Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-70/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 13:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, evli, bir azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla himayəsində iki uşağı olan, Bakı şəhəri, Qardağ rayonu, Ələt qəsəbəsi, Hərbi şəhərcik, 282 nömrəli evdə qeydiyyatda olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onunla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X3 cəza çəkən məhkum Şahid1li oğlunu və onun arvadı Zərərçəkmiş şəxs 2017-ci ilin mart ayının əvvəllərində aldadıb etibarından sui istifadə edərək, Şahid1 adını atası Şahid3 vasitəsi ilə Prezidentin əfv fərmanının siyahısına saldıracağı barədə yalan vədlər verərək atası Şahid3 adına olan, faktiki olaraq isə arvadı Şahid2 istifadəsində olan “Kapital Bank” X4 məxsus 416974******3209 PAN plastik kartla bağlı ********************3 nömrəli hesabını Zərərçəkmiş şəxs verərək, sonuncu tərəfindən həmin hesaba xx xxxx 2017-ci il tarixdə 240 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat və xx xxxxxx 2017-ci il tarixdə 1.000 manat olmaqla cəmi 10.240 manat pulun köçürülməsinə nail olaraq və həmin pulları arvadı Şahid2 vasitəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 A ünvanda yerləşən “Ballı” marketə quraşdırılmış “Kapital Bank” X4 məxsus bankomatdan çıxartdırıb ələ keçirərək, Zərərçəkmiş şəxs 10.240 (on min iki yüz qırx) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2012-ci ildə Şahid2 ilə ailə həyatı qurmuşdur və birgə nikahdan onların iki övladı dünyaya gəlmişdir. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi vaxt onunla birlikdə cəza çəkən Şahid1li oğlu ilə tanış olmuş, 2017-ci il tarixdə Məstəli və onun oğlu Əli ilə aralarında olan söhbət zamanı, sonunculara atası Şahid3 hərbiçi olduğunu və Məstəlinin adını prezidentin əfv fərmanına saldırmağa köməklik edə biləcəyini demişdir. Əslində isə o, atasının adını öz dələduzluq niyyəti üçün istifadə etmişdir. Lakin həqiqətdə, nə atasına, nə də başqa heç kiməsə bu barədə heç bir məlumat verməmiş, pula ehtiyacı olduğu üçün yalan danışmışdır. Bundan bir qədər sonra 2017-ci ildə həyat yoldaşı Liana ilə uzunmüddətli görüşdə olduğu zaman Məstəli də həyat yoldaşı İradə ilə uzunmüddətli görüşdə olmuş və həmin vaxt o, təklikdə Məstəli və İradə ilə danışan zaman atasının general rütbəsi daşıdığını, yüksək vəzifədə işlədiyini, 10.000 (on min) manat müqabilində Məstəlinin adını prezidentin əfv fərmanına salmağa köməklik edəcəyini bildirmişdir. Məstəli və yoldaşı İradə ilə Məstəlinin adının əfv fərmanına salınması ilə bağlı söhbət etdikdən sonra onlardan istədiyi 10.000 manat pulu, atasının adına olan bank kartına yüklənməsini istəmişdir. Belə ki, hələ 2016-cı ildə cəzaçəkmə müəssisəsində işlə təmin olunduğu üçün atasına hər ay maaş alacağını bildirmiş və maaşının köçürülməsi üçün atasından öz adına bankda hesab açmasını xahiş etmişdir. Buna görə də atası öz adına bankda hesab açmış və həmin kartı həyat yoldaşı Lianaya vermişdir. 10.000 manat pulun kim tərəfindən və hansı məqsədlə bank kartına yüklənməsi barədə nə həyat yoldaşı Lianaya, nə də ki, atası Səmədə heç bir məlumat verməmişdir. Bundan bir qədər sonra həyat yoldaşı Liana ilə danışdığı zaman ona cəzaçəkmə müəssisəsində işlədiyi üçün hər ay maaş yüklənən karta yüksək məbləğdə pul yüklənəcəyini və həmin pulun hamısını bankomatdan çəkib onun dediyi şəxslərə verməsini xahiş etmişdir. Arvadı Liana ondan həmin pulların hansı məqsədlə istifadə etdiyi karta yüklənəcəyini və həmin pulların kimə məxsus olduğunu soruşduqda sonuncuya narahat olmamasını, həmin pulların keçmiş vaxtlarda öz işi ilə əlaqədar olaraq ona borcu olan şəxslərin köçürdəcəklərini demişdir. Bundan sonra həyat yoldaşı Liana ona inanmış və beləliklə də, həmin bankomat kartına müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 10.240 manat pul köçürülmüş və onun göstərişi ilə həyat yoldaşı Liana 3 dəfəyə hər dəfə 3.000 manat olmaqla cəmi 9.000 manat pulu kartdan çıxardıb onun dediyi şəxslərə vermişdir. Qalan 1.240 manat pulu isə onunla görşə gələn zaman onun göstərişi ilə hissə-hissə gətirib onun özünə vermişdir. Lakin onun onsuz da Məstəlinin adını prezidentin əfv fərmanına saldırmağa hansısa bir formada imkanı olmamış və onun əvvəlcədən niyyəti onları aldadaraq həmin 10.240 manat pulu ələ keçirmək və borclu olduğu şəxslərə vermək olmuşdur. Buna görə də, o, Məstəlinin adının əfv fərmanına salınması üçün hər hansı bir hərəkət etməmiş və əldə etdiyi 10.240 manat pulu borcu olduğu şəxslərə verərək öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, atası nə Məstəli ilə, nə də İradə ilə danışmamış, görüşməmiş, sonunculara heç bir vəd verməmişdir. O, İradə və Məstəli ilə 6 saylı cəzaçəkmə müəssisəsində danışdığı zaman həyat yoldaşı Liana onların yanında olmamış, sonuncu Məstəlinin adının əfv fərmanına salınması ilə bağlı heç kimə heç bir vəd verməmiş və ya bu işdə ona hansısa bir formada köməklik etməmişdir. Özü bu işi həll edəcəyi ilə bağlı İradəyə və yoldaşı Məstəliyə vəd vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarxdə X5 Məhkəməsinin hökmü ilə əri Şahid1li oğluna 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin həmin cinayət işi ilə bağlı zərərçəkmiş şəxs şikayət etdiyi üçün Şirvan Apelyasiya Məhkəməsinin hökmü ilə həyat yoldaşının həbs müddəti 04 il də artırılaraq ümumilikdə 08 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Məstəli cəzasını çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Demək olar ki, ayda iki dəfə həyat yoldaşının yanına 6 saylı cəzaçəkmə müəssisəsinə getmiş və 4 aydan bir isə 3 günlük uzunmüddətli görüşə gedib onunla qalmışdır. 2017-ci ilin mart ayında o, həyat yoldaşı Məstəlinin əfv fərmanına salınması üçün müraciət etmiş və əvvəlcə onlar elə başa düşmüşlər ki, Məstəli Novruz bayramında əfv fərmanından faydalana biləcəkdir. Lakin 2017-ci ildə Novruz bayramı vaxtı prezident tərəfindən verilən əfv fərmanına yoldaşın adı düşməmişdir. 2017-ci ilin mart ayının sonlarında dəqiq yadında qalmayan vaxt Məstəli ilə görüşmək üçün 6 saylı cəzaçəkmə müəssisəsinə getmiş və orada söhbət zamanı Məstəli onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, həmin şəxsin ona adını əfv fərmanına saldırmaq imkanının olduğunu və bu işi həll edə biləcəyini dediyini bildirmişdir. Bundan sonra hər dəfə görüşdə Məstəli ona Kamranla münasibətlərinin yaxşılaşdığını bildirmişdir. Bir dəfə Məstəli ilə görüşə gedən zaman sonuncu ona, Kamranın atasının Milli Təhlükəsizlik Nazirliyində işlədiyini və hətta Kamranın onu, öz atası ilə telefon vasitəsilə danışdırdığını və Kamranla atasının Məstəlinin əfv siyahısına salınmasına vəd verdiklərini və bunun üçün 10.000 manat pul verməli olduqlarını bildirmişdir. Bundan sonra 2017-ci ilin dəqiq yadında qalmayan vaxtı o, Məstəli ilə görüşmək üçün 6 saylı cəzaçəkmə müəssisəsinə getmiş və həmin vaxt Məstəli onu Təqsirləndirilən şəxslə tanış etmişdir. Həmin vaxt Kamran ona da Məstəlinin adını əfv fərmanına salacağına vəd vermişdir. Bundan sonra o, Kamranın dediyi kimi atası Səmədin adına olan və arvadının istifadəsində olan bank kartına xx xxxx 2017-ci il tarixdə 240 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat və nəhayət xx xxxxxx 2017-ci il tarixdə isə 1.000 manat olmaq şərti ilə ümumilikdə 10.240 manat pulu qohumlarından borc alaraq köçürmüşdür. Kamran onları əmin etmişdir ki, 2017-ci ilin sentyabr ayının 4-də Qurban bayramı günü həyat yoldaşı Şahid1 prezidentin əfv fərmanına salınacaqdır və azadlığa buraxılacaqdır. Lakin Təqsirləndirilən şəxs onlara verdiyi vədə əməl etməmişdir. Bundan sonra onlar dəfələrlə Kamrandan verdiyi pulu qaytarmasını tələb etsələr də, Kamran hər dəfə bir bəhanə gətirərək pulu sonra qaytaracağını bildirmiş və onlardan vaxt istəmişdir. Lakin sonradan Kamran ümumiyyətlə pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, hadisə barədə Baş Prokurorluğa ərizə yazmışdır. Ona həbsdə olan həyat yoldaşı Şahid1li oğlunun adını əfv fərmanına salaraq azadlığa buraxılmasına kömək etməyə konkret olaraq həyat yoldaşı ilə birlikdə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs vəd vermişdir. Nə Şahid2 və nə də Şahid3 ona həyat yoldaşı Şahid1li oğlunun adını əfv fərmanına salaraq azadlığa buraxılmasına kömək etməyə vəd verməmişdir. Sonda Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanın hal-hazıra kimi ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışalmadığını, ondan şikayətçi olduğunu bildirmiş və sonuncuya ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1li oğlu göstərdi ki, X5 Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Şirvan Apelyasiya Məhkəməsinin hökmü ilə cəzası 08 ilə artırılmışdır. X7 isə eyni hadisəyə görə 120.1-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum edilmiş və hər ikisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Bakı şəhər sakini olan Təqsirləndirilən şəxs onunla bir cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum kimi tanımışdır və onunla normal münasibəti olmuşdur. 2017-ci ilin mart ayında onlarda belə bir məlumat olmuşdur ki, oğlunun da, onun da adı əhv siyahısına salınmışdır. Lakin siyahı elan olunan vaxt onların adı çıxmamışdır. Bu söhbət dustaqlar arasında məlum olduğundan Təqsirləndirilən şəxs özü onlara yaxınlaşmış və atasının Milli Təhlükəsizlik Nazirliyində işləməsini, general rütbəsi daşımasını, bu işdə onlara atası vasitəsi ilə köməklik edə biləcəyini, həmin ilin sentyabr ayında “Qurban bayramı” ilə bağlı adını əhv siyahısına saldıra biləcəyini demiş və bu işə görə ondan 10.000 (on min) manat pul istəmişdir. O, oğlu Əlinin də adını əhvə saldırmağı ona demiş, lakin Kamran əvvəlcə onun işinin həll olmalı olduğunu, sonra isə oğlunun məsələsinə baxılacağını bildirmişdir. O, əvvəlcə razı olmasa da, Kamran atası ilə onu danışdıracağını bildirmişdir. Bundan sonra Kamran cəza çəkmə müəssisəsinin telefonu vasitəsi ilə atasını yığıb danışmış, sonra isə telefonu ona vermişdir. O, həmin şəxslə salamlaşıb danışanda sonuncu Kamranın atası Səməd olduğunu demiş və bildirmişdir ki, Kamran onun barədə onunla danışmışdır, buna görə də öz köməkliyini göstərəcəkdir və heç bir narahatçılığa da dəyməz. O, pul barədə soruşduqda Səməd adlı şəxs demişdir ki, “pul mənim hesabıma vurulacaqdır, narahatçılığa dəyməz”. O, da həmin şəxsin Kamranın atası Səməd olduğunu düşünüb onun dediklərinə inanmışdır. 2017-ci ilin təxminən iyun ayında olmuş bu söhbət barədə arvadı İradəyə həm telefonla danışanda, həm də sonuncu həmin ilin iyun ayında yanına gələndə demişdir. 2017-ci ilin təxminən iyun-iyul aylarında arvadı İradə onun yanına görüş üçün gələrkən Kamranın arvadı da onun yanına gəldiyi üçün onlar bir yerdə görüşüb söhbət etmişlər. Həmin vaxt Kamran atasının vasitəsi ilə onun adını əhv siyahısına saldırmaq məsələsini bir daha danışmışdır. Həmin vaxt Liana qaynatasının əlaqəli adam olduğunu təsdiq etmişdir. Lakin bu məsələ Kamranla onun arasında olmuş, yəni onun arvadı Liana ilə o, heç bir sövdələşmə etməmişdir. Liana təsdiq etmişdir ki, qaynatası Səmədin maaş kartı onda olur və ora oturan hər hansı məbləğdə pulu kartdan özü çıxardır. Bundan sonra 2017-ci ilin iyul ayından etibarən ilk dəfə 240 manat, sonra 03 dəfəyə 3.000 manat və 01 dəfə də 1.000 manat pulu arvadı İradə Kamranın atasının kart hesabına köçürtmüşdür. İradə həmin pulu qohumlardan borc edib almışdır. 2017-ci ilin avqust ayının axırında əhv komisiyasından ona rədd cavabı gəlmişdir. O, bu barədə Kamrana dedikdə, Kamran narahat olmamağı, atası ilə danışdığını, pulun bankda olduğunu və atası tərəfindən “Kapital” banka qaytarılacağını, pulun onlara çatacağını bildirmişdir. Bundan sonra o, arvadı İradə ilə danışanda İradə ona Kamranın arvadı Liana ilə danışdığını və sonuncunun da Kamranın atası və anasına bu barədə dediyini, alınan pulların geri qaytarılacağını dediyini bildirmişdir. Kamran özü də işin alınmayacağını ona demiş və pulu qaytaracağına söz vermişdir. Lakin Kamran sonradan müxtəlif bəhanələr gətirərək onların pulunu qaytarmamışdır. Kamranın verdiyi hər bir söz yalan olmuşdur. Məhz Kamranla bir yerdə cəza çəkdiyindən və Kamrana inamı yarandığı üçün 10.240 manat pulu sonuncunun dediyi hesaba köçürtməyi arvadı İradəyə tapşırmışdır. İradə də Kamranla cəzaçəkmə müəssisəsində şəxsən söhbət etdikdən və Kamranın onu da ümudverici sözlərlə aldatdığından İradə 10.240 manat pulu Kamranın atası Səmədin bank hesabına köçürtmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. xx xxx 2014-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs dələduzluq etdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Arada bir Kamranın yanına gedir və bəzən də 3 günlük uzunmüddətli görüşdə Kamranla qalır. O, 2017-ci ilin avqust ayında Kamranla uzunmüddətli görüşdə olduğu zaman Kamran onunla birlikdə cəza çəkən məhkum Məstəli və onun həyat yoldaşı İradə ilə onu tanış etmişdir. O, uzunmüddətli görüşdən çıxdıqda çöldə İradənin gəlini ona yaxınlaşaraq istifadə etdiyi mobil nömrəni istəmiş və arada bir zəngləşməyi bildirmişdir. O, da razılaşmış və özünə məxsus olan mobil nömrəni İradənin hazırda adını xatırlamadığı gəlininə vermişdir. Bundan təxminən 4 gün sonra İradənin gəlini onunla əlaqə saxlamış və kef-hal etmişdir. Həmin vaxt gəlin ondan qaynatası Şahid3 həbsdə olan hər hansı bir şəxsin adını prezidentin əfv fərmanına sala biləcəyi barədə soruşmuş və o, da qaynatasının belə bir işi görə bilməyəcəyini demişdir. Həmin vaxt İradə telefonu gəlindən almış və o, İradədən həyat yoldaşı Kamranın bu barədə onlara söz verib-vermədiyini soruşmuşdur. İradə isə Kamranın onlara belə bir vəd vermədiyini bildirmişdir. Bundan təxminən 20 gün sonra 2017-ci ilin sentyabr ayının əvvəllərində İradə ona zəng edib Kamranın onların pulunu ələ keçirdiyini bildirmişdir. O, İradədən bu barədə soruşduqda İradə ona Kamranın onunla birlikdə həbsdə cəza çəkən əri Msətəliyə onun adını prezidentin əfv siyahısına salmaq məsələsini həll etmək üçün hissə-hissə olmaqla ümumilikdə 10.240 manat pul aldığını və verdiyi vədə əməl etməyərək onları aldadıb pulu qaytarmadığını demişdir. Həmin danışıq zamanı İradə Kamrana 10.240 manat pulu hissə-hissə qaynatası Şahid3 adına olan karta köçürdüyünü və pulun həmin kartdan çəkildiyini bildirmişdir. O, da qeyd edilən kartın 2016-cı ilin oktyabr ayından etibarən onda olduğunu və Kamranın həbs olunduğu yerdə işlədiyi üçün aldığı maaşın bir qisminin həmin karta yükləndiyini və onun həmin kartdan pulu çəkdiyini bildirmişdir. Həmin vaxt o, İradəyə 2017-ci ilin may-iyul aylarında sözü gedən bank kartına üç dəfə olmaqla 3.000 manat və hissə-hisə olmaqla ümumilikdə 10.240 manat pul köçürüldüyünü, bu barədə Kamrandan soruşduqda Kamranın həmin pulların keçmiş vaxtlarda işi ilə əlaqədar olaraq həmin karta köçürüldüyünü və həmin pulların özünə məxsus olduğunu, pulları çəkib lazımi adamlara verməsini tapşırdığını, onun da həmin pulları çəkib Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketin yaxınlığında iki nəfər kişi və bir nəfər qadına verdiyini, hissə-hissə çəkdiyi ümumilikdə 1.240 manat pulu isə Kamranla 6 saylı cəzaçəkmə müəssisəsində görüşüb ona verdiyini bildirmişdir. İradə də ona demişdir ki, həmin pulları Kamranın deməsi ilə onda olan bankomat kartına köçürmüşdür. O, Kamrandan bu məsələnin doğru olubolmadığını soruşmaq üçün həmin gün 6 saylı cəzaçəkmə müəssisəsinə getmiş, lakin onu Kamranla görüşə buraxmamışlar. Təxminən 2 ay sonra o, təkrar Kamranın yanına gedib onunla 6 saylı cəzaçəkmə müəssisəsində görüşmüş və bu barədə soruşduqda Kamran İradəgilin pulunu qaytarmalı olduğunu bildirmişdir. O, Kamrandan həmin pulları verdiyi şəxslərin kim olması və həmin pulları hansı səbəbdən İradədən aldığını soruşsa da, Kamran ona bu barədə heç bir məlumat verməmişdir. Qaynatası Səmədin adına olan və onun istifadə etdiyi bankomat kartına hissə-hissə olmaqla ümumilikdə 10.240 manat pulun kim tərəfindən və hansı məqsədlə yüklənilməsindən heç bir xəbəri olmamış, həyat yoldaşı Kamran da ona bu barədə heç nə deməmişdir. Bu hadisə barədə İradə ona bildirdikdən sonra xəbəri olmuşdur. Şahid2 həmçinin göstərdi ki, 2017-ci ilin may ayının əvvəllərində dəqiq yadında qalmayan vaxt Kamran onunla əlaqə saxlayaraq qaynatasının adına olan və onun istifadə etdiyi bankomat kartına bir neçə dəfə yüksək məbləğdə pul köçürüləcəyini və həmin pulun hamısını çəkib onun deyəcəyi adamla görüşərək ona verməyini bildirmişdir. O, da 3 dəfə 3.000 manat pulu yaşadığı Hövsan qəsəbəsində yerləşən “Ballı” marketin qarşısındakı “Kapital” banka məxsus olan bankomatdan çəkib iki nəfər tanımadığı kişiyə və bir nəfər tanımadığı qadına vermişdir. Qalan 1.240 manat pulu isə həmin bankomatdan çəkib 6 saylı cəzaçəkmə müəssisəsinə gedərək orada Kamranın özünə vermişdir. Kamran əvvəlcədən ona yüksək məbləğlərdə istifadəsində olan bankomat kartına pul yüklənəcəyini bildirsə də, həmin pulların əvvəlki vaxtlarda öz işi ilə əlaqədar özünə məxsus olduğunu və pulu çıxardıqdan sonra dediyi adamlara verməsini demişdir. O, isə həyat yoldaşı Kamrana inandığı üçün onun dediyi kimi etmişdir. Lakin İradə onunla 2017-ci ilin sentyabr ayında əlaqə saxlayıb Kamranın onlara qarşı dələduzluq etdiyini bildirdikdən sonra onun bu barədə məlumatı olmuşdur. Həmin bankomat kartı qaytnatasının adına olsa da, 2016-cı ilin oktyabr ayından o, həmin bankomat kartını istifadə edir və hər ay Kamran həbsdə əməyə cəlb edildiyi üçün həmin karta müəyyən məbləğlərdə pul köçürülür və o, da həmin pulla dolanır. Qaynatası Şahid3 həmin karta nə vaxtsa yüksək məbləğdə pul yüklənməsi barədə ona heç bir məlumat verməmiş və ümumiyyətlə, qaynatasının həmin bankomat kartına hansısa bir miqdarda pul köçürülməsi barədə də heç bir məlumatı olmamışdır. O və İradə 2017-ci ilin avqust ayının əvvəllərində 6 saylı X3 3 günlük ailəvi görüş zamanı bir-birilərini görüb tanımışlar. Lakin əfv məsələsi və ya başqa səbəblə Kamranın onlardan hər hansı miqdarda pul istəməsi və digər məsələlərdən qətiyyən xəbəri olmamışdır. Həmin ilin sentyabr ayında İradə ona zəng edərək əri Kamranın onları aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Kamran 2013-cü ildə Liana ilə ailə həyatı qurmuş və onların bu nikahdan 2 övladı dünyaya gəlmişdir. xx xxx 2014-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs dələduzluq cinayət əməli törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Buna görə də oğlu Kamrandan küsmüş və həmin vaxtdan indiyə kimi heç vaxt onunla danışmamış, hansısa bir formada onunla indiyə kimi heç bir əlaqə saxlamamış, eləcə də onunla görüşə getməmişdir. Buna görə də, Kamran araşdırılan məsələ ilə bağlı ona heç bir məlumat verməmişdir. Ona bu barədə yalnız 2017-ci ilin sonlarında gəlini Liana məlumat vermişdir. Lianaya isə özünün deməsinə görə oğlu Kamranla birlikdə həsdə olan tanışı Məstəlinin həyat yoldaşı İradə xanım məlumat vermişdir. Şahid3 həmçinin bildirdi ki, 2016-cı ildə “Kapital” bankın Yasamal rayon filialından öz adına aldığı bank kartına hər ay Kamranın həbsdə işlədiyi üçün maaşı yatacağı və həmin pulla gəlininin iki uşağını dolandıra bilməsi üçün həmin bank kartını gəlini Lianaya vermişdir. Bundan sonra o, heç vaxt Lianadan həmin bank kartından hansısa bir miqdarda pul çıxartmağı barədə maraqlanmamış və Liana da bu barədə ona heç nə deməmişdir. İş materialalrında olan “Kapital Bank” X2 xx xxxx 2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Şahid3 adına olan və 416974******3209 PAN plastik kartla bağlı ********************3 nömrəli hesaba xx xxxx 2017-ci il tarixdə 240 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat, xx xxxx 2017-ci il tarixdə 3.000 manat və xx xxxxxx 2017-ci il tarixdə 1.000 manat olmaqla xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək dövrü üzrə ümumilikdə 10.360 manat mədaxil olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1li oğlu ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid1, cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X1 cəza çəkən məhkum Təqsirləndirilən şəxs, onun adını atası Şahid3 vasitəsi ilə Prezidentin əfv fərmanının siyahısına saldıracağı barədə yalan vədlər verərək, onu və onun arvadı Zərərçəkmiş şəxs 2017-ci ilin mart ayının əvvəllərində aldadıb etibarından sui istifadə edərək, atası Şahid3 adına olmaqla, faktiki olaraq arvadı Şahid2 istifadəsində olan kart hesabını Zərərçəkmiş şəxs verərək, sonuncunun qeyd edilən hesab nömrəsinə ümumilikdə 10.240 manat pulu köçürtdürdüyünü Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu da öz növbəsində Şahid1 dediklərini təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər eyni cinayət əməlini törtəməyə görə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyi dövrdə yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 10 ilə azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 03 (üç) il 08 səkkiz) ay 04 (dörd) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 03 (üç) il 08 səkkiz) ay 04 (dörd) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-70/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-70/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver