavə edilmiş ifadəsinə dair protokoldakı imza mənim imzam deyil” Şahid2 isə verdiyi ifadəsində bildirmişdir ki, “şəxsi tanışlığı yoxdur. Gecə saat 02.00 radələri idi, yol kənarında bir maşının saxladığını o və onun yanımdakı polis əməkdaşları gördük. Yaxınlaşdıqda “Hell” içki qabında nəsə yandırdığını gördüm. Danışığından, davranışından istifadəçi olduğu bəlli idi. Təqsirləndirilən şəxs avtomobili ilə hərəkət etməyə başladı və onlar da davam etdilər, onun arxasınca getdilər”. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, “biz yaxınlaşa bilmədik, təqsirləndirilən şəxs getdi. Lakin təqib etdik və qəza törətdiyini gördük və yardım etdik. Daha sonra əməliyyat qrupu gəldi. Anlaqlı vəziyyətdə deyildi. Ağrıları olduğunu bildirdi və biz ona sual vermədik. Tabesizlik olmayıb, təhqir etməyib. Bəli, DYP-i gəlmişdi. Yerdə falqanın üzərində qaraltı var idi, əlində nəsə tutmadıq. Üzərinə baxışı biz keçirtməmişik”. Müdafiəçinin suallarına cavab olaraq şahid bildirmişdir ki, narkotik istifadə olunmuş falqalar gördü, lakin onun növünü təyin edə bilməmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşı olduğu üçün yerdəki maddənin narkotik vasitə olduğunu əlamətlərindən anlamışdır. Şahid1 ifadəsində bildirmişdir ki, “şəxsi tanışlığı yoxdur. Gecə saat 02.00 radələri idi, yol kənarında bir göy rəngli prius avtomobilinin saxladığını onun və onun yanındakı polis əməkdaşları gördük. Yaxınlaşdıqda dayanma səbəbini soruşdular, dedi ki, “adam gələcək gözlüyürəm”. Biz onun vəsiqəsini və özün təqdim etməsin istədikdə, avtomobil ilə qaçdı. Daha sonra bölməyə məlumat verdik avtomobil və sahibi barədə, bir az keçdikdən sonra məlumat daxil oldu ki, qəza törədib və biz oraya getdik” Dövlət ittihamçısı tərəfindən verilmiş suallara Şahid1 cavab verərək, bildirmişdir ki, “şəxsə ilkin tibbi yardım göstərdik, lakin vəziyyəti pis idi. Yerdə narkotik görməsə də, şüphəli falqalar var idi. Hadisə yerində Oktay, Şıxməmməd və o idi, əlavə bölmə işçiləri də var idi. Şəxsin üzərinə biz baxmırıq. Komandirin göstərişi ilə bölməyə təhvil verdik. Raportla təhvil verdik”. Müdafiəçinin suallarına cavab olaraq şahid bildirmişdir ki, ifadəsinin alınmasına dair protokolda imza onun deyil, onun imzasına da oxşamır. Yerdə falqa və bükümlər var idi. Göründüyü kimi, şahidlərin məhkəmə istintaqı zamanı verilmiş ilk ifadələrinin təhlili o qənaətə gəlmək imkan verir ki, Təqsirləndirilən şəxs saxlanılma şəraiti və hallarının təsvir edilməsində çoxsaylı yalnışlıqlara və ziddiyyətlərə yol verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilmiş şahidlərin ifadələrinə əsasən Suraxanı RPİ-nin Post-Patrul Xidmətinin qeyd edilən əməkdaşları Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədildiyindən qabaq yaxınlaşmış, ondan bu vaxt burada maşının saxlamasının səbəbini soruşmuş, bu zaman sürücü avtomaşını sürüb Hövsan istiqamətində hərəkət etmiş, onlar da arxadan onu təqib etməyə başlamışlar. Həmin halı Şahid2 bildirmişdir ki, “biz yaxınlaşa bilmədik, təqsirləndirilən şəxs getdi. Lakin təqib etdik və qəza törətdiyini gördük və yardım etdik. Daha sonra əməliyyat qrupu gəldi. Polis əməkdaşları avtomaşınla Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının arxasınca hərəkət edərkən onlara həmin ərazidə qəza baş verməsi haqqında məlumat verilmişdir. İbtidai istintaq zamanı verdikləri ifadələrində isə bildirilir ki, Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri Şahid4 və Şahid1 ilə birlikdə 5650 çaxırışlı avtopatrul ekipajında Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində xidmət aparan zaman qəsəbə yolundə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə getmişlər. Göründüyü kimi, polis əməkdaşlarının ibtidai istintaq və məhkəmə baxışında yuxarıda şərh edilən məzmunda verdikləri ifadələr tamamilə ziddiyyətli olmaqla, işin faktiki hallarına və obyektiv həqiqətə uyğun deyildir. Bundan əlavə PPX-nin əməkdaşlarının ifadələrinə görə, A.İsmaylovun avtonəqliyyat hadisəsi törətməsi barədə onlara guya ratsiya vasitəsi ilə məlumat verilmiş, onlar Təqsirləndirilən şəxs qəza törətdiyi yerə çatanda orada yol patrul xidmətinin, hətta “digər əməliyyat qrupunun əməkdaşlarının olmasını da görmüşlər”. Lakin cinayət işinin materiallarında 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avto-nəqliyyat hadisə törətməsi qeyd olunsa belə, X35, Yol Polisi əməkdaşlarının raportu və ya hər hansı iştirakları barədə heç bir məlumat yoxdur. Həmçinin də əməliyyat müvəkkillərin hadisə yerində olması barədə hər hansı qeyd mövcud deyildir. İttiham aktına əsasən sonuncular yalnız şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etmişdirlər. Bundan başqa, qeyd edilən şahidlərin ifadələrinə görə, onlar Təqsirləndirilən şəxs törətdiyi avto-nəqliyyat hadisəsi yerinə çatdıqdan sonra “sürücünün həyəcanlı olması və suallara rabitəsiz cavab verməsinə görə onun narkotik vasitənin təsiri altında olmağını hiss etmişlər, hətta Təqsirləndirilən şəxs onlara üstündə narkotik vasitənin olmasını bildirmişdir”. Qeyd olunmalıdır ki, hər hansı bir şəxsin narkotik vasitələrin təsiri altında olub-olmamasını yalnız həkim-narkoloq tərəfindən aparılmış müayinə və ya ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən və təsdiq etmək mümkündür. Digər tərəfdən Təqsirləndirilən şəxs hətta narkotik vasitənin istifadəçisi olması qəbul edilsə belə, onun üstündə narkotik olmasını polis işçilərinə bildirməsi heç bir məntiqli hesab olunmur. Ən əsası isə əgər Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmuş olsaydı, onun həmin narkotik vasitəni post-patrul xidmətinin əməkdaşları tərəfindən təqib edildiyi və yaxud polis bölməsinə gətirildiyi zaman kənara atmağa kifayət qədər imkanı və vaxtı olmuşdur. Bundan başqa, əgər baş vermiş hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları həqiqətən də gəlmiş olsaydı, onda hadisə yerinə baxış xidməti vəzifələrinə uyğun olaraq həmin qurumun əməkdaşları tərəfindən aparılmalı idi. Lakin alınmış materiala əlavə edilmiş sənədlər əsasən müəyyən edilmişdir ki, hadisə yerinə baxışi yalnız 25 fevral 2022-ci il tarixdə, yəni hadisədən 4 gün sonra, həm də Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən daxil olmuş məlumata əsasən Suraxanı RPl-nin Təhqiqat şöbəsinin əməkdaşı S.Həmzəyev tərəfindən aparılmışdır. Göründüyü kimi, polis əməkdaşlarının ibtidai istintaq və məhkəmə baxışında yuxarıda şərh edilən məzmunda verdikləri ifadələr tamamilə ziddiyyətli olmaqla, işin faktiki hallarına və obyektiv həqiqətə uyğun deyildir. Bundan əlavə ibtidai istintaq zamanı verilmiş ifadəsində Şahid4 bildirir ki, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə yalnız polis bölməsinin xidməti otağında aşkar edilmiş və sonrakı məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən heroin kimi müəyyən edilmiş qəhvəyə rəngli maddəni təşkil edən 2 büküm olmuşdur. Məhkəmədə isə Şahid4 bildirmişdir ki, qəzadan sonra yaxınlaşanda “yerdə metamfetamin gördük”, bükümlərdən biri istifadə olunmuş, digər isə qablaşdırılmış formada idi, şəxsin hərəkətlərində narkotik istifadəçisi olduğu bəlli idi, “şəxsdən soruşmadıq, əl fənəri ilə tapdıq”. O.Qəribov isə narkotik vasitələrin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, “yerdə falqanın üzərində qaraltı var idi, əlində nəsə tutmadıq. Üzərinə baxışı biz keçirtməmişik”. Bundan əlavə, post-patrul xidməti əməkdaşlarının məhkəmədə verdikləri İfadələrinə görə onlar avto-nəqliyyat haidisəsinin baş verdiyi yerə çatdıqda avtomaşının yaxınlığında yerdə “gümüşü rəngli falqalar”, yəni narkotik vasitəsini bükmək üçün istifadə edilən kağız, və ya “Hell” bankasında nəinsə yandırdığını görmüşlər. Başqa sözlə, polis əməkdaşlarının ifadəsinə görə, Təqsirləndirilən şəxs qəza törətdikdən sonra guya narkotik vasitə qəbul etmişdir. Digər tərəfdən, 30-cu polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan isə görünür ki, guya “onun özü tərəfindən təqdim edilmiş” narkotik vasitə hesab edilən heroin şəffaf rəngli sellofana bükülü halda olmuşdur. Dövlət ittihamçısının vəsatətinə əsasən post-patrul xidmətinin əməkdaşları məhkəmədə təkrar dindirilərkən onlar məhkəmədə verdikləri ilk ifadələrini dəyişərək ibtidai istintaq zamanı verdikləri ifadələrə oxşar ifadə verməyə cəhd etmişlər. Başqa sözlə, polis əməkdaşları təkrar ifadələrində Təqsirləndirilən şəxs təqib etmələrini gizlətməyə çalışmışlar, sanki təqib nəticəsində sonuncunun avtonəqliyyat hadisəsi törətməsinin onlar üçün intizam məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməsindən ehtiyat edərək özlərini sığortalamaq məqsədi ilə bir-birinə zidd və işin faktiki hallarına uyğun olmayan məzmunda ifadələr vermişlər. Məhkəmə şahidlərin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə olan qeyrimüəyyən narkotik vasitənin gah istifadə edilmiş, gah da büküm şəklində hadisə yerində tapılması, gah yalnız maşının salonunda narkotik vasitənin istifadə edilməsindən qalan gümüş rəngində kağızların tapılması, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerində və ya təqsirləndirilən şəxsin maşınında hər hansı narkotik vasitəsi bükümün tapılması barədə məlumatın verilməməsi, həmin halın rəsmiləşdirilməməsi və bu barədə hər hansı ekspertizanın aparılmaması, həmin qeyri-müəyyən büküm, o cümlədən “metamfetamin” maddi sübut kimi tanınmaması və cinayət işin materiallarında öz əksinin tapmaması, təqsirləndirilən şəxsin “narkotik vasitənin təsiri altında olduğunu” hansı əsaslara görə müəyyən edilməsi, bu barədə hər hansı bir dərhal keçirilmiş müayinə aktı, ambulatornarkoloji ekspertizasının rəyinin olmaması, şahidlərin ümumiyyətlə ibtidai istintaq zamanı verilmiş ifadələrindən xəbərlərin olmadığını, yalnız məhkəmə iclasında ibtidai istintaq zamanı verdikləri ifadələri ilə tanış olduqlarını və həmin protokolda olan imzanın ona məxsus olmadıqlarını bildirilməsi özü özlüyündə ibtidai istintaq zamanı verilmiş ifadənin qeyri-mötəbər və inandırıcı olmadığına dəlalət edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, polis əməkdaşlarının ifadələrində göstərdiklərinə əsasən məhkəmə qeyd olunan polis əməkdaşlarının ifadələrin alınmasına dair protokollarda olan imzaların xəttşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar qərar qəbul etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli imtina edilməsinə dair məlumata əsasən Şahid2 oğlunun, Şahid4 və Şahid1 verilmiş imza və yazılmış mətn nümunələrindən əlavə 3-5 sənəddəl sərbəst imza nümunələri (şəxsiyyət vəsiqəsi və digər sənədlərin) əsillərini təqdim edilməməsi ilə əlaqədar vəsatətin təmin edilməməsinə dair ekspertizanın aparılmasından imtina edilmişdir. Qeyd edilən polis əməkdaşlarına həmin sənədlərin təqdim edilməsi ilə əlaqədar dəfələrlə müraciət olunsa belə, həmin sənədlərin surətləri təqdim edilməmişdir və xəttşünaslıq ekspertizasının keçirilməsi qeyri-mümkün olmuşdur. Bununla bağlı qeyd edilən hər üç şahidin - Şahid2 oğlunun, Şahid4 və Şahid1 ibtidai istintaq zamanı şahid dindirilmələrinə dair protokollarda olan imzaların onlar tərəfindən icra edilməməsi məhkəmə müəyyən edilmiş fakt kimi qəbul edir və həmin şəxslərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdikləri eyni məzmunlu ifadələrin hər hansı bir hüquqi əhəmiyyət kəsb etməsini və sübut kimi qiymətləndirilməsini istisna edir. Bunda əlavə "xxxx" MMC tərəfindən tərtib edilmiş 08 iyul 2024-cu il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin saat 02.55-dən saat 03:00-dək keçirilib-keçirilməməsini və həmin istintaq hərəkətinə dair protokolu iştirakla bağlı imzalayan şahidlər Şahid5 və Şahid3 faktiki iştirakını məsələsini yoxlayarkən, müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nomrəsinin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 01:25-də - ünvan 5 ünvan göstərir, saat 01:36-dan saat 11:49-dək Əmircan qəsəbəsi ünvanını göstərir. Qeyd olunmalıdır ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən 22 fevral 2022-ci il tarixli protokola əsasən həmin istintaq hərəkəti Suraxanı RPİ-in 30-cu PŞ-in inzibati binasında xidməti iş otağında 30-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3, 30-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 iştirakı ilə saat 02:55-dən saat 03-dək keçirilmişdir. Suraxanı RPİ-in 30-cu PŞ-in inzibati binası Bakı şəhəri, Suraxanı rayonu, ünvan 6 ünvanında yerləşir. Həmçinin müəyyən edilmişdir ki, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatları saat 01:08-də 8km, Naxçıvanski küçəsi, saat 01.25-də 8km, X33 "xxxx" MMC, saat 08:00-da 8 km Naxçıvanski küçəsini göstərir. Təqsirləndirilən şəxs saxlanılma vaxtı barədə məlumatı yoxlayarkən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AZF/LGL-743/24 saylı məktubuna əsasən Şahid1 istifadəsində olan 07-88081-16 sayl mobil nömrəsinin anten məlumatları 22 fevral 2022-ci il tarix üçün, saat 01:19-da Hövsan MədəniyyətEvi/”Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-sahid döngəsi, Aysel kafesi”/Surakhany (40.356xx/xx.07365) (MOC göstəricisidir). Sonra isə həmin tarixdə, saat 07:50-dək həmin ünvanı göstərir. Məhkəmə, "xxxx" MMC tərəfindən tərtib edilmiş 08 iyul 2024-cu il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə Şahid5 və Şahid3 istifadələrində olmuş mobil nömrəsi üzrə məlumatları, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AZF/LGL- 743/24 saylı məktubu məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan şahid X5 istifadəsində olan mobil nömrəsinin anten məlumatları sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatların sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir. Ümumiyyətlə, qeyd edilməlidir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs “narkotik vasitələrin istifadə təsiri altında qəza törətməsi şübhəsi ilə” onu polis bölməsinə aparılmasında və üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etmiş bütün polis əməkdaşları sərbəst ifadələrində iş üzrə ziddiyyətli və qeyri-dəqiq məlumat verməklə kifayətlənmiş, məhkəmə iclasında ittiham və müdafiə tərəfinin suallarına isə “hadisənin vaxtının tam yadında olmaması” səbəbindən cavab verməkdən yayınmışlar. Hətta, məhkəmə iclasında dindirilmiş şahidlər sübutetmə predmetinə daxil olan əsas hallarla bağlı məhkəməyə dəqiq və mötəbər məlumatlar verə bilməmişlər. Belə olan halda, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması ilə bağlı yuxarıda təhlil edilən sübutlar da nəzərə alındıqda şahid qismində dindirilmiş polis əməkdaşlarının cinayət işinin sübutetmə predmetinə daxil olan halları ilə (xüsusilə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və yeri ilə) bağlı verdikləri ifadələrin verilmiş ittihamla ziddiyyət təşkil etməsi, ümumiyyətlə, bir çox halda iş üzrə əhəmiyyət kəsb edən hallarla ittiham və müdafiə tərəfinin suallarına cavab verə bilməmələri ittihamda göstərilən halların həqiqətdə baş vermədiyi qənaətinə gəlməyə, Təqsirləndirilən şəxs oğunun həqiqətən 22 fevral 2022-ci il tarixdə saat 01:30-da radələrində Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi qəza törətdikdən sonra ünvanında olmasını, onun məhz həmin polis əməkdaşları tərəfindən həmin şəraitdə saxlanıldığı və ya hansı şəraitdə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması xüsusatlarını təkzib etməyə imkan verir. Başqa sözlə, şahid ifadələrindəki qeyri-müəyyənliklər, ziddiyyətlər, onların suallara cavab verməkdən yayınmaları onların həqiqətən təqsirləndiriləni göstərilən şəraitdə və vaxtda saxladıqları, göstərilən şəraitdə şəxsi axtarış və götürmə hərəkətinin aparılması inamını doğurmur və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyi qənaətinə gəlməyə imkan verir. Məhkəmə, yuxarıda tədqiq olunmuş iş üzrə dindirilmiş şahid ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, şahid ifadələrindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahid ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu göstərilənlərdən əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid5, Şahid3, Şahid2, Şahid4 və Şahid1 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, Polis Bölməsinə gətirilməsi, “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid5 və Şahid3, Şahid4, Şahid4 və Şahid1 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 01:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin inzibati binasına gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında həmin xüsusat təkzib olunaraq, Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərin doğruluğunu təsdiq edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 01 aralığında Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılmış, faktiki olaraq həmin vaxtdan etibarən həmin bölmədə qanunsuz olaraq saxlanılmış, lakin yalnız 22 fevral 2022-ci il tarixdə saat 01:30da Suraxanı RPİ-nin 30-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Fərid İbrahimov tərəfindən barəsində “Tutma protokolu” tərtib edilmiş, saat 02:55-də üzərinə şəxsi axtarış və götürmə aparılması göstərilmiş, qeyd edilən pozuntular isə istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutlarla təkzib edilməmiş, və yaxud ibtidai istintaqı zamanı və yaxud məhkəmə istintaq zamanı ağlabatan formada izah olunmamış, hər hansı mötəbər sübutlarla təkzib edilməmişdir. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması – polis bolməsinə gətirilməsi, orada saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında xeyli vaxtın (24 saatdan az olmayaraq) keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin narkotik vasitənin onun cibinə “qoyulmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Həmçinin, şahid X11, Şahid2, Şahid1 ifadələrini verərkən ibtidai istintaq ifadələrini özləri tərəfindən imzalanmamasını təsdiq etmişlər. Təqsirləndirilən şəxs arasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs da bildirmişdir ki, “məni döyüblər” sonra deyiblər ki “cərimə alacaqsan” videoçəkilişdən qabaq büküm ona verilib bu sözlərdən sonra saxlamalı olduğunu , və iş üzrə şahid qismində qeyd edilmiş şəxslərin qəza törətdikdən qabaq və sonra gördüyünü, yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis bölməsinə apardıqlarını bildirmişdir. Məhkəmə cinayət prosessual qanunvericliyin müddəalarına müraciət etdikdə, ilk olaraq ibtidai istintaq zamanı olan prosessual təminatlarının ən əhəmiyyətli olan qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. Qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericliyinin həmin normaları imperativ xarakter daşıyır və onlara riayət edilməsi tutulmuş - yəni azadlığı məhdudlaşdırılmış (məhrum edilmiş) şəxslərin hüquqi vəziyyətinin müəyyən edilməsinə və məhdudlaşdırmaya və yaxud məhrum etmənin əsas və səbəblərin leqitim olduğuna, qanunvericilikdə tutulmuş şəxslərə üçün nəzərdə tutulmuş prosessual təminatlarının reallaşdırma mexanizminin gercəkləşməsinə xidmət edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011 -ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM- nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Şübhəli şəxsin tutulması prosessual məcburiyyət tədbririnin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilməsi və rəsmiləşdirilməsi, bununla bağlı bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolun, şübhəli şəxsin tutulması haqqında qərarın, şübhəli şəxsin qismində dindirilməsi haqqında protokolun və digər prosessual sənədlərin mötəbər olması, o cümlədən həqiqətə uyğun, düzgün və cinayət prosessual qanunu baxımından qanuni və əsaslı tərtib edilməsi – ibtidai istintaqın təməlinin ən əhəmiyyətli sütunlarından biridir. Şübhəli şəxsin tutulması cinayət prosessual qanunvericiliyinin müdddəalarına uyğun olaraq həyata keçirilməsini, o cümlədən rəsmiləşdirilməsinin əhəmiyyəti təkcə ibtidai istintaqının qanuni və əsaslı keçirilmiş hesab edilməsi üçün mühum əhəmiyyət daşımır, həmçinin də ən əsas, ayrılmaz, konstitusion insan və və vətəndaşı hüquqlarına - azadlıq hüququna riayət edilməsi ilə əlaqədardır. Belə ki, həmin hüquq istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər milli və beynəlxalq normativ aktları ilə absolyut hesab olunur və həmin hüquqa dair məhdudiyyət qanunvericı tərəfindər yalnız müstəsna hallarda, onlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin movcud olması ilə bağlı tutulma qismində nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şübhəli şəxs qismində tutularkən şəxsin azadlığı faktiki olaraq məhdulaşdırıldığından həmin prosessual məcburiyyət tədbirinin rəsmiləşdirilməsi anın (vaxtın) dəqiq göstərilməməsi – gizlədərək, saxtalaşdırılması – şəxsin azadlıq hüququnun kobudcasına pozulmasına və digər ağır nəticələrə səbəb ola bilər. Hüquqi nəticələrin dairəsi sadəcə prosessual hüquqlarının pozulmasından (yaxın qohumlarına xəbər vermək, ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini və ağırlığını bilmək, bununla bağlı müdafiə hüqununu həyata keçirtmək, müdafiəçi ilə təmin olunmaq və yaxud öz seçimi özünə müqavilə əsasında müdafiəçi tutmaq və bu kimi hüquqi imkanlarında məhrum etmə), prosessual hüquqlarının pozuntusu nəticəsində daha ağır maddi nəticələrə (əsassız ittiham olunma, qanunsuz həbsdə saxlanılma) məruz qalmasına qədər əhatə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs “üstündən aşkar edilmiş” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının" mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş) Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, 24 saatdan da artıq müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutulduğu yerdə və ya ən azından Polis Bölməsinə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (24 saatdan artıq bir müddət, nəzərə alınmalıdır ki, bu müddət təqsirləndirilən şəxsin polis bölməsində saxlanılmasının müəyyən edilə bilən dövrünü ifadə edir, şübhəsiz o, saxlanılaraq polis bölməsinə gətirilməsi vaxtı da diqqətə alınmaqla bundan da artıq müddət polisin faktiki nəzarətində idi) müddət keçmiş, yəni Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmaqla şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində X12 müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşlar. Bundan əlavə, şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız hesab edir. Şəxsi axtarış və götürmə zamanı yol verilmiş ilkin prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şəxsi axtarış və götürmə aparmasına və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, axtarış və götürmə barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Bundan əlavə, məhkəmə istintaqı zamanı həm şəxsi axtarış və götürmə aparılması barədə protokola, həm də aparılmış videoçəkilişin görüntülərini əks etdirən 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Pİ-nin 30-ci PB-in baş təhqiqatçısı polis kapitanı Fərid İbrahimov şübhəli şəxsin təqdim etdiyi iki ədəd bükümü götürdükdən sonra müvafiq şərait olmasına baxmayaraq həmin bükümlərin çəkisini müəyyən etmir. Narkotik vasitənin çəkisi protokolda da öz əksini tapmamışdır. Halbuki, Cinayət-Prosessual Məcəllənin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi götürülmüş predmetin çəkisinin müvafiq istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsini, həmçinin axtarış və götürmə videoçəkilişlə aparıldığı halda həmin çəkinin qeydə alınması yolu ilə obyektivliyi təmin etməklə əldə edilmiş sübutların hər cür şübhədən kənar qalmasını təmin etməyə yönəlmişdir. Lakin, istintaq orqanı tərəfindən qeyd edilən prosessual normanın tələblərinin pozulması, hazırki ittihamın əsası olan və kifayət qədər şübhəli olan “maddi sübut”-un mötəbərliyini bir qədər də şübhə altına almışdır. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs saxlanılmasından sonra polis əməkdaşları tərəfindən təzyiq edilmiş, ona hədə-qorxu tətbiq edilmiş, sözlərinə görə işgəncə verilmiş, buna dözməyib bütün təqdim olunmuş izahatlara imza atmış, ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hətta üzərində olan xəsarətlərlə xəstəxanaya müraciət etmiş, polis şöbəsində döyülməsi ilə əlaqədar məlumatın verilməsinə və həmin məlumatın tibbi işçi tərəfindən 30-cu polis Bölməsinə ötürülməsinə baxmayaraq, həmin xəsarətlərin yaranma halı ilə əlaqədar hər hansı ona müvafiq, vaxtında keçirilməli, qanunun çərçivəsində olan hüquqi reaksiya verilməmiş, yəni məhz xəsarətlərlə bağlı araşdırma aparılmamış və sırf bununla, yəni polis böməsində döyülməsi ilə əlaqədar bağlı icraat açılmamış, məlumat 30-cu Polis Bölməsinə ötürüldüyündən təhqiqat materialı yalnız yol-nəqliyyat hadisəsi ilə əlaqədar açılmış, araşdırma və bütün araşdırma ilə bağlı hərəkətlər yalnız bu istiqamətdə aparılmış, ümumiyyətlə təqsirləndirilən şəxsin döyülməsi ilə əlaqədar xəstəxanaya məlumatın verilməsi, həmin məlumatın polis orqanına çatdırılması halı gizlənmiş, ən əsas – saxlanılma vaxtı xəsarətlərin yetirilib-yetirilməməsi ilə əlaqədar araşdırma aparılmamış və cinayət işinin materiallarında öz əksini tapmamışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması, polis bölməsində müdafi hüquq təmin olunmadan saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətinin dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərində işgəncə qurban xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırki işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keirilmiş tibi müayinə məzkəm-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir (Mahiyyət etibarı ilə işgəncə aktı təşkil edən cinayətlə bağlı cinayət təqibi, məhkumluq və cəzalandırma üçün iddia müddətinin tətbiqi ilə bağlı məsləhət rəyi [BP], §§ 61-62, 2022). Pis rəftarın konkret formasının işgəncə kimi təsnif edilib-edilməməsi barədə qərar qəbul edərkən Məhkəmə (Avropa İnsani Hüquqları Məhkəməsi) 3-cü maddədə əks olunan, həmin anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasındakı fərqi nəzərə almalıdır. Konvensiya bu fərq vasitəsilə çox ağır və qəddar iztirablara səbəb olan qəsdən törədilmiş qeyri-insani rəftarı xüsusilə vurğulamaq niyyətində idi; eyni təsnifat Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyası”nın 1ci maddəsində də öz əksini tapıb (X2rşı, 1978, § 167, Selmouni Fransaya qarşı [BP], 1999-cu il, § 96 və İlaşcu və başqaları Moldova və Rusiyaya qarşı [BP], 2004, § 426). Rəftarın şiddətindən əlavə, işgəncə anlayışı “İşgəncələrə və digər qəddar, qeyriinsani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya”da qəbul edildiyi kimi qəsd elementini də nəzərdə tutur. Bu da, inter alia, məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədi ilə qəsdən şiddətli ağrı və ya əzab verməyi ehtiva edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 97; Salman Türkiyəyə qarşı [BP], 2000, § 114; X28rşı, 2014, § 508 və Petrosyan Azərbaycana qarşı, 2021, § 68). Nəzərə alsaq ki, Konvensiya müasir dövrün şəraiti nəzərə alınmaqla şərh edilməli olan canlı alətdir, əvvəllər “işgəncə” yerinə “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi təsnif edilmiş bəzi əməllər gələcəkdə başqa cür təsnif edilə bilər. Məhkəmə hesab edir ki, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində getdikcə yüksələn standartlar müvafiq olaraq, demokratik cəmiyyətlərin fundamental dəyərlərinin pozulmasının qiymətləndirməsində, labüd olaraq, daha böyük qətiyyət tələb edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 101). Bununla əlaqədar, Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir Məhkəmə 3-cü maddənin təfsirində rəhbər tutmalıdır ki, insanların müdafiəsi aləti kimi Konvensiyanın obyekti və məqsədi oradakı təminatların konkret və effektiv olması istiqamətində müddəaların şərhini və tətbiqini tələb edir. Təminat verilən hüquq və azadlıqların istənilən təfsiri demokratik cəmiyyətin ideya və dəyərlərini qorumaq və təşviq etmək məqsədi daşıyan alət kimi Konvensiyanın ümumi ruhuna uyğun olmalıdır (X6rşı, 1989, § 87). Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi insan ləyaqətinə hörmətlə sıx bağlı olan sivilizasiyanın dəyəridir (Bouyid Belçikaya qarşı [BP], 2015, § 81). Sözügedən qadağa mütləq xarakter daşıyır, 15-ci maddənin 2-ci bəndinə əsasən, müvafiq şəxsin davranışından asılı olmayaraq hətta millətin həyatına təhlükə yaradan fövqəladə vəziyyət və ya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə və ya miqrantların və sığınacaq axtaran şəxslərin axını kimi ən çətin şəraitlərdə belə ondan kənara çıxmağa yol verilmir (A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], 2009, § 126; Mokanu və başqaları Rumıniyaya qarşı [BP], 2014, § 315; El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [BP], 2012, § 195 və Z.A. və başqaları Rusiyaya qarşı [BP], 2009, §§ 187-188) və ya onun törətdiyi iddia edilən cinayətin xarakteri (X13rşı [BP], 2006, § 116 və Qafgen Almaniyaya qarşı [BP], 2010, § 87). 3-cü maddə əsasən qadağan olunmuş rəftar formalarının dövlət agentləri və ya dövlət orqanları tərəfindən qəsdən törədildiyi hallarda tətbiq edilir. Bu, ümumi mənada, dövlətlərin öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməsi üçün neqativ öhdəliyin qoyulması kimi təsvir edilə bilər (Hristozov və başqaları Bolqarıstana qarşı, 2012, § 111). Konvensiyanın 3-cü maddəsində göstərilən qadağa bütün pis rəftar hallarını əhatə etmir (Savran Danimarkaya qarşı [BP], 2021, § 122). Məhkəmənin məhkəmə təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır (Muršić Xorvatiyaya qarşı [BP], 2016, § 97). 6. Minimum şiddət həddinə çatıb-çatmamağı müəyyən edərkən Məhkəmə digər amilləri, xüsusən də aşağıdakıları nəzərə ala bilər: a) rəftarın məqsədi və onun arxasında dayanan niyyət və ya motiv (lakin qurbanı alçaltmaq və ya təhqir etmək niyyətinin olmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkar edilməsini birmənalı olaraq istisna etmir); b) pis rəftarın tətbiq olunduğu kontekst, məsələn artan gərginlik və emosionallıq şəraiti və c) qurbanın həssas vəziyyətdə olubolmaması (Xlaifiya və başqaları İtaliyaya qarşı [BP], 2016, § 160). Məhkəmə şəxsin, xüsusilə də fərdi şəxslər tərəfindən minimum şiddət səviyyəsinə çatan pis rəftara məruz qalıb-qalmadığını qiymətləndirərkən, əhəmiyyətli təsiri ola biləcək hər bir amili nəzərə alır. Bütün bu amillər qurbanın məruz qaldığı rəftarın qəsdən törədilmiş əməlin nəticəsi olduğunu güman etməyə imkan verir. Bu səbəbdən təsadüf və ya ehtiyatsızlıqdan törədilmiş bədbəxt hadisə nəticəsində şəxsdə yaranan bədən xəsarəti və fiziki və ya psixi iztirablar, 3-cü maddə kontekstində şəxsin “məruz qaldığı” “rəftar”ın nəticəsi hesab edilə bilməz (Nicolae Virgiliu Tănase Rumıniyaya qarşı [BP], 2019, §§ 121 və 123). 8. Bununla belə, şəxs azadlıqdan məhrum edildikdə və ya ümumi olaraq, hüquqmühafizə orqanı əməkdaşları ilə üzləşdikdə, hüquq-mühafizə orqanı əməkdaşlarının həmin şəxsə qarşı insan ləyaqətini alçaldan istənilən hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (Bouyid Belçikaya qarşı [BP], 2015, §§ 100-101). Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən vurğulayır ki, sırf bu hallarda rəftarın “işgəncə” olduğu qənaətinə gəlib: ərizəçi polis nəzarətində olarkən dövlət agentləri onu etiraf almaq üçün tamamilə soyunduraraq, qolları arxada bağlanmış vəziyyətdə havada asılı saxlayıb (“Fələstin asqısı”) (Aksoy Türkiyəyə qarşı, 1996, § 64); ərizəçi həbsdə olarkən zorlanıb və bir sıra digər fiziki və psixoloji pis rəftara məruz qalıb (Aydın Türkiyəyə qarşı, 1997, §§ 83-87, həmçinin bax Maslova və Nalbandov Rusiyaya qarşı, 2008, § 108, burada ərizəçi dəfələrlə zorlanıb, habelə dindirmə zamanı bir sıra fiziki zorakılıq Konvensiyanın 3-cü maddəsi üzrə Təlimat – İşgəncənin qadağan edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi 8/43 Son yenilənmə: xx.xx.2023 aktlarına məruz qalıb, Zontul Yunanıstana qarşı, 2012, § 92,); ərizəçilər həbsdə olarkən etiraf almaq üçün bir neçə gün yuxudan məhrum edilib, “Fələstin asqısı” və “falakka”ya məruz qalıblar, üstlərinə su püskürdülüb və döyülüblər (Batı və başqaları Türkiyəyə qarşı, 2004, § 110 və §§ 122-124); aclıq edən ərizəçi tibbi zərurət olmadan əl qandallarından istifadə edilərək “ağız genəldən” və qida borusuna daxil edilmiş xüsusi rezin boru vasitəsilə, müqavimət göstərdiyi halda güc tətbiq etməklə zorla qidalandırılıb (Nevmerjitski Ukraynaya qarşı, 2005, § 98); ərizəçi məlumat əldə etmək və ya cəzalandırılmaq, yaxud da qorxudulmaq üçün zəmində saxlandığı müddətdə “fövqəladə verilmə” (ingiliscə bax: ‘extraordinary rendering’ - “şəxslərin normal hüquqi sistemdən kənar saxlanılması və dindirilməsi məqsədilə bir yurisdiksiyadan və ya dövlətdən işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın törədilməsinə dair real təhlükə olan digər ölkə və ya yurisdiksiyaya məhkəmədən kənar qaydada köçürülməsi”) çərçivəsində hər hansı tibbi göstəriş olmadan əlləri qandallanmaq, başına torba keçirilmək, zorla soyundurulmaq, məcburi süpozitor qəbul etdirilmək kimi kompleks və əvvəlcədən düşünülmüş tədbirlərə məruz qalıb (El- Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, [BP], 2012, § 205) polis əməkdaşları tərəfindən şiddətli döyülmələr ərizəçilərin qohumunun ölümü ilə nəticələnib (Satıbalova və başqaları Rusiyaya qarşı, 2020, § 76; həmçinin bax: Lutsenko və Verbiski Ukraynaya qarşı, 2021, §§ 79-80, burada cənab Verbiski Maydan etirazları kontekstində polis tərəfindən işə götürülən qeyri-dövlət agentləri tərəfindən döyülərək öldürülüb) Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədənində ağrılar hiss etdiyinə görə hadisədən bir neçə gün sonra X23 getməsi, həkim müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətləri 30-cü polis bölməsində döyülməsi nəticəsində bildirdikdən sonra onu müayinə edən həkim tərəfində bu barədə 102 zəng xidmətinə və Suraxanı RPİ-nə məlumat verilməsi haqqında verdiyi ifadəsinin həqiqətə uyğun olmasını bir daha təsdiq edir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs onun 20 fevral 2022-ci il tarixdə saat 01:30 radələrində qəza yerindən aparıldığını, saxlanıldıqdan sonra şəxsən heç bir ifadə vermədiyini, həmin gün bölmədə saxlanıldıqdan sonra ona polis əməkdaşları tərəfindən döyuldüyünə görə təqdim olunan bütün sənədlərə imza etdiyini, ifadələrini də müstəntiqin özü yazdığını, ona ifadələrinə və başqa sənədlərə imza etdirdiyini bildirmişdir. Lakin ifadəsində guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə 24 saatdan artıq bir müddətdə polisin tam nəzarətinə keçərək tutulması və idarədə müəyyən müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut heroin təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasından sonra polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülmüş və xəsarətləri almış halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs ilk andan və davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi polisin onun üstünə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, bütün hallarda təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış və Təqsirləndirilən şəxs imza etdirilmişdir. Sonradan material istintaq aidiyyəti üzə göndərildikdən sonra Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “təqsirləndirilən şəxs qismində dinirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış şəkildə ona imza etdirilmişdir. Artıq təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdimata münasibət bildirməklə, əslində üzərində hər hansı narkotik olmadığını, tərəfindən narkotik vasitədən istifadə edilməməsini, polis əməkdaşlarının təqibi qəzaya səbəb olduğunu, qəzadan sonra onu apardıqlarını, döydüklərini bildirmiş, həmin ifadələrin ona fiziki işgəncə, o cümlədən döyülmə nəticəsində xəsarətlər yetirməklə, fiziki təzyiq altına verilməsi və fiziki təzyiq altında imzalanması haqqında məhkəmə baxışında bildirmiş Təqsirləndirilən şəxs, ibtidai istintaqın sonunda cinayət işin materalları ilə tanış olduqdan sonra ittihamla razı olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq X16 ittiham aktında Təqsirləndirilən şəxs özünün Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə istinad etmiş, onun istintaqın sonrakı gedişatında, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlərin verdiyi ifadələrinə diqqət yetirməməklə, ümumiyyətlə qiymət verməmiş və hansı səbəbdən onun sırf ilkin ifadəsinə istinad etdiyini əsaslandırmamışdır. Cinayət işin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işin materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxs tərəfindən tanış etməyə dair protokolda “ittihamla razı deyiləm” qeyd edilməsindən sonra müstəntiq həmin qeydi nəzərə almadan iş üzrə təqsirləndirilən şəxsi yenidən dindirmədən, ilkin ifadəsini özündə ehtiva edən ittiham aktını cinayət işi ilə birlikdə məhkəməyə göndərilmiş, araşdırma zamanı dindirilmiş şahidlər polis əməkdaşları Şahid5 və Şahid3 Oktay Məmmədov, Şahid2 və Şahid1 ilə üzləşdirmə aparmamış, həmin ifadəsini yoxlamamışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Eyni ilə polis əməkdaşları Suraxanı RPİ-nin 30-cu PB-də CA üzrə əməliyyat müvəkili, polis kapitanı Şahid3, Suraxanı RPİ-nin 30-cu PB-də CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Suraxanı PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Suraxanı PPXB-nin polis nəfəri, polis serjantı Şahid4, Suraxanı PPXB-nin polis nəfəri, polis serjantı X14 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrin də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000- ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, növbəti olaraq, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1095 saylı 22 fevral 2022-ci il tarixli rəyinə və ambulator məhkəmə-narkoloji ekspertziasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X32n verdiyi 2080 saylı 26 aprel 2022-ci il tarixli rəyinə sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq heroin olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. Əksinə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyini verən ekspert X17, ixtisasça həkim-narkoloq deyil, həkim nevropatoloqdur. Ambulator məhkəmə narkoloji ekspertizasının keçirilməsi zamanı Təqsirləndirilən şəxs nə qanın, nə də sidiyin verilməsi ilə əlaqədar analiz götürülməmiş, Təqsirləndirilən şəxsla yalnız söhbət aparılıb, sözlərinə görə heroindən istifadə edilməsinə dair özünün etirafı ekspert komissiyasının gəldiyi nəticənin əsası kimi götürülmüşdür. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyndən əziyyət çəkilməsi və həmin xəstəlikdən asıllılıq sindromun müəyyən edilməsinin əsasları göstərilməmiş, qeyd olunan nəticəyə hansı xüsusi biliyə əsaslanraq gəlməsi səbəbi ekspert komissiyası tərəfindən izah olunmamış, həqiqətən təqsirləndirilən şəxs tərəfindən həmin narkotik vasitələrdən isifadə edilməsi barədə etirafedici izahatların məhz ekspert və ya ekspert komissiyası qarşısında verilməsi ilə əlaqədar hər hansı mötəbər sübut təqdim edilməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır. 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. 4-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. 6-cı maddəsinə əsasən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. 7-cı maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Ambulator narkoloji ekspertizasının rəyinin mötəbərliyi münasibətdə, məhkəmə o qənaətə gəlir ki, hazırki cinayət iş üzrə Təqsirləndirilən şəxs oğunun narkotik vasitələrinin istifadəçisi olub-olmaması, hansı narkotik vasitələrinin istifadəçi olması, narkomaniya xəstəliyindən əziyyət çəkilib-çəkilməməsinə dair ümumiyyətlə elmi-ekspert tədqiqatı aparılmamış, hər hansı müayinə aparılmamış, ekspertin hər hansı xüsusi biliyinə, həmin eksperizalar üçün nəzərdə tutulmuş hər hansı elmi metodikasına və normativlərə əsaslanmamış, kobud prosessul pozuntuya yol verilməklə bir qeyri-müəyyən nəticəyə gəlinmişdir. Qeyd edilənlər əsasında məhkəmə, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1095 saylı 22 fevral 2022-ci il tarixli rəyinə və ambulator məhkəmə-narkoloji ekspertziasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X32n verdiyi 2080 saylı 26 aprel 2022-ci il tarixli rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalarhüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2- ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3- cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin X22 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki. iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1- ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1 ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Kamil Babayevə qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli, ibtidai istinaqı aparan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X16, Suraxanı RPİ-nin 30-cu PB-nin baş təhqiqatçısı polis mayoru X18, Suraxanı RPİ-nin 30-cu PB-də CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Suraxanı PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Suraxanı PPXB-nin polis nəfəri, polis serjantı Şahid4, Suraxanı PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 və ekspert X17 barəsində təsir tədbirlərinin görülməsi üçün məhkəmənin baxış iclasının nəticələrinə dair xüsusi qərar çıxarılmalı, bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 0,328 qram olan narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Bakı şəhər Suraxanı rayon prokurorluğuna məlumat göndərilməlidir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanuni dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,328 olan narkotik vasitə heroinin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı RPİ-də saxlanılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 88 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri ləğv edilsin. İbtidai istinaqı aparan müstəntiq, təhqiqatçı, əməliyyatçı, şahidlər-post patrul xidmətinin əməkdaşları və ekspert barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,328 narkotik vasitə olan heroin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 88 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-7/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-7/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver