Məhkəmə qərarları › İş №1(010)-70/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-70/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-70/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 19 mart 1992-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 16 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsi tətbiq edilməklə 05 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisinin amnistiya aktının tətbiq edilməsi barədə 18 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 4(010)-494/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 0.066 qram və 0.097 qram olan ümumi təmiz çəkisi 0.163 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0.101 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 26 sentyabr 2021-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən, 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0.163 qram olan kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.101 qram təşkil edən psixotrtop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları gəlib onu yaşadığı evdən aparmışlar. Polis Şöbəsində polis əməkdaşları onu döyərək, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımağı etiraf etməsini tələb etmişlər. Buna görə də o, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən, videoçəkilişdən əvvəl polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu bildirmiş və ibtidai araşdırma zamanı etirafedici izahatlar vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, qəza keçirtdikdən sonra başında olan ağrılarla əlaqədar o, ara-sıra narkotik vasitə istehlak edir, lakin 26 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onu şöbəyə apararkən üzərində ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, “Elvin” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 26 sentyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və digər iş yoldaşından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin günü, təxminən saat 17 radələrində onlar, ünvan 3 ünvanın qarşısında, xarici əlamətləri “Elvin” adlı şəxsin əlamətlərinə uyğun olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da öz növbəsində heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getmişdir. Orada, xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində saxladığı 03 ədəd bükümü onlara təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan heroin, digər bir bükümdə isə psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki maddələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 26 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan heroin, digər bir bükümdə isə psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 6/4276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 194” möhür əksi, “şübhəli şəxs: ... Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.066 qram, 0.097 qram ümumi təmiz çəkiləri 0.163 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 0.101 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Təmiz çəkisi 0.163 qram olan heroinin 0.04 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.123 qram təşkil etmişdir. Təmiz çəkisi 0.101 qram olan metamfetaminin 0.04 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.061 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 28 sentyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan heroin, digər bir bükümdə isə psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X4 05 noyabr 2021-ci il tarixli, 2599 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X3 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. X3 müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 noyabr 2021ci il tarixli, 4678 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 26 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarının onu döyərək, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımağı etiraf etməsini tələb etdiklərinə, buna görə də videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən, videoçəkilişdən əvvəl polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirməsinə və ibtidai araşdırma zamanı etirafedici izahatlar verməsinə dair Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Çünki iş materiallarında olan Təqsirləndirilən şəxs, müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi, özünün və müdafiəçisinin imzası ilə təsdiq edilmiş yazılı izahatından görünür ki, Təqsirləndirilən şəxs təxminən 03 aya yaxındır narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitələri Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxslərdən aldığını, sonuncu dəfə təxminən 26 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat şəxsi istifadəsi üçün aldığını, onu daha sonra istifadə etmək üçün üzərində saxladığını, həmin tarixdə, təxminən saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirildiyini, orada videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilərkən, polis əməkdaşlarının təklifinə əsasən əynindəki şalvarın sağ cibində saxladığı 03 ədəd bükümü onlara təqdim etdiyini, sonuncular tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq “DVD” diskə köçürülmüş video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən, baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan heroin, digər bir bükümdə isə psixotrop maddə metamfetamin var, onları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin ümumilikdə 0.163 qram çəkidə, yəni şəxsi istehlak miqdarından artıq olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etsə də, metamfetaminin 0.101 qram çəkidə, yəni şəxsi istehlak miqdarından az olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 0.101 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsinə dair müddəalar ona elan edilmiş ittihamdan xaric edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona istinad edilən hazırki cinayət əməlini 26 sentyabr 2021-ci il tarixdə, yəni Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 oktyabr 2020ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində törətmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 16 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsi tətbiq edilməklə 05 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisinin amnistiya aktının tətbiq edilməsi barədə 18 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndi tətbiq edilməklə o, cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Buna görə də məhkəmə, yenidən qəsdən az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu nəzərə alaraq hesab edir ki, həmin məhkumluq, hazırki iş üzrə cinayətin residivi növündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 sentyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 sentyabr 2021-ci il tarixdən hesablanmışdr. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 sentyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.123 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.061 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.061 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 0.123 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar