Məhkəmə qərarları › İş №1(010)-72/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-72/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-72/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarı ilə əvvəli 26 sentyabr 2020-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və göstərilən vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs «…satış məqsədi ilə qanunsuz olaraq 24 sentyabr 2020-ci il tarixdə Cəlilabad rayonunda istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 26 sentyabr 2020-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yaşadığı evinin qarşısında saxlanılıb ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,550 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, 24 sentyabr 2020-ci ildə Cəlilabad rayonu ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayıb, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 sentyabr 2020-ci ildə saat 14:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yaşadığı evinin qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,550 qram təşkil edən açıq qəhvəyi rəngli maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməmiş, həmin Məcəllənin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etmişdir ki, ağır xəstəliyi ilə əlaqədar yeriyə bilmir. Yalnız əlil arabasında hərəkət edir. Bədənində şiddətli ağrıların olması səbəbindən və həmin ağrıların qarşısını almaq məqsədilə vaxtaşırı narkotik vasitələrdən istifadə edirdi. Narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı adamlardan alırdı. Sonuncu dəfə 24 sentyabr 2020-ci ildə Cəlilabad rayonunda olduğu vaxt tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat ödəməklə bir bükümdə narkotik vasitə heroin almış, həmin narkotik vasitənin bir qismini ertəsi gün istifadə etmiş, qalanını isə sonradan istifadə etməsi üçün özündə saxlamışdır. 26 sentyabr 2020-ci ildə saat 14:40 radələrində yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən evinin qarşısında olduğu vaxt ona üç nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və birlikdə 31-ci polis bölməsinə getməli olduqlarını demişlər. Bundan sonra polis əməkdaşları onu 31-ci polis bölməsinə apardılar. Polis bölməsində üzərinə vəkilinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmiş və təklif olunmuşdur ki, əgər üzərində saxlanılması qanunla qadağan edilmiş əşya varsa könüllü olaraq təqdim etsin. Polis əməkdaşlarının həmin təklifinə əsasən qara rəngli şalvarının sağ yan cibindən yuxarıda qeyd olunan narkotik vasitəni çıxararaq təqdim etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, göstərilən narkotik vasitə heroini iki gün əvvəl Cəlilabad rayonunda olduğu vaxt tanımadığı şəxsdən 10 manat ödəməklə şəxsi istifadəsi üçün alıb. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırılmış və bununla bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, heç vaxt heç kəsə narkotik vasitə satmayıb. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Qeyd edir ki, 26 sentyabr 2020-ci ildə polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı bölmə rəisinə raportla məruzə etmiş, müvafiq icazə verildikdən sonra zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, bu qərarın surətləri Suraxanı Rayon Prokurorluğuna və Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda əməliyyat qrupu yaradılaraq qrupa rəhbərlik ona həvalə olunmuş, qrupun üzvləri qismində əməliyyat müvəkkili Şahid5 və sahə inspektoru Şahid6 təyin edilmişlər. Həmin gün hər üçü Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş, saat 14:40-da təqsirləndirilən şəxsi yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən evin qarşısında saxlayıb 31-ci polis bölməsinə dəvət etmişlər. Şahid həmçinin qeyd edir ki, bu zaman təqsirləndirilən şəxsin evindən daha üç nəfər çıxmışdır. Göstərilən şəxslərin şəxsiyyətini müəyyən etmək məqsədi ilə onlar da polis bölməsinə dəvət olunmuşlar. Polis bölməsinə gəldikdən sonra rəisə raportla müraciət etmiş, həmçinin təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilmiş, vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərinə axtarış keçirilməsinə başlanmışdır. Bu zaman təqsirləndirilən şəxsə təklif olunmuşdur ki, əgər üzərində saxlanılması qanunla qadağan edilən əşya varsa, könüllü olaraq təqdim etsin. Bununla əlaqədar təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükülü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq həmçinin bildirmişdir ki, həmin narkotik vasitəni 24 sentyabr 2020-ci ildə Cəlilabad rayonunda tanımadığı şəxsə 10 manat ödəməklə şəxsi istifadəsi üçün alıb. Bu narkotik vasitənin bir qismini inyeksiya yolu ilə istifadə etmiş, qalanını isə sonradan istifadə etməsi üçün özündə saxlamışdır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə kağız zərfə qablaşdırılmış, zərf möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin protokol tərtib edilmiş, ucadan oxunmuş və onun düzgünlüyü bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Araşdırma zamanı təqsirləndirilən şəxslə gətirilmiş şəxslərdən biri bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs evində usta işləyib. Digər iki şəxs isə təqsirləndirilən şəxsin evinə ondan narkotik vasitə almaq üçün gəldiklərini bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5 və Şahid6 Şahid4 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, lakin onunla yaxın münasibəti olmayıb. Xəqani əlildir və əlil arabası ilə hərəkət edir. Qeyd edir ki, müvafiq ərəfədə bacısı uşağının velosipedi oğurlanmışdır. Bununla bağlı qəsəbə sakinləri olan dost-tanışına məlumat vermiş və xahiş etmişdir ki, həmin velosipedi görsələr ona məlumat versinlər. 26 sentyabr 2020-ci ildə tanışlarından biri ona bildirmişdir ki, velosipedi Xəqaninin evinin yanında görüb. Həmin adam velosipedin fotoşəkilini də çəkib onun mobil telefonuna göndərmişdir. Fotoşəkilə baxıb velosipedi tanımış, məsələni aydınlaşdırmaq üçün təqsirləndirilən şəxsin yaşadığı ünvana getmiş, çatdıqda orada bir neçə adamın olduğunu görmüşdür. Bu şəxslərdən bir neçəsi (sonradan onların polis əməkdaşlı olduqlarını bilib) onu Xəqanigilə gəldiyi görüb saxlayaraq təqsirləndirilən şəxslə birlikdə 31-ci polis bölməsinə aparmışlar. Polis bölməsində Xəqanigilə hansı məqsədlə gəldiyini bildirmiş, sorğu-sual edilmiş, bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Beləliklə, onun adından tərtib edilmiş və iş materiallarında olan yazılı ifadələr həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxsin narkotik vasitələr satışı ilə məşğul olduğunu eşitməyib və görməyib. Özü də heç vaxt təqsirləndirilən şəxsdən narkotik vasitə almamış, 26 sentyabr 2020-ci ildə təqsirləndirilən şəxsin ünvanına narkotik vasitə almaq məqsədilə deyil, bacısı uşağının velosipedinin Xəqanidə olub-olmadığını aydınlaşdırmaq məqsədilə getmişdir. Təqsirləndirilən şəxs Şahid1 göstərdiyi xüsusatlarla əlaqədar işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ayaqlarındakı xəstəliklə əlaqədar dost-tanışlarından ona bir velotrenajor tapmalarını xahiş etmişdir. Bu xahişinə əsasən hazırkı iş üzrə şahid qismində keçən Şahid3 hadisə baş verən gündən bir-neçə gün əvvəl gələrək ona bir adi velosiped gətirmişdir. Samirə bildirmişdir ki, ona velosiped deyil, velotrenajor lazımdır. Çünki əlilliyi ilə əlaqədar velosipedi sürmək iqtidarında deyil. Ona görə də velosipedi götürməkdən imtina etmiş, Samir isə onu götürüb aparmışdır. Ola bilər ki, Şahid3 gətirdiyi velosiped Şahid1 bildirdiyi velosipeddir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Vaxtilə onunla birlikdə cəza çəkib. Özü narkotik vasitələr aludəçisidir. Narkotik vasitələri şəxsi istifadəsi üçün müxtəlif yerlərdən alır. Bilir ki, Təqsirləndirilən şəxs da narkotik istifadəçisidir. 26 sentyabr 2020-ci ildə mis satmaq üçün təqsirləndirilən şəxsin yaşadığı yerə getmiş və onunla görüşmüşdür. Bu zaman mülki geyimli polis əməkdaşları gələrək təqsirləndirilən şəxsi, onu, habelə orada olan daha iki nəfəri saxlayıb 31-ci polis bölməsinə aparmışlar. Polis bölməsində o, sorğu-sual edilmiş, bu zaman hazırda (məhkəmədə) bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Sonra ona deyilmişdir ki, əgər bir neçə kağıza imza edərsə sərbəst buraxılacaq. O, da azad edilməsi xatirinə nə yazıldığını oxumadan bütün təklif olunan kağızlara imza etmişdir. Təqsirləndirilən şəxsdən əvvəllər narkotik vasitələr alması, 26 sentyabr 2020-ci il tarixində təqsirləndirilən şəxsin ünvanına narkotik vasitə almaq məqsədilə getdiyinə dair iş materiallarında olan yazılı ifadələri ilə əlaqədar bildirir ki, təqsirləndirilən şəxs bədənində olan ağrılarla əlaqədar narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair yazılı ifadədə göstərilənlər isə həqiqətə uyğun deyil. Belə ki, o, özü heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamış, sonuncunun kiməsə narkotik vasitə satdığını görməmiş və eşitməmişdir. İbtidai araşdırma dövründə təklif olunan sənədləri isə, yuxarıda qeyd edildiyi kimi oxumadan imzalayıb ki, polis bölməsindən buraxılsın. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə edib. Lakin uzun müddətdir heç bir narkotik vasitədən istifadə etmir. Ustadır, təmir-tikinti işləri görməklə məşğul olur. Təqsirləndirilən şəxslə hadisədən bir-iki ay əvvəl tanış olub. Hadisədən təxminən beş gün əvvəl onun evində təmir işləri görməyə başlamışdır. 26 sentyabr 2020-ci ildə təqsirləndirilən şəxsin evində təmir işləri gördüyü vaxt bir neçə nəfər mülki geyimli şəxs gələrək polis əməkdaşları olduqlarını bildirmiş, onu, təqsirləndirilən şəxsi, habelə daha iki nəfəri saxlayıb 31-ci polis bölməsinə aparmışlar. Orada usta olduğunu və təqsirləndirilən şəxsin evinə təmir işləri görmək üçün gəldiyini bildirmişdir. Polis bölməsində ona bildirilmişdir ki, əgər təklif olunan kağızları imzalasa sərbəst buraxılacaq. Azad edilməsi üçün təklif olunan bir neçə kağıza oxumadan imza etmiş, bir müddət saxlanıldıqdan sonra buraxılmışdır. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitdiyinə dair iş materiallarında olan yazılı ifadələri ilə əlaqədar bildirir ki, əslində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu heç vaxt görməyib və eşitməyib. Özü də təqsirləndirilən şəxsdən heç vaxt narkotik vasitə almayıb. İbtidai araşdırma dövründə təklif olunan sənədləri isə, yuxarıda qeyd edildiyi kimi oxumadan imzalayıb ki, polis bölməsindən buraxılsın. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qüvvədə olan cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən və s. əlaqəli müddəalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın, o cümlədən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini, saxladığını və daşıdığını sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halını sübuta yetirməyib. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham faktik olaraq yalnız şahidlər Şahid1, Şahid2 və Şahid3 iş üzrə ibtidai araşdırma dövründəki yazılı ifadələrinə əsasən verilib. Bu şahidlər həmin yazılı ifadələrdə göstərilənləri işin məhkəmə baxışı zamanı təsdiq etməmişlər. Onlar bildirirlər ki, təqsirləndirilən şəxslə eyni vaxtda saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmiş, orada işin məhkəmə baxışı dövründə verdiklərinə uyğun məzmunlu izahatlar vermiş, təklif olunan sənədləri oxumadan imzaladıqdan bir müddət sonra sərbəst buraxılmışlar. Şahidlər həmçinin bildirirlər ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu heç vaxt görməyiblər, eşitməyiblər, həmçinin təqsirləndirilən şəxsdən narkotik vasitə almayıblar. Belə olan halda şahidlər Şahid1, Şahid2 və Şahid3 iş üzrə ibtidai araşdırma dövründəki yazılı ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirinin müəyyən edilməsi ilə bağlı mötəbər sübut kimi qəbul edilə bilməzlər. Məhkəmə şahid ifadələrinə qiymət verərkən onu da nəzərə alır ki, Şahid1, Şahid2 və Şahid3 təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitdiklərinə, ondan əvvəllər narkotik vasitələr aldıqlarına və 26 sentyabr 2020-ci ildə təqsirləndirilən şəxsin ünvanına narkotik vasitə almaq məqsədilə getdiklərinə dair xüsusatlarla bağlı ibtidai araşdırma dövründəki yazılı ifadələri heç bir sübutla təsdiqlənmir. Belə ki, iş materiallarında şahidlər Şahid1, Şahid2 və Şahid3 təqsirləndirilən şəxsdən istər əvvəllər, istərsə də 26 sentyabr 2020-ci il tarixində narkotik vasitə aldıqlarını təsdiqləyə biləcək sübut yoxdur. Bununla yanaşı, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt təqsirləndirilən şəxsdə cəmi bir bükümdə narkotik vasitə heroin aşkar edilmiş, ondan narkotik vasitələrin satışı zamanı və bununla əlaqədar istifadə edilə biləcək vasitələr (məsələn, tərəzi, inyeksiya vasitələri və s.) aşkar edilməmişdir. Təqsirləndirilən şəxs də həm ibtidai araşdırma, həm də məhkəmə baxışı dövründə özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, narkotik vasitələri bədənindəki ağrılarla əlaqədar və yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şahidlər Şahid1, Şahid2 və Şahid3 iş üzrə ibtidai araşdırma dövründəki yazılı ifadələri ilə işin məhkəmə baxışı dövründəki ifadələri arazındakı müvafiq ziddiyyət təqsirsizlik prezumpsiyası əsas götürülməklə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı onun öz izahatı, şahidlər Şahid4, Şahid5 və Şahid6 ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 27 sentyabr 2020-ci il tarixli 6/2003 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 218» möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş…» və s. yazılar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxil edilib». 22 oktyabr 2020-ci il tarixli 2938 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi halını səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər azyaşlı uşağının olmasını və əlilliyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,500 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarına əsasən 26 sentyabr 2020-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 10 (on) ay 17 (on yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,500 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar