Məhkəmə qərarları › İş №1(010)-70/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-70/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-70/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olan, Quba şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd şəffaf sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkisi - 0,756 qram, 0,612 qram, ümumi çəkisi - 1,368 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsininnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə saat 15:10 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ cibindən ümumilikdə 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkisi - 0,756 qram, 0,612 qram, ümumi çəkisi - 1,368 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulduğu gün üzərində heç bir narkotik vasitəsi olmamış, həmin gün günorta saatlarında 10 manata narkotik almaq üçün yaşadığı ünvandan çıxaraq məhəllənin yuxarısında satışla məşğul olan şəxsdən almağa yollanarkən, polislərin gəldiklərini görmüş və yaşadığı evə qaçaraq uzaqlaşmış, lakin yaşadığı ünvanın qarşısında 4-5 nəfər şəxsi onu tutmuş, həmin polislərin adlarını yadında olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən DİO-da, 2018-ci ildən isə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 03 may 2023-cü il tarixdə Quba rayonu, Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 100-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evin yaxınlığına getmişdirlər. Həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ- nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Suraxanı RPİ- nin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün iki ədəd şəffaf sellofanın içərisində ağ rəngli sellofana bükülmüş bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan boz rəngli idman şalvarının sağ cibindən iki ədəd şəffaf sellofanın içərisində ağ rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümlərdəki kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, həmin narkotik vasitəni Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalandı və bu barədə protokol tərtib olundu, protokolda yazılanların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 03 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə, saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 78-79-cu vərəqlərində olan 05 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 81-82-ci vərəqində olan 05 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 03 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ cibindən ümumillikdə 02 (iki) ədəd şəffaf sellofanın içərisində ağ sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümlər də, heroin kimi tanıdığı narkotik vasitələrin olduğunu bildirdi. Təqdim edilmiş 02 (iki) ədəd şəffaf sellofanın içərisində ağ bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə heroin bənzər maddə aşkar edildi. Sorğu zamanı həmin maddəni xx.xx.2023-ci il tarixdə Xətai rayonu Əhmədli metrosunun yaxınlığında tanımadığım şəxsdən 10 manat pul ödəyərək əldə etmiş üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroin maddə olan ümumilikdə 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Cinayət işinin 39-43-cü vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6/2575 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi - 0,756 qram, 0,612 qram, ümumi çəkisi - 1,368 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) daxildir. Heroinin təmiz çəkisi 1,368 qram, tədqiqatdan sərf edilmişdir 0,1 qram, qalıq 1,268 qramdır. Cinayət işinin 99-100-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X3-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-cü il tarixli 3927 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-ci vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polis mayoru Zaur Eyvazovin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ cibindən iki ədəd şəffaf sellofanın içərisində ağ rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə olan heroini və çıxarıb təqdim edir və həmin 02 ədəd bükümün içərisində kustar üsulla narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan boz rəngli idman şalvarının sağ cibindən iki ədəd şəffaf sellofanın içərisində ağ rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 95-96-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, lakin məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 4(010)- 64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 23 yanvar 2024-cü ildən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə istintaqı zamanı məhkəmənin sorğusuna əsasən alınmış və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 28 mart 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 4(010)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməklə və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulması və iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,851 qram narkotik vasitə olan heroin məhv edilməsi hökm edilmişdir. Məhkəmə iclasında oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ cibindən ümumilikdə 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkisi - 0,756 qram, 0,612 qram, ümumi çəkisi - 1,368 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,368 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsini müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 28 mart 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 4(010)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməklə və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulması və iş üzrə maddi sübut kimi tanınması,Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, xalis çəkisi 0,851 qram narkotik vasitə olan heroin məhv edilməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs 03 may 2023-ci il tarixdən 05 may 2023-cü il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 26 iyul 2022-ci il tarixindən 28 iyul 2022-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı , cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin 28 mart 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 4(010)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs 03 may 2023-ci il tarixdən 05 may 2023-cü il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 26 iyul 2022-ci il tarixindən 28 iyul 2022-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 4(010)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,268 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar