Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-70/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-223/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-294/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən həbsdən azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən xx xxxx 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram və 0,143 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram təşkil edən açıq qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək əlində gəzdirdiyi qara rəngli parça materialdan hazırlanmış, üzərində qırmızı, ağ və göy xətləri olan pul kisəsinin içində saxlayıb daşımışdır. xx xxxxxxxx 2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saat 19 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilən zaman əlində gəzdirdiyi qara rəngli parça materialdan hazırlanmış, üzərində qırmızı, ağ və göy xətləri olan pul kisəsinin içindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram və 0,143 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram təşkil edən açıq qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik maddə heroini inyeksiya yolu ilə qəbul edirdi. Heroini mütəmadi olaraq Əmircan qəsəbəsində olan klubdan üzdən tanıdığı, adını Emin kimi bildiyi şəxsdən öz istifadəsi üçün 10 manata alaraq istifadə etmişdir. xx xxxxxxxx 2020-ci ildə saat 19 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, X1 küçəsi, ev 4 ünvanının qarşısında piyada gəzərkən ona mülki geyimli şəxslər yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim etmiş, ona narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində ona hüquqları və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilinin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olundu. Etiraz etmədən qara rəngli parça materialdan hazırlanmış, üzərində qırmızı, ağ və göy xətlər olan pul kisəsinin içindən ağ rəngli kağıza bükülmüş iki ədəd büküm, bir ədəd şpris və iki ədəd kiçik həcmli şüşə qabı təqdim etmişdir. Həmin ağ rəngli kağıza bükülmüş iki ədəd bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməsi ondan soruşulduqda bildirmişdir ki, həmin bükümlərin içərisindəki narkotik maddə heroindir, həmin narkotik vasitəni xx xxxxxxxx 2020-ci ildə saat 20 radələrində Əmircan qəsəbəsində olan klubun yaxınlığında üzdən tanıdığı, adını Emin kimi bildiyi şəxsdən öz istifadəsi üçün alıb. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci ildə daxil olmuş əməliyyat məlumatında Nurlan adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi, həmçinin onun xx xxxxxxxx 2021-ci ildə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.P.Vaqif küçəsində olacağı, üzərində narkotik vasitə ola biləcəyi, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. xx xxxxxxxx 2020-ci ildə saat 19 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yuxarıda göstərilən yerdə saxlanılmış və Suraxanı Rayon Polis İdarəsinə gətirilmişdir. Daha sonra Suraxanı Rayon Polis İdarəsinin inzibati otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilmiş və ona üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əlində gəzdirdiyi qara rəngli pul kisəsinin içərisindən iki ədəd bükülü, bir ədəd şpris və iki ədəd kiçik həcmli şüşə qab təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülülər kakos kimi tanıdığı narkotik maddədir. Həmin maddəni Əmircan qəsəbəsində olan klubun yaxınlığında üzdən tanıdığı, adını Emin kimi bildiyi şəxsdən alıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə, bir ədəd şpris və iki ədəd kiçik həcmli şüşə qab iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək lazımi qaydada qablaşdırılmış, müvafiq protokol tərtib edilərək düzgünlüyü bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. xx xxxxxxxx 2020-ci il tarixli 6/1975 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №45” möhür əksi, “Təqsirləndirilən şəxs əlində gəzdirdiyi qara rəngli pul kisəsi...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd qara rəngli kiçik əl çantasında 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram və 0,143 qram, ümumi təmiz çəkisi 0,379 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd uc hissəsi qırıq dərman ampulunda heroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri yetərsiz olduğundan 02 bükümdəki heroin kütlələri ilə eyniləşdirmə tədqiqatının aparılması, habelə, həmin izlərin miqdarını təyin etmək mümkün deyildir. 01 ədəd boş şüşə flakonda narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə məxsus izlər aşkar olunmadı. 01 ədəd 1 mikrolitrlik şprisdəki 0.6 ml həcmində olan maye distillə suyudur. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». xx xxxxxx 2020-ci il tarixli 3124 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 01 (bir) ədəd şpris, 01 (bir) ədəd şüşə flakon, 01 (bir) ədəd uc hissəsi qırıq dərman ampulu məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doxsan) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 sentyabr – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 06 (altı) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx xxxx 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 01 (bir) ədəd şpris, 01 (bir) ədəd şüşə flakon, 01 (bir) ədəd uc hissəsi qırıq dərman ampulu məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doxsan) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-70/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-70/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver