Məhkəmə qərarları › İş №1(010)-73/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-73/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-73/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, vəkil X7 iştirakı ilə X3 X5 qarşı xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Xatunə Məhərrəm qızına qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Məhkəmə vəkili dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.7-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayəti vermiş şəxsin imzası» göstərilməlidir. Qeyd olunur ki, hazırkı iş üzrə şikayət xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 tərəfindən deyil, vəkil X10 tərəfindən imzalanıb (bu halı vəkilin özü də məhkəmənin hazırlıq iclasında etiraf etmişdir). Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.5-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş» göstərilməlidir. Şikayətdə isə X4 əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibinin olmasının və həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalı olmasının hesab edildiyi göstərildiyinə baxmayaraq, məhkəməyə ünvanlanmış müvafiq xahiş yoxdur. Bunlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Şikayətdə isə onun tərtib edildiyi tarix göstərildiyinə baxmayaraq, tərtib edildiyi yer göstərilməyib. Beləliklə, şikayət verilərkən Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan maddələrinin tələbləri pozulub. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 X5 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X5 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar