Məhkəmə qərarları › İş №1(010)-72/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-72/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-72/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə səhər saatlarında satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,397 kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 18 avqust 2021-ci il tarixdə, saat 18:00-da Suraxanı RPİ-nin 30cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,397 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, xeyli müddət ərzində narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə etmiş, narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən və daha çox Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb, əldə etmişdir. 14 avqust 2021-ci il tarixdə, səhər saatlarında o, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün bir büküm narkotik vasitə heroini 10 manat ödəməklə almış və daha sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 18 avqust 2021-ci il tarixdə, təxminən saat 18 radələrində o, Hövsan qəsəbəsinin İ.Əhlimanov küçəsində piyada hərəkət edən zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etdikdən sonra onu şəxsiyyəti barədə maraqlanmışlar. O, özünü təqdim etmiş, polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün Suraxanı RPİ-nin 30-cu PŞ- nə dəvət etmişlər. Onlarla razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmiş, PŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuş, daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmış, əvvəlcə üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə olduğu halda, onları təqdim etməyi təklif olunmuş, bu zaman o, əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşları həmin bükümü açıb içərisinə baxmış və ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməyi barədə soruşulmuş, javabında o, həmin bükümün içərisində heroin olduğunu və onu öz istifadəsi üçün 14 avqust 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, lakin əlavə hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Sonda üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və qablaşdırılmış zərflə birlikdə protokola özü və iştirakçılar tərəfindən imzalanmışdır. Ona qarşı hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı xüsusi rütbəsindədir. Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat yolu ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 57 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə edilməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü raportla Suraxanı PRİ-nin 30 PŞ-nin rəhbərliyinə məruzə olunduqdan və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tərəfindən əməliyyat tədbirləri həyata keçirilərək, 18.08.2021-ci il tarixdə, saat 18:00 rədlərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin əldə olunaraq saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün saxlanılaraq, Suraxanı RPİ-nin 30-cu PŞ- nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alaraq, barəsində müvafiq tədbir görülməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə müraciət etdikdən sonra Suraxanı RPİ-nin 30-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüququ vəzifələri izah olunmaqla hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edildikdən sonra video çəklişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilməyə balanmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda, onların təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra sonunju əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü içərisində heroinə bənzər maddəni masanın üzərinə qoymuş, həmin bükümün nə olduğunu soruşduqda, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmiş, bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzədə tutulan ittiham elan edilmişdir. İş materiallarından müəyyən olunur ki, 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü Suraxanı rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, həmin tarixdə Suraxanı rayon prokuroru tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilmiş və və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin seçilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 19 avqust 2021-ci il tarixli 6/3593 nömrəli məhkəmə kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 194 dairəvi möhür əksi olan, «şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdə 1 ədəd təmiz çəkisi 0,397 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahisina (Siyahı l) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4-Narkoloji tibbi yoxlama ekspertizasının 15.10.2021 -ci il tarixli 3960 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu - narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 28.10.2009-cu il tarixdə Bakı Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Resüpublikası CM-nin 234.2 maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26.07.2013-cü il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, ailəli olmasını cəzanını yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər JM-nin 234.1-ji və 234.2-ji maddələri ilə məhkum olunmasına baxmayaraq, islah olunmadığını və yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan jinayət əməli törətməsini onun şəxsiyyətini səjiyyələndirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,347 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 88 manat 70 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdən 20.08.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,347 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar