Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-72/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayılov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 fevral 2023-cü il tarixdə, saat 12:50-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi 7 ünvanda qeydiyyatda olmaqla yaşayan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-208/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmiş, 18 avqust 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 1,400 qram qəhvəyi rəngli toz şəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 05 aprel 2022-ci il tarixdə səhər saat 13:15-da Suraxanı RPİ-nin X3 əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi 7 ünvanın qarşısında saxlanılıb ünvan 2erləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqların birində video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 1,400 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 ildir ki, narkotik maddə olan heroini inyeksiya və çəkmək yolu ilə istifadə etmişdir. Narkotik maddə heroin almaq üçün 04 aprel 2022-ci il tarixdə, saat təxminən 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 1 ədəd ağ rəngli polietilen bükümü 15 manat dəyərində almışdır. 05 aprel 2022-ci il tarixdə, təxminən saat 13.15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi 7 ünvanının qarşısında 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O etiraz etməmiş və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd ağ rəngli polietilen bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyi barədə soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra yuxarıda göstərilən narkotik vasitə götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. O, narkotik maddə olan heroin istifadə etmişdir. Narkotik maddələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik vasitə heroin əldə etmiş və istifadə etmişdir. Həmin heroini üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün əldə etmiş və istifadə etmişdir. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 05 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 13:15-də ünvan 6 ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra sonuncudan özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli polietilen bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisində baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik maddəni 04 aprel 2022-ci il tarixdə Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellefon bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 13 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli polietilen bükümü çıxararaq təqdim etməsi, həmin bükümü açıb içinə baxdıqdan sonra sonuncudan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni öz istifadəsi çün 15 manata Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirməsi, sonra aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və sonucunun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi nüəyyən olundu. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/1858 nömrəli, 06 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi və ’’Təqsirləndirilən şəxs götürülmüş maddi sübut; iştirak etdilər-imzalar; Şübhəli şəxs Təqsirləndirilən şəxs -imza; Tərtib etdi: V.İsazadə-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 1,400 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazzırlanmış narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi 1,400 qram olan heroinin 0,1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,300 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X8 Şəxsi Ambulator X1 2833 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxsdə opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin təqdim etdiyi 19 aprel 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 7(010)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-208/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək, sonuncu azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 05 aprel 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-208/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmaqla 05 iyul 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, 06 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. 18 avqust 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyinə görə həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. 18 avqust 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının araşdıran məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozması əsası ilə müstəntiq tərəfindən verilmiş 30 may 2022-ci il tarixli əməliyyat tapşırığı və 18 avqust 2022-ci il tarixli “Şəxsin könüllü gəlməsi” haqqında protokol formal xarakterlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozulmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmiş, qeyd edilən ümumi əsaslarla 06 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 163.6-cı maddəsinə əsasən, ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda və təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda xitam verə bilər. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozmaqla üzərinə qoyulmuş vəzifələri icra etməmiş, qeyd edilən əsasla sonuncu barəsindən axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.8-ci maddəsinin müddəalarını nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilməsi üçün heç bir əsas olmamaqla birlikdə, ümumiyyətlə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində qətimkan tədbirinin müddətinin axımının dayandırılması halı nəzərdə tutulmayıb. Bu səbəbdən məhkəmə sözügedən qərar Təqsirləndirilən şəxs barəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-208/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı ilə seçilmiş 05 aprel 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək 03 (üç) ay müddətə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımını dayandırmır. Bunu da qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs barəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə seçilmiş 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbinin müddəti 05 iyul 2022-ci il tarixdə bitmiş, sonuncu barəsində 18 avqust 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilənədək 01 (bir) ay 13 (on üç) günlük müddət ərzində heç bir qətimkan tədbiri seçilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 aprel 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (iki) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,300 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 aprel 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 08 fevral 2023-cü il tarixdən, saat 12:55-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,300 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-72/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-72/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver